Mingəçevir Dövlət Dram Teatrında daha bir rəzalət

“Hürriyyət” qəzetinin 2020-ci il 18 may tarixli sayında bizim “Səxavət Məmmədov Dövlət Teatrını şəxsi mülkiyyətinə çevirlib” adlı araşdırma yazımızdan sonra, bu mövzu Mingəçevir şəhərinin mədəni mühitində geniş müzakirələrə səbəb olubdur. Araşdırmamızla bağlı bizə pərdəarxasında duraraq “irad” göstərənlər peyda oldular.  Bəziləri teatrla bağlı gətirdiyimiz mövzunun çox az problemlərinə toxunduğumuzu söyləyənlər də oldu. Biz onlara bunun qarşılığında bildirdik ki, görünən tərəfləri işıqlandırmışıq. Teatrdakı maliyyə fırıldaqları, “ölü canlar” və mövzusunu qabartmaq üçün, əlimizdə əlahəzrət faktlar olmalıdır. Özlərini hamıdan daha çox “ağıllı” sayanlar da peyda oldular. Guya onlar dərin zəka sahibidirlər görünüşünü verərək: “Bölgə teatrları arasında ən bacarıqlı direktorun Səxavət Məmmədovun olduğu”nu xüsusi əda ilə qabartmağa çalışdılar. Sən demə, bütün bunların arxasında daha böyük rəzalətlərin yer aldığını gizlətmək üçün bu təşəbbüslər qabardılırdı.

“Kərəmovçuluq- dubl 2” və savadsızlığın astar üzü

Çağdaş dönəmdə istənilən sahəni o zaman güclü şəkildə yönətmək mümkün olur ki, həmin müəssisənin inkişafı üçün “kadr” və ya “informasiya” bankı olur. Mədəniyyət nazirliyi 2016-cı ildən üzü bu yana ona görə dayaz və bəsit duruma düşüb ki, orada rəhbərlik edənlərin heç biri insənət sahəsi üzrə peşəkar mütəxəssis deyillər. Bunun ən parlaq örnəyi incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovdur. Vaxtilə Əbülfəs Qarayevin turizm və idman nazirliyində “papka”sını daşıyan bu tarixçi, sonradan elə keçmiş şefinin himayəsi altında mədəniyyət nazirliyində yüksək görəvlərə gətirildi. Bu da öz növbəsində teatr aləmində hərc-mərcliyin dərinləşməsinə səbə boldu. Belə ki, əndrabadi “direktor teatrı” siyasətinin çiçəklənməsi dönəminə start verildi. Halbuki,
ölkə prezidenti İlham Əliyevin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” qanunun
(28 fevral 2007-ci il) və “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının
(19 may 2009-cu il) maddələrinə diqqətlə baxılsaydı, ötən müddət ərzində ölkəmizdə teatrlarda yaşanılan rəzalət də olmayacaqdı. İsmayıl Hüseynovu tənqid etdiyimizdə məhz bu iki mühüm dövlət sənədinə əsaslanırıq. Teatrlarımızda yaşanılan rəzalətin sən demə, iki tərəfi var. Bu, əslində “kərəmovçuluq” ideyası ilə idarəolunan düzənə pərçimlənib. “Kərəmov-1” mədəniyyət nazirıiyində incəsənət idarəsinin rəisi görəvini daşıyan İsmayıl Hüseynov və teatrlardakı “kərəmov-2”, yəni direktorlardan ibarət dəstədən ibarətdir. Teatrlarda yaradıcı mühitin dayağı statusunu daşıyan rejissorun, dramaturqun, bəstəkarın, rəssamın və aktyorların heç bir hüquqları yoxdur. Hətta Bədii Şuralar da “direktor teatrı” siyasətinin əlaltısına çevrilib. Biz uzun illərdir teatr aləmində baş verən problemləri qabartsaq da, “kərəmovçu” düşüncəyə arxalanan nazirlik və onların əlaltısı olan direktorlar: “Kərəmov dedi, qurtardı” prinsipinə uyğun addım atıblar. Mədəniyyət feodallarına çevrilmiş bu saxta zümrənin özünün nə qədər rəzil və savadsız olduğu da göz önündədir. Teatr haqqında dövlət qanunlarından xəbərsiz, dünya teatrı və onun estetik görüşlərinin bədii inikasından bilgisiz olan bu zümrənin sayəsində Azərbaycan Milli Teatrı neçə illərdir çökdürülməkdədir. Faktiki olaraq, əksər bölgə teatrları “dram dərnəyi” səviyyəsinə endirilib.  

 

Peşəkar teatrdan uzaq “baş rejissor”

Bu il mayın 19-da Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov təcili şəkildə teatrın kollektivini toplayaraq, iclas keçirib. Teatrın baş rejissoru status ilə Cavid Təvəkkül adlı birisini kollektivə təqdim edib. O da bəllidir ki, teatrlarda bu gün baş rejissor və ya digər məsələlərlə bağlı “ikibaşlı” oyunlar aparılır. İstənilən teatrda kollektivə direktor bildirir ki: “filankəsi nazirlik göndərib” və ya “təyin” edibdir. Nazirlik də dolayı yolla məsuliyyətdən yayınmaq taktikası ilə hərəkət edərək: “Teatrın kollektivi istədi və biz də göndərdik” deyərək bürokratik dolanbac oynunu oynanıyır.
Onu da qeyd edək ki, Cavid Təvəkkülün atası Təvəkkül Əhmədov Mingəçevir Dövlət Dram Teatrının istedadlı aktyorlarından biri olub. Ancaq, bunun onun oğluna şamil edilməsi tamamilə yalnışdır. Belə ki, Cavid Təvəkkül ixtisasca turizm prodüsseridir. Bu məqsədlə 1992-1997-ci illərdə Tatarstanda “Turizm Akademiyası”nda təhsil alıb. Bakıya döndükdən sonra, tanınmış kinorejissor və ssenarist Rüstəm İbrahimbəyovun açdığı “Beynəlxalq Kino Məktəbi”ndə iki illik kurs keçib. O da bəllidir ki, bu məktəbi bitirmək o demək deyil ki, dərhal istedadlı və yaradıcılıq baxımından nüfuzlu şəxsə çevrilirsən. Cavid Təvəkkül “Kino Məktəbi”ni bitirən kimi, dönüb oldu “Azərbaycan kinosu”nun ulduzu. Onun çəkdiyi  “Cavad xan. Filmin filmi”, “Azərkeş”, “100000 AZN”, “Sovqat”, “Əzizim Fellini, “Səhərə inan…”, “50 ilin sahibi”, “Döngələr” (teleserial), “Qarabağnamə” (çoxseriyalı bədii televiziya filmi), “Dərs”, “Qayınanamız” (serial), “Bir günəş altında”, “Hoqqa” adlı filmləri necə çəkibsə, eləcə arxivlərdə gömülübdür. Çünki, bu filmlər çağdaş Azərbaycan kinomatoqrafiyasında heç bir uğur sayılmadı. Onun peşəkar teatr rejissoru kimi ortada hansısa bir işi yoxdur. Ancaq, gözəlim mədəniyyət nazirliyi və incəsənət idarəsinin rəisi İsmayıl Hüseynovun, eləcə də Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun kəraməti sayəsində adicə dram dərnəyində tamaşa qoymamış birini, yəni Cavid Təvəkkülü birbaşa dövlət teatrının baş rejissoru vəzifəsinə gətiriblər. Dövlət Teatrına belə bir yanaşım tərzi rəzalətdir. Teatr sənətinə ən böyük hörmətsizlikdir.     

 

Ölkəmizdə rejissor qıtlığı yoxdur

Mədəniyyət nazirliyi incəsənət idarəsinin rəisi İsmayıl Hüseynov ixtisasca tarixçi olduğu üçün, onun teatr aləmi ilə bağlı heç bir informasiyası yoxdur. Ona görə də bu gün teatrlarımız necə gəldi idarə olunur. Bunun üçün də “direktor teatrı” siyasətinə ən önəmli bir iş kimi yanaşılır. Halbuki, incəsənət idarəsinin nəzdində informasiya bankı olmalıdır. Ölkədə peşəkar rejissor, dramaturq, teatr rəssamı, aktyor və bəstəkarların hər biri haqqında bu bankda məlumatlar yerləşdirilməlidir. Hansısa teatrın problemi yaranarsa, dərhal informasiya bankının sayəsində həmin boşluğu doldurmaq asan başa gəlir. Bizim İsmayıl Hüseynovla, Səxavət Məmmədovla və Cavid Təvəkküllə heç bir şəxsi qərəzliyimiz yoxdur. Ancaq, bu üç kadrın öz yerində olmaması, vəzifə baxımından tutduqları mövqeləri doğru deyil. Texnik, tarixçi və prodüsser kimi onlara uğurlar diləyirik. Ancaq, teatr məsələsi, özəlliklə bu sahədə peşəkarlıq vacib şərtdir.  
Bu gün Azərbaycanın çoxlu sayda peşəkar teatr rejissorları işsizdirlər. Çağdaş dramaturgiyamızın yükünü daşıya biləcək çox sayda dramaturlar var. İllərlə teatrda peşəkar aktyor kimi işləmək istəyən istedadlı aktyorlarımız var. Ancaq, bütün qapılar onların üzünə bağlıdır. Çünki, mədəniyyət nazirliyinin incəsənət idarəsi və “direktor teatrı” siyasətinin yarıtmazlığı ucbatından bu istedadlara yer yoxdur. Bununla yanaşı, informasiya bankının ümumiyyətlə olmaması əsil fəlakətlərdən biridir. Süni şəkildə teatrlarda rejissor ştatlarının ləğv ediıməsi və onların müqavilə əsasında tamaşalar hazırlaması isə, birbaşa mübhəm “komprador maraqlar”a xidmət edir. Əgər peşəkar rejissorlara azacıq da olsa, dəstək verilərsə, Azərbaycan Teatrı ən yüksək səviyyədə inkişaf edə bilər. Çünki, müasir incənəsətin inkişaf yollarını onlar bilirlər. Bunun üçün ömürlərini sərf ediblər. “Direktor Teatrı” siyasəti durduqca, heç bir teatrımız inkişaf etməyəcək.

Çağdaş dünya teatrlarındakı sənətin inkişaf düsturu

 

İndiki dönəmdə dünyanın inkişaf etmiş dövlətlərində teatr sənətinin inkişafı həm də dövlət siyasətinin ayrılmaz bir parçasıdır. Müzikl, pastoral, fliaki, dzidayge, attelan, biomexanik, soti, buffonad, denqaku, kabuki, kamera, liderşpil, liturgiya, mak yonq,
mandzay, mirakl, misteriya, moralite, rok opera, rep opera, sayneta, absurd, kölgə,
terevsat, tonadil, uank, fyaba, ekspressionizm, yuan və digər janrlarda teatrlarda bir-birindən maraqlı tamaşaların qoyulması sayəsində yeni rejissor, dramaturq, aktyor nəsli yetişir. Bütün bunların hər biri ayrıca teatr məktəbi kimi də dəyərləndirilir. Ona görə də, cəmiyyət və dövlətin mədəni aləminin ruhunun polifoniyası ən yüksək dəyər olaraq görülür. Çağdaş dövlətlərin inkişaf düsturu bu ideyanın üzərində köklənibdir.  
Rəqəmsal və digital texnologiyanın tüğyan etdiyi bir dönəmdə etnokulturoloji düzənə bağlı dəyərlərin gəlişmə nöqtələri üzərində köklənmiş kültür qaydaları ortaya çıxıbdır.
Anqlo-saks, frankoman-roman və transilvan konseptlərinin sayəsində Avropa güclü görünür. Bu gün skandinav (Fin-Uqor), balkan toplumlarına bağlı dövlətlərin həmin statusu qazanmaq üçün kreativ sənət doktrinasına üz tutublar. Üslub və janrından asılı olmayaraq, “Yeni Teatr” anlayışı ilə bir bütün olmanın konseptini gəlişdirirlər.
Azərbaycanın Türk Dünyası ailəsinin bir parçası olması imkan verir ki, özümlü teatr sənətini gəlişdirməklə, ən azından 350 milyon auditoriya qazana bilsin. Qazaxstan bu amacla “Akın Teatrı” düzəninin etnokluturoloji aspektlərini nəinki teatrın, eləcə də mədəni sistemin bir parçasına çeviribdir. Çünki, Qazaxstanın mədəniyyət nazirliyində İsmayıl Hüseynovlar, teatrlarında Səxavət Məmmədovlar, baş rejissor statusunda isə Cavid Təvəkkül kimilərinə yer yoxdur. Qazaxstan teatrının indiki gəlişmə düzəni isə Azərbaycan Milli Teatrı üçün örnəyə çevrilə bilər. Çağdaş dönəmin kültür enerjisi və etnokulturoloji uyumluluq içində gəlişən sənət.
“Forum Mark Teyper”, “Arena Stage”, “Penthouse”, “Teatr Mago Cons”, “Trinity Square” və digər teatrların sayəsində Stratford, Nyu-York, Linkoln, Rod-Aylend, Dallas, Ontario, Berlin kimi teatr mühitinin öndə gedən şəhərləri də inkişaf edirlər. Bu teatrlar dövlətdən bir quruş almadan yüksək səviyyədə qazanc əldə edən, büdcəyə  ən çox vergi ödəyən mədəniyyət mərkəzlərinə çevriliblər. Bu uğurlara görə həmin dövlətlərin mədəniyyət nazirliklərinin informasiya bankları və peşəkar teatr biliciləri hər zaman dəstək olublar. Çünki, bir yandan etnofolk, digər yandan isə bəşəri olmaq kimi üstün mədəni düzənin konsepti ilə uzlaşan teatr siyasəti yürüdülüb. İnanmırıq ki, bütün bunları bizim mədəniyyət nazirliyimizdə bilən bir nəfər də olsun kadr ortaya çıxsın. Çünki, teatrlarımıza uzun illərdir rəzalət içində yaşamaq kimi bürokratik düzən təlqin olunur. Mingəçevir Dövlət Dram Teatrının 30 aktyorundan 3-4 nəfərin peşəkar təhsilli, direktorun ixtisasca texnik və baş rejissorun turizm prodüsseri olması bu  rəzalətin pik nöqtəsidir.

 

Ənvər BÖRÜSOY, sənətşünas         

02:59