Dağıstan: yeni dönəm, əski sorunlar

 

Bir  il öncə səs-küylü mövzularla gündəmə gələn Dağıstan hakimiyyətinin problemləri yönündə bir sıra olaylar yaşanıldı. İfrat hakimiyyət hərisi olan Ramazan Abdulatipov və  komandasında təmsil olunan iri çəkili məmurlar tutuqlandılar. İlk dəfə olaraq mənşəcə rus Vladimir Vasilyev prezident kürsüsünə otuzduruldu. Tatarstanda sosial-iqtisadi islahatlar yönündə böyük təcrübə qazanmış başqa bir rus mənşəli Artem Zdunov baş nazir görəvinə təyin olundu. Liberal görünüşlü Vladimir Vasilyev əməkli polis general-mayoru olsa da, rüşvətxorluğa, traybalizmə və digər mənfi ünsürlərə qarşı sərt siyasət nümayiş etdirməklə cəmiyyətdə böyük ümidlərə yol açdı. Bu günlərdə Dağıstan yeni hökumətinin üzvlərini elan etdiyi zaman hər şeyin dəyişmədiyi bir daha isbat olundu.

“Tələtər klanı” çöksə də, ənənəvi mafiya idarəetmə öz yerindədir

Ramazan Abdudlatipovu Dağıstanda heç kim sevmirdi. Bığlarını və qaşını qara rəngə boyaması bölgədə ənənələrə görə qəbul edilmirdi. Bununla yanaşı, respublikanın hər qarışında yerli hökuməti məcbur edərək plakatlarının və posterlərinin asılmasını əmr etmişdi. O da bəllidir ki, bu dağlıq məkanda xalqın tarixən qəbul etydiyi şəxsiyyətlərin portretlərinə önəm verilir. Abdulatipov Dağıstanın keçmiş rəhbərlərindən Məhəmmədəli Məhəmmədov, Muxu Əliyev və Məhəmmədsalam Məhəmmədovun hakimiyyəti dönəmindəki problemləri qabartmaqla demaqoqluqda ad çıxarmışdı. Faktiki olaraq heç bir iş görmədən televiziya efiri və toplantılar vasitəsilə çıxışlar etməklə sadəcə özünün “intellektual” səviyyəsini nümayiş etdirmək siyasətini yürüdürdü. Bununla yanaşı, mənsub olduğu Tələtər rayonundan çıxmış kadrları yüksək vəzifələrdə yerləşdirməklə Dağıstanın “Böyük Avarstan”a çevrilməsi xəyali ideyasını sərgiləyirdi. Halbuki, avar xalqının özü mövcud duruma dəyər verərək onun demaqoq siyasətini qəbul etmirdi.
Vladimir Vasilyev prezident təyin olunan kimi, dərhal Abdulatipovun komandasının gücü sayılan baş nazir Abdusəməd Həmidov, baş nazirin müavinləri Şamil İsaev, Rayuddin Yusufov, təhsil naziri Şahabbas Şahov, başkənd İnciqalanın (Maxaçqala) baş memarı Məhəmmədrəsul Gitinov, Abdulatipovun qardaşı və deputat Rəcəb Abdulatipov və digər yüksək çinli məmurlar həbs olundular. R. Abdulatipov vəzigəsindən uzaqlaşdırılsa da, tutuqlulara qarşı kəskin şəkildə etirazlarını yağdırmaqdan çəkinmədi.
Rusiya Federasiyasının Baş Prokurorluğu, iqrtisadi cinayətkarlıqla mübarizə üzrə digər
rəsmi qurumların araşdırmalarının sonucunda bəlli olmuşdu ki, Dağıstanın büdcəsindən milyardlarla rubl Abdulatipovun komandası tərəfindən mənimsənilibdir.
Bir illik “abdulatipovçuluqla mübarizə”nin sonucunda bu kiçik Qafqaz respublikasının prezidenti kürsüsünə Vladimir Vasilyev təyin olundu. Ötən bir ildə o faktiki olaraq, hər hansı bir uğurlara imza atmayıb. Sadəcə məşiət xarakterli korrupsiya hallarının qarşısını almaqla xalqın “etimadı”nı qazana bilib. Bir də “Tələtər klanı”nı diz çökdürüb. Azərbaycana qarşı etnik separatizm siyasətinin arxa baxçasında yer alan və Rusiyada rəsmi milyader kimi tanınan Süleyman Kərimovun kadrlarının Dərbənd başda olmaqla hakimiyyətdə mövqelərinin güclənməsini təmin edib. Xızrı Abakarovun Dərbənd kimi strateji şəhərə mer təyin olunması elə bu faktın əsas dayağıdır. Belə ki, şəhərin etnik  azərbaycanlılardan tamamilə təmizlənməsi, “Cənubi Dağıstan” projesində yer alan xəyali “Ləzgistan” ideyasının iqtisadi təməllərini qurmaq üçün Kərimov bu dəfə Dərbəndi nəzarətə almaq taktikasını seçib. Guya Dərbənd və ətrafında iqtisadi yüksəliş üçün ilk addım kimi 6 milyard rubl vəsait ayıracaq. Əslində Dərbənd limanını, şəhərətrafı meyvə bağlarını, yerli fabrik-zavodların səhmlərini ələ keçirməklə, bölgəni azərbaycanlılardan təmizləmək siyasəti Kərimovun planında yer alan hədəflərin birincisidir. Bu proyektin ilk müəllifi isə “Quzey Qafqaz Erməni Kilsələri Şurası” adlı qurum olub.

Abdulatipov getdi, Vasilyev gəldi, heç nə dəyişmədi

Sovetlər Birliyi dağıldıqdan sonra, Dağıstanda yaşayan 33 toplumu bir araya gətirmək və vətəndaş cəmiyyətini sabit şəkildə idarə etmək üçün “Dövlət Şurası” yaradılmışdı. Demokratik düzənlə burada aparıcı 10 xalqın nümayəndələri təmsil olunurdular. Bu da öz növbəsində hər bir xalqın tarixi ərazilərinin qorunması, yerli idarəetmədə sosial-iqtisadi inkişafla bağlı kollegial idarəetmə düzəni qanunla rəsmiləşdirilmişdi. Ona görə də Məhəmmədəli Məhəmmədovun başçılığı dönəmində Dağıstan-Azərbaycan əlaqələri  yüksək səviyyədə idi. Milliyyətcə dargin olan Məhəmmədov Dağıstan və Azərbaycanın tərkibində etnik separatizmə yol açan “Ləzgistan” və “Avarstan” ideyalarının qarşısını ala bilirdi. Muxu Əliyev və Ramazan Abdulatipovun hakimiyyəti dönəmində isə bütün bunlar arxa planda qaldı. “Avarstan” etnik bölücülük ideyası Azərbaycandan yan keçsə də, etnik separatizmə söykənən “Ləzgistan” ideyası məhz bu prezidentlərin hakimiyyəti dönəmində ən yüksək səviyyəyə qaldırılmışdı.
Dağıstanın prezidenti Vladimir Vasilyev elə bil dolayı yolla Əliyevin və Abdulatipovun dönəmində olduğu kimi estafeti davam etdirir. Bu, 3 milyon 150 min nəfər əhalisi olan Dağıstanda toplam 800 minlik türkləri (kumuk, noqay və azərbaycanlılar) görməzlikdən gəlir. Onun elan etdiyi yeni hökumətdə bircə nəfər də olsun azərbaycanlı və noqay yoxdur. Halbuki, etnik balansı qorumaq üçün bu yöndə daha ciddi addımlar atılmalıydı.
İndiki yeni hökumətin tərkibi isə belədir:
Artem Zdunov (baş nazir, milliyyətcə rusdur), Anatoli Karibov (baş nazirin 1-ci müavini, ləzgi), Ramazan Cəfərov (baş nazirin 1-ci müavini, ləzgi), Hacıməhəmməd Hüseynov (baş nazirin müavini, lak), Vladimir Lemeşko (baş nazirin müavini, rus), Abdulmuslim Abdulmuslimov (baş nazirin müavini, kənd təsərrüfatı naziri, avar), Ummapazil Omarova (baş nazirin müavini, təhsil naziri, dargin), Yekatrina Tolstikova (baş nazirin müavini, əmlak naziri, rus), Malik Bağlıyev (tikinti naziri, ləzgi), Zaremat Butaeva (mədəniyyət naziri, lak), Camaluddin Hacıibrahimov (səhiyyə naziri, avar), Şiruxan Hacımuradov (nəqliyyat naziri, avar), Rəsul İbrahimov (turizm naziri, avar), Nəbiulla Karaçaev (təbiət naziri, kumık), Nəriman Qaziməhəmmədov (fövqəladə hallar naziri, ləzgi), Məhəmməd Məhəmmədov (idman naziri lak), İzumrud Mühitdinova (əmək naziri, kumık), Yunus Saaduev (maliyyə naziri, avar), Kamil Səidov (gənclər naziri, lak), Qaziməhəmməd Səfiqurbanov (ədliyyə naziri, tabasaran), Sergey Sneqriev (rabitə naziri, rus), Seyidpaşa Umaxanov (enerji sənayesi naziri, avar), Tatyana Qamaley (milli siyasət naziri, rus), 
Osman Xasbulatov (iqtisadi inkişaf naziri, dargin), Əbdürəşid Məhəmmədov (daxili işlər naziri, lak). Beləliklə də bəlli olur ki, yeni hökumətin tərkibinin 80 faizi keçmiş prezident Ramazan Abddulatipovun komandasında təmsil olunanlardan ibarətdir.   
Sayları 80 min nəfər olan lakları bir baş nazir müavini və üç nazir təmsil edir. 500 minlik kumuklar isə iki nəfər nazirlə təmsil olunurlar. 150 minlik noqay türklərini bir nəfər də olsun təmsil etmir. 300 minlik ləzgilər isə iki baş nazirin müavini və iki nazirlə təmsil olunurlar. 450 minlik darginlər bir baş nazir müavini və bir nazirlə yetinməli olublar. Yüz min nəfər əhalisi olan ruslar bir nəfər prezident və bir nəfər baş nazirlə yanaşı, iki baş nazirin müavini və iki nazirlə təmsil olunurlar.  180 min azərbaycanlını görməzlikdən gəlmək Dağıstan hakimiyyətinin yerli əhaliyə görə və Azəraycan məsələsində sərgilədiyi bir acı gerçəklikdir.
Bir gerçəkliyi etiraf etmək gərəkdir ki, Vladimir Vasilyevin hakimiyyəti dönəmində bölgədə radikal terrorçu birləşmələrə qarşı geniş miqyasda antiterror əməliyyatları aparılıb. İndi faktiki olaraq, Dağıstanda vəhabi-sələfi radikalizmi yox dərəcəsindədir. Dünənə kimi dini radikalizm gündəmdə idisə, bu dəfə xalqların pozulmuş hüquqları çərçivəsində radikal baxışların meydana gəlməsi ehtimalı çox yüksəkdir. Çeçen-kisin, noqay, kumuk, dargin və azərbaycanlıların hakimiyyətdə yetərincə təmsil olunmaması sabah digər sosial-iqtisadi, milli və ictimai problemlərin yaranmasına səbəb ola bilər.

Rusiyanın Quzey Qafqazda kadr siyasətinin arxa baxçası

Vladimir Vasilyevin Dağıstana prezident təyin olunması Rusiyanın dövlət olaraq Quzey Qafqaz siyasətində yeni mərhələnin başlanğıcıdır. Bu, Çarlıq Rusiyası dönəmində olduğu kimi, bölgələrə (quberniya) milliyyətcə rus canişinlər təyin etməklə idarəetməni effektiv şəkildə gündəmə gətirmək siyasətinin astar üzüdür. Planlı şəkildə hansısa bir topluma üstünlük verməklə şahmat taxtasında olduğu kimi fiqurların (toplumların) dəyişməsi taktikası deyilir buna. Qubernatorun nəzarəti altında oliqraxların yağlı vədlər verərək yatırım siyasətini düzənləyəcəkləri ideyası buna görə daim irəli sürülür. Bu gün Dağıstanda bu proseslər baş verməkdədir. Ötən ilin noyabrında Vladimir Vasilyev belə bir açıqlamada bulunmuşdu: “Dağıstana sadəcə bir fərd olaraq gəlməmişəm. Mənimlə birlikdə bütün Rusiya gəlib”.
Vladimir Vasilyevin top-menecerlərinin indi gündəmə gətirdikləri əsas ideya isə bundan ibarətdir: “Dağıstanın İŞID-ın nəzarəti adı ilə ikinci Suriyaya çevrilməsinin qarşısını  Vladimir Vasilyev aldı. Ona görə də İŞID tərəfdarları bu gün Dağıstanda qalmayıblar. O, yerli biznes elitanı bir araya gətirərək iqtisadi inkişafa təminat verib. Ötənlərdə olduğu kimi hər hansı manipulyasiya da olmayacaq”.
Dağıstanda yerli analitiklərin bildirdiyinə görə Kizlər və Tarumov rayonlarında yaşayan rus əhalisinin Rusiyanın digər bölgələrinə kütləvi köçlərinin qarşısını Vladimir Vasilyev aldı. Onun hakimiyyətə gəlməsinin sirri də bundadır. Guya Vasilyev bölgənin siyasi və iqtisadi baxımdan balansının qorunması siyasətini yürüdəcək. Dağıstanda illər boyu mövcud olmuş klanların mövqelərini sarsıdacaq. Əslində müşahidə olunan proses bir də ondan ibarətdir ki, yerli elitalar, indi Kremlin nəzarətində olmaqla bölgəsəl idarəetmə düzəninə uyğunlaşdırlacaq. Kriminal keçmişi, gizli silah bazarı sayəsində milyaderə çevrilən Süleyman Kərimovun “biznes elita”nın aparıcı nümayəndəsi kimi təqdim olunmasının mənası bundan ibarətdir. O, uzun illərdir Dağıstanın “Uytaş” Hava Limanı, “İnciqala limanı”, digər istehsal vasitələrini modernləşdirmək adı altında geniş miqyaslı təbliğatlar aparsa da,indiyə kimi sadəcə “TAPU” əldə etmək siyasətini yürüdüb. “Anji” Futbol Klubunun sponsoru olmaqla özünü geniş miqyasda reklam edən Kərimov əslində kriminal iqtisadi sistemin zirvəsində durmağa çalışır. “Tapu” əldə etməklə S. Kərimov əslində dolayı yolla xəyali “Ləzgistan”nın coğrafiyasını genişləndirməyi hədəf seçibdir. Buraya mərkəz Dərbənd olmaqla Axtı, Rutul, Dağıstan Odları, Xiv, Tabasaran, Kurax, Məhərrəmkənd, Süleyman Stalski rayonlarını bir araya gətirməklə Çarlıq Rusiyası dönəmindəki “Kürin vadisi” bölgəsində “Quzey Ləzgistan” ideyasının rəsmiləşdirilməsinə çalışacaq.    
Dağıstanda yeni hökumətin köhnə heyətlə saxlanılması Azərbaycana olan münasibətin  dəyişməyəcəyini isbat etdi. Əgər bu kiçik respublikada yerli azərbaycanlıların kimliyi qəbul edilmirsə, onların hakimiyyətdə təmsil olunması arzu olunan səviyyədə deyilsə, deməli Muxu Əliyev və Ramazan Abdulatipovun apardığı siyasi eranın sona çatmadığı bəlli olur.
Quzey Qafqazın Çeçenistan, İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz və Adıgey respublikalarında durum tamamilə fərqlidir. Etnik mənzərədə çəkisi olan bütün toplumlar bərabər statusla yerli hakimiyyətdə təmsil olunurlar. Buna görə də, həmin respublikalarda normal durum mövcuddur. Öncələr Suriya, Qətər, Küveyt, İran, Səudiyyə Ərəbistanı və Türkiyə üzərindən bölgədə “radikal dini cərəyanlar” durumu kriminal həddə çatdırmaq üçün ideoloji dolanbacları ortaya atmışdılarsa, bu gün həmin cərəyanlar yox kimidir. Tək sorun xalqların birgəyaşam düzənində barış və istiqrarın qorunmasıdır. “İncik xalq” siyasəti tarixin zibilliyində gömülüb. Çözülməyən qavramların Dağıstanda davam etməsi çox üzücüdür. Yeni dönəmlə əski sorunları davam etdirməklə hər hansı başarı da olmayacaq.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

19:02