Azərbaycan teatrında milli dramaturgiyanın problemləri

Keçmiş Sovetlər Birliyi çökdükdən sonra, milli dramaturigiyamızın yeni səhifəsinin yaradılması ən ağrılı və problemli bir sahə olaraq qalır. Ona görə ki, uzun illər bizlərə miras qalmış milli teatr və dramaturgiya anlayışında yeni nəsilin inkişaf etməsi, dəyişən dünyanın ritmində yer alan ədəbi və estetik baxışların fövqündə dura biləcək düzənə önəm  verilməmişdir. “Leonid Brejnev epoxası”nın xəstəliyi təkcə siyasətdə deyil, mədəniyyət sektorunda çox ciddi fəsadlara yol açıb. Dramaturgiya isə bu yöndə ağrılı sahələrdən birinə çevrilib. Elə ona görə də 1981-ci ildən indiyə kimi Azərbaycan dramaturgiyası milli teatr siyasətimizin ağrılı yeri sayılır. Problemin genetik baxımdan davam etməsinin səbəbi Azərbaycanda “itirilmiş nəsil” anlamı inzibati-amirlik metodu ilə yaşamaqda davam etməsidir. Milli teatr salnaməmizdə buzları əritməyə və münbit şərait yaratmağa çalışan təkcə mərhum Hüseynağa Atakişiyev idi. Öz teatr estetikasını quran və onu inkişaf etdirən ünlü yönətmən “Gənclər Teatrı”nda həyatının sonuna kimi öz ənənəsinə sadiq qaldı. Başqa teatrlarda “uzunömürlü Stalinist-Brejnev epopeyası”nın ənənləri davam etdirildi. Milli teatrımızın susqun məcranın itkinliyinə yuvarlanması və gətiridiyi bəlarların çözümündə MTN (Mədəniyyət və Turizm Nazirliyi) adlı qurum heç bir zaman maraqlı olmayıb. Çünki, orada Azərbaycan milli mədəniyyəti və teatrının inkişaf yolları haqqında düşünən mütəxəssislər yer almamışlar.

Gənc dramaturqların qıtlığının səbəbi

Ölkə teatrlarının səhnəsində tamaşaya qoyulan yerli dramaturqlarımızın yaş həddinə baxsaq, görərik ki, onların arasında ən gəncinin 50-55 yaşı var. Yerdə qalanlarının orta yaş durumu 65-77 arasındadır. Ona görə də teatrlarımızda yeni nəsil dramaturqları yetişmir. 23 ildir MTN-də nazir müavini statusu ilə birbaşa teatr sahəsinə sorumlu olan Ədalət Vəliyev heç bunun fərqində olmayıb. “Azərbaycan Teatr Xadimləri İttifaqı” adlı quruma 2004-cü ildən başçılıq edən Azərpaşa Nemətov da bu yöndə ciddi addımlar atmayıb. Çünki bu qurumun idarə heyətinin ən gənc üzvü Sumqayıt Dövlət Teatrının baş rejissoru Firudin Məhərrəmovdur ki, onun da 57 yaşı var. İdarə heyətinin digər üzvlərinin yaşı çoxdan təqaüd həddini keçib. Bir sözlə ATXİ-ni “təqaüdçülər” təşkilatı adlandırmaq daha məntiqli olardı. Beləliklə milli teatr siyasətimizi və dramaturgiyamızın inkişafı yönündə kadr qıtlığının olması özünü sübut etməkdədir. Moralite, monodrama, misteriya, müzikl, feeriya və digər janrlarda yeni əsərlərin yazılmaması, “orqaistik” düzənlə rejissorların yaranmış durumdan çıxış yoluna üz tutmaları faciələrimizdən birinə çevrilib. O zaman sual yaranır ki, milli dramaturgiyamızın inkişaf etməsini, yeni nəsil yazarların bu prosesdə iştirakını kim təmin etməlidir? Biz də deyirik ki, bu sahədə suçlu olan MTN və onun 23 ildir ədəbi və müdrik müavini Ədalət Vəliyev, ATXİ-nin sədri Azərpaşa Nemətov və hüququları əlindən alınmış teatrlardır. Teatrımızın və milli dramaturgiyamızın inkişafına cavabdeh olan bu qurumlarda semantika və semiotikanı bilənlər yaxına buraxılmırlar. Hətta MTN-nin icazəsi olmadan rejissorlar yeni nəsil dramaturqların yaranması və onların əsərlərinin teatrlarda oynanılmasına qarşı tabular qoyulub. Beləliklə Azərbaycan teatrı özünün bəlirsiz bir şəkildə reanimasiya çağını yaşamağa məhkum edilib. Bu prosesin nə vaxta kimi davam edəcəyinin proqnozunu kimsə verə bilməz. Problemin çözüm yolu isə, mədəniyyət feodallarımızın düzənlədiyi teatr siyasətinin acınacaqlı durumdan çıxmaqla və sinergetik baxımdan sosiallaşmanın düzəninə çox böyük ehtiyac vardır.  

Gələcəyin tarixini yazmayan xalq məhvə məhkumdur                    

Amerikanın ilk vitse-prezidenti, ikinci prezidenti Con Adamsın belə bir fikri var: “Mən indi siyasəti və savaşı öyrənməliyəm ki, uşaqlarım riyaziyyatı və fəlsəfəni öyrənə bilsinlər. Oğlanlarım riyaziyyatı, fəlsəfəni, coğrafiyanı, gəmiqayırmanı, kənd təsərrüfatını, ticarəti öyrənməlidilər ki, onların uşaqlarının rəssamlığı, poeziyanı, musiqini, arxitekturanı və heykəltaraşlığı öyrənmək imkanı olsun”. İndi bildinizmi necə oldu ABŞ dünyanın böyük gücünə çevrildi? Azərbaycanda isə bütün bunlar MTN rəhbərliyi və nazir müavini Ədalət Vəliyevin və ATXİ-nin sədri Azərpaşa Nemətovun suçu üzündən milli dramaturgiyamız öz fəlakətli çağını yaşamalı olub. Bu gün onların tandemi sayəsində “pyes yazanlar”ın (dramaturqların deyil haaaa...) əksəriyyəti tarixi mövzulara girişiblər. Əli Əmirli, Hidayət, Yunus Oğuz, Nəriman Həsənzadə və digərlərinin tarixi mövzularda olan əsərlərinin teatrlarda tamaşaya qoyulması elə tarixin özünə qarşı olan ironik münasibət deməkdir. Əslində dramaturji material və tamaşaya qoyulan əsər bu günün və gələcəyin düşüncə sisteminin polifoniyasına çevrilməlidir. Azərbaycan teatrı bu prosesdən kənarda qalıb. Mirzə Fətəli Axundzadədən üzü bu yana milli dramaturgiyamız məhz bu faktorla inkişaf edib. Teatrlarımızın hünəri varsa, azından İbrahim Bəy Musabəyovun “Neft və milyonlar səltənətində”, ya da Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu” əsərlərini tamaşaya qoysun. Dərhal MTN adlı inzibati amirlik düzəni “hərəkət”ə keçəcəkdir. Hətta xarici ölkə dramaturqlarının klassik janrda yazdıqları əsərlərdə belə, rejissorları məcbur edirlər ki, müəyyən “redaktə”lər edilsin. Beləliklə teatrlarımızda nəinki inkişaf, həm də “zamanın özünün durdurulması” prosesləri müşahidə olunur. Firuz Mustafa, Elçin Hüseynbəyli və digər yeni düşüncə dramaturqlarımızın əsərlərinin teatrlarda tamaşaya qoyulması belə dolayı yolla yasaq edilib. Yeni nəsil dramaturqları kimi qələmini sınamaq istəyən Orxan Fikrətoğlu, İsmayıl İmanov, Şəbnəm Xeyrulla, Jalə İsmayıl, Mehman Musabəyli və digərlərinin əsərlərinin teatrlarımızda səhnəyə qoyulması demək məchul nöqtədə düyünlənib. Mirzə Fətəli Axundzadə, Üzeyir Bəy Hacıbəyli, Mirzə Cəlil və Cəfər Cabbarlı ona görə dahi dramaturqlarımız sayılırlar ki, onlar keçmişin deyil, dramaturgiyanın dili ilə zamanın və gələcəyin estetik düzənində dünyabaxışımızın inkişafına yönəlik əsərlərlə ortaya çıxmışdılar. Cəmiyyəti bəlirsiz şəkildə tarixin dərinliyinə gömməyi düşünmürdülər. Son illərdə yazılmış, teatrlarımızda tamaşaya qoyulan “Şah Qacar”, “Nadir Şah”, “Əmir Teymur” kimi əsərlər dramaturji baxımdan zəif olmaqla yanaşı, həm də keçmişdən sabahımıza böylanmanın düzəninə cavab vermədi. Bu əsərlərin tamaşasında əldə edilən uğurlar sadəcə aktyorların istedadı sayəsində mümkün oldu. Çünki, aktyorlar öz peşəkarlığı ilə həmin əsərlərə öz ruhlarını qatmaqla dinamizm gətirməyi bacardılar. Dramaturqlarımızın fenomenal istedadı və mövzuya yanaşma tərzi isə yox dərəcəsində idi. XXI yüzildə yaşasaq da, hələ də aradan keçən 16 il ərzində bu yüzilin ritimindən geri qalmağımızın sirri də bundadır. Yeni dramaturji yanaşma tərzi olmadığı üçün, onun perfomansı, ədəbi və teatr estetikasının düzəni də yox kimidir. Əgər MTN-i və ATXİ-ni idarə edənlər bu günün teatr siyasətinə maraqları olsaydı, azından iki-üç ildə bir dəfə “Gənc dramaturqların festivalı”nı keçirərdi. Beləliklə də yeni nəsil dramaturqlarımızın özlərini təsdiq üçün münbit şərait yaradılardı. Bu iki qurum adicə gənc dramaturqların əsərlərindən ibarət almanax buraxmağı belə, dərk etməmişdir. Yeni ədəbi baxışların gündəmə gəlməsinə qarşı özlərinin konservatorcasına mövqelərini sərgilədikləri göz önündədir. Odur ki, XXI yüzil Azərbaycan dramaturgiyası XIX və XX yüzilin təfəkkür tərzindən xilas ola bilmir. Bu, klassikaya olan sayğı deyil, sadəcə yeni yüzilin ritminin keçmişdə qalması kimi izah olunmalıdır.

Həyatın və sənətin ironiyası

Azərbaycanda bu gün 27 dövlət teatrı mövcuddur. Hər bir teatrın bazasında kiçik səhnə deyilən bir anlayış da var. Teatrların azından kiçik səhnəsi yeni aktyor və rejissor nəsli, dramaturgiyanın inkişafı yönünüdə laboratoriya rolunu oynaya bilər. MTN və ATXİ adlı qurumlar heç bu sahədə də gərəkən addımları atmırlar. Bədii düşüncənin tetarla və səhnə ilə uzlaşmasının eksperimentlərini, novatorluğu elə həmin teatr studiyalarında tətbiq etmək bu qədərmi çətindir? Milli teatr siyasətimizin estafetini “kibirli” bir şəkildə dondurmaq kimə və nə üçün lazımdır? Ona görə də professional Azərbaycan teatrı ildən ilə “dərnək” səviyyəsinə enir. Teatrlarda canlanma yarada biləcək yeni nəsil dramaturqların yoxluğu, rejissorların statuslarının olmaması, “direktor teatrı” kimi bir  əndrabadi düşüncənin hakim olması bu prosesin qəbirqazanına çevrilib. Səhnə və teatr xronotop düzənində heterxroniyanın harmoniyasının ritmi beləcə dəfn edilməyə hazırlanır. Dramaturji obraz və onun tipologiyasının yeni çalarları interpretasiyanın itkinliyi içində heçə çevrilib. Yeni nəsil dramaturqların yetişməməsinin anatomiyasının sirri də bundadır. Yeni dramaturji intonasiyanın dəyişimi XXI yüzil teatrının standartı sayılır. Kosmik sürətlə kürəsəl biçimdə gəlişən dünya düzənində Azərbaycan teatrı adlı bir anlayışın yoxa çıxması yaxın gələcəkdə böyük fəlakətlərə yol açacaq. Sosiomədəni düzənin korroziyaya uğraması həm də milli fəlakətin təməl prinsipi sayılır. Dünyanın heç bir yerində milli mədəniyyətə bu qədər acımazsızcasına yanaşan ikinci məmələkətə rast gəlinməz. Bu, sadəcə Azərbaycanda baş verir. Mədəniyyət feodallarının ortaçağ düşüncə tərzinin hansı fəsadlara yol açdığını Misir, Liviya, Suriya, Bəhreyn, Livan, BƏƏ, Səudiyyə Ərəbistanı, Əfqanıstan tipli ölkələrdə görmək bəşəri mənada əsil faciədir. Bu prosesin Azərbaycanda intişar tapması Afrika cəngəlliklərindəki durumdan da betər teatr düsturu ilə müşahidə olunur. Boğazdan yuxarı, təmtəraqlı biçimdə “Azərbaycanda teatr inkişaf edir” ibarələrlə cəmiyyəti əlindəki səlahiyyətləri ilə aldatmaq mümkündür. Ancaq, həyatın və sənətin ironiyası tamamilə fərqli şəkildə özünü göstərməkdədir. Dramaturq sadəcə səhnə əsəri yazan demək deyil. Dramaturgiya yeni düşüncə, estetik baxışların və ədəbi cərəyanların sürətli inkişafı deməkdir. Dramaturgiya həyatın dinamizmidir. Yeni fəlsəfi-estetik düzənin lokomotividir. Zamanın ruhunun tipologiyasının sosial qatlarının bədii inikasının ifadəsini ancaq dramaturgiyanın sayəsində ortaya qoymaq mümkündür. Aksioloji baxımdan posttotalitar rejimdən azad olmuş cəmiyyət üçün bütün bunlar çox vacibdir. Ekzistensializmin irrosanial unikallığının mənası yeni insan və nəslin düşüncə tərzinin inkişafına bağlıdır. Onun emosinal təbiətinin qatlarına işıq salır. Bu proses həm də fəlsəfi baxımdan teatrın və mədəniyyətin antropoloji düzəninə yeniliklərin əlavə edilməsi ilə müşahidə olunur. Dramaturgiya bu baxımdan ən kütləvi sahə sayılır. Teatrın və dramaturgiyanın inkişafı bu iki tandemin sayəsində cəmiyyətin enerjisinə müsbət təsir göstərir. Sənəti və cəmiyyəti “marginallaşmaq”dan qoruyur. “Kontinuum” fanstatik trelleri düzəninə pərçimlənmiş bayağı karnavallıq bəşəri mənada milli mədəniyyətin və teatrın, dramaturgiyanın inkişaf perspektivi sayıla bilməz. Bu gün üfüqdə görünən tək bir anlam var ki, o da milli dramaturgiyamızın inkişaf perspektividir. Teatrımızın ənənəsinin yaşadılmasıdır. Bütün bunlara mane olan MTN və onun rəhbərliyidir.

Ənvər BÖRÜSOY, sənətşünas 
Xudaferin.eu

11:15