Çağdaş teatr və rejissorun rolu

Bir dəli quyuya daş atdı, min ağıllı mat-mətəəl qaldı

Mədəniyyət nazirinin keçmiş müavini Ədalət Vəliyevin 26 illik “müavinlik” dönəmində ölkə teatrları ilə bağlı elə bir dəhşət saçan siyasət aparıldı ki, millli teatrımızın şöhrətini geri qaytarmaq üçün azından 26 il zaman gərəkdir. Ona görə ki, bu gün nazirlikdə teatr sənətinin inkişafı ilə bağlı bir nəfər də olsun mütəxəssis işləmir. Bunun da əsas səbəbi nazirlikdə mədəniyyət üzrə peşəkar kadr yoxluğudur.

Mədəniyyətdən uzaq mədəniyyət məmurları

Unutmaq olmaz ki, bizlər artıq XXI yüzilin şərtləri daxilində yaşamaq zorundayıq. İndi elə bir dönəm başlayıb ki, artıq dünya düzəni kibernetik anlamın şərtləri ilə idarə olunur. Teatrın kibernetik ruhu və döyünən ürəyi məhz rejissordur. Onun yoxluğu teatrın ölüm marşının son ladı deməkdir. Mədəniyyət nazirinin keçmiş müavini Ədalət Vəliyev teatr və kino sənətinə görə sorumlu oluduğu üçün, onun əndrabadi hoqqalarının sayəsində ən azından rejissorların hüquqları tamamilə ləğv edildi. Bununla da “direktor teatrı” kimi boşboğazlıq, özündənrazılıq və saxtakarlıqla müşahidə olunan “eqolar” peyda olundu. Harada istedadsız, teatr sənətinə yamaq olanlar varsa, onların hamısı teatrlara direktor təyin edildilər. Əgər Ədalət Vəliyev bu qanunsuzluqları edirdisə, bəs nazir Əbülfəs Qarayevin gözləri hara baxırdı? Nazir kimi mədəniyyət siyasətinin nə demək olduğunu bilmirsə, Əbülfəs Qarayevin bu strateji postda nə işi var? Yaponiya, Almaniya, Fransa, Kanada və digər inkişaf etmiş ölkələrdə hərbi, polis, təhlükəsizlik, kəşfiyyat və ya əks kəşfiyyat nazirliklərindən daha üstün, strateji sahə TƏHSİI və MƏDƏNİYYƏT nazirlikləri hesab olunurlar. Azərbaycanda isə belə bir strateji sahə “çal-oyna-vur çatdasın”, “al gülüm-ver gülüm” kimi bayağı düşüncə ilə üz-üzə qalıbdır. Özəlliklə də teatrlar bu gün demək olar ki, milli teatr sənətimizin ən məşəqqətli dönəmini yaşamaq zorunda qalıbdır. Çünki, mədəniyyətdən uzaq mədəniyyət üzrə sorumlu olan məmurlar milli mədəniyyət siyasətimizin təməl prinsiplərini bilmirlər. Dünya təcrübəsindən tamamilə bilgisizdirlər. İndi dünyanın inkişaf etmiş ölkələrində etnokültür, etnofolk, etnomüzik, etnomifologem anlamı strateji önəm daşıyır. Bu doktrinanın təməl prinsipləri əsasında milli güvənlik strategiyasının doktrinası strateji hədəf sayılır. Azərbaycanda bu strategiyanın azından ibtidai formada olsa da, özümlü biçimlərindən belə Mədəniyyət nazirliyinin bilgisi yoxdur.

Rejissor, onun teatr sənətində yeri və önəmi

Rejissor teatr sənətindəki rolu səhnələşdirilən tamaşanın rəhbəri deməkdir. Rejissor bir rəhbər kimi uğurlu tamaşanın hazırlanması və onun çəkisinin önəmli olmasına sorumlu şəxs deməkdir. Azərbaycanda Mədəniyət nazirinin keçmiş müavini Ədalət Vəliyevin ideyası ilə ölkə teatrlarında bütün rejissorların səlahiyyətləri əllərindən alınıb. Ona görə də, ölkə teatrlarında dünya səviyyəsində tamaşalar qoyulmur. Teatr siyasəti uğursuz, istedadsız və savadsız direktorların nəzarətinə keçib. Heç bir hüququ olmayan rejissor istədiyi tamaşanı səhnələşdirə bilmir. Cəmiyyətin demokratik yaşam düzənində sosiallaşma və etik-estetik baxışların inkişafında teatrın önəmi sıfra enib. Rejissorun teatrda əsas rolu estetik yanaşımla sənətin sosium dəyərlərinin fəlsəfi anlamlarını tamaşaçıya çatdırmaqdır. Azərbaycan teatrlarında bəsit qafalı direktorlar zümrəsi demək olar ki, teatrlarda rejissorların, dramaturqların və aktyorların, hətta rəssamın və bəstəkarın işinə yersiz müdaxilələr etmək hüququna malikdirlər. Öz bəsit, dayaz və gerizəkalı hüdudsuz səlahiyyətindən istifadə edərək teatrın məzarını qazdığının  fərqində deyillər. Sanki, teatrlar kolxoz-sovxoz təsərrüfatıdır, direktorlar da istədikləri kimi səllimi şəkildə at çapa bilərlər. Rejissorun teatrda vəzifəsi sadəcə tamaşa qoymaq deyil, həm də aktyorların, dramaturqun, rəssamın və bəstəkarın yaradıcılıq potensialını üzə çıxarmaqdır. Əsil yaradıcılıq mühiti yarandığı təqdirdə diktator anlamı tamamilə kölgədə qalır. Bu, bir yandan sənətin, digər yandan cəmiyyətin demokratik qavrayışının təməl prinsipidir. Beləliklə də əsil teatrın və yaradıcılıq imkanlarının siması üzə çıxır. Rejissorun sərbəst şəkildə tamaşa qoyması bəşəri qavrayışa imza qoyması deməkdir. Aktyorların sənət potensialının sayəsində canlı obrazların qalereyasını üzə çıxarmaq isə, istənilən tamaşanın uğur açarıdır.   

Rejissor quruculuq və yaradıcılıq sənətinin sintezinin müəllifidir

İstənilən cəmiyyətə dinamizm, yaradıcılıq mühiti o zaman mümkün olur ki, orada inkişaf mühiti mövcuddur. Vətəndaş bu prosesin şərtləri daxilində öz həyat nomrasını istədiyi kimi düzənləyə bilir. Rejissor sənəti bu gün dünyada tək bir sahədir ki, yaradıcılıq və quruculuq anlayışının müəllifi hesab olunur. İstənilən uğurlu tamaşanın sirri də rejissor işinin mahiyyətində gizlənir. Çünki, rejissor səhnəqrafiyanın şərtləri daxilində tamaşa üçün tələb olunan bütün komponentləri ümumi yaradıcılıq aurasına tabe etdirməklə bu uğurların tandemini yaradır. Gözəlim mədəniyyət nazirliyi Azərbaycanda bütün rejissor və teatrların hüquqlarını direktorlar çetesinə tabe etdirdiyi üçün, nəinki rejissor sənəti, bütövlükdə teatr sənəti ölgün durumdadır. Sadəcə bu ölgünlüyün mollası və mafəsi çatışmır. Çünki, “molla əmi” (keçmiş nazir müavini) gec də olsa istefaya göndərilib. Bu gün ölgün durumda olan teatrı reanimasiyadan sağ-salamat çıxara biləcək yeganə əlac  rejissor sənətinə azadlıq verməkdir. Rejissor sənəti duyumların bir zirvədə yağmur kimi toplanması və bolluq-bərəkət simvolunu yarada biləcək tək peşədir. Sənətlə ilgili olan nə varsa, ruhsal enerjinin estetik-etik qavramlarının simvolunu yaradır. Həyatın ritmini sənətin dili ilə ictimailəşdirən yaradıcıdır. Bu nadir peşəni çıxılmazlıqlar girdabına yuvarlatmaq bəşəri cinayətdir. Rejissor fitri istedadı ilə aktyorların, dramaturqların və sənətlə bağlı digər sahələrin yaradıcılıq potensialını üzə çıxarmaqla cəmiyyətin ritmini daim gələcəyə kökləyən şəxsdir. Ona görə də, rejissorluq bir sənət kimi son 50-60 ildə dominantlıq edir. Klassikanın travtovkası, sehrli tarixin mənəviyyatı, dramaturgiyanın novatorluğu, səmimi komediya, kameral səhnə, urbanizasiyanın teatrallığı, orjinal ideyalar, əfsanəvi truppa, kollektiv enerji, zamanın deyil formanın estetikası, hipster, dəbli aydınlar, eksperimentlər, fəlsəfə, özünüifadə və yorumlar çağdaş teatr sənətinin əsas sütunu sayılır. Bütün bunları bir araya gətirən isə rejissordur. Mədəniyyət nazirliyi bütün bunları görməzlikdən gəlirsə, o zaman Ədalət Vəliyevlə birlikdə orada çalışanların hamısı istefaya göndərilməliydi. Faktiki olaraq, teatrlarımızda rejissorların hüquqsuluğu ucbatından 26 ildir itirə-itirə bəlirsiz bir səmtə üz tutmuşuq. Çünki, əlahəzrət direktorlar çetesi milli teatr sənətimizin bel sütununu dağıdıblar, hər şeyi öz dayaz düşüncələrinə pərçimləyiblər. Rejissor sənəti keçmişdən miras qalmış bütün steorotiplərin sənətin dili ilə aradan qaldırılması deməkdir. Rejissor tamamilə yeni cəmiyyət və təfəkkür düsturunu sənətin dili ilə ehtiva edən deməkdir. Əgər bunun mənasını mədəniyyət nazirliyində oturan səlahiyyətli iri çəkili məmurlar bilmirlərsə, vay teatr sənətinə. Yaranmış böhranı aradan qaldırmaq istəyən varsa, rejissorların səlahiyyəti onlara təslim edilməlidir.

“Direktor teatrı” əndrabadi siyasətində kim suçludur?

Teatr sənətinə dəxli olmayan, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın rəhbərliyində öz çəkilərindən on dəfə artıq titulları əldə etmiş bu qurumun rəhbərliyi bircə dəfə də olsun teatrlarda rejissorların hüquqlarının əlindən alınması, onların lazımsız əşya kimi kənara atılması rəzalətinə qarşı bircə dəfə də olsun cınqırını çıxarmayıb. Halbuki bu qurumun birbaşa vəzifəsidir ki, teatr sənəti ilə bağlı problemləri ağrı-acısız gündəmə gətirsin. Yaranmış böhranların yanğınsöndürən kimi anındaca qarşısını ala bilsin. “Aktyorlar Evi”ni restoranlara və barlara çevirməklə yuxarı mərtəbələrdəki kabinetlərə doluşan kababların, pivələrin, “bonçiklər”in qoxusunda sərməst olmaq teatrlarımızın üstqurumu olan bu təşkilata rəhbərlik etmək doğrudan da dəhşət saçan rəzalətdir. Mədəniyyət nazirliyi heç nə olmamış kimi “direktor teatrı” adlı əndrabadi siyasəti davam etdirir. Bir-iki nəfəri dəyişməklə imitasiya xarakterli hoqqaların da heç bir mənası yoxdur. Çünki, “direktor teatrı”nın çax-çux fəlsəfəsi davam edir. Elə buna görə də teatr sənəti yox kimidir. Ədalət Vəliyrev nazir müavini postundan istefaya göndərilsə də, antiteatr rəzalətinin davam etməsi milli teatr sənətimizin inkişafı qarşısında əngəl olaraq qalmaqdadır. Axı “direktor teatrı” anlayışı ilə hərəkət edən bilgisiz, istedadsız direktor çetesi haradan bilsin ki, rejissor teatrı tamamilə fərqli bir anlamdır. Rejissor bu gün ağlın, zəkanın və ruhun tanediminin estetik anlamını birləşdirən yaradıcı şəxsiyyət deməkdir. Çağdaş dramaturgiyanın ayrıca bir sənət kimi inkişafında rejissorların çox böyük rolu var. Çünki, rejissorun yorumu, yazılan əsərin ideyasını və məfkurəsini canlı şəkildə necə təqdim etmək ona məxsusdur. Rejissor sadəcə təşkilatçı deyil, o həm də zamanın psixoloqudur. İncə və zərif şəkildə tamaşanın ruhunu və tablosunu yaradan sənətçi deməkdir. Rejissor zamanı qabaqlaya və onun sosium qavrayışını ictimai fəlsəfəyə çevirə bilən estetdir, filosofdur. Ədalət Vəliyev savadsızcasına rejissor teatrı anlayışını dayaz qafalı məmurlara tabe etdirməklə bu sənətin inkişafının qarşısını alıb. Ona görə də “direktor teatrı” çetesi bu gün teatrlarımızda sənətdən savayı hər sahədə at oynadırlar. Milli dramaturgiyanın, yeni aktyor və rejissor nəslinin yetişməməsində ən böyük əngəl də məhz “direktor teatrı” kimi əndrabadi təfəkkür tərzidir. Biz bu problemləri üç ildir qabartsaq da, mədəniyyət nazirliyi lal, kar və kor kimi davranmaqda davam edir. Çünki, bu nazirliyi idarə edənlər kolxoz-sovxoz tipli keçmişin mirasından savayı heç nə bilmirlər.
“Direktor teatrı” çetesi siyasətinə nə zaman son qoyulacaqsa, həmin andan Azərbaycan teatrı yenidən özünün çiçəklənmə çağına qədəm qoyacaq. Bunu mədəniyyət nazirliyi nə zaman dərk edəcəksə, o zaman teatrlarda günəş doğacaq. Bu bir həqiqətdir. Başqa bir gerçəklik yoxdur.

Ənvər BÖRÜSOY  

12:48