Türkiyədə Ana Yasa sorunu

16 aprel referendumu AKP iqtidarının ömürlük hakimiyyəti üçündür

Bu referenduma iki siyasi partiya olaraq dəstək verilməkdədir. Bu, hakim AKP və MHP-dir. O zaman sual olunur ki, antoqonist baxışlara malik olan bu iki partiyanı birləşdirən nədir? AKP-nin təməl görüşü şəriətçi bir dövlət modelidir. Bununla yanaşı, ümmətçi baxışlarla “Yeni Osmanlı” strategiyası uğrunda Türkü inkar yolu ilə addımlamağı tərcih edir. İndi əski MHP-nin izi qalmayıb. Bu günkü MHP-lilərin anladıqları “tarixi Osmanlı zəfərləri”nin əfsanəvi hekayələridir. Bu iki partiya məhz “osmançılıq” ideyası ilə yükümlü olduqları üçün birgə Ana Yasa dəyişikliyinə getməklə israrlı mövqe nümayiş etdirirlər.

Tənzimatdan Cümhuriyyətə doğru  

1808-ci ildə ilk dəfə olaraq, Sultan II Mahmudun dönəmində Osmanlı tarixində “Sənədi İttifaq” adı altında başlanılan Ana Yasa düzəni irəli sürüldü. Ələmdar Mustafa Paşanın hazırladığı bu Ana Yasa ölkədəki avtoritar idarəetmənin qarşısının alınması üçün idi. 3 noyabr 1839-cu ildə Sultan Əbdülməcid “Tənzimat Fərmanı” ilə bu prosesə təkan verdi. Ancaq, bu fərman 1856-cı ildə qəbul edildi. Göstərilən cəhdlərə baxmayaraq, avtoritar idarəetmə bürokratiya Ana Yasanın qəbul edilməsini əngəlləyirdi. 23 dekabr 1876-cı ildə Midhəd Paşanın islahatçı düzənlə hazırladığı “Qanuni Əsasi” (Ana Yasa) Sultan Əbdülməcid devrildikdən və II Sultan Əbdülhəmid iqtidara gətirildikdən sonra, 12 bölüm və 119 maddədən oluşan “Qanuni Əsasi” qəbul olundu. Olduqca hiyləgər olan II Sultan Əbdülhəmid 113-cü maddəyə “ölkə savaşla üz-üzə qalarsa, parlament fəaliyyətini savaş bitənə qədər dayandırmalıdır” qanununu əlavə etmişdi. Beləliklə 1877-ci ildə Rusiya ilə savaşı bəhanə edərək 30 il ölkə parlamentsiz qaldı. Bu dönəmdə ən çox yarar görən iri çəkili feodallar və “dini vəqflər” adı altında harınlanmış mövhumatçı şeyxlər dünyada baş verən yeniliklərə qarşı kəsinliklə mücadilə aparırdılar. Ölkənin oliqarxiya düzəni ilə idarə olunması üçün bir ad da bulmuşdular: “Bizlər islam aləminin xəlifəsinin qorunması qorunması üçün çalışırıq. Xəlifə yer üzündə Allahın peyğəmbərdən sonra səlahiyyətli təmsilçisidir. Bizlər bütün müsəlmanların hamiləriyik. Sömürgə siyasətinə qarşı mücadilə aparan tək millətik”. Millət dedikdə isə “islam ümməti”ni nəzərdə tuturdular.

1909-cu il 31 martda II Sultan Əbüdhəmidin hakimiyyətinə son verildi. İttihadi Tərəqqinin dəstəyi ilə Ana Yasada dəyişikliklərə yol açıldı. “Məclisi Məbusan” 23 aprel 1920-ci ildə Böyük Millət Məclisi adlandırıldı. 20 yanvar 1921-ci ildə Təşkilati Əsasiyyə Qanunu qəbul edildikdən sonra, tarixdə ilk dəfə olaraq Türkiyədə əsil demokratik dövlət düzəni formalaşdı. Bu Ana Yasa çağın dış hərbi təzavüz siyasətinin ucbatından 1924-cü ildə rəsmi status qazandı. Beləcə Türkiyə parlamentar və unitar dövlət statusu idarə olunan bir ölkəyə çevrildi. Parlamentar idarəetmə demokratik dövlət düzəni kimi dəyərə çevrildi. Ölkədə nazirlər kabinetinin, prezidentin və parlamentin ayırca səlahiyyətləri olması şərti ilə Türkiyə bu günlərə kimi mövcudluğunu nəinki qorumuş, hətta sürətlə inkişaf etmişdir. Bütün bunların baş memarı isə böyük öndər Qazi Mustafa Kamal Paşa Atatürkdür.

2002-ci ildən boylanan “diktatura” təşəbbüsləri

1990-cı illərin sonu, 2000-ci illərin başlanğıcında Türkiyədə ölkənin ən nüfuzlu siyasi partiyalarının içində bir sıra qarşıdurmalar, intriqalar yaşanılırdı. DYP, MHP, BBP, CHP,  Səadət, SDP, ANAP və başqalarını buna örnək göstərmək olar. Bu dönəmdə əşirətçi, təriqətçi, dinçi, fətoşçu cameələr bir araya gələrək AKP-ni qurdular. Onlar iri maliyyə qaynaqlarına malik olduqları üçün 2002-ci il parlament seçimlərini qazandılar. O dönəmdən başlayaraq təkhakimiyyətlilik düzəni taktikası ilə hərəkət edirlər. Onların ilk addımı “türban” siyasəti oldu. MHP də yandaş olaraq buna dəstək verdi. Bunun ardınca fətoşçu (Fətullah Gülən) “imam xətib okulları”nın sayı sürətlə artmağa başladı. Bunun ardınca “hər məhəllədə üç camı” ideyası ilə hərəkətə keçildi. Sonra, “yeni osmançılıq” ideyasının dərinləşməsi siyasəti gücləndirildi. Ölkədə bütün televiziya və radio kanalları, qəzetlər və informasiya  agentlikləri inhisara alındı. Beləliklə də alternativ fikir və söz tribunaları qapadıldı. Millət sosial şəbəkələrə üz tutmağa məcbur edildi. AKP və onun yandaşı olan fətoşçu camiə öz iştahını artıraraq, prokurorluq, polis, məhkəmə, ordu, bank, istehsal, ticarət və digər sektorları nəzarətə almağa başladı. Cümhuriyyətin təməl prinsipləri təhlükə qarşısında qaldı. Ortada “paralel dövlət” modeli, “şəriətlə idarə olunan” dövlət düzəni yarandı. Cəmiyyət anlamırdı ki, rəzalətin anası cəhalət və bu cəhalətin də babası din tüccarlarıdırlar. Onları ilgiləndirən hər hansı reform və ya inkişafı əngəlləmək, neofeodalizm idarəetmə düzəninə rəsmi status verilməsidir. Cümhuriyyətin təməlini qoymuş Atatürkə qarşı aparılan siyasətin xarakteri və məzmunu buna bağlı idi. AKP-li deputatların parlamentin tribunasından bu dövlətin qurucuları Mustafa Kamal Atatürkə və İsmət İnönüyə qarşı atılan çamurlara görə Rəcəb Təyyib Ərdoğan səsini çıxarmadı, bu anlamsız düşüncəyə qarşı iradəsini ortaya qoymadı. “Nə mutlu Türküm” sözünə qarşı ən çox bağıran da elə Ərdoğanın özü oldu. Atatürkə qarşı hədyanlar dolu şeirlər yazan Nəcib Fazil Qısakürəkdən mitinqlərdə şeirlər oxumaqla öyünmək yolu ilə getdi.
AKP iqtidarı Türkiyənin bir dövlət olaraq çökdürülməsi yönündə dərin siyasətlərə baş vurmuş hər kəsi “qəhrəman”a çevirmək taktikası ilə hərəkət etdi. Adnan Menderesdən tutmuş daha kimlərə qədər. Son dönəmdə II Sultan Əbdülhəmidin dirildilməsi prosesinə başladılıb. Xalqın bilincsiz kəsimini aldadaraq, onu ilk Ana Yasa və Türkiyənin  xilaskarı kimi təqdim emək də buradan qaynaqlanır. Halbuki, II Sultan Əbdülhəmid öz xəlifəlik  statusunu saxlamaq xatirinə ölkənin bir neçə yerə parçalanması, hətta Türkün şərəfinin ayaqlar altına atılması üçün sömürgəçi qüclərlə “uluslararası anlaşmalar” adı altında onların xeyrinə çoxsaylı ilhaq sənədlərini imzalamışdı. AKP və yandaş güclər bu dəfə II Sultan Həmidin xilaskar obrazını yaratmaq üçün Ərdoğanı önə çəkməyə hazırlaşır. Heç bir prezidentə vəzifədə olduğu dönəmdə “Rəis” adlı filmin şəkilməsi belə kimsəyə nəsib olmayıb. AKP-nin irəli sürdüyü, MHP-nin dəstək verdiyi Ana Yasa dəyişiklikləri sonucu olaraq, ölkənin avtoriratizmə çevrilməsi hədəfə alınıb. Parlamentin, hökumətin, ordunun, savçılığın, məhkəmənin səlahiyyətləri çərçivəsində olan bütün demokratik təsisatların yox olması və heçə endirilməsi parlamentin “notarius kontoru”na çevirmək deməkdir. Bu, çağdaş dönəmə klassik avtoritarizmin idarəetmə düzəninə çevrilməsi  deməkdir. Bir şəxsin siyasi iradəsi ilə ölkəni etmək, bütün demokratik təsisatları isə, onun əlaltısına çevirməyin təməlində duran anlamın XXI yüzilin Türkiyəsini ortaçağa sürükləməkdir.

BOP-un hədəfindəki Türkiyə

BOP (Böyük Orta Doğu Projesi) bir ideya kimi sonucda dənizlərə nəzarət və toplumları “modern köləlik” düzəninin şərtləri altında yaşamağa məhkum etmək strategiyasına bağlı bir düzəndir. Çağdaş gəlişmiş dövlət sistemi iki klassik modelə bağlıdır. Bunlar “İngilis-Amerikan” və “Alman” məktəbləridir. “İngilis məktəbi” duruma görə mənafelərin üstün olması hədəfləri ilə, “Alman məktəbi” isə, sömürgə ilə deyil, uzlaşma anlamları ilə birgə addımlamaqdır. Türkiyə Cümhuriyyəti yarandığı gündən klassik “Alman məktəbi” qanunlarının düzəni ilə mövcud olmuşdur. Bu, ölkədə yaşayan toplumların, mövcud olan dinlərin, sosial təbəqələrin, inanc və kültürlərin birgə yaşam düzəni deməkdir. 1950-ci illərdən “demokratiya” pərdəsinə bürünən Adnan Menderes, daha sonralar bir sıra siyasi partiyalar, özəlliklə də “din pərdəsi” altında hərəkət edən strukturlar Türkiyəni addım-addım çökdürmək üçün Cümhuriyyətin təməl prinsiplərinə qarşı çıxmışlar. Özəlliklə də “imam xətib okulları”nın yetirməsi olan şəbəkələr son illər böyük bir sosial struktur kimi siyasi arenaya çıxmışlar. Son bir ayda AKP iqtidarının Hollandiya və Almaniyanı hədəfə almasının da sirri bundadır. Ölkəni klassik ənənələrindən qoparmaqla “kürəsəl güclərlə” AKP-nin şərik olmanın konseptidir bu. Türkiyəni cəhalətə sürükləyən AKP iqtidarı bütün bunları rəsmiləşdirmək üçün avtoritarizmi qanununla təsbit etmək üçün bir sıra qanun boşluqlarından yararlanmağa cəhd edir. Əgər 16 aprel günü sandıqdan “EVET” çıxarsa, AKP Türk Dünyasının və Doğunun sonuncu demokratik dövlət düzənini BOP-un kürəsəl güclərinə onu məhv etmək üçün sinidə “təslim” addımlarını atacaqdır. Türkiyəni kürəsəl güclərin qarşısında 500 milyard dollarlıq borc bataqlığına sürükləyən AKP-nin hədəfinin mənası budur. Ölkədə 10 milyondan çox işsizlər ordusunun yaranmasının suçu da bu iqtidardır. Bunca fəlakətlərlə üz-üzə qalmış ölkəyə üç milyonluq Türk düşməni suriyalı ərəblərə qucaq açıb. Üç milyondan çox İraq, Liviya, Livan, Bəhreyn, Somali, Küveyt, Misir, Tunis, Əlcəzair, Yəmən, İran, Pakistan, Əfqanıstan qaçqınlarını da əlavə etsək, AKP iqtidarının Türkiyəni nə kimi problemlərlə üz-üzə qoyduğu göz önündədir. 1950-ci illərdən indiyə kimi Quzey İraqda “Türkman soyqırımı” siyasətini yürüdən və “Quzey İraq Kürd Muxtariyyatı” ideyası ilə silaha sarılmış bərzanilər sülaləsinin bayrağını Ankara və İstanbulda dalğalandıran da AKP iqtidarıdır. “Etnik bölücülük” siyasətini aparanlara BDP adlı siyasi partiyanın qurulmasında dəstək verən də AKP-dir. Quzey İraqın neftindən ən çox yarar görən də AKP-dir. Krımın ruslar tərəfindən işğalında da suçlu olan tərəf AKP-dir. Türkiyənin 18 adasının yunan işğalına məruz qalmasının da suçu AKP-dir. Ölkədə bütün televiziya-radio kanalları və qəzet-dərgilərin tək inhisarçısı da AKP-dir. Türkiyə bu gün XX yüzilin başlanğıcını və I Dünya Savaşı dönəmini xatırladır. Bu ağır və yorucu düzənə Türkiyəni addım-addım sürükləyən də məhz 2002-ci ildən iqtidara gələn AKP-dir. Dinamik və qurucu dövlət anlayışı mövhumatla, bütün inkişaflardan geri qalan bir dövlət halına gəlinməkdədir. Bütün bunlar isə, BOP-un ana hədəfləri deməkdir. Buna satılıq vətən düzəni ilə yapılan dərin siyasətlərin çamuruna bürünmə deyilir. Türkiyənin belə bir çamura bulaşması Türk Dünyasının dünya gücünün bir parçası olusumuna ağır zərbədir. Ölkəni “EVET” və “HAYIR” düşərgələrinə bölən də AKP-dir. Bu ağırlıqların tək çözüm yolu böyük öndər Qazi Mustafa Kamal Atatürkçü düşüncənin modern bir yolla inkişafıdır. BOP-un ən çox qorxduğu budur. Tarixə şanlı “İSTİQLAL” şərəfinin imzasını atmış Türkiyə inanırıq ki, bu çətinliklərdən zorluqla da olsa, çıxacaqdır.

Ənvər Börüsoy,
İstanbul-Bakı  
      

Xudaferin.eu

11:29