CHP-nin ƏDALƏT YÜRÜŞÜ “ədalətsiz” AKP-nin sonu deməkdir

 

Adını “Yeni Çağ” qoymuş qəzetin və saytın FETÖ-çu “Çağ Öyrətim”dən fərqi nədir

 

Ötən il 15 iyul tarixində Türkiyədə “FETÖ” örgütünün dövlət çevrilişi ssenarisinin baş tutmamasının bir gerçək səbəbi var. Bu olayın simgəsi Fətullah Gülən və Rəcəb Təyyib Ərdoğanın bir medalı iki üzü olması idi. Məhz bu olayın ardından Türkiyədə total şəkildə ölkənin sayğılı alimlərinə, professorlarına, hərbi elitasına, işadamlarına, sindikalara, sivil toplum quruluşlarına, AKP-yə qarşı çıxan bələdiyyələrə, kültür mərkəzlərinə və bir sözlə ATATÜRKçü çevrələrə hücumlar başlandı. Bunun ardınca ölkədə “qorxu imperatorluğu” düzəni gündə gəldi. AKP irticası yaxşı anlayır ki, Türk Dünyası adına onların siyasəti heç zaman yeriməyəcək. Ona görə də gündə bir cameəyə üz tutan parasal insanları öz şəbəkələrinə cəlb etməklə mövcud durumdan yayınmaq taktikasına varılmaqdadır.
 

İlk hədəf kimi Azərbaycan nədən seçilmişdi?

 

Təməli 1890-cı illərdə ABŞ prezidenti Vudri Vilson tərəfindən qoyulmuş “nurçuluq” bir sistem kimi 1907-ci ildən Türkiyədə intişar tapmağa başladı. Bu dönəmdə İstanbulda Səidi Nursinin (Kürsi) dərc etdiyi “Volkan” gündəcində (qəzet) qeyd olunurdu: “Sonuna kimi Türk kimliyi və məfkurəsinə qarşı mücadilə aparacağıq. Bu bizim məsləyimiz deyil, həm də varoluşumuzdur”. Bu ideyaların qarşısını ala bilən tək lider böyük öndər Mustafa Kamal Atatürk oldu. 1938-ci ildən 1950-ci illərin sonuna kimi bu estafeti İsmət İnönü Paşa davam etdirdi. “Demokrat Partisi” adı ilə iqtidara gələn Adnan Menderes Səidi Nursinin ideyalarını gerçəkləşdirmək üçün “İmam Hatip Okulları” sistemini yaratdı. O dönəmdən indiyə kimi bu okulların Türkiyə dövlətinə və Türk Dünyasına qarşı əşirətçi, əməviçi siyasəti davam edir. 2002-ci ildə AKP iqtidara gəldiyində ilk qərarlarından biri də Adnan Menderesə bəraət hökmünün verilməsi oldu. Bu gerizəkalı qavramın ideoloqu türklüyün düşməni Fətullah Gülən idi. Rəcəb Təyyib Ərdoğanın və onun təmsil etdiyi cameənin “HOCA”sı.
Mən Ənvər Börüsoy olaraq, Azərbaycanın mətbuat tarixində ilk dəfə olaraq, 2005-2006-cı illərdə “Gündəlik Azərbaycan” gündəcində nurçuluğun Türk Dünyasına və özəlliklə də Azərbaycana qarşı “qalstuqlu vəhabizm” olması yönündə 38 dizi yazısı yazdım. Bunu böyük ustadım, 2002-ci ildə AKP iqtidara gələn kimi terror olunaraq öldürülən Nəcib Hamblemitoğlunun anısına görə yazmışdım. O, son 15 ildə Türkiyədə yaşanılan olayları “Köstebek” kitabında FETÖ örgütü və nurçuluğun planlarının sirrini açmışdı. “Qalstuqlu vəhabilər”, nurçularla ilgili yazılarımın ardından “Mətbuat Şurası” və başda Əflatun Amaşov olmaqla Fikrət Əmirov küçəsi-3 ünvanında hərəkətə keçildi. Bu dönəmdə nurçuların Azərbaycandakı ideoloji virus tribunası “Zaman” gündəci və “STV” (Saman Yolu) televiziya kanalı yazılarımdan şikəyətçi olmuşdular. Əflatun Amaşov və Mətbuat Şurasının gözünün içinə baxaraq şəkildə bildirdim ki, nurçulardan da və iddialarından da qorxmuram. Rəssamlıq təhsilim olduğu üçün, bədii anatomiyanın imkanlarını toplantıda işə salmışdım. Tabloda görünən tək bir şey var idi. “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlıdan savayı, Mətbuat Şurasının üzvləri sanki anadan nurçu kimi doğulanlar idilər. Həmin toplantıda STV və “Zaman” gündəci isə məni məhkəmə ilə qorxutmağa cəhd edirdi.
Fətoşun (Fətullah Gülən) Azərbaycana ilk gəlişi 1992-ci il mayın sonuna təsadüf edir. O, Azərbaycan, Dağıstan, Gürcüstan, Çeçen-İçkeriya, Kabarda-Balkar, Qaraçay-Çərkəzdə  nurçu okullarını açmaq üçün Bakıdan yararlanmaq istəyirdi. Bu elə bir dönəm idi ki,  Sovetlər Birliyinin dağılması və cəmiyyət eyforik axarla təlatümlər içində yaşayırdı. Fətoş kimi fürsətçilər də buna görə ayaq açmışdılar. “Alternativ təhsil sistemi” adı ilə qurulan “lisey”lər buna xidmət edirdi. Axı həmin “lisey”lər sabahın fətulhatçı cameəsinin yerli kadrları sayılacaqdılar. Amerika sovetoloqu Tadeuş Svyatoxovski çox  haqlı olaraq qeyd edir ki: “Kim Qafqaza sahib olmaq istəyirsə, bilməlidir ki, hər şey Azərbaycandan başlayır”. Nurçu cameənin lideri Fətoş da bu yolla addımlamaq istəyirdi. O dönəmdə çoxları bu siyasətin arxa baxçasını tanımadan “Fətullah Hoca”nı öyməklə yetinirdilər. Bu məsələdə ayıb olan bir şey də yox idi.

Ramiz Qusarçaylı ləkə götürməyən bir bulaqdır

Zamanla nurçuluq təlimi və ideyası Azərbaycanda iflic duruma gətirildi. Bunun əsas səbəblərindən biri də onun antimilli düzəndə olması idi. Mən şəxsən Ramiz Qusarçaylını bir şair kimi ötən yüzilin 80-ci illərindən tanıyıram. Ukraynanın Donetsk şəhərində kömür mədənlərinin ən dərin qatlarında Azərbaycan sevgisi ilə dolu olan şeirlər yazması böyük bir möcüzə idi. Sonralar vətənə döndü. Bu gün Azərbaycanın quzey bölgələri ilə qonşu Dağıstan arasında ən böyük canlı körpü məhz Ramiz Qusarçaylıdır. Azad düşüncəsinə görə Yazıçılar Birliyinin “Quzey Bölgə” təmsilçiliyi başqanı görəvindən uzaqlaşdırsalar da, Ramiz Bəyin missiyasını kimsə öz üzərinə götürə bilmir. Ramiz Bəyin şeirlərinin ruhu Şahdağın bulaqları qədər safdır və durudur. Ramiz Qusarçaylı elə bir şəxsiyyətdir ki, hər hansı bir ideya onu Azərbaycan kimliyindən döndərə bilməz. Təbii olaraq vaxtilə Fətullah Gülənin gizli niyyətlərini bir şair kimi, könül adamı kimi dərindən bilmədiyi üçün ona kiçik şeir vəsf edib. Ancaq, o demək deyil ki, bu böyük insanı  “nurçu”, “fətullahçı” ayaması ilə onu indi damğalamaq olar. Yaramazcasına ona “səngər taktikası” yarlığını  da qoşasan.
Adını “Yeni Çağ” qoymuş bir gündəc və onun baş redaktoru olan Aqil Ələsgərə bir daha xatırlatmaq istəyirəm ki, bu mətbu yayının nurçulara məxsus “Çağ Öyrətim”dən fərqi nədir. Hər ikisində də “çağ” sözü var. Mərhum Nəcib Hamblemitoğlu ötən yüzilin 90-cı illərində “nurçular”ın tez-tez duruma görə simalarını necə dəyişdiklərini də anladardı. Bu yayında Ramiz Qusarçaylı ilə bağlı onun nurçu simasını “ifşa”ya girişmənin ardında duran hədəfləri çox aydın şəkildə gördüyümdən bu yazını yazmaq zorunda qaldım. Ona görə ki, AKP iqtidarı nurçu simasını süni şəkildə dəyişdirərək təkcə Türkiyədə deyil, Azərbaycanda da öz keçmiş əqidədaşları ilə birgə “FETÖ darbesi”nə girişiblər. Sağa-sola baxmadan hər yoldan ötənə çamur atmağı şərəf bilirlər. “Gülənin azərbaycanlı məddahları” ayamasını da kəşf ediblər. Fətoşla bağlı Azərbaycanda hansı şəbəkələrin olduğunu 2005-2006-cı illərdə “Gündəlik Azərbaycan” və “Hürriyyət” gündəclərində çoxsaylı məqalələrimlə ifşa etmişəm. Ramiz Qusarçaylını yaxından tanıyan birisi kimi bildirirəm ki, o ömrü boyu nə komsomolun, nə kommunizmin, nə də sonradan yaranan ideoloji konspetlərin üzvü olmayıb. Onu “fətullahçılıq”da şuçlamaq cinayətdir.
Aqil Ələsgər sənə mən Ənvər Börüsoy bir daha xatırladıram: Ramiz Qusarçaylının bir misrası səviyyəsinə dəyməzsən! Ramiz Qusarçaylı ləkə götürməyən bir bulaqdır. O, bu gün Azərbaycan ədəbiyyatının vicdanı statusunu qazanmış nadir ədəbi simalarımızdan biridir. Kimsənin qarşısında baş əyməyən, dağlar qədər ucalıqda dimdik dayana bilən, əyalətdə hər cür məhrumiyyətlərə qatlaşıb yazıb-yaradan şəxsiyyətlərimizdən biridir Ramiz Qusarçaylı. Bizlər Bakıda oturub “millət-millət” deyirik, Ramiz Qusarçaylı öz şəxsi nüfuzu sayəsində kimsədən təmənna güdmədən ləzgi, tat, qırız, budux, tabasaran, lak, aqul, avar, rutul, tsaxur və başqa xalqların aydınları və yazarları ilə mehriban dostluq tellərini qurmaqla ermənilərin Azərbaycan dövlətinə qarşı digər toplumları yönləndirmək tipli siyasətlərin qarşısını alan adsız qəhrəmanlarımızdan biridir. Bu missiyanı öncələr böyük şairimiz və aydınımız, ləzgi və Azərbaycan xalqlarının oğlu, ortaq danışan dili, vicdanı Kələntər Kələntərli həyata keçirirdisə, indi həmin estafet Ramiz Qusarçaylı kimi vətən oğlunun çiyinlərində davam edir. Bakıda oturub AKP-nin göndərdiyi qrant projesi ilə yayın sahibi olmaq, başqalarına çamurlar atmaq kimi missiyanın nə əvvəli, nə də sonu yoxdur. Ramiz Qusarçaylı bax belə bir şəxsiyyət, şair və vətəndaşdır.

AKP bir proje olduğu üçün, hər şeyə “proje” gözündə baxır

2002-ci ildə iqtidara gələn AKP-nin ilk görəvi “türban” siyasətini rəsmiləşdirmək oldu. Bu məsələdə gerizəkalı MHP də AKP-nin yanında yer aldı. AKP bu hədəfinin ardınca ölkə içində milli ayrımçı siyasətlərə üz tutdu. Bölgəçilik xəstəliyinin vəbasını yayğın duruma gətirdi. Bunun ardınca “imam hatip okulları”nın sayı artırıldı. İndi Türkiyədə “imam hatip okulları”nın sayı 3500 və təhsil alanların sayı 1 milyon 300 nəfər, ilahiyyat fakültələrinin sayı 100 mindir. Deməli hər il orta hesabla bir milyon vətəndaş əməviçilik düşüncəsinin qurbanına çevrilir. Belə bir rəzalətə qarşı dirənən ölkə elitasına “Ergenekon”, “Balyoz” və başqa ayamalar adı altında çamurlar atmaqla onminlərlə şərəfli insanlar suçlanaraq həbsə atıldılar. Səhnədə yenə də AKP+MHP cütlüyü bir arada idi. 16 aprel 2017-ci ildə Ana Yasa referendumunda AKP-nin diktatorluğunun rəsmiləşdirilməsi gündəmə gəldi. Yenə də AKP+MHP cütlüyü “qorxu imperatorluğu” siyasətində birlikdə addımladılar.
AKP və MHP-nin yurd dışındakı şəbəkələri çox yaxşı anlayırlar ki, onların gerizəkalı siyasətləri istənilən anda iflasa uğraya bilər. Buna görə də, onları sərt şəkildə tənqid edən, incələyən mərkəzləri susdurmaq və ya ənənəvi böhtan çamurlarını atmaq ən kimi asan yolu tutmuşlar. Özəlliklə də Azərbaycan və Orta Asiyada bu yöndə fəallaşıblar. Bu sırada əsas hədəf yeni “proje axını” düzənini rəsmiləşdirməyə çalışılır. Həmin projelərə daxil olan ideoloji silah rəqiblərinə “çamur” atmaqdan ibarətdir. Azərbaycandakı projenin adı “Yeni Çağ”dır. Bütün bunlara ona görə inanmırıq ki, AKP+MHP cütlüyü “osmançı” təfəkkürlə gələcək Türkiyənin şəklini yarada bilməyəcək. Bunun üçün tək hədəf böyük öndər Mustafa Kamal Atatürkün və sosial ədalət siyasətinin yanında yer almaq gərəkdir. Günün siyasətini qurmaqla dövlət idarə etmək tamamilə yalnış yanaşmadır. AKP+MHP cütlüyünün yalnış yolla necə addımladığının ən gözəl örnəyi bu ölkədə “MƏN TÜRKƏM” deməyin nə qədər suçlu sayılmasıdır. Bu yalnışlıqlara qarşı tək dirənən, hər sözündə və addımında böyük öndər Mustafa Kamal Atatürkə sahib çıxan CHP-nin həm Türkiyədə, həm də Türk Dünyasında reytinqi daha da güclənməkdədir. Azərbaycanda bu gün CHP-nin reytinqi AKP+MHP cütlüyünün reytinqindən ondəfələrlə çoxdur. Ən azından siyasət və aydınlar elitasının bunu təqdir etməsi göz önündədir.     
Fətullah Gülənin “yeni insan” doktrinasını zatən AKP iqtidarı gerçəkləşdirir. Gerizəkalı və orta “ÇAĞ” qavramlarının üstün səviyyəyə qaldırılması bunun təsdiqidir. Din pərdəsi altında əməviçiliyin inkişaf etidirlməsi əsil sübutdur. Suriya, İraq, Misir, Liviya, Küveyt, Bəhreyn, İordaniya, Livan, Səudiyyə, Mərakeş, Yəmən, Əlcəzair, Fələstin və Qətər kimi ərəb dövlətlərinə önəm verilməsi, bu ölkələrdə yaşanılan iç savaşlar sonucu olaraq Türkiyəyə beş milyondan çox ərəb mültəcinin yerləşdirilməsi həmin projenin böyük bir parçasıdır. Bu gün Türkiyədə Türk vətəndaşının hüququnun olmadığı halda, ərəblərə verilən statuslar ən üstün zirvə sayılır. Budur AKP projesi. AKP-nin beyin zəhərləmə taktikası ilə irəli sürdüyü hər təklif elə Fətullah Gülən ideyalarının ayrılmaz parçasıdır. AKP+MHP cütlüyünün FETÖ siyasətinə dəstək verməsinə qarşı çıxan CHP əndrabadi şəkildə “fətullahçı” damğası ilə suçlanır və hətta həbsə atılanlar var.  
İstanbulun Maltepe Meydanında CHP-nin öndərliyində “Ədalət Şöləni”nə 3 milyon insan qatıldı. Bu, azından ölkə əhalisinin 30 milyonu deməkdir. Bu olay AKP+MHP cütlüyünün  sonu deməkdir. 24 günlük “Ədalət Yürüşü” Türkiyədə Türk insanına əməvi düşüncəsi ilə siyasət yürüdənlərin, FETÖ-ya qarşı ən böyük darbenin bir fakt kimi ortaya qoyulması deməkdir. Azərbaycanda CHP lideri Kamal Kılıncdaroğlunun simasında şair dostumuz Ramiz Qusarçaylını görürəm. O, da həyatı boyunca ədalətsiz düzənə qarşı darbelərin önündə addımlayıb. Bunu görmək və duymaq üçün onun şair könlünün misralarına çevrilmiş şeirlərini oxumaq gərəkdir.

Ənvər BÖRÜSOY   
​Xudaferin.eu

13:06