Səhnəsi boş “Aktyorlar Evi”

 

Azərbaycan Teatr Xadimləri İttifaqı və onun rəhbərliyi öz ənənəsinə sadiq qalaraq 2018-ci ilin hesabatını mənfi saldo ilə yekun vurmaq üçün fikrimizcə xüsusi hesabat hazırlayır. Çünki, 2013-cü ildən bu quruma rəhrəblik edən Azərpaşa Nemətov belə istəyir. Ölgün teatr fəlsəfəsinə 2018-ci ildə beləcə yekun vuruldu. Çağdaş teatr estetikasının dəyərli örnəkləri yenə də ölkəmizin mədəni həyatında itkinlik sindromu ilə yaşanıldı. Bəs “kimdir sorumlu” sualına isə tək cavabı elə bu qurumu “Təqaüdçülər İttifaqı”na çevirən rəhbərlik vesə daha yaxşı olar.

 

Memuar və nekroloji düzənli yanaşımlar

2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı xalq artistləri Hacıməmməd Qafqzlının 120, Mehdi Məmmədovun 100, Sofa Bəsirzadənin 100, Tofiq Kazımovun 95, Lütfiyar İmanovun 90, Hamlet Qurbanovun 80, İlham Əsgərovun 60 illik yubileyləri ilə bağlı genişmiqyaslı çərçivədə olmasa da, kabinet şəraitində anım törənini keçiribdir. Bunun dışında isə, 14 noyabr 2018-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyətinin Yaradıcılıq Birliyi və Sumqayıt Dövlət Dram Teatrı ilə Kutaisi Dövlət Professional-Dram Teatrı arasında əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib. 29 oktyabr 2018-ci il tarixdə Prezident yanında Bilik Fondu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Yaradıcılıq Fondunun təşkilatçılığı rus şairi Sergey Yeseninin həyat və yaradıcılığına həsr olunmuş “Yesenin və Azərbaycan” tədbirində iştirak edib. Milli Ordunun yaranmasının 100 illiyi tədbirlərinə qatılıb. 25 iyun 2018-ci il tarixdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirib. 7 may 2018-ci il tarixdə mərhum prezident Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiririb. 13 aprel 2018-ci il tarixdə “Aktyorlar Evi”nin kiçik səhnəsində Şuşa Düvlət Musigili Dram Teatrının aktyоru və rejissоru, əməkdar artist Nazir Rüstəmоvun guruluşunda Xоrvat yazıçısı Mirо Havranın «Aktyоr əbədiyyətə gоvuşanda» birhissəli psixоlоci dramının premyerasının keçirilməsinə şərait yaradılıb. 9 mart 2018-ci il tarixdə Azərbaycan Cümhuriyyətinin 100, Peşəkar Milli Teatrımızın yaranmasının 145, Teatr Xadimləri İttifaqının yaranmasının 120 illiyinə həsr olunmuş “Teatr və zaman: 145 ilin əsas inkişaf mərhələləri” adlı elmi-praktik konfransı keçirilmişdir.
Bu statistik göstəricilərdən aydın olur ki, Teatr Xadimləri İttifaqı il ərzində ölkəmizin teatr mühitində ciddi və sanballı işlər görməyib. Çünki, bu qurumu qocaqlığın mürgülü düşüncə düzənində dondurmaq daha faydalı bilib.
2018-2019-cu il teatr mövsümünün açılışı ərəfəsində Teatr Xadimləri İttifaqı bəzəkli-düzəkli bir elan sərgilədi. Çoxları elə başa düşdü ki, ölkə KİV-lərində uzun müddət bu qurumu tənqid edən yazılardan sonra, sükunətə yox deyiləcək. Belə ki, “Aktyorlar Evi”nin nəzdində yazıçı-dramaturq Ramiz Fətəliyevin rəhbərliyi altında “Dramaturgiya və Ssenari Studiyası”, tanınmış teatr rejissoru Bəhram Osmanovun rəhbərliyi ilə “Rejissor Studiyası”, ortabab aktyor kimi tanınan, teatr aləminin bürokratiyasında yağlı görəvlər aşiqi kimi tanınan Rafiq Əliyev “Aktyor Studiyası” və digər strukturlar yaradılıbdır. Ötən 4 ay ərzində bu strukturların hansısa fəaliyyəti isə cəmiyyətdə duyulmadı. Ona görə ki,  Azərpaşa Nemətov işinin öhdəsindən gələ bilmir. Teatr Xadimləri İttifaqının və “Aktyorlar Evi”ni sükunət məzarlığında gömülməsi sayəsində “Sultan” restoranlar şəbəkəsi “qaz vurub, qazan doldurur” fəlsəfəsi hər şeydən önə çıxarılıbdır. İldə boyu görüntü xatirinə memuar və nekroloji anımları düzənləməklə işini bitirmiş saymaq nə dərəcədə doğrudur sualına cavab verməyə nə üzləri, nə də sözləri var.

“Aktyorlar Evi”nin statusu niyə yoxdur?

Dünyanın əksər mədəni ölkələrində sənət adamlarına dövlət qayğısı ilə yanaş, həm də onların özləerinə məxsus çoxsaylı mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Teatr Xadimləri İttifqının Azərpaşa Nemətovun sədr seçilməsinə qədər xüsusi iş rejimi və statusundan irəli gələn fəaliyyət proqramları olubdur. 2013-cü ildən üzü bu yana, heç bir ciddi işlər görməyən A. Nemətov faktiki olaraq, həm bu qurumu, həm də “Aktyorlar Evi”ni özünün şəxsi reklamına və gəlir mənbəyinə çeviribdir. Belə olmasaydı, “Aktyorlar Evi”nin binasını “restoranlar”, “kafelər”, “barlar” və özünün sevimli “bonçiklər” şəbəkəsi kimi biznes strukturuna çevirməzdi. Ötən yazılarımızda dəfələrlə qeyd etdiyimiz kimi, “Aktyorlar Evi” və “Teatr Xadimləri İttifaqı” Azərbaycan peşəkar teatrının inkişafında həyatını və canını vermiş sənətkrların alın təri ilə yaradılıbdır və bu gün də mövcuddur. Bu iki qurum kimsənin şəxsi malı deyil. Restoranlar, kafelər, barlar və “saxarozalı bonçiklər” çetesindən əldə olunan aylıq 25-30 min manat icarə haqlarının haraya və kimlərin cibinə girdiyini bütün teatr cameəsinin bilməyə mənəvi haqqı çatır.
Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəçilər Birliyi və Memarlar İttifqının yaradıcı mərkəz kimi bütün fəaliyyətləri şafaflıqla göz önündədir. Yazıçı və şairlərin, rəssamların və bəstəçilərin illik fəaliyyətlərinə görə hesabatlar göz oxşayır. Ancaq, bunu Teatr Xadimləri İttifaqının fəaliyyətində kimsə görə bilmir. Ona görə ki, olmayan bir şeydən kimsə danışa bilməz. Bu qurumun rəhbərliyində olanlar Rusiyaya olan sevgiləri ilə daim öyünürlər. O zaman Rusiyanın təcrübəsini tətbiq edin. Bu ölkənin ən kiçik əyalətlərində “Aktyorlar Evi”, “Aktyorlar Pansionatı” və digər strukturlar vardır. Sankt-Peterburqda “Baltik Evi”, Novosibirskdə “Sibir Teatrı”, bundan əlavə “Köhnə, Yeni İl”, “Valentin Günü”, “Çexov”, “Maslennitsa”, “Gənclərin Teatr Studiyaları” və başqa yönlərdə festivalları keçirilir. Ukraynanın Kiyev, Lvov, Xarkov, Dneprodjerzinsk kimi mədəniyyət mərkəzlərində “Vilna stsena”, “Dax”, “Kurbalesii”, “Budinok Aktera” və başqa adlar altında tetr festivalları milli mədəniyətin inkişafına təkan verir.
Rusiya və Ukraynadakı bu yerli və beynəlxalq teatr festivalları məhz Teatr Xadimləri İttifaqı təşkilatlarının təşəbbüsü ilə həyata keçirilir. Ona görə ki, bu qurumlarda peşəkar sənət xadimləri ilə yanaşı, peşəkar menecerlər iştirak edirlər. Onların yaradıcılıq və mədəniyyətə dəstək aksiyaları həm də teatrlara cəmiyyətin marağının artmasına stimul verir.

Azərbaycan Teatr Xadimləri İttifaqına 1960-cı illərdən bu yana rəhbərlik etmiş Mustafa Mərdanov, Zəfər Nemətov, Şəmsi Bədəlbəyli, Mehdi Məmmədov, Lütfiyar İmanov və  Həsənağa Turabovun dönəmində bu qurum, eləcə də “Aktyorlar Evi” Azərbaycan Milli Teatrının ən qaynar ocağı sayılırdı. Ölkədaxili teatr festivalları (peşəkar və həvəskar), İncəsənət İnstitutunun kurs tamaşaları, teatr studiyaları, tanınmış sənət xdimlərinin yaradıcılıq gecələri, sənədli və bədii filmlərin təqdimatı, teatr, rəssamlıq, memarlıq və kino sahəsi ilə bağlı çap olunan kitabların tədimat mərasimləri, dönəmin məşhur şairləri ilə görüş gecələri mədəniyyət hadisələrinin möhtəşəmliyinə xüsusi yraşıq verirdi. İndi bunlar tamamilə keçmişin arxivində gömülüb. Ona görə ki, 2003-cü ildən 15 ildir bu quruma rəhbərlik edən Azərpaşa Nemətovdur. “Aktyorlar Evi” və Teatr Xadimləri İttifaqı  sanki, durğunluq bataqlığına gömülüb. Bu iki qurumun pəncərələrindən sadəcə insan orqanizmi üçün dəhşət saçan saxarozalı “bonçik” qoxusundan savayı heç nə duyulmur.
Heç olmasa, bu iki quruma rəhbərlik edənlər pəncərədan qarşıdakı Səməd Vurğun adına Dövlət Rus Dram Teatrına baxsınlar. Hər gün yeni tamaşalar və teatrsevərlərin  oraya necə üz tutduqlarını görsünlər. Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” sükunət bataqlığına sadəcə düşməyib. Milli teatrımızın inkişaf yollarıda burada dəfn olunub. Ona görə ki, teatr sənəti ilə bağlı burada 15 ildir müzakirələr aparılmır. Azərpaşa Nemətov bir rejissor kimi həm də Akademik Milli Dövlət Teatrını sənət baxımından bataqlığa doğru yuvarlatmaq siyasətini gündəmə gətiribir. Buna inanmayanlar gedib teatrın afilşina baxsın. Orada nekroloji başlıqlar və uşaq tamaşalarından savayı heç nə yoxdur.

Aklademik Milli Dram Teatrı “Uşaq Teatrı”na necə çevrilir?

Teatr cameəsinə sirr deyil ki, Azərbaycan Akademik Milli Dram Teatrının baş rejissoru və bədii rəhbəri Azərpaşa Nemətov uzun illər “Gənc Tamaşaçılar Teatrı”nda çalışıb. Bu teatrda uşaqlar və gənclər üçün spesifik repertuar siyasəti şərtləri daxilində tamaşalar hazırlanır. A. Nemətovun mərhum atası Zəfər Nemətov da bu teatrda uzun illər rejissor kimi uşaq tamaşaları hazırlayıb. Demək olar ki, A. Nemətovun bütün uşaqlıq və gənclik illəri bu teatrda keçib. Akademik statuslu teatrda qoyuğu tamaşlar “Gənc Tamaşaçılar Teatrı”nın ruhunu Akademik statuslu teatra transfer etməsi olduqca bayağı alınır. Bu faktı isə baş rejissor və bədii rəhbər kimi Azərpaşa Nemətov dərk etməkdə aciz duruma düşüb. Faktiki olaraq son üç ildə Akademik Milli Dram Teatrında A. Nemətovun özündən savayı başqa rejissorların tamaşa qoymalarına qarşı “tabu” elan edilib. Bəs A. Nemətov həzrətləri nə kimi siyasət yürüdür? Canni Rodarinin “Çippolino” (nağıl tamaşa), Anar Sadıqovun “Buzlar ölkəsi” (nağıl tamaşa), Ana Sadıqovun “Aldanmış ulduzlar” (M. F. Axunzadənin “Aldanmış kəvakiv əsərinin motivləri əsasında), Mirzə Cəlilin “Anamın kitabı”, Loğman Kərimovun “Biri var idi, biri yox” (nağıl tamaşa), Con Patrikin “Qocanı öldürməliyik”, Abdulla Şaiqin “Qaraca qız” və “Danışan gəlincik” tamaşaları sübut edir ki, bu əsərlər Akademik Teatrın statusu ilə uzlaşmır. Bu tamaşalar “Gənc Tamaşaçılar Teatrı” və “Dövlət Kukla Teatrı”, “Bakı Uşaq Teatrı”nın repertuarına uyğundur.
Akademik Milli Dram Teatrı hər zaman Azərbaycan milli teatrının zirvəsi olub. Burada dünya çapında bəşəri mövzularda əsərlərə önəm verilibdir. Bu gün milli teatrımızın reanimzasiyada olmasının səbəbləri haqqına 2016-cı ildən bu yana azından 60 yazı yazmışıq. Bu qocaman sənət məbədinin keçmiş rəhbərliyini buna görə tənqid edirdik. Teatr estetikasına yabançı olan “yuğlama” düşüncəsini Akademik Milli Dram Teatrına pərçimləməyin sənətə xəyanət olduğunu isbat etdiyimiz üçün, indi həmin düzən yoxa çıxıb. Sən demə, Akademik Milli Dram Teatrı “yağışdan çıxıb, yağmura düşüb”. Bu dəfə teatrın yeni rəhbəri statusunu daşıyan Azərpaşa Nemətov 145 yaşlı sənət məbədini “uşaq baxçası”na çevirməkdədir. Teatrın repertuarı bunu isbat edən faktorlardan biridir.
Bəlkə “Azərpaşa Nemətov adına Akademik Uşaq Teatrı”nı yaratmaq istəyir? Dünyada analoqu olmayan akademik statuslu bir teatr.
Akademik Milli Dram Teatrında 2018-2091-cu il repertuarında yeni tamaşalar başqa rejissorların quruluşunda oynanılmayacaq. Çünki, 72 yaşlı baş rejissor və bədii rəhbər Azərpaşa Nemətov yorğundur. Teatr Xadimləri İttifaqının, “Aqktyorlar Evi”nin və Milli Dram Teatrının rəhbəri, digər qurumların fəxri üzvü kimi hər yerə özünü çatdıra bilmir. Hələ rəsmi səlahiyyətli şəxs olaraq dövlət tədbirlərinin ərkanında yer almaqla çoxsaylı tədbirləri sadalamırıq.
Teatr Xadimləri İttifaqı, “Aktyorlar Evi” sükunət bataqlığına necə bülənd olubdursa,   Akademik Milli Dram Teatrını bu aqibət gözləyir. Mədəniyyət nazirliyinin bütün bunlara göz yumması isə, teatr mühitimizin ən böyük bəlası deməkdir. Çağdaş dünya teatrı ilə bağlı onun inkişaf yollarını bilməyənlərin teatrlarımıza rəhbərlik etməsi milli teatr siyasətimizə qarşı saplanmış xəyanətə bərabərdir. Azından bu il noyabr ayında Bakıda Yarat Müasir İncəsənət Mərkəzinin təşəbbüsü ilə keçirilən “M.A.P. Beynəlxalq Teatr Festivalı” sübut etdi ki, Azərbaycanda teatr siyasəti və teatr mühitinin durumu necədir. Onu da qeyd etmək gərəkdir ki, ölkəmizdə teatr siyasətini peşəkar səviyyədə bilən çoxlu rejissor, aktyor, dramturq və teatr tənqidçiləri var. Azərpaşa Nemətov kimi bürokratların onların qarşısını inzibati amirlik metodu ilə almasına son qoyularsa, milli teatrımızın şanlı ənənələrinə bərpa etmək o qədər də çətin olmayacaq. Biz bu problemlərin başında duran bir məmurun fəaliyyətinə azacıq işıq saldıq. Gerisi mədəniyyət nazirliyinin atacağı addımlara bağlıdır.

Ənvər BÖRÜSOY, sənətşünas
Xudaferin.eu

                          

15:21