Güney Azərbaycanda milli fəallar təhdid altında

İran molla rejimi ən adi insan haqlarını pozmaqda davam edir

1978-ci il inqilabından 40 il ötsə də, molla rejimi hələ də ölkəni hərbi xunta qanunları ilə  idarə edir. Bunun ən bəsit dəlili Tehran “İnqilab Məhkəmələri”nin fəaliyyətidir. Hüquqi əsaslardan daha çox, inqilabi şəraitin tələb etdiyi yarıhərbi idarəetmə sistemi bu gün də davam edir. Hərbi qanunlarla idarə olunan “Ettellat”ın (İran İslam İnqilabı Keşikçiləri Ordusu) çıxardığı qərarlar əsasında “İnqilab Məhkəmə”ləri istənilən vətəndaşla bağlı hökm verərək onları cəzaevlərinə salır. Bu iki önəmli faktın özü təsdiq edir ki, İran molla rejimi vətəndaş cəmiyyəti, hüquqa bağlı dövlət deyil. Diktatura, hərbi xunta qanunları aparıcı ünsürə malikdir.

Güney Azərbaycanın çağdaş problemləri

1925-ci ildə Qacarlar Dövləti Orta Şərqdə imperializm siyasəti yürüdən iri dövlətlər  tərəfindən devrilərək güclü maliyyə və hərbi dəstəyi ilə Rza Pəhləvi hakimiyyətə gətirildi. Beləliklə 1978-ci ilin fevral ayına kimi “pəhləvilər xanədanlığı” adlı idarəetmə sistemi yaradıldı. İlk dəfə olaraq, İranda dövlətin təməl prinsipləri bütün toplumları assimliasiya etməklə “irani milləti” adlı yeni millət anlayışının formalaşdırılmasına çalışıldı. Rza və Məhəmmədra  Pəhləvinin 53 illik hakimiyyətləri dönəmində “iranilik” və “panfarsizm” ideoloji konseptlər uğursuzluqla sonuclandı. 1978-ci ildən indiyə kimi iqtidarda olan molla rejimi də həmin siyasətləri yürütməkdə davam edir. Təbii olaraq, “paniranizm” və “panfarsizm” kimi antibəşəri ideologiyalar iflasa uğramaqdadır. Buna görə də Tehran rejimi Güney Azərbaycanla bağlı pəhləvilərin hakimiyyəti dönəmində olduğu kimi, sosial-iqtisadi və ictimai-mədəni həyat şəraitini dözülməz həddə çatdırmaqla ənənəvi metoda üz tutub. Güney Azərbaycanın hər bir bölgəsində fərqli problemlər yaratmaqla sanki iz azdırmaq taktikası ilə hərəkət edilir. Bunun bir neçə örnəyini sadalayaq:
1. Ərdəbil vilayətində kənd təsərrüfatının inkişafını əngəlləməklə əhalinin kütləvi şəkildə İsfəhan, Gilan və Mazədaran vilayətlərinə köçməyə məcbur etmək,
2. Urmu vilayətində “Urmu Gölü”nün qurudulması nəticəsində ormanların, əkinə yararlı olan iri torpaq sahələrinin və meyvə bağlarının tamamilə şoranlaşmasına səbəb olan ekoloji fəlakətin davam etməsi, bu vilayətdə Türkiyə, Suriya və İraqdan köçüb gələn kürdlərin məskunlaşdırılması,
3. Zəngan vilayətində (yalnış olaraq Zəncan deyirik) yerli istehsal müəssisələrinin son illərdə süni şəkildə iflasa uğradılması,
4. Həmədan vilayətində sənaye müəssisələrinin, turizm məkanlarının iflasa uğradılması, 
5. Qəzvin vilayətinin Qızılüzən və Şahrud çaylarında, eləcə də Elbrus dağlarının əkinə yararlı sahələrində süni şəkildə yaradılmış ekoloji fəlakətin illərdir davam etdirilməsi,
6. Savə vilayətində yerli sənaye və iqtisadiyyatın inkişafının əngəllənməsi üçün bölgəyə yatırımların yasaq edilməsi,
7. Başkənd Təbrizdə iri sənaye müəssisələrinin çökdürülməsi və 3 milyonluq əhalisi olan şəhərin xırda ticarət səviyyəsinə endirilməsi kimi dərin siyasətlər yürüdülməsi Güney Azərbaycanın acı gerçəklikləridir. 
Bütün bunlar azmış kimi, Güney Azərbaycanda türk əhalisinin sosial, mədəni, təhsil və digər hüquqlarının inkarı və mümkün qədər məhdudlaşdırılması siyasətinin yürüdülməsi ən böyük sorunlar olaraq davam etməkdədir. Tehran rejimi bununla kifayətlənməyərək “pəhləvilər” dönəmində olduğu kimi Güney Azərbaycana məxsus tarixi ərazilərin digər xalqlara aid vilayətlərlə birləşdirilməsi siyasətinin davam etdirilməsidir. Urmu vilayətinin bir çox iri torpaq sahələrinin Kürdüstana, Ərdəbil vilayətinin Gilan vilayətinə, Zəngan vilayətinin Tehran və İsfəhan vilayətlərinə, Savə vilayətinin Tehran vilayətinə, Qəzvin vilayətinin Tehran vilayətinə, Həmədan vilayətinin Qum və Tehran vilayətlərinə birləşdirilməsinin hədəfləri göz önündədir. 

İnsan haqlarına və mədəni hüquqlara qarşı səlib yürüşü

Güney Azərbaycanla bağlı ölkə daxilində və eləcə də xaricdə son illərdə çoxsaylı ictimai qurumlar yaradılsa da, onlar hələ ki, tələb olunan səviyyədə effekti əldə edə bilmirlər. Bunun əsas səbəblərindən biri də xalqımızın beynəlxalq təşkilatlarla, BMT səviyyəsində coğrafi, ekoloji, mədəni və sosial-ictimai hüquqlarının müdafiəsini təmin etmək üçün zəruri işləri görməkdə daim problemlərlə üz-üzə qalmışlar. Bunun əsas səbəblərindən biri də, BMT Təhlükəsizlik Şurasında təmsil olunan, İran molla rejiminin lobbiçiliyini edən Çin və Rusiyanın tutduğu mövqeləri olmuşdur. Bununla yanaşı, Avropa dövlətlərində son illərdə Güney Azərbaycanla bağlı yaradılmış ictimai qurumların pərakəndə şəklində fəaliyyət göstərmləridir. Hər hansı bir koordinasiya təşəbbüslərinin irəli sürülüməməsidir. 
Güney Azərbaycanda isə adlarını milli fəallar qoymuş bir sıra insanlar isə, milli hərəkatın əsas “lideri” olmaq xəstələyinə düçar olması acınacaqlı durumun səbəblərindən biridir.  Başqa bir yöndən Güney Azərbaycanda XXI yüzilin standartlarına cavab verə biləcək vətəndaş cəmiyyəti qurumlarının olmamasıdır. Mövcud qurumlar da Tehran rejiminə tabedirlər. Ana dilində təsisatların konstitusiya ilə təsbit edilməsi üçün hüquqi baxımdan mübarizənin yoxluğu mövcud problemlərin həllində istənilən uğurlu nəticəni vermir. Bütün bunları diqqətlə təqib edən molla rejimi Güney Azərbaycan adına istənilən vətəndaşın gündəmə gətirdiyi mövzunun üzərinə fitnəkarlıqla çamur ataraq tutuqlama siyasətini asanlıqla yürüdə bilir. Adi bir örnəklə bunu isbat etmək o qədər də çətin deyil. İran konstitusiyasının 15-ci maddəsinə görə hər bir xalq öz ana dilində təhsil almaq və  mədəni təsisatlarını yaratmaq hüququna malikdir. Sözdə özünü islahatçı kimi təqdim edən prezident Həsən Ruhani 2016-cı ildə “milli azlıqlar könüllülük əsasında ana dilində kurslar təşkil edə bilər” sərəncamını imzalayıb. Bu təhqiramiz sərəncamı şouya çevirən bilgisiz çevrələr Tehran rejiminin gizli hədəflərinin nə demək olduğunu bu gün də anlaya bilmirlər. 
a) “Könüllü təhsil” dövlət büdcəsi hesabına deyil, vətəndaşların öz ciblərindən para ödəməsi sayəsində təşkil olunur. 
b) 82 milyon əhalisi olan İran dövlətinin 30 milyonluq Güney Azərbaycan Türkünü “milli azlıq” adlandırmağımızn özü bizlərin nə qədər aşağılandığımızı isbat edir. 
c) Milli-mədəni təsisatlarımız adına yaradılan teatrlar, orkestrlər, musiqi və təhsil, muzeylər, dərnəklər, sərgi salonları, emalatxanalar ancaq xalqın cibinin hesabına yaradılır. 
Halbuki, Kürdüstan, Gilan, Loristan, Xuzistan, Bəlucstan vilayətlərində yaşayan kürd, gilək, lor, ərəb, bəluc, mazəndaranlı, aysor, gürcü-fereydon, tat xalqlarının mədəni təsisatları dövlət büdcəsi sayəsində dəstəyə malikdir. Tehran və İsfəhan şəhərlərində yaşayan və 150 min nəfərlik erməni əhalisi üçün 40 ildir 27 orta məktəb, gündəlik erməni dilində dərc olunan “Alik” qəzeti, kilsələr və digər təsisatlar dövlət büdcəsi ilə idarə olunur. Bu haqsızlıqları görən Güney Azərbaycanın milli fəalları, özəlliklə də gənclik hərəkatı etirazlarını bildirən kimi, onları “pəhləvilər rejimi”ndən miras qalmış “pantürkizm”, “panturanizm”, “xarici dövlətlərə cəsusluq etmək” ibarələrilə “Ettellat”ın dəstəyi və “İnqilab Məhkəməsi”nin qərarları ilə həbsxanalara atırlar. Güney Azərbaycan milli fəallarına qarşı total hücumların başlıca məqsədi prosesin bölgədə kütləvi xarakterə çevrilməsinin qarşısını alınması deməkdir. Dünyanın heç bir dövlətində rast gəlinməyən bir dilemma Tehran rejimi tərəfindən sərgilənir. Bu, bir millətin varlığını inkar etmək, öz  tarixi ərazisində süni şəkildə ekoloji fəlakətlər yaratmaq, iqtisadi-sosial böhranları idarə olunan düzənə çevirməkdən ibarətdir. Güney Azərbaycanda insan haqları və mədəni təsisatların qarşısının alınması məhz buna görədir. 

Koordinasiya milli təşkilatnma sorunun tək çözüm yoludur     

Çağdaş gəlişmiş toplumların gücü vətəndaş cəmiyyəti quruluşlarının həmrəyliyindən keçir. Buna görə də sosioloqlar dərin elmi əsasları ortaya qoyaraq, istənilən toplumun cəmiyyətdə təsir vasitələrini yarada bilirlər. Güney Azərbaycanın bütün vilayətlərində 
1) İnsan haqları qrupları, 
2) Ana dilində fəaliyyət göstərən internet-media quruluşları, 
3) Aşıqlar, yazıçılar, musiqiçilər, rəssamlar, memarlar, xalq sənətkarları,
4) Sənayeçilər və işadamları,
5) Hüquqşunaslar və vəkillər,
6) Təhsil, səhiyyə, mətbuat və ekologiya işçiləri, fermerlər, mühəndislər mənsub olduqları sahələr üzrə ictimai qurumlarını yaratmalıdırlar ki, mövcud problemləri bir mütəxəssis kimi anındaca işıqlandıra və onların həlli yollarını gündəmə gətirə bilsinlər. 
Beləliklə xalqın ictimai nəzarət sistemi formalaşır və şəbəkələşir. Buna örnək: 3 milyon əhalisi olan Təbrizin illik büdcəsi ilə 300 minlik Şirazın büdcəsi arasında 7 dəfə fərq var. Yəni, Tehran rejimi farslara məxsus bölgələrin inkişafına 7 dəfə artıq vəsait ayırır. Halbuki, Güney Azərbaycanın illik vergi ödəmələrindən əldə olunan gəlirlərin sayəsində farslara, giləklərə, kürdlərə, lorlara, mazəndaranlılara məxsus regionlar sürətlə inkişaf edir. Əgər vergi ödəyiciləri yaşadıqları bölgənin iqtisadi, sosial və ictimai yaşam tərzinin inkişafı üçün bir araya gəlməsələr, Tehran rejimi tərəfindən 40 ildir idarə olunan siyasət də davam edəcək.    
İstənilən cəmiyyətin sosiallaşması XXI yüzilin fəlsəfədə deyildiyi kimi sinergetik şəkildə inkişaf doktrinasıdır. Adicə “Çəkməçilər Birliyi”nin yaradılması, ölkə boyunca çalışan bütün çəkməçilərin hüquqlarının tanınması və qorunması deməkdir. Bu həm də yerli istehsalın inkişafına konkret bir sahənin adamlarının xalqla birlikdə dəstəyinin verilməsi mənasını daşıyır. Bütün peşə sahələrinin vətəndaş cəmiyyətlərinə çevrilməsi istənilən bölgənin problemlərinin həlli yolunda ümumxalq iştirakın təminatı ilə ölçülür. Avropanın sürətli inkişaf yolu məhz son yüz ildə bu prinsiplər əsasında formalaşıbdır. Urmu Gölü ilə bağlı Güney Azərbaycanda milyonlarla insanlar həyəcan təbili çalaraq ekoloji fəlakəti ictimailəşdirdiyinə və dünyanın diqqət mərkəzində saxlaya bildiyinə görə, bu problemin çözülməsi yönündə Tehran rejimi məcburi addımlar atdı. Urmu, Sulduz, Qoşaçay, Makı, Sayınqala, Tikab, Dol, Bəykişi, Nazlı, Ənzəl (Qaradağ), Üşnəviyyə, Baranduz, Vərdəsur, Sumay, Tərkəvər, Rövzə mahallarının “kürdləşdirilmə”si planları ona görə pozuldu ki, yerli əhali, yəni Güney Azərbaycan Türkləri birlikdə mücadilə apararaq bu hədəflərin qarşısını ala bildilər. 
Tehran rejimi məkrli planlarından əl çəkməyərək, milli fəallara qarşı mübarizəni demək olar ki, son aylarda gücləndirib. Ulduz Qasımi, Əmin Zendadel (Urmu), Röya Səğiri, Əlirza Moinian (Təbriz), Cavad Əhmədi Yekanlı (Xoy), Həkimə Əhmədi (Marağa) və s. yüzlərlə milli fəalların tutuqlanması, onların azad olması üçün yüzminlərlə dollar vəsait tələb edən “təliqə” (cərimə) ödəmələrinə məcbur edilməsi molla rejiminin iqtisadi siyasət düsturuna çevrilib. Azərbaycan Respublikasının Ermənistan tərəfindən ərazilərinin işğalına son qoyulması və Qarabağın azadlığı üçün etiraz səslərini ucaldan İbrahim Nuri, Əkbər Abulzadə, Həmid Allahverdipur, Süleyman Kazimi, Mürtəza Şükri və İsrafil Fətullazadənin tutuqlanması isə adını “islam” dövləti elan etmiş molla rejiminin dolayısı ilə niyyətlərinin fərqli olduğunu isbat edən faktlardan biridir. 
   
Ənvər BÖRÜSOY
Xudaferin.eu

22:14