Mədəniyyət nazirliyinin yalnış “rotasiya” siyasəti

26 il Mədəniyyət nazirinin müavini olmuş, bu müddət ərzində naşıcasına yalnış teatr və kino siyasətini yürüdən Ədalət Vəliyevin antikültür siyasəti min dəfələrlə təəssüflər olsun ki, bu gün nazirlik tərəfindən davam etdirilir. Üzdə “teatr islahatları” görüntüsünü ortaya atmaqla bürokratcasına inzibati idarəetmə siyasətini yürütmüş, demokratik düzənə açıq-aşkar tüpürən “direktor teatrı” metodu qorunub saxlanılmaqdadır. Beləliklə son iki ayda teatr cameəsində közərən bütün ümidlərin gömülməsi üçün hazırlıqlar görülməkdədir.

“Menecer-texnokrat” anlayışını nazirlikdə dərk edən yoxdur

Rotasiya siyasəti o halda baş verir ki, demokratik qaydalarla bir məmur hansısa idarədə iki-üç il işlədikdən sonra, digər strukturla iş yeri dəyişdirilir. Bu zaman onun iş əmsalı və keyfiyyət göstəricilərinə diqqət yetirilir. Əgər ən yüksək səviyyədə, peşəkarcasına və yaradıcılıqla özünü göstərə bilibsə, o zaman daha yuxarı vəzifələrə irəli çəkilir. Ya da, elə həmin statusla digər məkanda fəaliyyətini davam etdirməli olur. Onun öncəki iş yerində qüsurlu xidməti olubsa, ya tamamilə bu sahədən uzaqlaşdırılır, ya da aşağı dərəcəli işlə təmin edilir. Mədəniyyət nazirliyi bütün bunları görməzlikdən gələrək kadr islahatı adı altında çox uğursuz addımlar atır. Gənc Tamaşaçılar Teatrında uzun müddət direktor kimi özünü isbat edə bilməyən Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin edilib. O, bir aktyor, nə də direktor kimi özünü teatr sahəsində yaradıcı şəxs olaraq isbat edə bilməyib. Teatr haqqında azacıq zövqü olmaq, məmur kimi özünü sübut etmək heç də bu sahənin peşəkarı olmaq demək deyil. Keçmiş nazir müavini Ədalət Vəliyevin “direktor teatrı” kimi əndrabadi ideyası fərqli formada gündəmə gətirilir. Azərbaycanda həbsxana və polis rəisləri, icra başçıları adlı bir zümrə formalaşıb. Hər hansı bir vəzifədə çalışıb və səlahiyyət müddətləri bitdikdən sonra, təkrar başqa bir yerdə elə həmin görəvi daşımağa davam edirlər. Onların əvvəlki  iş yerində hansı uğurları əldə etdikləri cəmiyyətin gözü qarşısındadır. Teatrlara bu siyasəti tətbiq etmək isə tamamilə yalnış addımdır. REJİSSOR TEATRI anlayışı nə bu günün, nə də sabahın doktrinası deyil. Bu anlayış bütün zamanlar üçündür. Əgər bunu   mədəniyyət nazirliyində çalışanlar bilmirlərsə, nədən həmin vəzifələri daşıyırlar? Nə üçün inzibati amirlik metodu ilə və uydurma “direktor teatrı” adı altında əsil sənətin yaranmasına mane olurlar? Əgər ölkədə teatrlara ehtiyac yoxdursa, bütün teatrların qapadılması daha məntiqli olardı. Çünki, direktor teatrı anlayışı rejissorların, aktyorların və dramaturqların birgə yaradıcılıq işinin iflic edilməsi deməkdir.  

“Direktor teatrı”nın fəsadı üçün bir örnək

“İrəvan Dövlət Azərbaycan Dram Teatrı”nın aparıcı aktrisalarından biri, uzun illər Dövlət İncəsənət və Mədəniyyət Universitetində səhnə danışığı və aktyor sənətindən dərs demiş, elə bu sənət sahəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi işini müdafiə etmiş Zülfiyyə Eldarqızının bu günlərdə teatrın direktoru və baş inzibatçısı, Zülfiyyə xanımdan sənət baxımından çox-çox geri qalan İftixar Piriyevin kəraməti nəticəsində “kollektivin rəyi” ilə işdən uzaqlaşdırılıbdır. Belə bir addımı İftixar Piriyev “pirr siyasəti” statusu ilə ötən il teatrın digər aparıcı aktyorlarından Əjdər Zeynalov və Elçin Hacıya da tətbiq etmişdi. İftixar Piriyev düz 18 ildir keçmiş nazir müavini Ədalət Vəliyevin xüsusi himayəsində olmaqla bu görəvi daşıyır. Ötən illər ərzində Azərbaycan teatrı və kinosunda, milli seriallarında uğurlarlar qazanmış istedadlı sənət adamlarından xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamella Abdullayeva, əməkdar artistlər Azər Axşam, Dilarə Əliyeva, Tünzalə Əliyeva, tanınmış aktyorlardan Midhət Aydın, Rəşad Səfərov, Mehman Dilqəmoğlu, Rada Nəsibova, Anar Babalı, Ramil Məmmədov, Könül Əbilova, Zəka Ziya və Günel İmanova heç bir əsas olmadan bu qədim sənət ocağından uzaqlaşdırılıblar. Bütün bunları uzun müddət nazir müavini kimi Ədalət Vəliyev heç nə olmamış kimi seyr edib. Halbuki, həmin sənətkarlar digər teatrlarda, eləcə də kino və milli teleseriallarda böyük uğurlar qazanıblar. “Direktor teatrı”nın fəsadının elə əsil acı nəticəsi budur. “İrəvan Teatrı” Azərbaycanın milli strateji hədəflərindən biridir. Bu teatrı hansısa uğursuz aktyorun hikkəsinə tabe etdirmək ancaq Ədalət Vəliyev kimi yararsız bir məmurun ağlına gələ bilərdi. 

“Teatr insanlara ağıllı olmağı öyrədir”

Görkəmli Belorus teatr tənqidçisi Pavel Rudnevin bu deyiminə haqq qazandırmaq lazımdır. Çünki, teatr sənəti bütün zamanlarda məhz bu missiyanı daşıyıb. Bu anlamı isə teatrda fəlsəfi-estetik mənada yaradan rejissordur. Buna “REJİSSOR TEATRI” gözü ilə baxdıqda düzgün qiyməti vermək olar. Yaradıcılıq potensialı sənətin və cəmiyyətin tandeminə çevriləndə əldə olunan uğurlar sadəcə rejissorun, dramaturqun və aktyorun deyil, hamının ədalətli şəkildə payına düşən mədəniyyət qazanır. İndiki teatr sənəti həm də psixoanalitik mahiyyət daşıyır. İnformasiya texnologiyalarının innovativ şəkildə yayğın olduğu bir dönəmi yaşayırıq. Ona görə də cəmiyyətin möhtac olduğu yer teatrdır. Uğrulu tamaşaların sayəsində yaradıcılıq düşüncələrin və ideyaların diktatoru rolunda çıxış etmək missiyasını kənara qoyur. Başqa təlqinlərin təşkilatçısı olmaq kimi ideyadan tamamilə uzaqlaşır. Hər şey tamaşaçının refleks mexanizmi və daxili analitik duyarlığına təslim eidlir. “Kollektiv totalitarizm” düşüncəsi demək olar ki, arxa planda qalıbdır. İndi ona keçmişin gerizəkalı anlayışı kimi baxılır.
Çağdaş alman teatr nəzəriyyəçisi Hans Thies Lemann “Postdramatik teatr” əsərində çox haqlı olaraq qeyd edir ki: “Teatr insan təbiətinin sonsuz dəyişimlərini göstərir. Birtərəfli deyil, həm də çoxyönlü psixoloji özəlliklərinin aynasına işıq salır. Bu labirintdən keçən psixoloji və şüuraltı qatların estetik yönlərinin poetikasının simvollarını yaradır. Bunca başqa bir sənət aləmi canlı şəkildə insanlarla dialoq yarada bilmir. Ona görə də rejissor teatrı istənilən sənət ocağının simvoluna çevrilə bilir”.
Həyat fəlsəfəsinin sınırlanmış məhdudiyyətlərini psixoloji anlamda adlamağı öyrənməyin tək yolu canlı teatr sənətidir. Beləliklə də “sosifobiya” zamanın standartlarının böhranını adlaya bilir. Rejissor Teatrı məhz bu mənada fenomen bir anlayışdır. Çünki, autizm kimi sosial qavrayışların sintezini öz düşüncə fəlsəfəsi ilə sənətə çevirə bilir. Rejisor teatrı dedikdə, filosofların cəmiyyətə çatdıra bilmədiklərini şüuraltı estetik qavrayışla təqdim olunmasıdır. Bu mexanizmin identifikasiyası aktyor-rol və aktyor-tamaşaçı müstəvisi üzərində yaranır. Ona görə də teatr tamaşaçının özü qədər necə dəqiq düşündüyünü ortaya qoya bilir. Teatr monoməntiq üzərində köklənə bilməz. O, hər zaman konfliktlərin baxışlarını ehtiva edən düsturlara üz tutur. Ona görə də teatrda çoxsəslilik mövcuddur. Teatrın belə bir texnologiyası insanlara daha ağıllı olmağı öyrədə bilir. Başqasından necə ağıllı olmağı öyrənmək və baxışlarına dəyər vermək kimi təlqinlərdən dərs almaq deməkdir. Rejissor teatrının gücü budur.

Teatrda inzibati amirlik və yaradıcılıq metodu bir araya sığmaz

Mədəniyyət nazirliyinin teatrlarla bağlı aparmaq istədiyi kadr islahatı siyasəti sadəcə direktorların yalnış olaraq yerdəyişmələri ilə müşahidə olunur. Keçmiş nazir müavini Ədalət Vəliyevin teatrlara vurduğu sarsıdıcı yaraları sağaltmaq üçün öncə rejissorların statuslarının özünə qaytarılması yönündə addımlar atılmalıdır. Faktiki olaraq, belə bir  yaramaz teatr siyasəti bu günə kimi nə mədəniyyət nazirliyi, nə də “Teatr Xadimləri İttifaqı” və onun sədri Azərpaşa Nemətov tərəfindən tənqid edilməyib. Ona görə də bütün teatrlarda direktorlar istədikləri kimi at oynadıblar. Özü də kimlər?.. Aktyor kimi heç bir istedadı olmayanların bu vəzifəyə gətirilməsi sayəsində. Dəfələrlə bildirmişik ki, çağdaş teatr “Rejissor Teatrı” və menecer-texnokratiya düzəni ilə yaşadılır. Azərbaycan milli teatrı ancaq bu iki halda böyük uğurlar əldə edə bilər. Rejissorların, dramaturqların və aktyorların hüquqlarının tapdalanması, ciddi sənət əsələrrinin yaradılmaması kimi problemlərin əsil səbəbi “direktor teatrı” anlayışıdır. “Direktor teatrı” anlayışı inzibati amirlik metodu ilə idarə etmə deməkdir.

Fikrimizcə mədəniyyət nazirliyi teatrlarda işləyən və ya onlardan asılı olmayan səbəbdən işləməyən bütün rejissorları bir araya gətirərək ayrıca “Rejissor Şurası” yaratmalıdır. Onların teatrlardakı statusunu bərpa etməlidir. Belə olduğu təqdirdə, Azərbaycan Teatrının inkişaf doktrinasının hazırlanması metodologiyası tətbiq oluna bilər. Direktor teatrı anlayışı heç zaman bunun üçün çalışmayacaq. Onlar inzibati amirlik düşüncə qaydaları çərçivəsində hərəkət edəcəklər. “İrəvan Teatrı” ilə bağlı yaranmış hoqqaları dəfələrlə işıqlandırsaq da, yaranmış böhranın aradan qaldırılması yönündə təəssüflər olsun ki, nazirlik hər hansı bir ciddi ölçünü götürməyib. Digər teatrlarımızda da durum belədir. Ona görə də, Azərbaycan Milli Teatrı reanimasiya dövrünü yaşayır. Yeni dramaturqlar, rejissorlar və aktyorlar nəsli yetişmir. Unutmaq olmaz ki, çağdaş kültürün gəlişməsi düzəni klassik ənənlərə söykəmli şəkildə yeni nəslin çiyinlərində gələcəyə doğru gedə bilər. “Sosrealizm” teatrı anlayışı 1991-ci ildə tarixə gömüldü. İndiki tamaşaçı Lars fon Trierin, Cekson Pollokun, Mark Potkonun və digərlərinin teatr estetikasını daha çox dəyərləndirir və bu axarla sənət dəyər verir. Bu dilemmanın sədlərini aşmaq üçün ilk öncə teatrlarda rejissorların hüquqları bərpa edilməlidir. Çünki, interpreasiya teatrının yaşadığı böhranlar arxada qalıb. Sənətin plastikasının estetik yönlərinin dramaturji mətnlə uzlaşdırmağı çağdaş teatr ənənəsinə çevirən Anatoli Efrosun yaradıcılığı da bütün bunları təsdiq edib. Ona görə də Azərbaycan Milli Teatrı siyasətini yürüdənlər bunu dərk etmədikləri üçün, çıxış yolunu əndrabadi “direktor teatrı” anlayışını dəstəkləyirlər.
İnterpretasiya və postdramatik rejissorluğunun sosial-mədəni xarakterini dəyişməsi üçün bu sənətin inkişafına dəstək verilməlidir. Vizuallaşan və kommersiyaya çevrilən bəsit sənət teatrın siması ola bilməz. Teatrın lideri rejissor olduğunda əsil sənət də öz axarını tapır. Uğursuz aktyorların teatrlarda öncələr direktor statusuna gətirilməsi və indi onların ayrıca zümrəyə çevrilməsi Azərbaycan Milli Teatrının fəlakəti deməkdir. Ədalət Vəliyev adlı birisinin vaxtilə atdığı bir daşı indi min ağıllı bir araya gəlib çıxarmaq istəsə də, Mədəniyyət nazirliyi keçmişin səhvlərini təkrar edir, bu yalnış yolun davamçısı olduğunu sərgiləyir. Əfəndilər!!! Bu addımlarınız Milli Teatr siyasətimizi məhvə sürükləyir. Bunu bir daha xatırlatmağı özümüzə borc bilirik.

Ənvər Börüsoy, sənətşünas

14:18