Gürcüstan, steroitiplərin dəfn olunduğu məmləkət

2002-ci ildən Qafqazda, eləcə də MDB məkanında çağdaş dünyanın standartlarına uyğun yeni bir Gürcüstan dövləti oluşmaqdadır. Çoxlarının fikrincə bütün bunlar ABŞ və Avropa Birliyinin sayəsində başa gəlmişdir. Əslində Batının verdiyi dəstək ictimai, siyasi və sosial anlam daşısa da, gürcü xalqının aydınları və dini yönəticilərinin bu prosesdəki xidmətlərinə şükranlıq etmək gərəkdir. Onlar 1920-ci ildə “ellər atası”, dünyanın ən qatı cəllad “diktaror”u İosif Stalinin gürcü xalqını “oğrular aləmi” və “parazitcəsinə yaşamaq” adlı bir bəladan qurtardılar. Demokratiyanın təntənəsi gürcü xalqının bütün bəlalardan qurtulmasının açarı rolunu oynadı.

Bir tikə çörəyə möhtac xalqın azadlığı

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, Gürcüstan Çarlıq Rusiyası və Sovet Rusiyası tərəfindən formalaşdırılan “gürcü metropoliyası” siyasətinin üzərində “Abxaziya”, “Güney Osetiya”, “Erməni Cevaxk Bölgəsi”, “Minqreliya”, “Svanetiya”, “Borçalı” adlı sindromları hərəkətə gətirildi. Azərbaycan Respublikası qondarma “Dağlıq Qarabağ”, daxili siyasi savaşlar, keçmiş kommunistlərin hakimiyyət hərisliyi, İranın dini anlamda uzantıları ilə üz-üzə qalmasına baxmayaraq, Borçalı və onun çevrəsində yaşanılan kataklizmlərdə yer almadığı üçün, Gürcüstan bu sorundan yaxasını qurtara bildi. 70 il dotasiya ilə yaşayan gürcü xalqı bir yandan dövlət olmanın, digər yandan etnik bölücülük sindromu kimi sorunları çözə bilməmək acısını yaşamalı oldu. Ölkəni uzun illər ərzində idarə etmiş “qoca tülkü” ayamalı Eduard Şevardnadzenin hakimiyyətə gəlişi sadəcə “korrupsiya” ilə idarə olunan bölgə olmaqdan savayı heç nəyi bacarmırdı. Demək olar ki, gürcü xalqı bir tikə qarın çörəkdən savayı heç nəyi düşünmürdü. Ən gözəl gürcü qızları özgələrinin həyət-bacasında gündəlik 12-14 saat işləməklə ailələrinə yardımı tərcih etmişdilər. “Oğru aləmi”ni gürcü xalqının taleyi və bu ölkənin müqəddəs torpaq olması heç zaman ilgiləndirmədiyi üçün, fiziki cəhətdən ən sağlam soydaşlarını da bu aləmə cəlb etmək siyasətinin dərin uzantıları indi keçmişin acı mənzərəsindən biridir. Bu acıları görən, aylıq qazancı 20 dollar olan gürcü alimləri, ünlü professorlar, yazıçıları, din xadimləri, tanınmış musiqiçilər və onlara dəstək verən orta təbəqəli təhsilli insanlar bir araya gələrək “GÜRCÜSTANIN QURTULUŞU” doktrinasını irəli sürdülər. Bu, yeni nəsil və dinamik siyasət düsturu üzərində köklənən doktrina demək idi. Keçmişin sterotipləri  üzərində köklənmiş nələr var idisə, hamısını kürüyüb Kür çayına axıtdılar.

Milli Demokratların milli qurtuluşu

Dünyanın istənilən ölkəsində mövcud sorunların tək çözüm yolu dövlətin milli strateji hədəflərinin iç və dış bütünlüyü üzərində köklənməkdən keçir. Mixeil Saakaşvilinin və onun təmsil olunduğu yeni nəsil gürcü siyasətçilərinin irəli sürdüyü konseptlərin kökündə bunlar dayandı. Dövlət və millət olmanın dəyərləri keçmiş sterotiplərdən uzaqlaşmaqla bu proses inkişaf etdirildi. Artıq “mən oğru aləminin bir parçasıyam” deyə öyünən gürcü xalqı dövlətinə və dünyaya fərqli baxışlarla yanaşmağa başladı. Bütün bunlar çox qısa bir zamanda baş verdi. Cüzi dolanışıqla azad və rahat nəfəs almanın dadını bütün gürcü xalqı duydu. Bunun ardınca menecer-texnokrat Bidzina İvanişvili “Gürcü Diləyi” hərəkatı ilə qitidara gəldi. Onların amacı demokratik düşüncə sisteminin dadını görmüş gürcü xalqının “tənbəllik”dən yaxasını qurtarmaq, “dotasiyalı ölkə” statusunu aradan qaldırmaq idi. B. İvanişvilinin özü rəsmən milyader olduğu üçün, proses inkişaf etməyə başladı. Badri Patarkatsiaşvili, Tariel Vasadze, Temur Sepiaşvili, Kaxa Bendukidze, Abram Nanikaşvili, Mamuka Xazaradze, Temur Çkoniya, İlya Kokaya, David Jvaniya, Anzor Kikalişvili, David Bejuaşvili, Pantiko Tordiya, Giorgiy Ramişvili, Sandro Mejevidze, Maya Rçeulişvili, Temur Uqulava, Laura Qaçava, Levan Qaçelidze, Arçil Gegenava, Avtandil Corbenadze, Levan Pirveli, Kaxa Kaladze, Qoqi Liparteliani, Valeri Gelaşvili, Fridon İnciya, Qoqi Topadze, digər gürcü milyader və milyonçuları bu prosesə dəstək verməyə başladılar. Beləliklə demokratiya və gəlişən iqtisadi düzən eyni ortamda uzalaşmağa başladı.

Yeni tandemin başarıları

28 oktyabr 2018-ci il tarixdə Gürcüstan yeni prezidentini seçəcək. İndki prezident Gerogi Marqvelaşvili 2013-cü ildən üzü bu yana 5 illik iqtidar çağında ölkənin milli gəlirlərinin və iqtisadi-sosial həyat tərzinin gəlişməsi yönündə bir sıra uğurlara imza atıb. Demokratiya və iqtisadi azadlıqların tandemini menecer-texnokrat fəlsəfəsi üzərində kökləyə bildiyi üçün prezident ən uğurlu şəxslərdən biri sayılır. Onun özünün, ailəsinin və yaxınlarının heç birinin adı “oliqarxiya tramplin”ində, eləcə də digər iqtisadi - maliyyə işlərində təmsil olunmur. Fəlsəfə üzrə elmlər doktoru olan prezident elə bu günün özündə belə, siyasət, beynəlxalq münasibətlər, mədəniyyət və fəlsəfə mövzusunda məqalələrini yazmaqda davam edir. 2014-cü ildə Rusiya Federasiyası tərəfindən Ukraynanın Krım, Donetsk, Luqansk və Donbas vilayətlərinin işğalına qarşı sərt etirazlarını öz xalqının adından bildirən tək prezident Gerogi Marqvelaşvili olub.
David Bakradze (Avropa Gürcüstanı), Salome Zurabişvili (bağısız aday), David Usupaşvili (İnkişaf Hərəkatı), Qriqol Vaşadze (Milli Birlik Hərəkatı), Zurab Caparidze (Girçi Partiyası), Şalva Natelaşvili (Leyboristlər Partiyası) bu dəfə prezident seçilmək marafonuna çıxıblar. Gerogi Marqvelaşvili bildirib ki, bir dəfə prezident seçilib və xalqın etimadını qazandığı üçün özünü xoşbəxt hesab edir. Beləliklə o, gürcü cəmiyyətində etimadını doğrultmaqla yanaşı, həm də demokratiya örnəyini sərgiləyib. Demək olar ki, bu gün Gürcüstanda kimin prezident olması deyil, kim ölkəyə daha çox faydalı ola biləcək, hansı sosial-iqtisadi rifah siyasətini yürüdəcək deyə açıq şəkildə debatlar gedir. İndi sadəcə başkənd Tiflis deyil, Batum, Siqnaqi, Mtsxeta, Qudauri, Tsxaltubo, Kuboleti, Borjomi və başqa bölgələr də inkişaf etməkdədir. Heç bir zəngin resurslraır olmayan bu ölkənin illik mill gəliri artıq 15 milyard 230 milyon dollara çatıb. Sadə vətəndaşlar dövlət büdcəsi hesabına sığortalanıblar. Vətəndaş cəmiyyətini və hakimiyyəti uzlaşdıran bu addımlar yeni başarılara atılan imzalardır. Dövlət vergi siyasətini düzgün qurmaqla belə başarıları daha da dərinləşdirməyə çalışır. Nə işlə məşğul olmağın deyil, görülən işin əmsalına görə verginin ödənilməsi vacib şərtlərdən biridir.

Turizm və onun sənayesi milli gəlirin təməlidir

2017-ci ilin hesabatına görə, Gürcüstanda turizmin sayəsində illik milli gəlir 2 milyard 750 milyon dollar olub. Mütəxəssislərin hesablamalarına görə, 2018-ci ilin sonuna kimi bu sektordan milli gəlirin 3 milyard 500 milyon dollar olması proqnozlaşdırılıbdır. Çünki, turizm Azərbaycandakı kimi “kababxana” və “qadın alveri”, “korrupsiya”, “oliqarxiya” tipli qafa üzərində qurulmayıb. Ölkənin təbii özəllikləri, mənzərələri, dekorativ xalq tətbiqi sənəti, milli musiqisi (çağdaş-ənənəvi sənətin sintezi), özəl teatrları, etnofolk düzəni və sairlər turizm sənayesinin bir parçasına çevrilib. Avropa bazarlarında gürcü şərabının və mineral sularının keyfiyyəti artıq öndə gedən məhsullar kimi qarşılanır. Əhalinin aylıq gəliri 500 dollar (835 manat) təşkil edir. Bu rəqəm qazancı az olan təbəqələri əhatə edir.
Tiflis, Batum, Telavi və Kutaisi havalimanları uluslararası standartlar səviyyəsindədir. 
Həkimlərin orta aylıq maaşı 389, orta məktəb müəllimlərinin 234, tikinti fəhlələrinin 624 dollardır. Bu rəqəmlərin 2019-cu ildə orta hesabla 20 faiz civarında artması gözlənilir. Ölkənin inşaat sektorunun gəlişməsi üçün tonlarla sənədlər, icazələr və digər sənədlər tələb olunmur. Bunun üçün yerli bələdiyyə ilə anlaşmalar yetərlidir. Bütün tenderlər üçün dövlət tərəfindən yaradılmış saytlar bəs edir. Beləcə açıq hökumət siyasəti adi proses kimi qəbul edilir. Addım-addım iqtisadi yüksəliş sadəcə ölkənin ümumi mənzərəsində deyil, həm də insanların həyat tərzində özünü göstərməkdədir.

Gözəlim Borçalının sağalmaz dərdləri

Azərbaycan Türklərinin yaşadıqları Bolnisi, Qardabani, Marneuli, Dmanisi, Saqareco, Telavi, Kaspi, Tsalka və digər bölgələrdə həyat şəraiti dözülməzdir. Bunun əsil səbəbi bizim xalqın ölkədə yeni düzənə uyğunlaşa bilməməsidir. Digər yandan maarifçilik kimi böyük bir prosesin olmamasıdır. Ona görə də Türkiyə üzərindən “nurçuluq”, Səudiyyə Ərəbistanı üzərindən “sələfilik” və İran adlı ölkə üzərindən “şiəçilik” acı bağırsaq kimi bölgəni öz ağuşuna alıb. Borçalının indiki halı qismən Naxçıvanı xatırladır. Burada dindarların çoxu dini məsələlərdə İran adlı ölkəyə, yaşam tərzinə görə üzünü Türkiyəyə tutublar. Öncələr Rusiyaya iş dalınca gedənlər bu gün ailələrini dolandırmaq üçün məhz qardaş ölkə ilə əlaqələrə üstünlük verməyə başlayıblar. Borçalı vilayətinin mərkəzi kimi Marneuli daha çox İran adlı ölkənin hansısa bölgəsinə bənzəməyə başlayıb. Hər yerdə İran mollakratiya rejiminin ünsürlərinə rast gəlinir. Marneuli addım-addım mollaxanaya çevrilməkdədir. Din pərdəsinə bürünmüş bölgə sanki ortaçağın dibinə yuvarlanır.  Dini təriqətlər arasında kəskin şəkildə qarşıdurmalara hər addımda rast gəlinir. Qardabani rayonunun Soğanlıq (indiki adı Poniçala) kəndi bunun tipik örnəyidir.
Gürcüstan kökənli olub da, Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxstan, Rusiya və digər ölkələrdə yaşayan soydaş aydınlarımızın heç biri Borçalı ilə bağlı ciddi işlər görmürlər. Bu bir acı gerçəklikdir. Bakıda oturub Borçalının bu halına yanmış kimi özünü göstərən aydınlarımızın demək olar ki, mənsub olduqları bölgənin bu günü və gələcək taleyinin hansı yöndə gəlişəcəyini belə, proqnozlaşdıra bilmirlər. Borçalının aqrar bölgə olması ilə yanaşı, burada sənayeləşmə proseslərində yerli əhali, nə də gürcü cəmiyyəti ilgilənmir. Əslən bu bölgədən olan zəngin soydaşlarımız gürcü hökuməti ilə anlaşmalara gedərək Borçalının əsrarəngiz məkanlarında turizmin gəlişməsi, yeni sənaye infrastrukturlarının yaradılması və digər sahələrin inkişafı yönündə bir addım belə atmayıblar. Borçalının etnoqrafik baxımdan tarixi və mədəni muzeyi belə yoxdur. İntellektual səviyyədə milli -  mədəni təsisatlar sadəcə kağız üzərindədir. Vətəndaş cəmiyyətləri “qrant soyğunçuları” düşüncə tərzindən savayı uzağa gedə bilmirlər. Görülən işlər də həvəskarlıqdan uzağa getmir. Az-çox Tiflisdəki mədəni işlər üzümüzü ağardır. Bizim milli varlığımızı duydurur. Bəs nə etməli? Gürcü cəmiyyətinin bir parçası olan Borçalı bölgəsinin gəlişməsi hansı məcrada baş tuta bilər? Bu suallara gələn yazımızda işıq salacağıq.

Ənvər BÖRÜSOY,
Bakı-Tiflis-Sarvan-Bakı
Xudaferin.eu

 

12:15