Gürcüstanda 8 milyonluq turist axınının səbəbləri

 

2018-ci ili arxada qoyan Gürcüstan coğrafi məkan kimi dünyanın ən çox heyrət etdiyi bir məkana çevrilib. Ona görə ki, əhalisinin sayının 3 milyondan bir qədər çox olmasına baxmayaraq, bu ölkəyə dünyanın hər yerində xüsusi maraq ildən ilə artmaqdadır. Bu barədə dünyanın dörd bir yanında analitik araşdırmalar aparılır. Çeşidli yanaşmalar irəli sürülür. Təkcə bir şey qeyd olunmur: harada DEMOKRATİYA varsa, orada inkişaf təbii axarla bütün imkanların mənbəyidir.

“Qamarcoba Sakartvelo!!!”

Bu qardaş ölkəyə dünyanın istənilən yerindən gələn turist öncə “Qamarcoba Sakartvelo-Salam Gürcüstan” deyimini həvəslə öyrənir və bu sözü ömürlük yaddaşına həkk edir. Gürcüstan hökumətinin rəsmi açıqlamasına görə 2018-ci ildə bu ölkəyə 8 milyon 200 min nəfər turist gəlib. Beləliklə də ötən ildən fərqli olaraq turistlərin axını 11 faiz artıbdır. Rusiya Federasiyasından Gürcüstana gələn turistlərin sayı rekord həddə çataraq 1.5 milyon nəfər olub. Bu da ötən ildən fərqli olaraq rus turistlərinin sayının 24 faiz artması deməkdir. Gürcüstan hökumətinin açıqlamasına görə turizm sektoru hesabına ötən il ölkənin büdcəsinə 3 MİLYARD DOLLAR gəlir daxil olub. Qonşu ölkənin turizm və turizm sənayesi üzrə analitikləri isə 2019-cu il və növbəti turizm mövsümünün daha da irəli getməsi üçün təhlillər aparırlar. Həmin təhlillərdə özəlliklə bu konseptə üstünlük verilməkdədir:
1. Ölkəyə turistlərin axınının rəqəmlərini sabit saxlamaq,
2. Turist axınının miqdarını artırmaq,
3. Turizm və turizm sənayesinin inkişafının perspektivlərini gücləndirmək,
4. Ölkədaxili turizm məkanı coğrafiyasını genişləndirmək,
5. Turizmdən əldə olunan gəlirin həcminin artırılması yollarına nail olmaq.

Paytaxt Tiflisdən əlavə, Batumi, Qudauri, Bakuriani və digər bölgələrdə turizmin yeni infrastrukturlarının yaradılması barəsində dövlət proqramının həyata keçirilməsinə başlanılıb. Bəzən sual yaranır ki, bütün bu uğurlara Gürcüstan hökuməti necə nail oldu? Sualın cavabı çox sadədir. İlk öncə ölkədə demokratik qaydalara əməl olunmalı, turizmə Azərbaycandakı kimi “kababxana”, “eyş-işrət”, “turistin cibini soymaq” və sair təfəkkürə söykəmli neqativ hallar kimi yanaşılmamalıdır. Turizmdən əldə olunan gəlirin yarısı yerli infrastrukturların inkişafına yönəldilməlidir. Azərbaycanın rayonlarında isə birisi süni göl yaradaraq turistlərdən oraya yaxınlaşmaq üçün 1 manat, gölü yaxından seyr etmək üçün 2 manat, bu balaca göldə qayırla o baş-bu başa getmək üçün 20 manat, gölün yanında şəkildə çəkdirmək üçün 5 manat tələb edəndə təbii olaraq həmin məkana bir daha turist gəlməyəcək. Hələ çölün düzündə bir samovar çay içmək üçün 50 manat tələb edəndə ümumiyyətlə turist Azərbaycandakı soyğunçuluğa tüpürüb bir daha bu ölkəyə gəlməyəcəyini deyəndə, hansı turizmdən danışmaq olar? Gürcüstanda turizm sektoru demək olar ki, informasiya texnologiyalarının tam nəzarətindədir. Hər hansı bir neqativ olay dərhal KİV-lərin gündəminə gətirilir və bu məkan anındaca qınaq obyektinə çevrilir. Qonşu ölkədə turizm məkanları kiçik həcmli, orta və iri ölçülü məkanlara bölünüb. Yəni, istənilən turist öz maraqları çərçivəsində bu xidmətdən istifadə edə bilir. Hotelçilik isə yeni xidmət sektoru kimi xarakterizə olunur. Süni bahalaşmaya qarşı hökumətin kəskin reaksiyası mövcuddur. Bu barədə istənilən turist və ya vətəndaşın elektron hökumət sektoruna müraciəti bəs edir. Həmin müraciət dərhal yerindəcə sərt qanunlarla həllini tapır. Cərimə olunan turizm məkanının sahibi haqqında isə ölkə KİV-lərində işıqlandırılaraq qınağa çevrilir. Bunun üçün dünyanın işlək dilləri üzrə (ingilis, alman, türk, fransız, rus, ərəb, ispan, italyan) xidmət sektoru mövcuddur. Elektron xidmət isə bu şikayəti dərhal gürcü dilinə çevirə bilir. Ona görə də Gürcüstanda turistlər özlərini tam sərbəst sayırlar. Çünki, onların hüquqlarını qoruyan hökumət var.

Vergilər və əhalinin gəlir mənbəyi

Gürcü mütəxəssislərinin hesablamalarına görə, turizm və turizm sektorunda çalışan hər bir vətəndaşın orta aylıq gəliri min dollara çatıb. Keyfiyyətli qida, mənzərəli məkanlar, mədəni-kütləvi xidmət, hotellərin rahatlığı, gəzinti yerlərinin təmizliyi, suvenir  biznesinin özəlliyi, gəzinti yerlərinin rahatlığı, vətəndaşın təhlükəsizliyi, təhlükəsizlik orqanlarının  sərgilədiyi güvənlik qaydaları və digər sahələr insan üçündür.
Turizm və turizm sənayesinin inkişafı yönündə vergi qaydaları həm dövləti, həm də yerli işadamlarını tam qane edir. Ona görə ki, elektron qaydada idarəetmə sistemində rüşvət, gizli iqtisadiyyatın kələkləri və sair neqativ hallara yol verilmir. Hətta qumarxanalarda belə, qanunun aliliyi üstün şərtlərdən biridir. Bütün bunlarla yanaşı, turizm sadəcə adi bir mövsüm kimi deyil, həm də bayram tətillərinin təşkili, kollektiv, ailəlikcə, fərdi şəkildə bu qaydalara psixoloji baxımdan dəyər verilir. Çünki, həmin turizm məkanlarında insanlar sadəcə qarın doyurmaq üçün deyil, həm də mənəvi-psixoloji, şüuraltı dəyərlər baxımdan rahatlıq əldə etməklə məmnun qalırlar. Bunun sirri ətrarf mühitin təmiz olması, xidmət sektorunda mədəni davranışlarla yanaşı, həm də incəsənətin peşəkar səviyyədə bu sahəyə inteqrasiya olmasındadır. Tiflis, Kutaisi, Bakuriani, Zuqdudi, Rustavi, Batumi, Qori, hətta kiçik rayonların teatr truppaları, musiqi qrupları, mahnı və rəqs kollektivləri demək olar ki, peşəkar səviyyədə turizmin xidmətindədirlər.
Azərbaycandan fərqli olaraq, Gürcüstanda ölkə sərhəddini keçən hər bir vətəndaş turist kimi qələmə verilmir. Bu ölkədə turistlərin sayı hotellərin, motellərin və digər turizm məkanlarının həftəlik hesabatları sayəsində müəyyən olunur. Gürcüstana turistlərin bu qədər sayının artmasının digər səbəbi isə, hansı dövlətdə səfirliyi varsa, orada turizm atteşesi də mövcuddur. Attaşe isə həmin dövlətin dilində Gürcüstanla bağlı turizmin təbliğatını aparan informasiyalar, reklamlar, video süjetləri sərgiləyir. Bununla yanaşı hər bir hötelin qiymət tarifi, görməli və gəzməli məkanları, təhlükəsizliyin təminatını önə çəkir. Rusiya Federasiyası ilə diplomatik münasibətləri olmayan Gürcüstana turistlərin axını rəsmi Moskvanın heyrətinə səbəb olub. Kremlin sahibləri isə unudurlar ki, insanlar demokratik mühitdə can rahatlığı, daxili azadlığı görmək istəyirlər. Turizm sadəcə gəzib-dolaşmaq deyil. Turizm həm də insanların ruhunun təmizlənməsi deməkdir.          

Demək olar ki, Gürcüstanda bütün tarixi abidələr, kilsələr, arxeoloji məkanlar ən müasir standartlar səviyyəsində abadlaşdırılır. Adicə Siqnaxi və Telavi kimi əyalət rayonlarına səfər etmək, orada tarixi məkanları gəzib-dolaşmaq istənilən turistin mənəvi baxımdan rahatlıq deməkdir.  
Turizm sənayesi sektoru isə sürətlə inkişaf etməkdədir. Belə ki, geni dəyişdirilmiş qida məhsullarına rast gəlinmir. Bunun əsas səbəbi ölkə qanunlarında təsbit olunduğu kimi hansı mağazada, restoranda, kafedə və digər yerlərdə saxta məhsullara rast gəlindisə, dərhal həmin məkan qapadılır və həm də külli miqdarda cərimə olunur. Bu barədə isə dərhal KİV-lərdə informasiya yayılır. Ona görə də qida məhsullarının təhlükəsizliyi əsas şərtlərdən biri sayılır. Hər turizm məkanının yaxınlıqdakı kəndlərlə ərzaq məhsullarına görə tələb olunan müqavilələr imzalanır. Beləliklə də natural qida məhsulları turistləri daha çox cəlb edir. Tiflis, Batumi, Kazbeqi, Kutaisi, Borjomi və digər şəhərlərdə gürcü hökumətini ən çox rahatsız edən erməni taksi sürücüləridir. Ona görə ki, ermənilər taksi xidməti sektorunda üstünlük təşkil edirlər. Onlar qərib turistləri hər addımda aldatmaqda suçlanırlar. O da bəllidir ki, Gürcüstanın iri şəhərlərində ermənilərin çoxu gürcü etnik kimliyi adı altında yaşayırlar. Gürcüstanın hüquq-mühafizə orqanları elə buna görə bəzən çətinliklərlə üzləşirlər.
Turizm sektorunda çalışanların sayının sürətlə artması sadəcə burada pul qazanmaq kimi dəyərləndirilmir. Hər bir vətəndaş çalışdığı sahə üzrə ildə bir dəfə imtahan verməli olur. Burada həmin turizm məkanının özəlliklərini elmi şəkildə bilmək vacib şərtdir. Ona görə də, turizm və turizm sənayesi sürətlə inkişaf edir. Min dəfələrlə təəssüflər olsun ki, gözəlim Azərbaycanda bunlar yox kimidir.

Suvenirlər və mədəniyyət ölkəsi

İncəsənətin əsas növlərindən biri də dekorativ tətbiqi sənətdir. Gürcüstanda bu sahə demək olar ki, çiçəklənmə çağına qədəm qoyub. Qobelen, dulusçuluq, xalçaçılıq, tişə, toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, sümük, daş və s.), batika, mozaika, trafaret, heykəltaraşlıq, bonkey, anqob, bədii tətbiqi sənət sahələri üzrə çoxsaylı təhsil mərkəzlər mövcuddur. Burada yetişən insanlar təbii olaraq sənətkarlıq kurslarını bitirəndən sonra, bir yandan maddi ehtiyaclarını təmin edə bilir, digər yandan isə, gürcü mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bununla yanaşı, peşəkar teatrların nəzdində yaradılmış “Teatr Studiya”larının müstəsna xidməti vardır. Burada yetişən gənclər teatr sənətinin müxtəlif üslub və cərəyanları şərtləri daxilində tamaşalar hazırlayır və özəl sektorda normal yaşam tərzini nizamlaya bilirlər. Bu studiyaların əsas gəlir mənbəyi sadəcə gürcü tamaşaçısı deyil, həm də turistlərin maraqla baxdığı əsərlərin səviyyəsi ilə əldə olunur. Demək olar ki, bu studiyalar dövlətə külli miqdarda vergi ödəyirlər. Tiflis Azərbaycan Dövlət Teatrının bir qrup gənc aktyoru ayrıca teatr studiyası yaradaraq, Azərbaycan, türk, ingilis, alman, fransız və digər dillərdə tamaşalar hazırlamağa başlayıblar. Əsas məqsəd turizm məkanına görə istənilən dildə tamaşa oynamaqla yanaşı, həm də öz maddi imkanlarını təmin etməkdir.
Bakuriani, Tsxaltubo, Qudauri, Kobuleti, Mtsxeta, Svaneti, Siqnaxi, Ureki, Telavi, Qori, Kazbeqi, Borjomi, Uplistsixe, Kutaisi, Axalkələki, Şovi, Baxmaro, Kiketi, Kocori, Came və sair turizm məkanlarının hər birinin ayrılıqda özəlliyi vardır. Burada sadəcə turistlərin gəzib-dolaşması deyil, həm də onlar üçün mənəvi baxımdan mədəni xidmətlərin özəl yeri vardır. Yerli etnoqrafik musiqi, rəqs, mahnı və teatr kollektivlərinin peşəkar səviyyəsi turistləri ən çox məmnun edən faktorlardan biri hesab olunur. Azərbaycanda isə turtisti hər qarışda necə soydmaq fəlsəfəsi hökm sürdüyü üçün, mədəniyyət sektoru tamamilə arxa planda qalıb. Çünki, mədəniyyət nazirliyində mədəniyyətin estetik-fəlsəfi dəyərlərini bilən bir nəfər də olsun mütəxəssis yoxdur. Ona görə də Azərbaycanda mədəniyyət sektoru ildən ilə çökməkdədir. Milli mədəniyyətimizin tarixi və çağdaş dönəmin uzlaşdığı düzən yoxdur. Gürcüstanda isə bütün bunlara hər qarışda rast gəlinir.
Turizm və turizm sənayesinin inkişafı sayəsində Gürcüstan demək olar ki, addım-addım etnik bölücülük siyasətini yürüdən Abxaziya və Güney Osetiyanı fakt qarşısında qoyub. Bu iki bölgəyə hökumətin razılığı olmadan səfər edənlər Gürcüstana əsla buraxılmırlar.
Turizm və turizm sənayesi sektorunda inkişafın digər səbəbi isə, yerli bələdiyyələrin bu prosesdə yaxından iştirak etməsidir. Yerli bələdiyyələr turizm sektoru ilə anlaşmalarda hüquqi müstəvidə öz üzərinə düşən öhdəlikləri həyata keçirir. Beləliklə də həmin tiruzm məkanları yerli bələdiyyələrin hesabına vəsait köçürməkdə xəsislik etmirlər. Azərbaycanda bələdiyyələrin hüquqları olmadığı üçün, bələdiyyə üzvlərinin yerli şəraitə uyğun konsepsiya irəli sürmədikləri üçün heç bir inkişaf da yoxdur. Mədəniyyət nazirliyi isə mədəniyyət evlərini, klubları, kitabxanaları və kino-teatrları özəlləşdirmə bazarına çıxararaq “fontan” vurub. Mədəniyyət nazirliyimizin ölkənin inkişaf perspektivlərində heç bir xidməti olmadığı üçün bu sahəyə “BAZARKOM” təfəkkürü ilə yanaşılır. Azından qonşu Gürcüstanda, eləcə də Türkiyədəki mədəniyyət sektorunun inkişaf proqramına diqqət yetirilsəydi bu qədər hərc-mərclik də olmazdı.
Gürcütsandan ayrılarkən qatarla, uçaqla, gəmi ilə, taksi ilə, avtobusla ayrılan turistin yaddaşında “Qamarcoba Sakartvelo!!!” sözü ömürlük həkk olunur. Bir daha bu ölkəyə geri dönmək üçün. “Salam Azərbaycan!!!” kəlməsi o zaman dilimzdə işlək olacaq ki, bu gözəl məmləkəti soyğunçu deyil, yaradıcı təfəkkürlə idarə edə bilək.

Ənvər BÖRÜSOY,
Tiflis-Bakı 
         

14:22