Alanyada soydaşlarımızın uğurlu toplantısı

Türkiyənin Alanya şəhərində Rusiya Federasiyası, Avropa, Azərbaycan, Orta Asiya və Türkiyəni təmsil edən soydaşlarımız bir araya gələrək “Rusiya-Türkiyə münasibətlərində azərbaycanlıların rolu” mövzusunda konfrans keçirmişlər. Konfransa qatılan 20-yə yaxın nümayəndə fərqli baxışlardan fikir və mülahizələrini söylədilər. Sonucda qərara gəlindi ki, bu yöndə bir sıra vacib tədbirlər keçirilməli və ölkələrarası ictimai fikrin inkişafında  zəruri addımlar atılmalıdır.

Problemlərə stereotip yanaşmalar

Etiraf etmək gərəkdir ki, Türkiyədə toplumun sol görüşlü kəsimi heç nədən çəkinmədən dünyanın, eləcə də Rusiyanın ədəbiyyatını, mədəniyyətini və elmi inkişaf yönlərini daim tanıtmağa çalışmışdır. Sağ görüşlü çevrələr onları “kommunist” adlandıraraq özlərinin komprodor maraqları çərçivəsində siyasət yürütmüşlər. Əslində Türkiyədə sol görüş “kommunist” baxışı ilə deyil, ictimai və sosial ədalətə sahib çıxmaq, ölkədə sömürgəçi feodalizmin olmamasına qarşı mücadilə aparmışdır. Bu gün sol görşülü cəmiyyətin sayəsində Rusiyanın dünya ədəbiyyatına verdiyi dahilərin əsərləri çevrilərək milyonlarla oxucular tərəfindən sevirlir. Rus dramaturqlarının əsərləri əksər teatrların səhnəsində oynanılır. Təəssüflər olsun ki, Rusiyada türk ədəbiyyatı və mədəniyyəti yetərincə təbliğ olunmur. Çünki, keçmişin mirası olan ultra baxışlar çox zaman buna mane olur. Fransa, Almaniya, İngiltərə və ABŞ-da mövcud olan “dövlət milliyyətçiliyi” siyasətinə üz tutan Rusiya və ya Türkiyə bəzən yalnış addımlar atırlar. Ona görə də iki ölkə arasında daimi stabil ilişkilər artan xətlə inkişaf edə bilmir. Konfessional və milli zəmində yanaşıldıqda təbii ki, hər hansı bir uğura imza atmaq qeyri mümkündür. Belə ki, Türkiyədən Rusiyaya gələnlərin çoxu Gök Tanrı, xristian və buddist inanclı türk xalqlarının islamiyyəti qəbul etmələri kimi təbliğatları aparması heç də xoşagələn amil deyil. Rusiyadan Türkiyəyə gələrək kürd, erməni, laz, çərkəz, rum və başqa toplumların saxtakarcasına “özgürlük” davası aparmalarına dəstək verilməsi arzu olunan yanaşma sayılmamalıdır. Avrasiyanın bu iki nəhəng dövləti arasında beş yüz ildir yaşanılan gərginlik dalğavari şəkildə davam edir. Türkiyənin Balkan ölkələri ilə ilişkilərində də Rusiyanın təsiri dərindir. Bolqarıstan, Rumıniya, Makedoniya, Serbiya,  Sloveniya, Qaradağ (Çernoqriya), Xorvatiya, Bosniya və Hersoqovinanı Avropa Birliyi öz tərəfinə çəkməklə onları Türkiyə və Rusiyaya qarşı yönəltməsi, Balkanda kimin nüfuz sahib olacağı uğrunda Rusiya-Türkiyə qarşıdurması problemləri bu gün də yaşanılır. Ona görə də sorunlar onilliklərlə davam edir.
Etiraf etmək gərəkdir ki, Rusiya-Türkiyə münasibətlərinin qabaran xətlə davam etməsi prosesində ən çox zərər Azərbaycan dövlətinə və Rusiyada yaşayan soydaşlarımıza dəyir. Bunun əsas səbəblərindən biri də 1701-ci ildə təməli qoyulan rus-erməni ilişkiləri üzərində qurulan siyasətdir. Çarlıq Rusiyası dönəmində 216 il, Sovetlər Birliyinin 70 illik hegemoniyası zamanı ermənilər “rus velikoşovinizmi” pərdəsinin  arxasında gizlənərək daim “Slavyan-Türk Birliyi”nə qarşı çıxmışlar. “Soyuq Savaş” dönəmi arxada qalsa da,  ermənilər köhnə stereotip yanaşma konspetindən yararlanaraq Rusiya-Türkiyə arasında olan ilişkilərə kölgə salmağa çalışırlar. Bundan ən çox zərəri isə Rusiyada yaşayan 3.5 milyonluq soydaşlarımız, diaspor təşkilatlarımız görürlər. Alanya konfransında məhz irəli sürülən bu problemlərə aydınlıq gətirilməsinə çalışıldı. Mövcud problemin həlli yönündə bir sıra konseptual məsələlər irəli sürüldü.

Avrasiya məkanında Türk-Slav İttifaqının gerçəkləri

Etnogenez və biosfer nəzəriyyəsinin passionarlıq baxımdan təməl prinsiplərinə diqqətlə yanaşıldıqda istənilən problemlin həllini əldə etmək çox asandır. Bu baxımdan Rusiya-Türkiyə münasibətlərində azərbaycanlıların rolu müstəsnalıq təşkil edir. Belə ki, iki yüz il Rusiya-Azərbaycan ilişkilərinin təcrübəsi, Azərbaycanın Qafqaz, Orta Asiya, Türkiyə və Rusiya ilə uzlaşan coğrafi məkana malik olması Avrasiya üfüqündə Türk-Slav ilişkiləri üçün ən münbit şəraitin yaranması deməkdir.
Alanya konfransına qatılan nümayəndələr və Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları mövcud imkanların elmi-nəzəri əsasları səviyyəsində fəal şəkildə bu prosesdə iştirakı məsələlərinə aydınlıq gətirməyə çalışdılar. Soydaşlarımızın adına fəaliyyət göstərən bəzi diaspor təşkilatlarının rəhbərlərinin yalnış addımları tənqid olundu. Rusiya Federasiyasında ən böyük diaspor təşkilatımız olan “AzerRoss” (Rusiya Azərbaycanlıları) və “Ümum Rusiya Azərbaycan Konqresi”nın son illərdə ortaya atdığı addımlar müstəqil mütəxəssislər tərəfindən tənqid olundu. Xüsusilə “Azərbaycan Milli Mədəni Muxtariyyatı Moskva Regional Təşkilatı”nın sədri Ağadadaş Kərimovun milli dəyərlərimizə qarşı uzun illərdir apardığı siyasi kurs ifşa edildi.        
“Moskva Vilayəti Azərbaycanlıları Regional Milli Mədəni Muxtariyyatı” təşkilatının sədri Elşən İbrahimov bildirdi ki, təşkilatımız Moskva vilayətinin 67 rayonundan 30-da yerli strukturlarımız yaradılıbdır. Biz sadəcə milli diaspor təşkilatı kimi deyil, həm də Rusiya və Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə inkişafı üçün bir sıra layihələri həyata keçiririk. Ən doğru bildiyimiz xalq diplomatiyasının sayəsində iki xalqın arasında isti münasibətlərin inkişafı üçün çalışırıq. Moskva vilayətinin rayonlarında ötən illərdən fərqli olaraq, azərbaycanlılara olan münasibətlər xeyli dərəcədə dəyişibdir. Təşkilatımız inzibati amirlik metodu ilə deyil, kollegial səviyyədə fəaliyyət göstərir. Hər bir insanın fikrinə tolerantlıqla yanaşmaqla istənilən mövzunu müzakirə edə bilirik. Bununla yanaşı, bizim sıralarımızda sadəcə soydaşlarımız deyil, həm də digər xalqların nümayəndələri də özlərinə yer tutublar. Onların bizim səmimi münasibətimiz sayəsində  xalqımıza verdikləri dəyər uğurlarımızdan biridir. Rusiya-Türkiyə münasibətlərində mümkün qədər çalışırıq ki, yardımçı olaq. Moskvada “Türk filmləri həftəsi”, Türkiyədə çap olunmuş rus ədəbiyyatı kitab sərgisi, rus-türk qarışıq ailələri konfransı, Türkiyə-Rusiya tarixi əlaqələri elmi simpoziumu və digər tədbirləri həyata keçirməyi düşünürük. Bu gün Türkiyə-Rusiya münasibətlərində turizm, ticarət və iqtisadi əlaqələrin addım-addım inkişaf etməsi çox sevindirici haldır. Böyük türkoloq alim Lev Qumilyovun dediyi kimi: “Avrasiya məkanında slavyan-türk dualizmi dünyanın ən böyük coğrafi məkanında stabilliyin qarantiyasıdır”.
Moskvadakı “Marsel” İdman Klubunun rəhbəri Seyran Hüseynov isə bildirdi ki, idmanın müxtəlif növləri sayəsində vilayətin Dmitrov rayonunda biz azərbaycanlılara yerli əhali tərəfindən çox böyük ilgi vardır. Demək olar ki, idman Azərbaycan-Dağıstan, Rusiya və Türkiyə münasibətlərinə daha səmimi münasibətlərin inkişafında xüsusi yer tutur. Artıq əvvəllər mövcud olan və indi qüsurlu hesab etdiyimiz bir sıra problemlər arxada qalıbdır. “Rusiya-Türkiyə-Azərbaycan İdmançıları Cəmiyyəti” adlı qurum  yaradaraq xalqlararası dostluq körpülərinin inkişafına təkan verilməsini çox istərdim.
Tanınmış şair-yazıçı, publisist, 40 ildən çoxdur Moskvada yaşayan Soltan Mərzilinin fikirləri toplantıda böyük coşqularla qarşılandı. O, bildirdi ki, ustadı, görkəmli alim Xudu Məmmədovun irəli sürdüyü prinsiplər əsasında 40 ildir slavyan-türk dualizminin poetik örnəklərini yaradır. Moskvada fəaliyyət göstərən “Şəhriyar” Ədəbi Birliyində birləşən 100-dən artıq azərbaycanlı şair, yazıçı, tənqidçi, ədəbiyyatşünaslarımız da bu yolla addımlayırlar. Əgər bu yazarlara dəstək verilərsə, Rusiya-Türkiyə münasibətlərində çox mühüm işləri həyata keçirmək olar. Sərhədlər tanımayan mədəniyyət ən böyük silahdır. Mədəniyyətin silahı ölüb-öldürmək deyil, diriliyin, bütövlüyün, mənəviyyatın sağlamlığı üçündür.

Mərkəziyyətçi deyil, çoxüfüqlü strategiya

Dünyanın yaranışından mərkəziyyətçi düşüncə tərzi ilə bəşəriyyəti idarə etmək üçün bir sıra dinlər, ideoloji təlimlər, dövlət hegemoniyası tipli anlayışlar mövcud olub. Artıq XXI yüzil bütün bunları inkar yolunu tutubdur. Çünki, fəlsəfi baxımdan bəşəri sosiallaşma prosesləri artıq bir şəxsiyyətin, qurumun, ideyanın liderə çevrilməsini tamamilə inkar edir. Çoxüfüqlülük bəşəri inkişafın klassik və modern polifoniyasını arxada qoyub. İndi dünyanın ortaq və uzlaşmış harmoniyasına daha çox önəm verilir. Rusiya federal dövlət olduğu üçün burada yaşayan superetnos toplum kimi slavyan-türk xalqları üstünlük təşkil edirlər. Bu prosesin inkişafında Rusiyada yaşayan azərbaycanlıların iştirakı çox vacibdir. Ona görə də milli diaspor siyasətimizin doktrinası ortaya qoyulmalıdır. Azərbaycanlılar bir etnos kimi Rusiya, Türkiyə, Qafqaz və Orta Asiyanı uzlaşdıra biləcək coğrafi məkanın subkulturoloji inkişaf prosesinin ayrılmaz parçasına çevrilməlidirlər. Bu  anlama qarşı çıxmaq, xalqımızın bəşəri inkişafdan onilliklərlə geri düşməsi deməkdir. “Moskva Vilayəti Azərbaycanlıları Regional Milli Mədəni Muxtariyyatı” təşkilatının irəli sürdüyü konsepsiya məhz bunlardan ibarətdir.
Alanya toplantısında irəli sürülən bu ideyalar demək olar ki, hamı tərəfindən müdafiə olundu. Orta Asiyadan gəlmiş soydaşımız və “Türk Dünyası” araşdırmaçısı İbrahim Xəlil Balayoğulları bildirdi ki, Qazaxstan və Qırğızstan kimi türk dövlətləri Avrasiya məkanı anlamında türk-slavyan dünyasının uzlaşmasında çoxüfüqlü prinsipləri irəli sürürlər. Ona görə ki, “böyük qardaş” statusu ilə siyasətin yürüdülməsi dönəmi keçmişdə alıb.
Moskvadakı internet “MİSRA TV”-nin təsisçisi və baş redaktoru Fuad Abbasov qeyd etdi ki, uzun illərdir jurnalist kimi Moskva-Ankara arasında körpülərin salınmasında yaxından iştirak edir. Bu iki dövlətin arasını vurmaq istəyənləri daim ifşa etmişdir. Zaman bizim, yəni azərbaycanlıların haqlı olduğunu isbat etməkdədir.
Hollandiyadan gəlmiş və “Avropa- Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri Elman Mustafazadə bildirdi ki, uzun illərdir qürbətdə yaşasa da, onun bütün fəaliyyəti Rusiya, Ukrayna, Polşa və Belorus kimi slavyan dövlətlərlə olubdur. Polşa və Ukrayna mümkün qədər Türkiyə ilə yaxından ilişkilərə önəm verirlər. Rusiya kimi nəhəng coğrafiyaya malik bir dövlətlə ilişkilərdə etibarlı əməkdaşlıq məsələsində azərbaycanlılar istənilən imkanı ortaya qoymaqda daha yaxındırlar. Ona görə də Türkiyə və Rusiya dövlət olaraq bu önəmli faktordan mümkün qədər yararlansalar daha yaxşı olardı. Bu coğrafiyanın əbədi qalmasını, barış və istiqrarın inkişafı məhz slavyan-türk xalqlarının birliyinə bağlıdır.
Alanya toplantısında irəli sürülən bir sıra təkliflər və ideyalarla bağlı hər iki dövlətin uğur qazanması üçün soydaşlarımızın yenidən bir araya gəlməsi üçün qərar verildi. Sadəcə toplantılar keçirməklə deyil, əməli işlə bu prosesə təkan verilməsini günün vacib şərti olaraq dəyərləndirildi.

Ənvər Börüsoy,
Bakı-Tiflis-Ankara-Alanya-Bakı

22:58