Cümhuriyyətimizin 100 illiyi ilk dəfə səhnədə

16 may 2017-ci ildə prezident İlham Əliyev “2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” münasibətilə sərəncam imzaladı. Cümhuriyyətin 100 illiyi adına ötən müddətdə ölkədə və dünyanın dörd bucağında möhtəşəm tədbirlər keçirildi. Təkcə mədəniyyət nazirliyi 100 şölənlərinə qatılmadı. Ona görə ki, keçmiş müavin, teatr və kino üzrə sorumlu Ədalət Vəliyev 100 illik tənətənəsinə asi çıxmışdı. Ölkənin 27 dövlət teatrının səhnəsində kompozisiya və ya tamaşalar qoyulmadı, əsərlər sifariş edilmədi, kinolar çəkilmədi. Buna görə də haqlı olaraq 26 ilin nazir müavini statusundan məhrum edildi.

Cümhuriyyət ideyasına sadiq Amaliya Pənahova

“Bakı Bələdiyyə Teatrı”nın rəhbəri, görkəmli teatr xadimi, xalq artisti Amaliya xanım Pənahovanın ideyası ilə yazıçı-dramaturq Çingiz Ələsgərli və xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovun birgə işi olan “Şanlı Vətən” pyesi Cümhuriyyəti 100 illiyi münasibətilə səhnəyə qoyulan yeganə əsər kimi tarixə düşdü. “Bakı Bələdiyyə Teatrı”nın öz binası olmasa da, fərqli məkanlarda məşqlər etməklə “Şanlı Vətən” pyesi üzərində teatrın kollektivi aylarla davam edən məşqlərini edərək bu il oktyar ayının 31-də “Dövlət Akademik Milli Dram Teatrı”nın səhnəsində premyerasını oynadı. Tamaşa teatrsevərlər, milli istiqlalımızın və Cümhuriyyət aşiqləri tərəfindən coşqularla qarşılandı.
“Bakı Bələdiyyə Teatrı”nın rəhbəri Amaliya xanım Pənahova “Şanlı Vətən” əsərinin bu teatrın səhnəsində premyeranın oynanılmasında iradə göstərmişdi. Çünki, dünyaya göz açdığı Gəncədə anadan olması, Cümhuriyyətin ilk başkəndinin ona doğma olan şəhərin ruhunun səhnədə bədii-estetik, tarixi və milli mücadilə dəyərlərinin yorumu ilə 100 illiyə necə tövhə verilməsini sərgiləməyi çox istəyirdi. Tamaşanın bədii özəlliyi ictimai-psixoloji tutumu məhz bu notlar üzərində köklənmişdi. “Şanlı Vətən” əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Rafiq Abdullayev, geyim üzrə rəssam Sənan Gülalıyev və musiqi tərtibatçısı Rəşid Sultanov Xalq Cümhuriyyəti dönəmində yaşanılan mühitin tablosunu böyük sənətkarlıqla yarada bildilər. Səhnənin tərtibatında yer alan işıq effektləri, geyim, musiqi, simvolik xarakter daşıyan kompozisiya, tərtibatlar və digər atributlar, zamanın ritmi və rənginin çalarları ilə tamaşaçını ovsunlamaqla, seyrçiləri Cümhuriyyətin yarandığı illərin ilğımında bütünləşdirmişdi. Tamaşa elə buna görə coşqularla qarşılandı.
“Şanlı Vətən” tamaşası Dövlət Akademik Milli Dram Teatrında oynanılarkən teatrın bədii rəhbəri Amaliya xanım Pənahova ağır xəstəlik ucbatından xəstəxanada həyatla üz-üzə çarpışırdı. Reanimasiyada olmasına baxmayaraq, özünə gələn kimi, kollektivlə əlaqə saxlayaraq, tamaşa haqqında sənət dostlarından bilgilər alırdı. Bu tamaşa sanki onun üçün sənət taleyinin son akkordu idi. Səhnə üçün doğulanlar və yaşayanlardan savayı kimsə bu uca anlamın dəyərini bilməz. Amaliya xanım taleyinin 54 ilini səhnədə yaşayan bir sənət xadimi, bədii rəhbəri olduğu teatrın mədəniyyət və teatr sənətimizin inkişafı üçün həyatını vermiş bir sənətkar idi. Dövlət müstəqilliyimizə inamı qazandırmaq üçün uzun ömürlü ilk müstəqil “Bakı Bələdiyyə Teatrı”nın yaradıcısı kimi adı tarixə düşdü. “Şanlı Vətən” əsəri ilə dövlətə və millətimizə sədaqətini bir daha nümayiş etdirdi. Sənət dostları onun bu ideyasının yanında yer alaraq möhtəşəm tamaşaya imza atdılar.

Çoxqütblü palitranın tablosu

İstiqlal şairi Əhməd Cavadın milli mücadilə dönəmində yaşanılan mühiti dramaturgiyaya gətirmək çox böyük məsuliyyət tələb edir. Yazıçı-dramaturq Çingiz Ələsgərlinin yazdığı  pyesdəki pesonajların hər biri haqqında ayrıca əsərlər yazmaq mümkündür. Onları bir əsərdə canlandırmaq isə, olduqca çətindir. Tamaşada bir-birindən maraqlı aktyor ifası sayəsində Çingiz Ələsgərli və rejissor Mərahim Fərzəlibəyov bu çətin məsuliyyətin tam öhdəsindən gələ biliblər. İstənilən tamaşa o zaman uğur qazana bilir ki, aktyor truppası düzgün seçilmiş olsun. Hər bir sənətçinin xarakterik özəllikləri və onun yaradıcılıq aurası oynanılan obrazın mahiyyəti ilə uzlaşa bilsin. Bu mənada “Şanlı Vətən” tamaşası “Bakı Bələdiyyə Teatrı”nın ən uğurlu tamaşalarından biridir. Tural Əhməd (Əhməd Cavad), Ülviyyə Rza (Şükriyyə), Toğrul Rza (Üzeyir Hacıbəyli), İlqar Musayev (Cəfər Cabbarlı), Rafiq İbrahimov (Həsib Bəy Yusifbəyli), Tofiq Bayramov (Süleyman Bəy), Tural Ağayev (Nuru Paşa), İsmayıl Atakişiyev (Nəriman Nərimanov), Hüsniyyə Mürvətova (Şəfiqə xanım) və tamaşanın aparıcılarından Rəşid Sultanov, Zülfiyyə Qurbanova, Zülfiyyə Məmmədova, Əhməd Salahov, Nigar Babayeva, Aynur Abbasova və Namiq Cavadovun  aktyor kimi ifaları olduqca maraqlı idi. Bu gün teatr sənətində ən böyük problemlərdən biri olan qüsurlu nitq, süni ifaçılıq, keçmişdən miras qalmış pafosa tamaşa boyu rast gəlinmədi. Təbii olaraq, aktyor seçimində rejissor buna xüsusi peşəkarlıqla yanaşmışdır.
Əsərdə baş verən olayların Gürcüstan, Azərbaycan, Rusiya və Türkiyədə cərəyan etməsi, milli istiqlal uğrunda mücadilə aparan tarixi şəxsiyyətlərin fikir və düşüncələri, bütün bunların tamamilə təzadlar təşkil edən dialoqlar çərçivəsində səhnəqrafiyanın şərtləri çərçivəsində yer alması tamaşanın daha da baxımlı olmasının sirri deməkdir. Bir rejissor kimi Mərahim Fərzəlibəyov əsərdəki hadisələrin dinamizmini və sürətli şəkildə baş verənləri canlandırmaqla tamaşanın aparıcılar və obrazların təsnifatını bədii yorumunu peşəkar səviyyədə qurmuşdur.
Əsərin qəhrəmanları Əhməd Cavad və Şükriyyə, Nəsib Bəy Yusifbəyli və Nəriman Nərimanov, Əhməd Cavadla Süleyman Bəy, Əhməd Cavadla Nəsib Bəy Yusifbəyli, Üzeyir Hacıbəyli və Nəsib Bəy Yusifbəyli, Şəfiqə Xanımın, Nuru Paşa və Nəsib Bəy Yusifbəyli, Cəfər Cabbarlı və Nuru Paşa, Nağı Bəy Şeyxzamanlı və Cəfər Cabbarlının dialoqları sadəcə tarixi olay deyil, həm də böyük ideyaların daşıyıcıları olan bu müxtəlif insanların xarakterik özəlliklərinin səhnədə bədii obrazlarının yaradılması bir yandan dramaturq və rejissordan, digər yandan isə aktyorlardan çox böyük məsuliyyət tələb edir. Demək olar ki, tamaşanın leytmotivi Azərbaycanın taleyüklü və təzadlarla dolu olan dönəminin canlı palitrasını özündə ehtiva edir. İstedadlı aktyor Rəşid Sultanovun yüksək səviyyədə vokal imkanlarını sərgiləməsi tamaşanın daha da duyumlu və baxımlı olması deməkdir. Nəsib Bəy Yusifbəyli və Nəriman Nərimanovun dialoqlarında yer alan təzadlı baxışlar əməkdar artist Rafiq İbrahimov və istedadlı aktyor İsmayıl Atakişiyevin ifasında peşəkar səviyyədə olduğu bir daha sübut edir ki, “Bakı Bələdiyyə Teatrı” əsil sənətçilərin məkanıdır. Əhməd Cavad və Şükriyyə raollarının ifaçıları Tural Əhməd və Ülviyyə Rza bir daha sübut etdilər ki, bu teatrın qapıları gənc və istedadlı aktyorların üzünə açıqdır. Onlar üçün bu teatrda sənət uğurlarına imza atmaq üçün bütün imkanlar yaradılıbdır.

Milli iradə Cümhuriyyətin təməl prinsipidir

Yazıçı-dramaturq Çingiz Ələsgərli “Şanlı Vətən” pyesində bu faktorlara söykənərək milli tariximizin şanlı ənənələrinə işıq salmaqla yanaşı, hətta bu gün kimsənin bilmədiyi bir çox tarixi həqiqətlərin üstündəki tozu silə bilmişdir. Türk Dünyasının müasir dəyərlərinin milli intibah yolu ilə təməlini qoymuş İsmayıl Bəy Qaspıralının davamçısı kimi öz qızı Şəfiqə Xanıma inanmış və Türk Dünyası tarixində ilk dəfə dərc etdiyi “Aləmi nisvan” (Qadın dünyası) dərginin adı birinci dəfədir dramturgiyayanın dili ilə ifadə olunmuşdur. Bundan əlavə, Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalı üçün Leninin erməni silahlı quldur dəstələrinə silah yardımları və verdiyi əmrlər tamaşada qeyd olunubdur. 19 yaşlı dramaturq Cəfər Cabbarlının yazdığı “Trablis savaşı” əsərinin 21 yaşlı komandan Nuru Paşanın qələbəsinə həsr etməsi səhnəsi demək olar ki, tamaşaçıda dərin iz qoyur. Bu duyğulu səhnə Nuru Paşa obrazının səhnə təcəssümünə və əbədi olaraq tarixdəki yerini isbat edən ən mühüm faktlardan biridir.
“Şanlı Vətən” tamaşasında quruluşçu rejissor Mərahim Fərzəlibəyov pyesin ideyasından doğan bir sıra mətləblərə işıq salır. Çarlıq Rusiyası və Osmanlı İmperiyası kimi nəhəng dövlətlərin dağıldığı bir dönəmdə milli burjuaziyamızın əfsanəvi şəxsiyyərlərinin obrazını  bədii yorumla səhnəyə gətirmişdir. Əsərdə canlı olaraq görülməsələr də, adlarının bədii fikir sayəsində canlandırılması tamaşaya möhtəşəmlik gətirir.
Tamaşanın lirik-bədii ricətlərindən biri də Nəsib Bəy Yusifbyəli ilə Nəriman Nərimanvoun Odessada universitetdə tələbə olduqları zaman ikisinin də İsmayıl Bəy Qaspralının qızı Şəfiqə Xanımı sevməsidir. Şəfiqə xanım Nəsib Bəyi seçməsi təsadüfi olmayıb. Çünki, onun atasının yolu ilə gedə biləcək tək bir nəfər var idi. Bu, sonralar Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi: “Azərbaycan ideyasını siyasi bir tələb şəklində formulə etmək Nəsib Bəyə məxsusdur” dəyəri ilə ölçülən bir anlamla bağlı idi.
Tamaşada bütün zamanların dahi bəstəkarı Üzeyir Bəy Hacıbəylinin dünyaya səs salan “Arşın mal alan” operettasının Parisdə ermənlərin təbliğatları sonucunda onlara məxsus olması iddialarından doğan rəzalət də işıqlandırılmışdır.
Quruluşçui rejissor Mərahim Fərzəlibəyovun tamaşa ilə bağlı yanaşdığı üslub zaman və tarixi şəraiti uzlaşdırmaq ideyasına söykənir. Tarixi ekskursla günümüzün baxışlarının uzlaşdırılması dramaturqun və rejissorun birgə uğurlu işidir.  Azərbaycan dövlətçiliyinin tarixi və çağdaş ənənələrinin dramaturgiyaya gətirilməsi həm də indiki gəncliyin bu notlar üzərində köklənməsinə böyük ehtiyac vardır. Tamaşda 1918-ci il və 1991-ci ildə dövlət müstəqüilliyimizin uzlaşdırılması ideyası əsərin bədii özəlliyidir. Dövlətinə sahib çıxan xalqlar bəşəri inkişaf yolu ilə uğur qazana bilər. Bunun üçün istiqlal mücadiləmiz yolunda həyatlarını vermiş insanların dövlətçilik fəlsəfəsini və keçidyi həyat yolunu bilmək hər birimizin vətəndaşlıq borcudur. Bu mənada “Bakı Bələdiyyə Teatrı” və onun yaradıcı kollektivi, yazıçı-dramaturq Çingiz Ələsgərli və quruluşçui rejissor Mərahim Fərzəlibəyov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn müddəalara sənət baxımından tövhələrini verdilər.
Amaliya xanım Pənahova bütün teatrlarımıza örnək ola biləcək bir addımı atdı. Dövlətin və xalqın yanında olmaq “Şanlı Vətən” tamaşasının mahiyyəti də budur. Əndrabadi bir şəkildə “direktor teatrı” “zəkası” bu ali dəyərləri dərk etməkdə acizdir. Ona görə də teatr siyasətinə belə bir yanaşım tərzi ilə 27 dövlət teatrı nə dövlətin, nə də xalqın yanında deyil.  Cümhuriyyətimizin 100 törənlərinə və şölənlərinə bütün aktyorlar və dramaturqlar başqa nazirliklərin və qurumların tədbirlərində iştirak etmək məcburiyyətində qaldılar. “Bakı Bələdiyyə Teatrı” və onun rəhbəri Amaliya Pənahova yaradıcı heyətilə bir daha əsil sənətin dövlətə və xalqa nə qədər gərəkli olduğunu isbat etdi.    

Ənvər BÖRÜSOY, sənətşünas
Xudaferin.eu

15:32