İnformasiya Bankı yoxdursa, nazirlik də yox kimidir

Ölkədə məmur oliqarxiya idarəetmə siyasətinə demək olar ki, addım-addım son qoyulur. Beləliklə dünya təcrübəsinə istinadən menecer-texnokratların hakimiyətə gəlişi, dinamik inkişaf metodologiyası və bir sıra islahaların tətbiqinə başlanılıb. Bu, ölkəmiz üçün yeni anlayış olsa da, ən doğru seçimdir. Sadəcə onun bəhrəsini cəmiyyətin görməsi üçün şəffaflıq siyasətinə önəm verilməlidir. Yeni menecer-texnokrat nazirlər və komitə sədrləri indiki məqamda struktur dəyişikliklərini irəli sürərək bir qədər səssizliyə üstünlük vermək taktikası ilə hərəkət edirlər. Yəni kadrlar məsələsində yeniləşmə kimi üstün keyfiyyətləri nəzərə alırlar. Gözəlim mədəniyyət nazirliyində bütün bunlar tamamilə tərsinədir. Çünki, nazirliyin “İNFOMASİYA BANKI” yoxdur. Ona görə də keçmişdən miras qalmış ənənəni davam etdirir. İslahata bənzər imitasiya yolunu tutub.

Hüququsuz dramaturqlar

Yeni, gənc nəsli təmsil edən dramaturqlarımızı bu gün demək olar ki, barmaqla saymaq olar. Çünki, milli dramaturgiyamızın ənənələrini yaşada biləcək mühit yoxdur. Ona görə ki, dramaturgiya mədəniyyət nazirliyi, “Teatr Xadimləri İttifaqı” və qanunsuzluq edərək hüdudsuz səlahiyyətlərə sahib çıxan “Direktor Teatrı” siyasəti prosesin qarşısını alıblar. Qismən orta və yaşlı nəsli təmsil edən dramaturqlarımızın yazdıqları əsərlər isə mövcud bürokratiyanın şərtləri daxilində süni şəkildə manevrlər qaydası ilə əsərlər yazmaqla  hərəkət edirlər. Buna görə də onların yazdıqları dramaturji əsərlər cəmiyyətdə ədəbi və mədəni hadisəyə çevrilmir. Yeni nəsil dramaturqların yetişməsi üçün münbit şərait yoxdur. Son 26 ildə ölkədə milli dramaturgiyanın inkişafı və perspektivləri istiqamətində  dəyirmi masalar və ədəbi müzakirələr ortaya qoyulmayıb. Dövlət büdcəsindən ildə milyonlarla vəsait ayrılan “Azərbaycan Yazıçılar Birliyi”, “Teatr Xadimləri İttifaqı”, mədəniyyət nazirliyi, Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir araya gələrək milli dramaturgiyamızın inkişaf yolları ilə bağlı elmi konspetual müzakirələr aparmayıblar. Ortabab səviyyəli müəllifləri dramatur adı ilə cəmiyyətə sırımaq tipli siyasət yürüdülüb.
Dramaturgiya cəmiyyətdə düşüncə və yaşam prosesi deməkdir. Ədəbi düşüncə sistemi bədii təsir vasitəsilə toplumun şüuraltı inkişafının modellərini ortaya qoyur. Onu zamanın ritminə çevirməklə sinergetik baxımdan gücünü artırır. Cəmiyyətin çeşidli baxışlar müstəvisində janrların sürətli inkişafına təkan verir. Dünyanın mədəni xalqları bu amili nəzərə alaraq teatra və dramaturgiyaya, sənətin dili ilə ehtiva olunan üslub və janrların bədii estetik duyumları və yönlərini öyrənirlər. İndvudal və toplumsal dəyərlərin ortaq məxrəcinin fəlsəfəsini dramaturgiyanın əsirinə çevirməklə deyil, həyatımızın parçasına çevrilməsi ilə estetik baxışların uzlaşdırılması şağımızın şərtlərindən biridir.
Təəssüflər olsun ki, bu gün Azərbaycanda dramaturgiyanın inkişafında kimsənin marağı yoxdur. Hətta bu sahəyə sorumlu olanlar da susqunluq nümayiş etdirirlər. Bu rəzalətin əsil səbəbi dramaturqların hüquqlarının olmamasıdır. 26 il mədəniyyət nazirinin müavini olumuş Ədalət Vəliyevin savadsızlığı ucbatından yaradılan “direktor teatrı” siyasəti milli dramaturgiyanın inkişafının qarşısında ən böyük əngəllərdən biri olub. Çox marqlıdır ki, bu gün mədəniyyət nazirliyi heç nə olmamış kimi həmin siyasəti davam etdirir. Ən böyük rəzalət isə, yaramaz “direktor teatrı” siyasətinin davam etdirilməsidir.

Kadrlaşma düzənin açarı kimin əlindədir?

Mədəniyyət nazirliyi bildirir ki, ölkədə teatrları idarə edə biləcək kadrlar qıtlığı var. Bu tamamilə yalandır. Ölkədə kifayət qədər rejissor və teatr sahəsində kadrlar mövcuddur. Sadəcə onların haqqında mədəniyyət nazirliyində, “Teatr Xadimləri İttifaqı”nda tələb olunan informasiya bankı yaradılmayıb. Həmin qurumlara rəhbərlik edənlərin mənasız və heç kimə gərək olmayan eqoizmləri bütün bunlara imkan vermir. Onlara baxaraq “direktor teatrı” siyasətini yürüdənlər daha aşağı səviyyəli iş əmsalını nümayiş etdirirlər. Teatr siyasətinin transformasiyasını prosesə çevirmək üçün bütün teatrların nəzdində yaradıcılıq laboratoriyaları olsaydı, dramaturgiyaya marağı olanlar cəlb edilsəydi indi ölkəmizdə möhtəşəm teatr mühiti yaranardı.
Rejissorların hüquqlarını əlindən alıb onları istedadı olmayan və savadsız “direktor teatrı” siyasəti yürüdənlərin ayağına verməklə sənətin bu sahəsi də ölgün durumdadır. Adi bir örnək. Dövlət Akademik Milli Dram Teatrında səkkiiz il öncə bütün rejissorlar ixtisar edildilər. Bu yalnışlığı isbat edən ölkə mətbuatında yüzlərlə məqalələr yazıldı. Kuluarlarda minlərlə etirazlar olundu. Sonucda teatrın direktoru işindən uzaqlaşdırıldı. Bu gün üç ildir teatra rəbərlik edən Azərpaşa Nemətov həmin yalnış addımları ənənə kimi qorumaqda davam edir. A. Nemətovun antisənət baxışlarını örnək götürərək digər teatrların direktorları da onun kimi hərəkət edirlər.
Aktyorların isə ümumiyyətlə heç bir hüququ yoxdur. Rejissorlar ən azından dərzi kimi iynəsini yaxasına taxaraq küsüb başqa ölkələrə üz tuturlar. Ancaq, milli teatr sənətimiz üçün yetişdirilən aktyorlarımız daha acınacaqlı məhrumiyyətlər içində çabalayırlar. Ən azından onların maaşlarının günün tələblərinə cavab verməməsi buna örnəkdir. Onları “direktor teatrı” çetesi hər gün məcbur edir ki, hansısa səviyyəsiz dramaturqun əsərində rol oynasın. Hansısa qüsurlu rejissorun tamaşasında səhnəyə çıxsın.
Mədəniyyət nazirliyi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu, “Teatr Xadimləri İttifaqı” və Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Azərbaycan teatrı və mədəniyyətinin inkişaf yolları üzrə ortaq şəkildə adi araşdırma mərkəzi belə yoxdur. Bu sahə üzrə Milli Məclisdə yaradılmış komissiyada isə peşəkarlar təmsil olunmurlar. Problemlərimiz buna görə hər addımda qarşımıza çıxır. Çünki, mədəniyyətlə bağlı heç biri qurumda informasiya bankı yoxdur. Özəlliklə də mədəniyyət naszirliyində. Ona görə də bu nazirlikdə mədəniyyət üzrə ixtisaslı peşəkar kadrları işə götürmürlər.

Nəsillər dəyişmirsə

Görkəmli yazıçı və dramaturq Umberto Eko haqlı olaraq deyir ki: “Teatr hər zaman olduğu kimi postmodernizmin avanqardı olub. Açıq şəkildə yaradıcılıq üslubu ancaq teatra məxsusdur. Onu çeşidli elementlərlə sintez etməklə və müəllif teatrı biçiminə uyğunlaşdırmaqla inkişaf yolları həm də cəmiyyətin tələbatına çevrilir”. 
Kimsəyə sirr deyil ki, ölkədə uzun illər bürokratik vasitələrlə sənət aləmində özünə yer etmiş bir sıra adamlar var ki, çağdaş mədəniyyətimizin inkişafı qarşısında əngəl olaraq qalmaqda davam edirlər. Buna adi bir örnək: 70 yaşlı Azərpaşa Nemətov sənət adına bütün titullara sahib çıxıb. Xalq artistidir, “Teatr Xadimlər İttifaqı” İdarə heyətinin sədridir, professordur,  Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvüdür, Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktorudur və s. və. s... Ancaq, dahi Mirzə Fətəli demişkən: “nə çifayda???” (nə faydası). Onun bir rejissor kimi Sankt-Peterbuq Teatrında, Bakıda Gənc Tamaşaçılar Teatrında və bu gün də Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirdiyi tamaşların heç biri teatr və mədəniyyət hadisəsinə çevrilməyib. Milli teatrımızın əzəmətli sütunları Ədil İsgəndərov və Mehdi Məmmədov kimi ünlü sənət xadimi kimi qəbul edilmir. Ancaq, bütün eqolarına sahib çıxaraq, bu teatra ölkənin nüfuzlu rejissorlarını dəvət edərək onların tamaşa qoymaları üçün heç bir imkan yaratmır. O zaman belə bir sual ortaya çıxır: “Əgər bizlər rejissor teatrı anlayışına tüpürən keçmiş direktoru tənqid etməklə onu istefa verməyə məcbur etdiksə, bu gün həmin yalnış qərarı Azərpaşa Nemətov davam etdirirsə, o zaman teatr nə üçündür? 1965-ci ildən indiyə kimi müxtəlif teatrlarda tamaşalar hazırlayan Azərpaşa Nemətov hansısa uğurlu rejissor əmsalını ortaya qoya bilməyibsə, nədən 70 yaşlı bu adam təqaüdə göndərilmir?” 
Kifayət qədər savadı və təcrübəsi olan rejissorlar var ki, Azərpaşa Nemətov onları üç ildir Akademik Milli Dram Teatrına yaxın buraxmır. Bununla yanaşı, dramaturqlara tabu qoyub. 20-25 yaşında bir nəfər də olsun istedadlı aktyoru teatra cəlb etməiyb. Belə bir durumu mədəniyyət nazirliyi səssizcə seyr edib. Nə vaxta və nə zamana kimi durum bu axarla davam edəcək? Suallara isə cavab verən hələ ki, yoxdur.

Mədəniyyət siyasəti yeniləşincə

Sənət estetikasında hər zaman sıfrdan başlamaq kimi bir ənənə mövcuddur. Özəlliklə  teatr aləmində. Çünki, gerçəkliklərin estetik bədii yorumları zamanın ritminə çevrildikcə sənət də inkişaf edir. Rejissor teatrı yorumu ona görə özəldir. Dekadans anlamlardan mümkün qədər uzaq durmağa çalışır. Teatrın dünyagörüşü və onun naturası yenilik üzərində köklənəndə cəmiyyətin dinamizminə təkan verilir. Bununla yanaşı, ölkədaxili teatr festivalları keçirilirsə, o zaman yeni teatr anlayışının assosiayası daha möhtəşəm olur. Dramaturgiyanın və aktyor sənətinin mozaikasının mənzərəsi də dəyişir. Yeni məqsədlər və özümlüyə yol açır. Kültür  sosiumunun kübarlığına təkan verilir. Sanki  cəmiyyətdə və həyatda hər şey yenilənir. Subkültür üfüqündə yer alan konservatizmə əlvida deyilir. Steorotiplər və klişelər tamamilə yoxa çıxır. Stilist janrların ənənələri təbii yolla meydana gəlir. Substansional dramaturji proseslər modernizm və absurdizmin içində itib batmır. Teatr sənəti məhəlli dar düşüncələrlə deyil, bəşəri meyarla inkişaf yoluna qədəm qoyur. Beləliklə sənət pratekst və metateks illüziyalar, intonasiya və çoxpilləli monoqramların biçimlərindən azad olur. Bütün bunları mədəniyyət nazirliyində lövbər salmış məmurlar bilmirlərsə, o zaman hansı mənəvi haqla teatr sənətinə nəzarət edirlər? Bilirlərsə, nədən hər şeyə heç nə olmamış kimi göz yumurlar? Teatr mövsümü yenidən başlayır. Hər şey əskilərdə olduğu kimi bombozdur. “Direktor teatrı” çetesi də at oynatmaqdan geri qalmır. Beləliklə Azərbaycan teatrı və mədəniyyəti itirə-itirə bəlirsizlik sindromunu yaşamaqda davam edir. Yeni mədəniyyət feodalları zümrəsini yaratmaqla, teatrlarda aktyorlara, rejissorlara, dramaturqlara, eləcə də texniki yaradıcı heyətə cüzi maaş verməklə onları aşağılamaq hədəfləri kimi dəhşətsaçan yaşam düzəni davam edir. Böyük Şəhriyarın şeirlərindən birində belə bir beyit var:
Bizdən irəlidədir avropalılar,
Çünki, işi iş bilənə tapşırır onlar.

Ənvər BÖRÜSOY
sənətşünas     
 

16:31