Marginallaşan ölkə düsturu

Azərbaycanı 25 ildir YAP rejimi bu yöndə idarə edir

Dövlət bağımsızlığımızdan 28 il ötsə də, son 25 ildə hakimiyyətdə olan YAP-ın apardığı siyasət, ölkənin varolma düzəninin hüquqi, elmi, siyasi, sosial, iqtisadi, mədəni və fəlsəfi baxımdan hansı düzəndə gəlişməsinin doktrinası yox kimidir. Nə Avropanın sonduğu (təqdim) demokratik yaşam, nə MDB adı altında Rusiyanın cızdığı biçim, nə də başqa bir dövlət modeli bəlirsizlik durumundadır. Çağdaş dünya dövlətlərinin varolma düzəni başlıca olaraq “dövlətin xalqı yaşatması” (diktator rejimlərində olduğu kimi), nə Batının dəyəri olan “xalqın dövləti yaşatması” (demokratik düzən), nə də Afrika-Asiya dövlətləri anlamında olan “kraliyyət” hakimiyyəti adına hər hansı dövlət modeli ortaya qoyulmayıb. Bəs o zaman Azərbaycan bir dövlət olaraq hansı yolla gedir? 

Zaman dəyişsə də qafalar dəyişmədi

1993-cü il dövlət çevrilişindən sonra, iqtidara gələn YAP elə bir rejim yaradıb ki, bunu ancaq, ötən yüzilin 70-ci illərindəki Leonid Brejnevin “mürgülü” durğunluq dönəmi ilə müqayisə etmək olar. Buna “hərbi polis rejimi” deyilir. Dövlət quruculuğu, keçid dövrü, ölkə savaş durumundadır, sosial-iqtisadi düzənin yeni mərhələsinə qədəm qoyuruq və başqa epitetlərlə 25 ildir YAP rejimi “zaman” qazanmaqla ömürünü uzatmaq taktikası ilə hərəkət edir. İnzibari amirlik metodu ilə idarəetmə düzənlə sadəcə özünün komprador maraqlarını təmin etməklə məşğuldur. Ona görə də Azərbaycan gerizəkalı feodalizm qanunları və yırtıcı kapitalizmin şərtləri ilə idarə olunur. Belə bir düsturla sosial sorunlar,  iqtisadi yüksəliş, Qarabağ problemi, nə də digər gərəkən proseslər çüzümünü tapa bilmir. İllərlə davam edən vakkum modelli idarəetmə düzəni məmurların özəl maraqları çərçivəsindən kənara çıxmayıb. Demokratik düzənlə idarəetmənin təməl prinspiləri demək olar ki, yox kimidir. Adicə yerli bələdiyyələrə seçiklərinin özü belə, hakimiyyətin ən üstün məqamı ilə “razılaşdırılmış” qaydada idarə olunur. Vətəndaş cəmiyyəti və demokratik təsisatların hər yerdə üzünə tüpürürlər. Yaranmış durumun başlıca səbəbi YAP-ı təmsil edənlərin genalogiyasının bioqrafiyası ilə bağlıdır. Onlar Sovetlər Birliyinin “kommunyak”-  “kommunist” düşüncə sistemini mümkün qədər qoruyub saxlamaqla alternativ idarəetmə düzənlərinin heç birini qəbul etmirlər. Çünki, fərqli yanaşım və idarəetmə YAP-ın iflası deməkdir. YAP milli dövlət olmanı, Avropa demokratiyasını və Afrikadakı və ərəb ölkələrindəki idarəetmə düzənini qəbul etməyən amorf bir qurumdur. Ona görə də YAP-ın bir çıxış yolu qalıb və sədaqətlə həmin ideyaya xidmət edir. Bu, bütün qanunlara, demokratiyaya, insan haqlarına, vətəndaş cəmiyyətinə, plürealizmə, azad mətbuata tüpürərək bütün qanunsuz vasitələrlə hərbi polis rejiminin qaydaları ilə idarəetmə psixologiyasıdır. Azərbaycan XXI yüzildə yaşasa da, əslində XVI yüzilin dəyərləri içində çabalamaq zorunda qalıb. YAP-ın kəraməti bundan ibarətdir. İndiki dönəmdə dünyaya baxışların tamamilə fərqli olması, sürət əsrinin standartları YAP-ı öz inadından döndərə bilmir. Qafaları dondurulub və özləri ilə birlikdə bütün cəmiyyəti XVI yüzilə birlikdə sürükləməkdən zövq alırlar. Azərbaycanın ən böyük problemi YAP-ın varlığıdır. Başqa sorunlar istənilən an öz çözümünü tapa bilər.

Avropanın çoxgedişli xəyanətləri

Demək olar ki, Avropaya və ABŞ-Kanada cütlüyünə məxsus rejimlər, onların yedəyində gedən transkontinental şirkətləri “enerji resursları”, “doğal zənginliklər”, “neoimperializm” şərtləri daxilində sömürgəçilik standartları ilgiləndirdiyi üçün, Azərbaycan dünyanın ən çox geridə qalmış ölkələri sırasında yer alır. Azərbaycan ölkə olaraq, Batıya üzünü tutsa da, vətəndaş cəmiyyətləri, insan haqları təşkilatları, siyasi partiyalar (YAP bu siyahıda yoxdur) və digər sosial zümrələr demokratik idarəetməni irəli sürsə də, Avropa bütün bunlardan LAL, KAR və KOR olaraq qalmaqdadır. Ən yaxşı halda “narazılara” siyasi sığınacaq verməklə vəzifəsini bitmiş hesab edir. Demikrik ki, Avropa gəlib Azərbaycana nələrisə ixrac etsin. İndi dünyanın heç bir dövləti təcrid olunmuş siyasi, ictimai, iqtisadi və digər formalarda idarəetmənin düzənindən kənarda qala bilməz. Avropa uzun illərdir  Avrasiya bir parçası olan Türkiyəyə qarşı çoxstandartlı münasibətlər sərgilədiyi üçün, bu gün orada klerikal qafalı və gerizəkalı bir hakimiyyət 15 ildir iqtidardadır. Belə bir durum dərinləşməkdə və ölkəni ortaçağın ən murdar dönəminə yuvarlatmaqdadır.
Üzdə liberal siyasət və qanunlarla dünyaya gözoxşayan standartları sərgiləyən Avropa əslində “frankomaniya”, “pangermanizm”, “panromanizm” və “slavofil” düzənli dərin siyasi qatlarda gizlənmiş hədəflərindən heç də uzağa getməyib. Həyat şərtləri daxilində baş verən kataklizmlər məhz bununla bağlıdır. Misir, Higeriya, Suriya, İraq, Sudan, İran, Yəmən, Oman, Rodeziya, Liviya, Livan və başqa ölkələrdə üfunət qoxuyan diktatura rejimlərinin əsas hamisi də uzun illər Avropanın özü olmayıbmı? İndi yarımdiktator və avtoritar rejimlərin himayədarı Avropanın özü deyilmi?
“Orta Doğu, Qara Afrika və Güney-Doğu Asiya Xristian Birliyi” təşkilatının uzun illərdir başqanı olan Michel Varton bu yaxınlarda “Le Figaro” qəzetinə açıqlama verərək bildirir ki, bizlər Avropa və demokratik dəyərlər adı altında xristian coğrafiyasını əhatə edən toplumların hüquq və azadlıqlarını daha sıx şəkildə müdafiə etməliyik. Belə çıxır ki, avromərkəzçilik siyasəti dışında olan toplumlar demokratik düzəndə yaşaya bilməz və buna onların heç bir haqqı yoxdur.
Azərbaycan məsələsində bircə dəfə də olsun, ədalətli seçkilərin keçirilməsi, demokratik yasalar çərçivəsində xalqın vergisi sayəsində fəaliyyət göstərən AzTV, İTV, Mədəniyyət və İdman-Azərbaycan TV kanallarında alternativ düşüncələrə yer verilməsi üçün səsini belə çıxarmayıb Avropa. Əgər Azərbaycan bir ölkə olaraq, Avropa Şurası, Avropa Birliyi, NATO ilə sıx əməkdaşlıq edirsə, bu üç ali qurum əslində dünya demokratiyasının birliyi statusunu özündə ehtiva etdiyini işdə isbat etməlidir. Əgər Azərbaycanı öz sıralarında görürlərsə, o zaman hansı hüquqi statusla bu qurumun üzvü olduğunu YAP iqtidarına başa salmağı da unutmamalıdır. Necə olur ki, Ukrayna, Gürcüstan, Moldova, Estoniya, Litva, Latviya, Polşa, Rumıniya, Macarstan, Ermənistan, Çexiya, Slovakiya, Sloveniya, Xorvatiya, Makedoniya, Çernoqoriya ilə bağlı Avropa gərəkən idarəni nümayiş etdirir, Azərbaycan məsələsində isə gözlərini 25 ildir qapamaqda davam edir. Azərbaycanın 25 ildir işğal olunmuş əraziləri ilə bağlı bu günə kimi Avropa Şurası, Avropa Birliyi və NATO –nun bir qərarı belə yoxdur. “Azərbaycan Ermənistanla barış anlaşması yapmalıdır” kimi ibarədən savayı ortada heç nə yoxdur. Sanki, bu qurumlar Azərbaycandakı YAP kimi antimilli düzənlə ortaqdır. Demokratiya uğrunda mübarizə aparanlar illərlə qanunsuz yerə həbsdə saxlanıldıqdan sonra, onların azadlığı üçün mübarizə apardığı imitasiyasını yaradır. Bu rəzalət nə vaxta kimi davam edəcək? Avropa bu suala hələ ki, cavab vermir.

Tehran mollakratiya rejiminin fəsadları

Azərbaycanda demokratik təsisatlar demək olar ki, tamamilə susdurulubdur. Bütün siyasi partiyalara normal iş imkanları yaradılmır. İnsan haqları və vətəndaş cəmiyyəti təşkilatları faktiki olaraq iflic durumundadırlar. Belə bir boşluğu İran adlı ölkəni 40 ildir idarə edən mollakratiya rejiminin siyasəti addım-addım doldurmaqdadır. Son illər “aşura –tasua” mərasimlərini bəhan edərək, nizamlı şəkildə 1979-1989-cu illərdə İran molla rejiminin tətbiq etdiyi qaydalar əsasında aksiyalar düzənlənməkdədir. Bu tədbirləri ən dərin qatlarını bilmək üçün fars şovinizminin istinad nöqtəsi olan “Əhəməni” - “Sasani” rejimlərinin tarixini biımədiyi üçün YAP hakimiyyəti bütün bunlara gözünü yumubdur. Tehran rejiminin düzənlədiyi “Qafqazda İranın 15 şəhəri” modelinin təməl prinsipləri bu aksiyaların sayəsində tətbiq olunur. Qafaları yuyulmuş, ilahiyyatçı, dindar,  mömin və sair epitetlərlə özünü cəmiyyətə sırıyan yeni zümrələr artıq mollakratiya rejiminin şərtləri əsasında Azərbaycanı qondarma “Vilayəti Fəqih”in bir parçasına çevrilməsi üçün çalışırlar. Oxunan xütbələr, düzənlənən şəbəkələr, tədris olunan dini təlimlər, ziyarətlər və sair addım-addım Tehran fars-molla rejiminin təsir vasitələrini önə çəkir. Başda ABŞ olmaqla Avropa Birliyi İran mollakratiya rejiminin beynəlxalq terrora dəstək verdiyini elan edirsə, Azərbaycandakı mənəvi terroru görmürlərmi? Bütün bunlar sabah antiqərb siyasətinin parçasına çevrilərsə, bunun qarşısında dura biləcəklərmi? İran mollakratiya rejiminin istədiyi də budur. Yəni Azərbaycan Livan, Fələstin,Əfqanıstan, Oman, İraq, Sudan, İordaniya, Nigeriya, Pakistan, Türkiyə, Azərbaycan və başqa ölkələr beynəlxalq terrorizmin yuvasına çevrilsin. Din pərdəsi altında cihadçılıq təlimi bunu tələb edir.
Dövlətlə xalqı bağlayan və mədəni bütövlük kriteriyasının, azad, ədalətli və mütəmadi keçirilən seçkilərin, ifadəetmə azadlığının, alternativ informasiya mənbələrinin, assosiasiyaların müstəqilliyinin, vətəndaşlıq hüququnun olmaması, hakimiyyətin xalqın dövlətdə olan siyasi tənzimləyici tərəfi statusunu daşımaması, demokratik modellərin Ana Yasa qanunlarından bir-bir çıxarılması kimi dəhşətsaçan proseslər Azərbaycanda real vətəndaş cəmiyyətini tamamilə iflic edib. Ona görə də bu boşluqda Tehran molla rejimi at oynadır.
İran mollakratiya rejiminin gizli hədəflərindən biri də, Qarabağ məsələsini addım-addım ictimailəşdirməklə, onun azad edilməsi üçün deyil, “xristian-islam” qarşıdurmasını irəli sürməklə Azərbaycanda öz mövqelərini daha da gücləndirməkdir. Bir sözlə Fələstin, İraq və Suriyada “müqəddəs məkanlar” adı altında sərgilədiyi provakasiyaları bölgə toplumlarının həyat normasına çevirməkdir. Tehranı idarə edən ayətullahların 40 illik hakimiyyətinin genalogiyası elə bunun sübutudur.
Bu gün Azərbaycanda yaranmış böhranları diqqətlə analiz edən erməni siyasətçiləri demokratiya və vətəndaş cəmiyyətinə ona görə üz tutublar ki, Tehran rejiminin dolayı yolla dəstəyi və Avropanın “xristian təəssübküşliyi” modeli əsasında bir yandan işğal altında olan ərazilərimizi geri qaytarmamaq, digər yandan isə, Ermənistanı qorumaqdır. YAP rejimi isə hələ də mürgü döyür. Ona görə ki, demokratiyanı boğmaqdan savayı gerizəkalı qafalarına heç nə girmir. Biz yalnız demokratik rejimin və insan özgürlüyünün sayəsində normal dövlət ola bilərik. İşğal altında olan torpaqlarımızı da azad edə bilərik. Bunun alternativi yoxdur.

Ənvər BÖRÜSOY

Xudaferin.eu

12:07