137 illik İrəvan Teatrının “Piriyev” bəlası

Biz Azərbaycan teatrının problemləri ilə bağlı araşdırma yazılarımızı gündəmə gətirən kimi bürokratlar bunu hansısa bəlirsiz konfliktlərin qaynağı kimi yozmağa başlayırlar. Hətta “bu problemlərin arxasında kimlərin maraqları gizlənir” deyə sorular da başlanır. Halbuki, bizim kiminləsə özəl, nə də ictimai baxımdan sorunlarımız yoxdur. Amacımız milli mədəniyyətimizin əsas parçası olan teatrımızın acınacaqlı taleyini ictimailəşdirmək, bu yöndə sorumlu olan çevrələrin gerçək üzünü ortaya qoymaqdır. Azərbaycan teatrı ötənlərdə dediyimiz kimi reanimasiya çağını yaşayır. Bu yöndə MTN-lə (Mədəniyyət və Turizm Nazirliyi) yanaşı, teatrlara rəhbərlik edənlərin də sorumlu olduqlarını dönə-dönə qeyd etmişik.

Dram dərnəyi təfəkkürü və MTN-nin teatr siyasəti

Çağdaş Azərbaycan Teatrının mədəniyyət adına gerçək tablosunu üzə çıxarmalı olan teatrşünaslarımız min dəfələrlə təəssüflər olsun ki, həyəcan təbili çalmaq üçün heç bir təşəbbüs göstərmirlər. Üstüörtülü biçimdə gileyləri səsləndirmək heç də mədəniyyətin bu sahəsində yaranmış problemlərin çözümünü aradan götürə bilməz. Azərbaycan teatrının bu gün reanimasiya durumunda olmasını isbat etmək üçün, hər hansı bir teatr ocağında yaradıcılıq durumunu incələmək çətin deyil. Bu problemin öncələr yazdığımız kimi, MTN-nin teatrlarda “direktor” siyasətinin aparılmasına bağlı olmasıdır. İstedadı olmayan keçmiş aktyorların direktor təyin olunması  tamamilə yalnışdır. Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi” haqqında 29 dekabr 2006-cı il tarixdə imzaladığı 222-IIIQ saylı sərəncamda qeyd olunduğu kimi, teatrlarda direktorların hüquqları menecer və ya prodüser statusu ilə müəyyənləşdirilir. Prodüserin və ya menecerin vəzifəsi tamaşaların təşkili, bilet satışı təsərrüfatı və reklam işlərindən ibarətdir. Gözəlim Azərbaycanda direktor statusu MTN-nin kəraməti sayəsində keçmiş totalitar və diktator rejimi kimi tanınan Sovetlər Birliyi dönəmində olduğu kimi daha çox plantator təfəkkürünə hesablanmış “kolxoz sədri” anlayışı ilə tamamlanır. Elə buna görə də direktorlar inzibati-amirlik metodu ilə yaradıcılıq işlərinə müdaxilə edirlər. Özəlliklə keçmişdə aktyor kimi istedadını ortaya qoya bilməyən və yetənəksiz kadrların direktor vəzifəsinə təyin olunmaları istənilən teatrın əsil bəlasına çevrilir. Bunu onların psixoloji, şüuraltı depressiyası və yaradıcılıq baxımından yetənəksiz olmaları sübut edir. Beləliklə bacarıqsız aktyorlar zümrəsi direktor görəvinə təyin olunan kimi, özlərini “sübut” etmək xəstələyini ortaya qoymalı olurlar. Bu da öz növbəsində həmin teatrın dram dərnəyi səviyyəsinə endirilməsi deməkdir. Yetənəksiz keçmiş aktyorlar direktor statusu ilə dramaturun, rejissorun, aktyorların, hətta rəssam və bəstəçilərin işinə müdaxilə etməklə özlərini təsdiq üçün cəhd edirlər. Belə bir anaxronizmə (zamanı geri çəkmək) dünyanın heç yerində rast gəlinməz. Ölkədə MTN başda olmaqla hökumət gerçəkdən Azərbaycan teatrının inkişafını istəyirsə, o zaman direktor statusunu top-menecer, prodüser anlamı ilə dəyişməlidir. Bəlkə onda əsil yaradıcılıq işlərinə müdaxilələr, inzibati-amirlik metodu  teatrlarda yoxa çıxar və demokratizmə yol açılar. Əsil yaradıcılıq atmosferi inkişaf edə bilər. Faktiki olaraq, ölkədə teatra olan ögey münasibətlərin sonucunda dram dərnəyi anlayışı dərinləşəməkdədir. Bunun sonucu kimi bir anlam formalaşacaq: “Azərbaycan dünyada dram dərnəklərinə dövlət teatrı statusu verən tək ölkə kimi Ginnesin rekordlar kitabına düşmüşdür”.

17 ildir İrəvan Teatrında davam edən “rəzalət”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı milli mədəniyyətimizi və peşəkar teatr sənətimizi öz çiyinlərində şərəflə davam etdirən nadir ocaqlardan biridir. 137 yaşı olan bu qocaman teatr məbədinə son 17 ildə İftixar Piriyev adlı birisi direktorluq edir. İftixar Piriyev uzun müddət Dövlət Akademik Milli Dram Teatrında orta dərəcəyə yaxın rollar oynasa da, Azərbaycanın Ana Teatrında istedadı ilə özünü böyük aktyor məktəbinin davamçısı kimi sübut edə bilməmişdir. O, “Milli Dastan Teatrı”nı yaradıb və sonda həmin ocaq da sönüb kül olub. “Mənim günahım”, “İtkin gəlin”, “Canavar balası”,  “Qırmızı qar”, “Yağışdan sonra”, “Mənim ömür nəğmələrim”, “Ürək yaman şeydir...”, “Qurban” filmlərində və “Sirr” teleserialında rollar oynasa da burada da özünü bacarıqlı aktyor kimi sübut edə bilməyib.
Tiflisdə 1947-ci ildə məqsədli şəkildə bağlanılan Azərbaycan Teatrı 1998-ci ildə bərpa olunan zaman İftixar Piriyev oraya direktor təyin olundu. Yaradıcılıq və teatrın inkişafı baxımından uğur qazana bilmədiyi üçün bu vəzifəsindən kənarlaşdırıldı. 2000-ci ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrına direktor təyin edildi. Elə bu dönəmdən başlayaraq, qocaman teatrın çöküşünün təməli qoyuldu. Ötən müddətdə taleyini bu teatra bağlamış xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlardan Mehman Piriyev, Rəşad Səfərov, Ramil Məmmədov, Midhət Aydın, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Xaqani Əliyev, Elşən Mehdizadə, Səadət Həsənəliyeva, Tutu Əliyeva, Emin Sevdiməliyev, Zəka Ziya, Könül Əbilova, Samirə Hacıyeva, Ruhiyyə Yəhyayeva və başqa istedadlı aktyorlar bu teatrı tərk etmək məcburiyyətində qalıblar. Bu sənət adamları ölkənin başqa teatrlarında çalışmaqla peşəkar sənət aləmində böyük uğurlar  qazanıblar. Kino və televiziya seriallarında daha da tanınmış sənətlarlara çevriliblər. Respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanov bu teatrın baş rejissoru olsa da, İftixar Piriyevin yersiz müdaxilələrinə görə teatrda peşəkar səviyyədə yeni tamaşalar qoyulmur. Oruc Qurbanov baş rejissor kimi bu teatrda bir-birindən maraqlı olan “Mürafiə vəkilləri” (M.F. Axundzadə), “Zorən təbib” (J.B. Molyer), “Xor-xor” (S.M. Qənizadə), “Uzun yollar qatarı” (M. Bayciyev), “Stullar” (E. İnesko), “Vətəndən ağırdır vətən yükü” (H. Orucov) milli və dünya dramaturgiyasının örnəklərini tamaşaya qoyubdur. Ancaq, son illərdə İ. Piriyevin kəraməti ucbatından baş rejissor statuslu Oruc Qurbanov bütün səlahiyyətlərindən məhrum edilib.      
İftixar Piriyevin bu qocaman teatrı peşəkar deyil, dram dərnəyi səviyyəsinə endirməsinin digər sirri isə ondadır ki, professional və aktyor təhsili görmüş kadrları teatrdan getməyə məcbur etməklə yanaşı, yaranmış boşluğu hansısa kolleclərdə dərs deyən müəllimlərlə doldurmaqla teatrda həvəskarlardan ibarət dram dərnəyi siyasətini yürütməsidir. Belə bir duruma heç kimin etiraz etməyə hüququ yoxdur. Sabit Rəhmanın “Toy” komediyasında deyildiyi kimi: “Yoldaş Kərəmov dedi, qurtardı”, anlamı İftixar Piriyevin inzibati amirlik metodunun ana xətti hesab olunur. 
Onu da bildirək ki, bu teatrda sentyabr ayından başlayaraq, İftixar Piriyev yeni metoda əla atmaq qərarına gəlib. Bu, səhər saat 10.00-dan axşam 18.00-a kimi teatrın bütün əməkdaşlarının “iş davranışı” jurnalına qol çəkmələri, məşqlər oldu və ya olmadı bütün kollektivin teatrda gününü boş keçirməsindən ibarətdir. MTN-nin yarıtmazlığı ucbatından teatrda aktyorların aylıq maaşları 135-250 manat arasındadır. Nazirlər Kabinetinin qərarı ilə ölkədə minimum güzərən həddi 130 manatdır. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının açıqlamasına görə isə, bu rəqəm 650 manat hesabı ilə müəyyən olunub. Bu teatrda aktyorlar ölkənin indiki maddi problemlərini nəzərə alaraq sussalar da, onlar öz ehtiyaclarını təmin etmək üçün, filmlərdə, televiziya seriallarında və digər mədəni tədbirlərdə iştirak edirlər. Sentyabr ayından bu imkanlardan məhrum qalacaqlar. Çünki, teatrın “Kərəmovu”, yəni direktor İftixar Piriyev belə istəyir. Onun daim teatrda yaradıcı heyətlə kobudcasına davranışları haqqında MTN-də, ölkənin digər teatrlarında  yetərincə bilgilər olsa da, nədənsə hamı “susmaq qızıldır” prinsipi ilə hərəkət edir.   

Peşəkar aktyorlar nədən İrəvan Teatrından uzaqlaşırlar?

Ermənistanın xüsusi xidmət orqanları Qafqazda Türkün maddi, mədəni, tarixi izlərini yox etmək üçün 1920-ci ildən bu günə kimi dayanmadan fəaliyyət göstərirlər. Buna görə də 1930-1938, 1947-1949, 1965-1969, 1987-1992-ci illərdə kütləvi şəkildə keçmiş sovet rejiminin himayəsi altında Azərbaycan Türklərinin tarixi yurdlarından deportasiya olunması siyasətini yürüdüblər. Bu gün Ermənistan adlanan ərazidə Türkün tarixi izlərini yox edirlər. Azərbaycan bir dövlət olaraq, Qafqazda, özəlliklə də indiki Ermənistan ərazisində biz Türklərlə bağlı konseptual şəkildə elmi məntiqi ortaya qoymaqla dünya səviyyəsində erməni revanşizminin qarşısını almağa çalışır. İrəvandakı maddi –mənəvi mədəniyyətimizin canlı salnaməsi olan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin yarıtmaz fəaliyətinin sonucu olaraq ilk öncə bu mədəniyyət ocağının dram dərnəyinə çevrilməsi, daha sonra isə fəaliyyətini tamamilə dayandırması kimi uzaq hədəflərə hesablanmış strateji sorunlarla üz-üzə qalmaq təhlükəsini bu gün duymalı və ona qiymət verməliyik. İrəvanla ilgili maddi-mədəni  dəyərlərimizin tarixi yaddaşını hər addımda xatırladan 137 illik bir ocağın külünün göyə sovrulmasına heç kimin etinasız qalmağa ixtiyarı yoxdur.

İftixar Piriyev direktor kimi ötən 17 illik yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün hər gün teatrda inzibati amirlik metodundan yararlanmaq taktikası ilə hərəkət edir. Ona görə də aktyorlar və digər texniki heyət təhdid olunur. Onlara açıq şəkildə bildirilir ki, kimsə İftixar Piriyevdən narazıdırsa, dərhal ona şiddətli töhmət veriləcək və əmək kitabçasına işdə yol verdiyi nöqsanlarla bağlı elə maddələr yazılacaq ki, sonradan başqa bir yerdə iş bulmaları əsil faciəyə çevriləcək. Elə buna görə də “işdən qovulmaq” təhlükəsinin acısını hər an çiyinlərində hiss edən yaradıcı heyət susmaq zorunda qalıb. Bununla yanaşı, yaradıcı heyət 17 illdir davam edən rəzalətin nə zaman bitəcəyi günü həsrətlə gözləyir. Teatr elə bir durumdadır ki, artıq oraya gənclərin axını da yoxa çıxıb. Maaş problemi, yaradıcı mühit, direktorun hərbə-zorba siyasəti tamamilə bir-birinə qarışıb. Dolaşıqlığın nə zaman kələfinin ucunun açılacağını heç uca Tanrı da bilmir. İftixar Piriyev direktor kimi apardığı siyasətlə bağlı taktiki addımları atmağı da unutmur. O, bütün qanunsuz əməllərinə hüquqi don geyindirməkdə yaradıcı kollektivdən fərqli olaraq daha ustadır. Özü tərəfindən yazılmış, bədii cəhətdən ədəbiyyata, dramaturgiyaya və teatra heç bir ilgisi olmayan “əsərləri”ni səhnələşdirməklə qocaman teatrda “konyuktura ədəbiyyatı”nın təməlini qoyub. Teatrla əlaqəli olan rejissorlar və yaradıcı heyət onun bu zəif əsərlərində iştirak etmək ismədiklərini özü çox yaxşı görür və dərk edir. Ona görə də öz qüsurlarına haqq qazandırmaq üçün açıq şəkildə bildirir ki, bütün bunlardan MTN-nin xəbəri var. Teatrın yaradıcı heyətini hər addımda təhdid edərək:  “Mənim iş prinsipim belədir, kimə istəyirsiniz gedin şikayət edin”. “Onsuz da heç kim vecimə deyil”. “Məni kimsə çıxara bilmir və bunu edə bilməz” deməklə özünü “toxunulmaz şəxs” statusu ilə bəyan etməyi çox xoşlayır. Yaranmış belə bir vəziyyət teatrı və aktyorları çox ağır duruma salıb.
Bu gün bütün ölkə teatrlarının yay tətili dönəmi başlayıb. Sentyabr ayının 15-nə kimi teatr aləmi səssizliyə qərq olacaq. Payızın gəlişi ilə sənət məbədlərində canlanma yenidən başlayacaq. Təkcə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrından başqa. Direktor İftixar Piriyevin rəzaləti davam etdikcə bu ulu sənət ocağı 17 illik durğunluq çağının 18-ci ilinə qədəm qoyacaq. 1991-ci ildən İrəvandan indiyə kimi didərgin həyatını yaşayan bu teatrın acınacaqlı taleyi beləcə davam edir.  

Ənvər BÖRÜSOY,
sənətşünas

(ardı var)

12:27