Teatr mövsümü sona çatsa da, problemlər çözülməmiş qaldı

Ölkədə məmur-oliqarxiya idarəetmə sistemindən menecer-texnokratiya düzəninə keçid mərhələsi başlasa da, zəli kimi dövləti, cəmiyyəti və milləti talayan zümrə hələ də malik olduqları keçmiş mövqelərindən geri çəkilmək istəmirlər. Fikrimizi Azərbaycan Teatrı ilə bağlı sorunların üzərində kökləməklə bütün bunlara aydınlıq gətirməyə çalışacağıq. 26 ildir Azərbaycan Teatrı və Kinosuna mədəniyyət nazirinin müavini statusu ilə nəzarət edən Ədalət Vəliyev postundan uzaqlaşdırıldı. Onun 27 dövlət teatrında yerləşdirdiyi kadrlar zümrəsi hələ ki, öz yerindədirlər. Onlar mütləq şəkildə dirənişlərə üz tutaraq, mövqelərini qorumağa çalışırlar. Stalnizmin mirası olan “inzibati idarəetmə” metodundan savayı heş nəyi bilməyənlər buna görə süni şəkildə  “Direktor Teatrı” kimi əndrabadi ideyadan dördəlli yapışıblar.

Ana Teatrda nələr baş verir?

Dövlət Akademik Milli Dram Teatrına direktor, bədii rəhbər və baş rejissor statusu ilə gələn Azərpaşa Nemətov 2015-ci ildən üzü bu yana ölkənin ana teatrında bir addım da olsa uğurlar edə bilmədi. “Teatr Xadimləri İttifaqı”nı yöntəmsiz şəkildə necə yönəldirsə, bu ənənəni Akademik Milli Dram Teatrında davam etdirdi. İnzibati amirlik metodu və Leonid Brejnevin mürgülü durğunluq düşüncə anlamına bağlı olan enerjisi gerçək sənət dəyərlərinə sarsıdıcı zərbəyə çevrildi. Özündən savayı kimsəni bu teatrda rejissor kimi görmək istəməmək mərəzi bütün bunlara yol açdı. Məgər məmləkətdə rejissor və dramaturq qıtlığı var? Azərpaşa Nemətovdan min dəfə canlı, zamanın ritmini ifadə edə biləcək, dolğun və bitkin əsərlərə can verə biləcək yeni nəsil rejissorlar var. Bu qocaman teatrın repertuarı sanki, “ölüm bürosu”nun məngənəsinə doğru sıxışdırılıb. “Ölülər”, “Vəsiyyət”, “Qürbətdən gələn məktublar”, “Xanuma”, “Qətibə İnanc”, “Manqurt”,
“Müfəttiş”, “Almaz”, “Mənim günahım”, “Cəhənnəm sakinləri”, “Şah Qacar”, “Boy çiçəyi”, “Xəcalət” və digər tamaşalar bu günün və zamanın ritmini özündə ehtiva edə bilmirlər. Kimya elmində deyildiyi kimi : “Doymuş məhluldan yenilik gözləmək olmaz”. Görkəmli Belorus rejissoru Pavel Rudnevin çox yaxşı bir fikri var: “Çağdaş teatr sözün və fikrin diktatoru statusuna əlvida deməlidir. Teatr düşüncə baxımından gəncləşdirilməyincə orada uğurlara imza atmaq qeyri mümkündüqr”. Bizim fikrimizcə çağdaş teatr xoreqrafik baxımdan zamanın ritminin estetik anlamlarını və potetikasını özündə ehtiva edərək yeni tamaşaçı kütləsini cəlb etməyi bacarmalıdır. Buna görə də, fərqli rejissor estetikası teatrın repertuar siyasətinin bir parçasına çevrilməlidir. Min dəfələrlə təəssüflər olsun ki, Azərpaşa Nemətov ötən üç il ərzində bunlara nail ola bilmədi. Süni şəkildə xarizmatik iddialar sərgiləməklə deyil, baxımlı və tutumlu əsərlərlə, tamaşalarla, fərqli rejissorların yorumları ilə teatr siyasətini yürütməli idi. Germenetik postmodern oyun üslubundan uzaq olan Azərpaşa Nemətovun quruluş verdiyi tamaşalar çağdaş teatr standartları  baxımından əsərlərin tipoloji dəyərini və onun mistik estetik biçimlərini sənətin enerjisinə çevrilmədi. Ona görə də XXI yüzilin bədii estetik, ritmik çalarları, duyumların yorumu və peşəkar sənət dili baxımından hipotezmin kültür prinsipləri yoxa çıxdı. Psixoloji, sosial və estetik determinant qavrayışlar itkinliyin bəlirsizliyində dəfn olundu. Teatr estetikası zamanın ruhunu ifadə etməkdə aciz duruma düşdü. Teatr sənətinin dialektikası emprik yükünü daşıya bilmədi.

Rədd olsun “Direktor Teatrı”

Bütün gəlişmiş ölkələrdə çağdaş teatr menecer-texnokrat düzəni sayəsində uğurlar əldə edir. Ancaq, bu o demək deyil ki, menecer-texnokrat istənilən teatrda diktatorcasına davranış nümayiş etdirsin. “Direktor Teatrı” anlayışını Azərbaycan teatrına pərçimləyən və indi istefaya göndərilən, mədəniyyət nazirliyinin tarixində ən uğursuz nazir müavini postunu məngirləmiş Ədalət Vəliyev tətbiq etmişdi. İnzibati amirlik metodu və hərbə-zorba düşüncə tərzi ilə və feodalcasına idarəetmə düzəni tamamilə teatr sənətinin məhvinə hesablanmış addım idi. Bütün teatrlara Ədalət Vəliyev öz hökmünü yeritmək üçün harada istedadsız aktyor var idisə, onları direktor vəzifəsinə təyin etmişdi. Çox təəssüflər olsun ki, mədəniyyət nazirliyindəki son kadr dəyişmələri sonucu olaraq, təkcə Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov istefaya göndərilib. Onun yerinə təyin olunan Naidə İsmayılzadə teatr təsərrüfatını bilən mütəxəssis sayılmır. Belə bir təyinat əslində çox uğursuz bir addımdır. Teatr haqqında mövcud qanunvericilikdə açıq şəkildə qeyd olunur ki: “Direktor menecer statusunu daşıyır”. Yəni teatrda səhnəyə qoyulan tamaşaların bilet satışını, qastrolları və festivallarda iştirakı təmin etməlidir. Fikrimizcə Ədalət Vəliyevin “Direktor Teatrı” ideyasına son qoyulmalıdır. Çünki, onun bu hədəfə söykəmli kadr siyasətinin sonucu olaraq, istedadsız və uğursuz aktyorları direktor təyin etməklə, onlar daim istedadlı rejissorlardan, dramaturqlardan və aktyorlardan “paxıllıq” və “qisas”  almaqla məşğul idilər. Buna misal kimi “Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrı”nı örnək göstərmək olar. Teatr və kinoda uğursuzluq sindormunu yaşamış İftixar Piriyevin “burada mənəm, Bağdadda kor xəlifə” anlamlı və 18 il ərzində xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova, Süleyman Nəcəfov, Tamella Abdullayeva, əməkdar artistlər Azər Axşam, Dilarə Əliyeva, Tünzalə Əliyeva, tanınmış aktyorlardan Midhət Aydın, Rəşad Səfərov, Mehman Dilqəmoğlu, Rada Nəsibova, Anar Babalı, Ramil Məmmədov, Könül Əbilova, Zəka Ziya, Günel İmanova, Əjdər Zeynalov, Elçin Hacı və başqaları 136 yaşlı bu qocaman teatrdan uzaqlaşdırılıblar. “Kollec” müəllimlərindən ibarət teatr siyasəti yürüdülüb. Bu ötən 18 il ərzində İftixar Piriyev “Direktor Teatrı” siyasəti əsasında bu qocaman sənəd ocağını dram dərnəyi səviyyəsinə endirməkdən savayı heç bir iş görməyibdir.
Bu gün Azərbaycan teatrının uğursuluz sindromunu yaşamasının gerçək üzü “Direktor Teatrı” siyasətidir. İstedadlı aktyorların sənət enerjisi arxasında gizlənməklə onlar özləri üçün “Şən Həyat Kolxozu” adlı komfortlu yaşam düzəni yaradıblar. “Rejissor Teatrı” isə tamamilə fərqli düzəndir. Faktiki olaraq, ölkənin bütün teatrlarında aktyorlar, rejissorlar, dramaturqlar və texniki heyət ən ağır həyat düzəni ilə 26 ildir çapalamaqdadırlar. Bircə dəfə də olsun onların sosial-maddi problemlərini həll etmək üçün mədəniyyət nazirliyi, nə də “Direktor Teatrı” adı altında inzibati amirlik metodu ilə sənət siyasəti yürüdənlər ağızlarına söz alıb danışmayıblar. Akademik statusu olmayan teatrlarda ən yuxarı maaş 191, ən aşağı maaş isə 120 manatdır. İndi Ədalət Vəliyevdən və onun dəstək verdiyi direktorlar zümrəsindən soruşmaq lazım idi ki, bunca maaşla gündə tamaşa oynayan aktyordan, rejissordan və texniki heyətdən hansı uğurları tələb etmək olardı? Elə buna görə də, Azərbaycan teatrı iflas durumuna gətirilmişdi. Mədəniyyət nazirliyində birbaşa teatr sahəsinə cavabdeh olan bürokratlar isə teatrların sayəsində özlərinə komfortlu həyat düzəni qurublar. Çünki, “Direktor Teatrı” siyasətini inzibati amirlik metodu ilə idarə etmək onların parazitcəsinə həyat mənbəyinə çevrilmişdi.

Yeni kadr siyasəti özünü doğruldacaqmı?

Ölkə prezidentinin son sərəncamı sayəsində mədəniyyət nazirliyində bir sıra kadr və struktur dəyişikliyi baş veribdir. Faktiki olaraq, teatr cameəsində azacıq da olsa ümidlər yaranıb. 26 illik nazir müavini Ədalət Vəliyevin tutduğu görəvdən uzaqlaşdırılması, inzibati amirlik metodu ilə idarəetmə siyasətinin durdurulması, rejissorlara, dramaturqlara və aktyorlara böyük ümidlər veribdir. Biz bir sənətşünas olaraq, 2016-cı ildən üzü bu yana ölkə KİV-lərində daim bu problemləri qabardırıq. Hətta Akademik Milli Dram Teatrının keçmiş rəhbərliyi bizi məhkəməyə də verdi. Sonucda bizim imzamız adı altında teatr ictimaiyyəti başarılar əldə etdilər. Azərpaşa Nemətov kimi uğursuz bir  rejissorun ölkənin ana teatrına rəhbər təyin olunmasını da ilk gündən qeyd etmişdik. Bu gün də həmin fikirdəyik.
Çağdaş teatr estetikası və yaradıcılıq mühiti özünü idenfikasiya və katarsis, əldə olunan uğurların dinamik perfomansı ilə dəyərləndirilir. Bunun üçün ilk öncə teatrdaxili durumun yenilənməsi çox vacibdir. Ədalət Vəliyevin apardığı “Direktor Teatrı” siyasətinin sonucu olaraq, ötən 26 ildə gənc və istedadlı dramaturqlar, rejissorlar və aktyorlar nəsli demək olar ki, yetişmədi. Gəncliyin üzünə bütün qapılar bağlı qaldı. Halbuki teatr sənəti tarix boyu cəmiyyətin dinamik şəkildə inkişafının “Altun Ortamı” hesab olunub. Bu gün ölkə iqtisadiyyatı və siyasəti dünya birliyi ilə faktiki olaraq, çox böyük sürətlə inteqrasiyaya üz tutub. Bu alqışlanılası prosesi teatr və kino sənətimizdə görmürük. Mədəniyyətimizi irəli aparmaq üçün yetərincə kadr potensialımız vardır. Əgər “Direktor Teatrı” adlı əndrabadi düzənlə mədəniyyətimizə dəyər versək, heç əyalət səviyyəsində belə, inkişaf yolumuz olmayacaq. Bunun üçün də “Rejissor Teatrı” anlayışı rəsmi status qazanmalıdır. Gənc dramaturqların, rejissorların və aktyorların sosial-maddi imkanlarına dəstək verilməlidir.

Bütün teatrların nəzdində “Teatr Studiya”larının inkişafına təkan verilməlidir. İldə bir neçə dəfə teatr festivalları keçirilməlidir. Teatrların uğurlu tamaşalarından əldə olunan gəlir həmin əsərlərdə iştirak edən yaradıcı və texniki heyətə maaşları həcmində əlavə mükafatlar verilməlidir.
Bütün yüzilliklərin öz yaşam fəlsəfəsi olur. XXI yüzilliyin standartı isə, sinergetik düzənlə gündəmdədir. Kimsəni indi aldatmaq, yalan demək mümkün deyil. Vizual aləm demək olar ki, virtual dünyaya uduzmaqdadır. Ona görə də cəmiyyətlə daha dinamik şəkildə və bir ortamda olmanın başlıca sirri gerçək sənət siyasətinin düzgün qurulmasına bağlıdır. Biz buna görə “Direktor Teatrı” siyasətinə və onu idarə edən nomenklaturaya qarşı uzun zamandır dirənişlər göstəririk. Heç kimin ixtiyarı yoxdur ki, xalqımızın ədəbi, bədii-estetik zövqünü özünün gerizəkalı anlamları içində əzib məhv etsin. XXI yüzil dinamik düzənlə gəlişən texniki tərəqqinin bir parçasıdır. İnformatik innovasiyalar bu prosesin döyünən ürəyidir. Kültürün, estetik qavramların, bədii yorumların dinamizmi də tamamilə dəyişib. Belə bir axarla uzlaşa bilməyən toplumlar gerizəkalı həyat düzəni içində itib-batacaqlar. Kim istəyirsə, dünyanın kültür xəritəsinə diqqətlə baxsın. Hər şey orada çılpaqlığı ilə hamının gözü qarşısındadır. Dövlətini və mənsub olduğu milləti sevən istənilən sənət adamı ulusal kültür düzənində xəyanətlərdə bulunmaz. Unutmaq olmaz ki, stalinizm, elə brejnevizm çoxdan tarixin zibilliyinə gömülüb. Bu başarını zamanın ritmi və estetik bədii qavramları həyata keçirdi. Tarixdən və zamandan ibrət götürmək isə heç bir zaman gec deyil.

Ənvər Börüsoy,
sənətşünas
Xudaferin.eu

22:38