2019-cu ildə Güney Qafqazda gözləntilər

2018-ci il arxda qaldı. 2019-cu ildə ötən ildən miras qalmış yeni proseslər faktiki olaraq, bu dəfə yeni məzmunda davam edəcəkdir. Bunun əsas səbəblərindən biri də ilk dəfə olaraq, Gürcüstan parlamentində Rusiya yönlü deputat fraksiyasının tamamilə iflasa uğraması, Ermənistanda ilk dəfə olaraq Batı yönlü yeni bir iqtidarın güclənməsi, eyni zamanda Azərbaycanın TransQafqaz və TransXəzər məsələsində mövqelərinin güclü olması ilə müşahidə ediləcəkdir. Ötən il Güney Qafqazın bu üç ölkəsində prezident seçkilərinin keçirilməsi də məhz buna xidmət edibdir.

 

Gürcüstan parlamentindəki rus yönlü fraksiya dağılır

Gürcüstan parlamentinin deputatı David Çiçinadze Vətənpərvərlər Alyansı Fraksiyasını yaz sessiyasının başlanmasından sonra tərk etmək niyyətindədir. Bunu jurnalistlərə açıqlamasında Çiçinadzenin özü deyib. “Əvvəldən razılaşdırılmışdı ki, mən fraksiyaya müvəqqəti əsaslarla daxil oluram. Yaz sesiyası başlayandan sonra Vətənpərvərlər Alyansı Fraksiyasından çıxacağam”, – deyə o bildirib. Çiçinadze iki ay əvvəl fraksiyanın altıncı üzvü olaraq, onun ləğvinin qarşısını alıb. Əgər fraksiya Çiçinadzenin çıxışından sonra özünə yeni üzv tapa bilməsə, o zaman dağılmalı olacaq.
Fransa doğumlu diplomat Salome Zurabişvilinin prezident seçilməsi əslində milli dövlət modeli və qlobal siyasət tərəfdarlarının arasında uzun müddətdir yaşanılan gərginliyin sonucu kimi dəyərləndirilməlidir. Rəsmi milyader Bdzina İvanişvilinin manevrlər edərək bu prosesdən qalib çıxmaq üçün bu addımlar atması da bütün suallara nöqtə qoyulması kimi başa düşülməlidir. Çünki, bölgədə balansı qorumaq üçün yenidən parlament idarə etmə düzəninə keçildi. Artıq prezidentin təkbaşına amiranə şəkildə hökmlər vermək kimi hüdudsuz səlahiyyətləri yoxdur. Bununla yanaşı, ölkə Batı yönlü prioritetlərini inkişaf etdirməkdə israrlı olacaq. Prezident seçkilərinin qaynar vaxtı ölkə əhalisinin 600 min nəfərinin banklara olan kredit borclarının silinməsi “Gürcü Diləyi” hərəkatının nüfuzunu kasıb insanlar arasında artmasına səbəb oldu. Faktiki olaraq seçkiləri “Kart Bank” qazandı. Gürcüstana ötən il ərzində 8.5 milyon turistin gəlməsi Beynəlxalq Valyuta Fondunun heyrətinə səbəb olduğu üçün, bu ölkədə mikroiqtisadi layihələrlə yanaşı, həm də makroiqtisadi prosesə ilk dəfə dəstək verilməsi böyük bir olaydır. Bunun əsas səbəbi isə 2018-ci ildə 162 ölkə arasında iqtisadi azadlıqlar reytinq cədvəlində Gürcüstanın 7-ci yeri tutmasıdır. Halbuki, Azərbaycan bu siyahıda 87-ci, Ermənistan isə 106-cı yeri tutur.   
Gürcüstanda iqtisadi azadlıqların demokratik təməl prinsiplər əsasında inkişafına görə bu ölkədə perspektivli biznes həm ölkə, həm də xarici yatırımçıların maraqlarına uyğun şəkildədir. Artıq beynəlxalq maliyyə strukturları bu ölkəyə yatırım qoymaqda “risqlərdən” sığortalanmış durumdadırlar. Ölkənin etnik bölücülük adı altında Rusiyanın himayəsində olan “Abxaziya” və “Güney Osetiya” son üç ildə ən ağır şərtlər içində yaşamaq zorunda qalıblar. Əgər bu iki bölücü bölgədən Rusiyanın hərbi birlikləri çıxarsa, yerli əhali dərhal Gürcüstana birləşmək tələbi ilə üsyana qalxa bilər. Kreml bu iki bölücü bölgədəki rejimi 28 ildir “yemləsə” də xalqlar artıq öz gələcək aqibıtlərini Rusiyanın tərkibində olmaqda görmürlər. Səfalət içində boğulan abxaz və osetin xalqlarının əksər ziyalıları bu gerçəyi etiraf etməyə başlayıblar. Gürcüstan isə Rusiya ilə ötən illərdən fərqli olaraq iqtisadi
münasibətlərini sağlam təməllər üzərində qurmağ hədəf seçibdir. 2002-ci ildə bu qonşu ölkədə başlayan siyasi, iqtisadi, ictimai və hüquqi islahatların məqsədi dotasiyalı bölgə statusuna birdəfəlik əlvida deməkdir. Turizm və turizm sənayesi ilə yanaşı, yerli xammal sayəsində yeni istehsal vasitələrinin qurulması rəsmi Tiflisin strateji hədəflərindən biri sayılır. 2019-cu ilin prioritetlərindən biri də məhz budur. Ona görə də Beynəlxalq Valtuya Fondu və Dünya Bankı ilə birlikdə yeni sənayeləşmə proyektlərinə üz tutmağa başlayıb. Bunun üçün bazar münasibətlərinin inkişafına isə xüsusi önəm verilməsi yönündə bir sıra təkliflərlə çıxış etməyə başlayıbdır.

Üzünü Batıya tuşlayan Ermənistan

Bu ölkənin ana müxalifətinin lideri Nikol Paşinyan əslində bütün dünya ermənilərinin strateji maraqları çərçivəsində iqtidara gələ bildi. Bu, “Ermənistanın coğrafi baxımdan qurtuluşununun təmin edilməsi” doktrinası deməkdir. Beş milyonluq Ermənistanda bu gün faktiki olaraq, 1.5 milyon əhali yaşamqdadır. Tədricən “ermənisiz Ermənistan” modelinin ortaya çıxması dünya ermənilərini ciddi şəkildə narahat edən amillərdən biri hesab olunur. Beynəlxalq birliyin Ermənistana marağını artırmaq üçün 1998-ci ildə hərbi çevriliş edərək iqtidara gələn “Hərbi Xunta”nın devrilməsi və sonucda “demokratik bir rejim” ideyası ilə “Ermənistanın xilası” dünya ermənilərinin “effektiv təsir” modeli kimi təlqin edilməyə başladı. Beləliklə də həbri xuntanın son lideri Serj Sərkisyanın yanında yer alan “dəbdəbə generalları” hakimiyyətdən devrildilər. Nikol Paşinyan Batı yönlü siyasətini şouya çevirmək üçün hətta “Qarabağ müharibəsi”nə görə Ermənistanın milli qəhrəmanına çevrilmiş şəxsləri həbsxanaya atdı. Bununla yanaşı, Rusiya ilə “soyuq” münasibətlər siyasətini də sərgiləməyi unutmadı. İrəvan rəsmiləri Azərbaycanın 28 ildir irəli sürdüyü “qonşularla prioritet münasibət” taktikasından yararlanmaq kimi addımları atmağa başladı. Yəni, Rusiya, İran, Türkiyə və Gürcüstanla ortaq ilişkilər çərçivəsində uzlaşma nöqtələrinə sahib çıxmaq hədəfini ortaya qoydu. İrəvanda iqtidara gələn yeni hökumət Ermənistanın İran, Türkiyə və Gürcüstanla sərhədlərini Rusiyanın Sərhəd Qoşunlarının deyil, ilk dəfə olaraq yerli sərhəd xidmətinin olması ideyasını irəli sürdü. Rusiya isə Ermənistana verdiyi təbii yanacaq qazının hər kub metrini 150 dollardan 165 dollara qaldırdı. Faktiki olaraq dotasiyalı Ermənistana bundan sonra, Rusiya tərəfindən hər hansı bir iqtisadi və maliyyə güzəştləri olmayacaq. Ermənistan iqtisadi və maliyyə problemlərini həll etmək üçün kazino biznesi, dağ-mədən, kənd təsərrüfatı, xidmət sektorunda islahatlar aparmaq siqmenti ilə yaranmış iqtisadi problemləri həll etməyə çalışır. Təbii olaraq indiki məqamda dünyanın heç bir bankı, xarici yatırımçıları bu ölkə ilə münasibətlərə isti yanaşmırlar. Ermənistan maliyyə nazirliyinin də etiraf etdiyi kimi 2019-cu il üçün xarici borcların 490 milyon dollara qədər artacaqdır. Bu da ümumi daxili gəlirin 50 faizi deməkdir. Ermənistan ayaqda qalmaq üçün 2019-cu il üçün Rusiyadan 343 milyon dollar, Asiya İnkişaf Bankından 53.1 milyon dollar, Beynəlxalq İnkişaf Bankından 50 milyon dollar kredit gögtürməyi planlaşdırıbdır. Beləliklə də 2019-cu il üçün azından təqaüdçülərin aylıq əmək haqlarının 50 dollara qədər yaxınlaşdırılması proqnozlaşdırılıbdır.    
2019-cu ilin mart ayına kimi Nikola Paşinyan hakimiyyətdəki dayaqlarını gücləndirə bilərsə, bu dəfə etnik separatizm qaydaları ilə idarə olunan qondarma “Dağlıq Qarabağ” rejimini, hərbi xuntanın dayaqlarını çökdürməyə çalışacaqdır. Ona görə ki, TransQafqaz layihələrində Ermənistanın da ilk dəfə olaraq iştirak etməsi bu ölkənin nicat yolu kimi dəyərləndirilməsi artıq erməni politoloqlarının etiraflarında yer alan mövzulardan biridir. Bu gün beynəlxalq birliyin marağında olan əsas məsələ Orta Doğuda terrorizmə dəstək verən ölkələrin qarşısının alınmasıdır. Kimsəyə sirr deyil ki, İran Orta Doğuda terrora dəstək əsas güc mərkəzi hesab olunur. Ermənistanın İranla qonşu olması və bu gün üzünü Batıya tərəf tutması Tehran rejiminin sınırlarının daraldılması deməkdir. Erməni tərəfinin bu projenin yanında yer alaması İranın Güney Qafqaza qarşı təsir imkanlarının iflasa uğradılması deməkdir. Bütün bunları diqqətlə izləyən İran ayətullahlarının idarə etdiyi molla rejimi Ermənistanla münasibətlərdə güzəştli iqtisadi layihələri təklif etməyə başlayıbdır. Halbuki, Tehran rejimi uzun illərdir vəd etdiyi dəmir yolunun açılması, təbii yanacaq qazının və elektrik enerjisinin, sənaye və gündəlik tələbat mallarının ucuz qiymətə satılacağı vədləri hələ də öz həllini tapmayıbdır. Faktiki olaraq, İran molla rejimi Ermənistanı aldadıbdır. Nikola Paşinyanın Tehrana son sıfərində də bu məsələlər bir daha qabardılsa da, heç bir nəticə olmayıb. 28 ildir davam edən yağlı vədlər havada qalıb. Üzünü Batıya tuşlayan Ermənistan oradan nicat gözləyir. Batı isə Ermənistandakı demokratik islahatlara görə addım atacağını bildiribdir.

Demokratiyaya möhtac olan Azərbaycan

Batı ölkələri çox yaxşı dərk edirlər ki, Güney Qafqazda stabilliyin yolu demokratiyadan keçir. Gürcüstan dışında Ermənistan və Azərbaycanda demokratiya yoxdur. Hərbi xunta Ermənistanda son 20 ildə hansı fəsadları törədibsə, Azərbaycanda keçmiş kommunist partiyasının və onun yandaşlarının 25 illik iqtidarı dönəmində demokratiya demək olar ki, “Şəhidlər Xiyabanı”nda dəfn olunubdur. Bunu adicə gündəlik yerli televiziya kanalları sayəsində müşahidə etmək ən bəsit faktlardan biridir. Nəinki müxalifətə, heç alternativ düşüncəyə belə, yerli televiziya kanallarında tabu qoyulub. Bölgənin təhlükəsizliyi və sabitliyi adı altında 25 ildir YAP hakimiyyəti adicə bələdiyyə seçkilərini belə inhisara alıbdır. Sərbəst toplaşmaq haqqında qanun isə Xəzər dənizinin dibinə gömülüb. Hərbi polis rejimini xatırladan Azərbaycanda demokratik fikirlər sadəcə xaricə miqrasiya etmək zorunda qalanların çıxışlarında dilə gətirilir. Neft-qaz sektorunun ümidinə qalmış ölkədə yerliu sənayenin inkişafı daha çox “qara bazar” qaydaları ilə idarə olunur. Son illər ölkə iqtisadiyyatını diz üstə çökdürmüş oliqarxların talan etdikləri sərvət haqqında bir dəfə də olsun şəffaflıq hakimiyyət tərəfindən etiraf olunmayıb. Ermənlər və gürcülərdən fərqli olaraq Azərbaycanda təqaüdçülərin aylıq maaşları üç dəfə çox olsa da, bütün bunlar dəlalət etmir ki, ölkə inkişaf yolundadır.
Azərbaycan 28 illik dövlət müstəqilliyi dönəmində 1995-ci il beynəlxalq neft müqaviləsi ilə yanaşı, 2018-ci ildə ilk dəfə olaraq Xəzər dənizinin su hövzəsinin qonşu ölkələrlə sərhədlərinin müəyyənləşdirilməsində çox böyük uğur əldə edibdir. 2019-cu ilin mart ayına Xəzər dənizinin dibinin bölüşdürülməsi yönündə qələbə çala bilsə, Azərbaycan nəinki Güney Qafqaz və ya Xəzərətrafı ölkələrlə, beynəlxalq miqyasda aparıcı gücə çevrilən bölgə kimi diqqət mərkəzində olacaqdır. İqtisadi baxımdan böyük gəlir mənbəyi əldə etmək heç də o demək deyil ki, Azərbaycan sürətlə inkişaf edən dövlət modeli ilə öyünsün. Əsas məsələ demokratiyanın inkişafıdır. Orta Doğuda 90 ildir yaşanılanları nəzərə almaq gərəkdir. Orta Doğunun zəngin ölkələri diktatura qanunları ilə idarə olunduğu üçün, hər hansı bir terror eyləmi, ya da əhalinin ayağa qalxması sayəsində bütün inkişaf məsələləri ən adi xarabağlığa çevrilir. Demokratiya isə bütün uğurların əsas təminatıdır. “Feodal-patriarxal” düşüncə ilə idarə oluna  ölkələrdə demokratiyanın olmaması ucbatından sonucda bu gün xarabağlığa çevrilmiş Misir, İraq, Suriya, Yəmən, Oman, Sudan, Nigeriya və sair ölkələrin aqibəti gündəmə gəlir. Bütün bunları nəzərə alaraq Azərbaycan iqtidarı addım-addım demokratik proseslərə üz tutmalıdır. Allternativ fikir və düşüncələr yasaq edilməməlidir, boğulmamalıdır, təqib olunmamalıdır. Qarabağ probleminin həlli yolu da demokratiyadan keçir. Rusiya Estoniya, Latviya və Litva kimi balaca ölkələri yenidən nəzarətinə na görə ala bilmədi ki, həmin ölkələrdə demokratiya ön sırada yer aldı. Beynəlxalq birlik Gürcüstana ona görə dəstək verir ki, demokratiya bu ölkə üçün dövlət siyasətinin atributuna eçvrilib.
Azərbaycan Milli Məclisinin üzvü olan deputatların çıxışları, onların xalqa “milçək-ditdili” gözündə baxması və aşağlayıcı tərzdə fikirlərini dilə gətirməsi ən böyük şərəfsizlikdir.  Onların sosial şəbəkələrdə əhali tərəfindən sərt şəkildə qınağa çevrilməsi dediklərimizin həqiqət olduğunu isbat edir. Əfəndilər!.. Zaman dəyişib. Sizlər də dəyişməlisiniz. Bu gözəl ölkənin var-dövləti sayəsində uca məqamlara yetiş, həm də ona aşağılayıcı tərzdə yanaş. Bu haqqı-hüququ kim verib sizlərə?
Güney Qafqazdakı prosesləri anlatmağa çalışdıq. Aşağı-yuxarı, baş verənlərin haraya və hansı məcrada üzünü tutduğunu dilə gətirdik. Vətəndaş cəmiyyəti siyasətinə üz tutmuş olsaq, Azərbaycan gerçəkdən çiçəklənən bir məmləkət olar. Onu da unutmayın ki, bizlər XV yüzildə deyil, XXI yüzildə və onun standartları çərçivəsində yaşayırıq.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

 

11:00