İftixar Piriyev rəzaləti İrəvan teatrında davam edir

Öncələr Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor İftixar Piriyevin apardığı rəzalətə dözməyərək işdən “könüllü” şəkildə ərizə yazaraq gedən sənət adamlarına görə bircə dəfə də olsun MTN və nazir Əbülfəs Qarayev bircə dəfə də olsun reaksiya verməyib. Çünki, keçmiş komsomolçu və kommunist partiyasının kommunyak düşüncə tərzi ilə idarəetmə siyasətindən savayı heç nə bilməyən Əbülfəs Qarayevin nə mədəniyyətdən, nə də sənətdən başı çıxmır. Onun üçün fərqi yoxdur harada işləyir. Təki vəzifə olsun, insanların taleyi, özəlliklə mədəniyyətimizin inkişaf yolları onu ilgiləndirməyib və o bu vəzifədə oturduqca durum beləcə davam edəcək.

İrəvan Teatrından ikinci dəfə “qaçqın” düşən ünlü sənətçinin acı hekayəsi

Əjdər Zeynalov çox erkən yaşlarından İrəvanda bu teatra üz tutmuş və burada ilk əmək fəaliyyətinə başlamışdır. Daha sonra teatrın təqdimatı ilə Bakıya gəlmiş və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Buranı bitirdikdən sonra, ən ağır illərdə İrəvana dönmüş və teatra olan sevgisini davam etdirmişdir. 1988-ci ildə Ermənistanda faşizm və antitürk siyasətinin sonucu olaraq, soydaşlarımızın deportasiyası zamanı Əjdər Zeynalov və teatrın özü də Azərbaycana köçmüşlər. O dönəmdən indiyə kimi Əjdər Zeynalov düz 30 ildir bu teatrda çalışıb. 17 ildir 138 illik yaşlı bu qocaman sənət məbədinə direktorluq edən İftixar Piriyevin apardığı bütün rəzalətlərə sinə gərərək dözürdü. Sənətin naminə və çox sevdiyi teatra görə. Budur, həyatı boyu aktyor, rejissor, dramaturq, xoreqraf, inzibatçı, direktor, ən nəhayət şair kimi özünü isbat edə bilməyən, daha doğrusu “hərşeyşünas”lıq həvəsi ilə alışıb-yanan İftixar Piriyev şəxsən bu teatrın ən stajlı aktyorunu, İrəvandakı teatr sənətini Bakıda davam etdirən Əjdər Zeynalovu əmrlə işdən çıxardı. Bilənlər bilir. Əjdər bəyin ailəsi böyükdür və təkbaşına alnının təri ilə bütün yük onun çiyinləri üstündədir.

O, ailəsinin və şəxsi həyatının dərdlərindən danışmasa da, gözləri daim gülər olsa da, qəlbinin dərinliyindəki əzablarının tablosunu duymamaq mümkün deyil. İnsanın nə dediyini deyil, nəyi deyə bilmədiyini bizlər görə bildiyimiz üçün onun məşəqqətlərinə məlhəm olmağa çalışırıq. Bəs direktor İftixar Piriyev? Əsla!.. Ona görə ki, həyatı boyu hansısa karyeranın zirvəsinə bürokratcasına ucalmaq, hamıya qarşı öfkə ilə, rəzalətli davranmaq onun şüuraltı qayəsinin bir parçası olubdur. Akademik Milli Dram Teatrında, Tiflis Dövlət Azərbaycan Teatrında və 17 ildir diktatorluq etdiyi İrəvan Teatrında onunla birgə çalışmış hər kəs bunu təsdiq edə bilər. Biz dəfələrlə onun apardığı rəzalətdən yazsaq da, MTN və şəxsən nazir Əbülfəs Qarayev buna son qoymaq əvəzinə, İftixar Piriyevin “pirrr... siyasəti”nin yanında yer almaqda davam etdi. Bu il sentyabrın 28-də İrəvan Teatrında MTN komissiyasının apardığı növbəti yoxlamalara müəyyən qədər vicdanla yanaşaraq sonucda İftixar Piriyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verdi. Halbuki, komissiya mətbuatda İftixar Piriyevin əməllərini ifşa edən mövzulara toxunmalı idi. Teatrın binası illərdir nədən və nə üçün qəzalı duruma düşüb? Teatrı Türkiyəyə günlərlə qastrol səfərinə apararaq, aktyorların və texniki işçilərin ezamiyyə xərclərinin nə üçün verilmədiyini üzə çıxartmalı idi. Teatrda mövcud olan “ölü canlar” haqqında araşdırma aparmalı idi. İftixar Piriyevin mərhum prezident və 24 ildir hakimiyyətdə olan YAP-ın əbədi lideri Heydər Əliyev haqqında yazdığı və bədii cəhətdən cılız pyesləri hansı statusla tamaşaya qoyduğunu incələməli idi. Teatrın binası sayəsində kirayə verilən məkanlardan əldə olunan gəlirlərin üstü açılmalı idi. Əjdər Zeynalov bu teatrın ən stajlı və aparıcı aktyoru kimi İftixar Piriyevin rəzalətinə qarşı çıxırdı. Buna görə məcbur olub mətbuatda bu barədə açıqlamalar verirdi. Nə vaxtdan rəzaləti tənqid etmək və bunu görməməzliyə vurmaq cinayət sayılmır? Bunu MTN-dəki piylənmiş qafalar heç zaman dərk edə bilməz. Çünki, onlar “al gülüm-ver gülüm” təfəkkürü ilə ölkənin mədəniyyət və teatr siyasətini yürüdürlər. Ona görə də teatrlarda istedadsız aktyorların direktor siyasəti rəzalətə çevrilib. Biz də bu fakta söykənərək, neçə ildir bu rəzalətə son qoyulmasını istəyirik.


 

“Kolxoz-sovxoz” təfəkkürü və stalinizm

MTN naziri Əbülfəs Qarayevin işi özəl sektroda öz zəhməti ilə hotel tikənlərə lisenziya verməkdir. Bizim fikrimizcə onun üçün ayrıca “lisenziya şirkəti” yaratmaqla bu sahəni onun monopoliyasına vermək daha doğru olardı. Qoy mədəniyyət siyasətinə başı çıxan peşəkar birisini təyin etsinlər və sorunlar da öz çözümünü bulsun. Teatrlara “kolxoz-sovxoz” çağının təfəkkürü ilə yanaşanları direktor təyin etmək tamamilə yalnışdır. Elə bil ki, bizlər hələ də stalinizm çağını yaşayırıq. Kim buna inanmırsa, gedib Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin 2 oktyabr 2017-ci ildə imzaladığı 82 saylı əmrini oxusun. Çünki, bu sənəd əmrdən daha çox, məhkəmə qərarına bənzəyir. Ona görə ki, əmr məhkəmə hökmünün üslubunda yazılıb. Sonuncu dəfə bu üslubda əmrlər bir başa “ellər atası” İosif Stalnizmin sərt repressiya illərində mövcud olubdur.
Bəs bu qocaman teatrın ən stajlı və aparıcı aktyoru Əjdər Zeynalov nəyin üstündə işdən çıxarılıb? Bunu İftixar Piriyevin “pirrrrr” əmrində aydın şəkildə görmək mümkündür. Orada qeyd olunur ki, Əjdər bəy işə 14 dəqiqə gecikibdir. Bundan öncə isə, sentyabr ayının 25-də işə 30 dəqiqə gecikib. Sentyabrın 30-da bu “fakt”a görə Əjdər bəyə İftixar Piriyevin “pirrr”li töhməti verilib. Nəyə görə aradan 5 gün keçəndən sonra, töhmət yazılıb? Bunun tək cavabı Əjdər Zeynalovun İftixar Piriyevin yarıtmaz fəaliyyəti barəsində ölkə KİV-lərinə müsahibə verməsindədir. Teatrın keçmiş baş rejissoru Oruc Qurbanovun müqavilə müddəti bitdiyi üçün İftixar Piriyev ikili standartları işə salmaq istəyirdi. Bu, həm teatrın direktoru, həm də bədii rəhbəri olmaq iddiası idi. Bununla yanaşı, ehtiyat variant kimi əlaltısı olacaq yeni baş rejissor axtarışına da çıxmışdı. Ölkə mətbuatında onun bu siyasətini tənqid edən çoxsaylı yazılardan sonra, bütün hədəfləri puça çıxdı. Ona görə də öncə teatrın gənc aktyorlarından biri olan Elçin Hacıya qarşı qadınları irəli verməklə bir sıra provakasiyaları gündəmə gətirdi. Bu dəfə də İftixar Piriyevin “pırrr planı” baş tutmadı. Sonucda stalnizmin metoduna üz tutdu. Bu, “kolxoz-sovxoz” dönəmindən miras qalmış “kollektiv onu istəmir” ideyası idi. Öncə Əjdər Zeynalovu işdən çıxarmaq, bunun ardınca isə, teatrın süpürgəçisi, mühafizəçisi, qarderobu, digər texniki işçiləri və yalaqlıqla baş girləyən bəzi aktyorları cəlb edərək “kollektiv Əjdər Zeynalovu istəmir” tezisini irəli sürdü. Halbuki, bütün bunlar indiki əmək qanunvericiliyinə qarşı tamamilə ziddir. İftixar Piriyevin “pirrrr əmri”ndəki qüsurlar isə əsil məzhəkədir. Belə ki,  əmr qanuni sənəd olduğu üçün blankda yazılmalıdır. Bununla yanaşı, əmrin yazıldığı sənəddə nə möhür, nə də ştamp yoxdur. Əmrdə daha çox məhkəmələrdə olduğu kimi, izahatlara geniş yer verilmişdir. Bütü bunlar sübut edir ki, İftixar Piriyevin heç direktorun səlahiyyətlərindən xəbəri yoxdur. O zaman sual olunur ki, 17 ildir bu dövlət müəssisəsini hansı prinsiplə idarə edib? Əmrdəki əndrabadi cümlələrdən birini oxucularımızla tanış etmək daha məqsədə uyğundur: “Son dövrlər Əjdər Zeynalov sosial şəbəkələrdə teatrın nüfuzunu aşağı salacaq fikirlər söyləmiş. Kollketivə qarşı heç bir əsası olmayan fikirlər söyləmişdir”. Əslində Əjdər Zeynalov teatrın direktoru İftixar Piriyevin qanunsuz əməllərini tənqid edib. Həmin açıqlamalarda açıq şəkildə qeyd olunub ki, İftixar Piriyev daim kollektivin üzvlərini istədiyi kimi təhqir edir. Teatrın istedadlı aktyorlarını işdən çıxmağa məcbur edir. Aktyorluq sənətinə aidiyyatı olmayan və gimnaziya müəllimlərini aktyor ştatında işə götürür. Teatrda rejissorların işinə yersiz müdaxilələr edir. Özünün yazdığı cılız və dayaz pyeslərini zorla tamaşaya qoydurur. Bu da öz növbəsində teatrın tarixi nüfuzunu heçə endirir. Faktiki olaraq, teatrı “xəkəndaz truppası”na çevirib. Onun belə bir siyasətinə qarşı olanlar isə, daim sərt repressiyalarla üzləşirlər.
Ünlü belorus teatr tənqidçisi Pavel Rudnevin çox yaxşı sözü var: “Çağdaş teatr sənəti hökm verməyi qəbul etmir. Ona görə də nəsillər arasında kəskin şəkildə qarşıdurmalar yaşanılır. İnzibati amirlik Sovetlər Birliyi ilə birlikdə çökdü. Bunu birdəfəlik anlamaq gərəkdir. Dəhşət saçan monstr qafası ilə teatr irəli gedə bilməz. Teatrlara yeni status verilməli və sənətin bütün azadlıqları orada yer tutmalıdır. Bu olmasa, teatr öz ölüm hökmünü vermiş olur. İndi dünya teatrları “environment” prinsipləri üzərində qurulub. Bunu görməzlikdən gəlmək isə, teatr sənətinə baxışların nə qədər geridə qaldığını isbat edir”.


 

“Presedent” qorxusu

Bu gün ölkə teatrlarının demək olar ki, çoxunda MTN tərəfindən təyin edilmiş direktorların yarıtmaz fəaliyyətini ört-basdır etmək üçün bürokratcasına bir ideya irəli sürülüb. Guya hər hansı bir teatrda kollektiv və ya aparıcı sənətkarlar direktorun cinayətlərini və ya yarıtmaz işlərini üzə çıxarmaqla həmin direktorları işdən azad etmək heç də doğru hal deyil. MTN-də yuva salmış bürokratlar bunu onunla əlaqələndirilər ki, sabah bu, ölkə boyu “presedent”ə çevrilə bilər. Guya gözəlim məmləkətdə xaos yaranar. Bu, heç də belə deyil. Yarıtmaz kadrlardan bütövlükdə Azərbaycan xilas olmalıdır. Onlar gənə kimi məmləkətin canına daraşıb bütün sahələrdə bəşəri inkişafın qarşısını alırlar. Onları sadəcə ilgiləndirən özlərinin şəxsi mənfəətləridir. Sabiq Milli Təhlükəsizlik nazirliyini və Beynəlxalq Bankı idarə edənlər bunun bariz örnəyidir. MTN (mədəniyyət və turizm nazirliyi) də min dəfələlərlə təəssülər olsun ki, həmin aqibəti yaşayır. Faktiki olaraq, ölkə teatrlarında teatr prosesləri ötən yüzilin düşüncəsinin məngənəsindən xilas ola bilmir. Çünki, teatrlara “kolxoz-sovxoz” düşüncə tərzi hələ də davam edir. Direktorlar üçün teatrlar daha çox “Şən Həyat Kolxozu”na çevrilib.
Çağdaş teatr sənəti riyazi incəsənətin bir sahəsinə çevrilməklə yanaşı, “katarsis” olmaqdan özünü qurtarmağa çalışır. İntellektual incəsənətin yeni janrları yaranır. Bu, həm də XXI yüzilin standartı deməkdir. Min dəfələrlə təəssüflər olsun ki, MTN və onun direktorlar ordusu ədəbi tənqidi ədəbi məddahlığa çeviriblər. Teatr sənətinin indi yaşadığı dərin problemlərin anatomiyası bundan ibarətdir. Teatrın inkişafının elmi-nəzəri aspektləri gündəmə gətirilmir. İrəvan Teatrında işləyən və direktor İftixar Piriyevin yarıtmaz fəaliyyətinin sonucunda işdən çıxmağa məcbur olan xalq artistləri: Esmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlardan Mehman Piriyev, Rəşad Səfərov, Müdhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva,  Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqa istedadlı aktyorlarla ilgili MTN və şəxsən nazir Əbülfəs Qarayev bircə dəfə də olsun ilgilənmədi.  Sentyabrda teatrın aparıcı aktyorlarından Ayşən Mirzəzadə, Məryəm Qələndərova və Əhliman Ərşadlı işdən çıxdılar. İftixar Piriyevin bu qocaman məbədi dram dərnəyi səviyyəsinə endirmək təfəkkürünün sonucu olaraq akkord kimi Əjdər Zeynalovu işdən çıxartmaqla damğasını vurdu. Biz öncələr də yazmışdıq ki, İftixar Piriyev ermənilərin strateji hədəflərində olduğu kimi, İrəvanımızın maddi-mədəni yadigarı “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı”nı tamamilə məhv etmək planına bənzər addımlar atır. Bəlkə də özü bunun heç fərqində deyil. O da bəllidir ki, onun inzibati-amirlik metodu ilə teatrı idarə etməsi tamamilə yalnışdır və MTN-nin kadr siyasətinin uğursuzluğunun bəlası deməkdir. 
İftixar Piriyevin intiqam alırmış kimi yarıtmaz fəaliyyətini və istedadsızlığını gizlətmək üçün ünlü sənətçi Əjdər Zeynalovu işdən qovdurub. Özü də kimin əli ilə? Teatrın truppa müdiri və həmyerlisi, aktrisa kimi uğursuzluq sindromundan çıxa bilməyən Ümidvar Nemətovanın hazırladığı (direktorun diktəsi ilə) arayışlar əsasında. Əjdər Zeynalov guya əmək intizamını pozub. O, düz 30 ildir bu teatrda həyatını qoyub. Bircə dəfə də olsun Əjdər bəydən şikayət edən olmayıb. Onun son illərdə yaradıcılığının zirvəsi olan bir sıra milli televiziya seriallarındakı rolları sübut edir ki, bu istedadlı aktyoru teatrdan hansısa istedadsız direktorun hikkəsi, öfkəsi və kin-küdurəti ilə uzaqlaşdırmaq İrəvan teatrının sonunun yaxınlaşmasına bir işarədir. Ötən yüzilin 30-cu illərində olduğu kimi, aktyorları məcbur edərək “üzəduranlıq” və ya “işverənlik” üçün Əjdər Zeynalova qarşı qoymaq da İftixar Piriyevin “pirrrr planları”nın tərkib hissəsidir. Bütün bunlara dözmək də olar. İtirən böyük tarixi ənənələri olan qocaman mədəniyyət ocağı olacaqdır. MTN və onun başında oturanlar bunun fərqindədirlərmi? Görəsən bu teatrda sırada növbə kimin olacaq?

Ənvər BÖRÜSOY, sənətşünas 

Xudaferin.eu

16:41