Dünyanın möcüzəsi Bademler kəndi

Adi kənd çayxanasında ən çox müzakirə olunan mövzu ədəbiyyat və teatrdır

 

Bu kənddə dəfələrlə olmuşam. Türkiyəyə hər dəfə gəldiyimdə İzmirə səfər etmək elə bil ki, mənim üçün ən böyük ziyarətgahdır. Çünki, Osmanlı imperiyasının süqutundan sonra Mustafa Kamal Atatürkün öndərliyində İzmir Zəfəri sayəsində çağdaş Türkiyə Cümhuriyyətinin yaranması dönəmi başlamışdır. Bademler kəndi dünyada tək bölgədir ki, burada məscid əvəzinə yerli “Köy Tiyatrosu”nun fəaliyyətinə daha çox önəm verilir.

76 ildir teatrla nəfəs alan “Köy Tiyatrosu”

Bademler kəndi İzmir vilayətinin ən kiçik yaşayış məskənlərindən biridir. Burada yerli kitabxanada demək olar ki, həftədə bir dəfə ədəbiyyat, mədəniyyət və fəlsəfə ilə bağlı  sakinlərin fikir və görüşlərinin müzakirələri aparılır. Kənddəki “Köy Tiyatrosu” 1930-cu illərdən bu yana fəaliyyət göstərir. Teatrın aktyorları da yerli sakinlərdir. Kəndin tarixi ilə bağlı ayrıca yerli muzey fəaliyyət göstərir. Kənddəki dükanların hamısında iki böyük insanın fotoları xüsusi yerdə asılıb. Bu, Dəniz Gəzmiş və Albert Eynşteyinin rəsmləridir. Hər iki ünlü insanın cəmiyyətin özgürlüklə ilgili fikir və düşüncələri də plakat formasında mağazaların bəzəyi sayılır. Kənd əhalisinin birgə səyi ilə kanalizasiya və su boru xətləri problemi çoxdan çözülüb. Dövlət büdcəsindən bir qəpik də ummadan əhali öz gəlirləri sayəsində elliklə bu sorunları çözüblər. Kəndin tarixində bircə dəfə də olsun kimsə cinayət işlətməyib. Çünki, sakinlər erkən yaşlarından ədəbiyyat, mədəniyyət və teatrla nəfəs alırlar. Demək olar ailə ilə yanaşı, insanlar erkən yaşlarından tərbiyəni həm də “Köy Tiyatrosu” sayəsində alırlar. Əhali gündüzlər tarlada çalışır və axşamlar “Köy Tiyatrosu”nda növbəti tamaşanın məşqlərinə qatılırlar.
Bu kənddə teatr sevgisinin tarixi 1925-ci ilə dayanır. Kənddə yeni üsulla dərs sisteminin qurucusu olan orta məktəb müəllimi Mustafa Anarat şagirdləri ilə birlikdə kənd teatrının təməlini qoyub. İzmir kimi böyük bir şəhərin yerli teatrı olmadığı dönəmdə, Bademlerin yerli teatrı fəaliyyət göstərirdi. Bu teatrın ən çox qastrol səfərinə çıxdığı məkanda da elə   İzmir şəhəridir. Oynadıqları tamaşdan əldə olunan gəlirlər Şəhid ailələrinin və Orduya yardım fondunun hesablarına köçürürlər. Beləliklə Mustafa Anaratın yetişdirdiyi şagirdlər teatrı yaşatmaq qərarına gəlirlər. Kənddə “Bademler Tiyatrosu”nun tamaşalarında rol oynamayan bircə nəfərə belə, rast gəlinməz. Teatrın rejissoru, işıqçısı, səhnə maşinisti, dekoratoru, səs rejissoru yerli vətəndaşlardır. Teatra olan sevgilərinə görə tamaşalarda oynadıqları rolların adı ilə sakinlər bir-birlərinə müraciət edirlər. Bunun örnəyi kimi, Əhmədə Şekspir, Zeynəbə Cülyetta, Mehmetə Molyer və sair adlarla müraciət edildikdə kimsə bundan incimir. Yerli teatrın binası olmadığı dönəmlərdə kəndin Çeşməbazar adlı meydanında tamaşalar açıq havada oynanılırmış. 1963-cü ildə əhali bir araya gələrək iməclik yolu ilə teatr binasını tikirlər. Bütün məsrəfləri hamılıqla yerli kooperativin gəliri sayəsində ödəyirlər. Teatrın binası isə 1969-ci ildə tikilib qurtarır. Bu, elə dönəm idi ki, Türkiyənin iri şəhərlərində teatr binaları yox idi. “Köy Tiyatrosu” hər il payız və qış mövsümlərində ölkənin başqa bölgələrinə qastrol səfərlərinə çıxır. Əldə etdiyi gəlirin bir bölümünü növbəti tamaşaların büdcəsinə ayırırlar.       

Bir kəndin kino taleyi

Bademler kəndində 1963-cü ildən bu yana ayrıca “Film” emalatxanası fəaliyyət göstərir. Kənddə insanlar öz düşüncələrini həvəskar səviyyədə olsa da, film formasına salmaq üçün öz gəlirləri ilə bu işi başa vurmağa çox həvəslidirlər. 1963-cü ildə Almaniyanın başkəndi Berlində düzənlənən uluslararası “Altun Ayı” film festivalında ilk dəfə Türkiyə istehsalı “Susuz yaz” filminin qalib olmasında Bademler kəndinin xidmətləri əvəzsizdir. Necati Cumalının eyni adlı romanı əsasında çəkilən “Susuz yaz” filminin rejissoru Metin Erksan baş rolların ifaçıları Hülya Koçyigit, Ülvi Doğan və Erol Taşdan savayı bütün aktyorları məhz bu kənddən seçmişdi. Türkiyənin digər ünlü kino əsəri “Pembe kadın” filmi də bu kənddə ekrana köçürülümüşdür. Həmin filmin də əksər aktyorları kəndin sakinləridirlər. Ünlü kino rejissoru Necati Cumalının tütün əməkçilərinin mücadiləsi ilə bağlı çəkdiyi silsilə filmlərin ekran taleyi də bu kəndə nəsib olmuşdur. Kəndlilər isə sevə-sevə həmin filmlərdə orta dərəcəli və epizodik rolları ifa etmişlər.
Kənddəki “Film” emalatxanasında çəkilən filmlər (sənədli, qısametrajlı bədii filmlər) müxtəlif festivallara göndərilir. Bu festivallarda əldə olunan gəlirlər emalatxananın daimi fəaliyyət göstərməsinə yönləndirilir. Yeni nəslə məxsus olan gənclər həmin vəsaitlə öz filmlərini yaratmaq üçün imkanlar əldə edə bilirlər. Bu barədə isə, emalatxananın idarə heyətinin üzvləri kənd kooperativi qarşısında hesabatla çıxış edir.  

Mamhud Türkmənoğlu Parkındakı kitabxana

Bademler kəndinin ən səfalı və səliqəli meydanlarından biri də Mahmud Türkmənoğlu Parkıdır. Parkın düz mərkəzində 76 ildir fəaliyyət göstərən kitabxana yerləşir. Burada demək olar ki. Türk ədəbiyyatından savayı, dünya ədəbiyyatı ilə bağlı kitabların sayı hesabı yoxdur. Kitabxana üçün kitablar kənd kooperativinin qərarı ilə ayrılan maliyyə vəsaiti sayəsində alınır. Bu kənddə əhalinin düşüncəsinə görə, yerli bələdiyyə, ölkə parlamenti və digər seçkilər zamanı hansı namizəd Mustafa Kamal Atatürkü müdafiə edirsə, yalnız ona səs verirlər. Ona görə də, bu gün AKP, nə də MHP bu kənddə səs qazana bilmir.
Türkiyənin ilk oyuncaq muzeyi də ünlü arxeoloq Musa Baran tərəfindən bu kənddə yaradılmışdır. Kənddə dini məsələlərlə bağlı imam olsa da, yerli əhali məscid tikmək fikrində deyil. Dəfələrlə olub ki, bir sıra dini fondlar burada məscid tikmək təşəbbüsü ilə çıxış ediblər. Hətta bildiriblər ki, bütün məsrəfləri də özləri ödməyə hazırdırlar. Ancaq, yerli əhalinin onlara tək bir cavabı olub: “Bizim fəlsəfəmizə görə Tanrı ilə aramıza girməyin. Bizə öz teatrımız yetər.”
Kitabxanada olduğumuz zaman əhalinin ən çox hansı əsərlərə maraq göstərdiyini öyrənməyə çalışdıq. Cavabında bildirdilər ki, gənclərin maraq göstərdikləri mövzular onların öz iradəsinə bağlıdır. Hətta ən yeni kitabları əldə etməkdə kitabxana üçün  problem yoxdur. Gənclərlə yanaşı, yaşlılar da kitabxanaya maraq göstərirlər. Çünki, “Köy Tiyatrosu”nda kim rol alıbsa, oynayacağı tamaşa ilə bağlı ətraflı bilgilər əldə etmək üçün kitabxanaya üz tuturlar.  

  
Bademlerin gündəlik həyat tərzi

Bademler kəndinin əhalisi əski türk boyu olan taxtaçılar soyundandırlar.  Gözəlbaxça və Səfərhasar kimi qonşu  kəndlərin aydınları, eləcə də gəncləri Bademlerin teatrına çox böyük maraq göstərirlər. Bademler İzmirdən 35 km və Urla qəsəbəsindən 9 km aralıqda yerləşir. Yerli əhalinin söylədiyinə görə kənd sakinlərinin əcdadları burada 1820-ci ildən  məskunlaşıblar. Elə o dönəmdən başlayaraq, burada ağac emalı, taxtadan hazırlanan əl işləri, toxuculuq, bəzək işləri, əkinçilik və maldarlıqla məşğuldurlar. Adından göründüyü kimi, kəndin çevrəsində badam bağları üstünlük təşkil edir.       
1960-cı illərə qədər bu kəndin ən böyük problemi susuzluq olub. Ona görə də sakinlər bir araya gələrək bu sorunu birdəfəlik çözüblər. Daha sonra tütünçülük sahəsini inkişaf etdirməyə başlayıblar. Kənd əhalisi 1962-ci ildə qurduqları yerli kooperativin üzvüdürlər. İndi bu kooperativin 1500 nəfər üzvü var. Yəni hamılıqla birlikdə çalışır, əkin sahələrini becərir, tarlaları suvarır, meyvə bağlarına qulluq edirlər. Kəndin gəlirli sahələrindən  biri də “çiçəkçilik” sektoru sayılır.
2012-ci ildə Türkiyədə araşdırmalar zamanı bəlli olmuşdur ki, ölkədə ən təmiz və səliqəli kənd Bademlerdir. Bu kənddə hər gün küçələr təmizlənir və çirkablar daşınır. Kənddə hər 15 metrdə ayrıca zibilqabı qutuları yerləşdirilib. Bu kəndlə bağlı Türk mədəniyyətinin ünlü araşdırmaçısı Sabiha Tonsuq bir yazısında bunları demişdir: “Bademler kəndi Ege dənizi qıyılarında özünə məxsus izləri ilə yaşayan bir bölgədir. Burada kim gerçəkdən qadın və kişi eşitliyi, doğruçu olmaq, çalışanlıq göstərmək, təmizliyi hər şeydən üstün görmək istəyirsə bu kəndə təşrif buyursun. Bademleri ziyarət edin.”

MTN-nin menyüsünə

Azərbaycanda MTN (mədəniyyət və turizm nazirliyi) adlı bir qurum var. MTN-ni idarə edən nazir və onun müavinləri, eləcə də şöbə müdirləri və müşavirləri demək olar ki, milli mədəniyyətimizin inkişafı üzrə ötən 25 illik dövlət bağımsızlığı dönəmində hər hansı  ciddi addımları atmayıblar. Bunun son örnəyi respublika boyunca mövcud olan kino-teatrların, klubların və mədəniyyət evlərinin özəlləşdirilməsi siyasətinin aparılmasıdır. Hətta bir sıra kitabxanalar belə, ləğv edilib. Ona görə də, mədəniyyət ocaqlarımız ildən ilə yoxa çıxır. Bunun əvəzində isə, din pərdəsi altında mövhumatçılıqla dolu olan və  yağışdan sonra göbələk kimi “Quran qiraəti” mərkəzlərinin sayı çoxalmaqdadır. Mədəniyyət ocaqlarında yeni düşüncə sisteminə uyğun dərnəklərin yaradılması, onların fəaliyyəti, ildə bir neçə dəfə festivalların keçirilməsi, müxtəlif sahələrin dirçəlişi üzrə yığılıb qalmış problemlərin çözümünə çalışılmalıdır. Başkənd Bakıda “Azərbaycan” kino-teatrını dövlət büdcəsi hesabına təmir etdikdən sonra, MTN-nin xeyir-duası ilə adını “Hard Rock” (Ağır Rok) qoymuşlar. Həm də buranı kafeyə döndərmişlər. Bu kino-teatrın yanında kiçik bir qapı qoyulub və kinoya baxmaq istəyənlər yalnız oradan daxil ola bilərlər.
Gənc nəslin mədəniyyətə olan ilgisi ilə bağlı yaradıcılıq laboratoriyaları, emalatxanalar, dərnəklər tamamilə yoxa çıxıb. MTN öz nəzarətində olan bütün mədəniyyət ocaqlarını necə özəlləşdirmək barəsində baş sındırmaqla məşğuldur. Elə buna görə də MTN-də çalışanlar artıq “mədəniyyət feodalları”na çevriliblər. Ölkə rəssamları və heykəltaraşları, xalçaçıları və keramikləri, şair və yazıçıları öz hesablarına sərgilər, tanıdım törənləri keçirirlər. Sonucda bayağıcasına “Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə”  reklam şəbəkələri ortaya atılır. Əfəndim, məkan MTN-nindir. Sənətçilər də icarə haqqı ödəyib orada əsərlərini nümayiş etdirirlər. Bəs “dəstək” verdiyin anlam nədən ibarətdir? Bunca vulqarcasına və meşşancasına mədəniyyət siyasətinin rəzaləti heç bir ölkədə yoxdur. Ölkədə 27 teatr fəaliyyət göstərir. Demək olar bu teatrların 90 faizində “teatr studiyaları” gənclərin üzünə bağlanılıb. “Tiflis Rəssamlıq Akademiyası”nı hər il bitirən gənclərin diplom işlərinin arasından ən uğurlu sənət örnəkləri seçilib elə bu şəhərdəki parklarda qoyulur. Azərbaycandakı parklarda çayxana, dominoxana  nərdxana və kababxanalar at oynadırlar. MTN isə, bircə dəfə də olsun təşəbbüs göstərərək gəncliyin, eləcə də xalq sənətkarlarının əsərlərindən ibarət həmin parklarda sərgilər düzənləməyib. Mədəniyyət adına nəsə ortaya atılırsa, sənət adamlarının şəxsi təşəbbüsləri ilə başa gəlir.
Biz bu yazımızda sıradan bir kənd olan Bademlerin canlı tablosunu yaratmağa çalışdıq. Sən demə dünyada belə örnəklər minlərlədir. Almaniyada küçələrdə məktəblilərə və gənclərə rast gəlinməz. Çünki, onlar dərsdən sonra yaradıcılıq emalatxanalarında məşğuldurlar. Kimisi musiqi, kimisi teatr, kimisi də texniki fənlər üzrə. Azərbaycanda isə MTN-nin “kəraməti” sayəsində buna rast gəlinməz. Bademler kəndi ilə vidalaşanda və üzü İzmirə doğru yol gedərkən gözlərim yaşla dolmuşdu. İşsiz-gücsüz, yaradıcılıq mühitindən uzaq tutulan, həyatının mənasını anlamaqda çətinlik çəkən Azərbaycan gəncliyinin taleyi gözlərimdə canlanırdı.   

Ənvər BÖRÜSOY,
İzmir-Bademler-Bakı

23:53