“Ostap Bender”in ölümsüzlüyü

 

Teatr Xadimləri İttifaqının başı qalmaqaldadır. Belə ki, bu qurumun sədri Azərpaşa Nemətov məhkəmə qarşısına çıxarılacaq

“TeaFond”nun (Teatr Fondu) əmlakı necə talan olub? İllərdir davam edən məhkəmələr və əsas suçlu tərəf Teatr Xadimləri İttifaqının (TXİ) olmasını sənədlər sübut edir. Dəyəri milyonlarla dollar vəsaitlə ölçülən və TXİ-nin əmlakı sayılan “obyektlər” kimlər tərəfindən mənimsənilib? Bakının tən mərkəzində, Nizami küçəsindəki tarixi memarlıq abidəsinin yerində göydələnləri necə tikildi? Bu suallara çox yaxında cavablar sənədlərin dili ilə veriləcək.  

 

Dəyirmanda üyüdlən hədəflər

Keçmiş Sovetlər Birliyinin son illərində dövlət müəssisələrinin özünü maliyyələşdirməsi prosesləri başlanılan zaman Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində ayrıca “TeaFond” (Teatr Fondu) qurumu yaradıldı. Məqsəd, TXİ-nin ölkə teatrlarının bir sıra problemlərini həll etmək və maddi imkanlarını yüksəltmək idi. Bununla yanaşı, Bakının mərkəzində bəzi istehsal vasitələrini şəhərdən kənara çıxarılması üçün xüsusi dövlət qərarları çıxarıldı. Ona görə də Nizami küçəsindəki 90 saylı binada yerləşən 3 saylı çörək zavodu qapadıldı və həmin ərazi “TeaFond”un balansına verildi. Beləliklə “TeaFond” İstehsalat Birliyinə çevrildi. Birliyin direktoru vəzifəsinə işgüzar imici ilə tanınan Şamil Ağayev təyin olundu. Şamil Ağayev müəssisənin aylıq gəlirlərinin 30 faizini TXİ-yə ödəyirdi. Bu da TXİ-nin bir sıra ictimai tədbirlərə, mədəni-kütləvi sahədə gördüyü işlərə, sənət adamlarına maddi dəstəyin verilməsi demək idi. TXİ-nin maddi imkanı olmadığından Taxıl Məhsulları Nazirliyinin balansında olan 3 saylı Dəyirmanın binasını və ərazisini “TeaFond” İB ödəmişdi. Bununla yanaşı, ərazi Mədəniyyət Nazirliyi tərəfindən heç bir etiraza səbəb olmamışdı. Ona görə ki, dəyirmana məxsus bina tarix-memarlıq abidəsi kimi “TeaFond” tərəfindən qorunacaqdı.
TXİ-də rəhbər olmuş xalq artistləri Lütfiyar İmanov və Həsənağa Turabovun xəbəri olmadan “TeaFond”un başına gətirilən müsibətlərin gizli şəkildə səbəbkarı Azərpaşa Nemətov olmuşdur. “TeaFond”un TXİ-nin bir sıra maddi problemlərinin həlli prosesinə Azərpaşa Nemətov TXİ-nin o dönəmdə icraçı direktoru statusu ilə müdaxilələr edirdi. Təbii ki, “TeaFond”un rəhbəri Şamil Ağayev bütün bunlara göz yumurdu. Humanist məqsədlə yaradılmış bu müəssisənin demək olar ki, qara buludlar heç zaman əskik olmayıb. Bunun səbəbkarı da TXİ-nin icraçı dirketoru Azərpaşa Nemətov olmuşdur. O,  bu müəssisəni dəfələrlə başqa dəllalların nəzarətinə keçməsi oyunlarını gündəmə gətirməyə çalışmışdır.     

Xatırladaq ki, “Teafond” İB 11 may 1988-ci ildə TXİ İdarə Heyəti tərəfindən yaradılıb. “Teafond” İB 25 noyabr 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. “Teafond” İKM 1996-cı ildə “Teafond” QTSC-nə çevrilib. 1998-ci ilin yanvar ayında isə TXİ Azərbaycan Respublikası İqtisad Məhkəməsində iddia qaldıraraq “Teafond” QTSC-nin yaradılması üçün qərar olmadığını, TXİ-nın həmin cəmiyyətin qeydə alınması barədə Ədliyyə Nazirliyinə müraciət etmədiyini, cəmiyyətin TXİ-nın xəbəri olmadan təsis edilib qeydə alındığını iddia edərək “Teafond” QTSC-nin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və “Teafond” İKM əvvəlki statusunun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş edib. Halbuki, “Teafond” QTSC-nin dövlət qeydiyyatından keçirilməsi üçün Ədliyyə Nazirliyinə 28.06.1996-cı il, TXİ-nin 75 saylı müraciəti var. Üstəlik, TXİ 16 fevral 1996-cı il tarixli qərarı ilə “Teafond” İKM Ədliyyə Nazirliyində səhmdar cəmiyyətə çevrilib. Buna baxmayaraq, AR İqtisad Məhkəməsinin 5-6 fevral 1998-ci il tarixli qətnaməsi ilə TXİ-nin iddiası təmin olunaraq Ədliyyə Nazirliyi tərəfindən “Teafond” QTSC-yə verilmiş 2055 saylı Dövlət qeydiyyatı haqqında şəhadətnamə qəbul edildiyi gündən etibarsız hesab edilib, “Teafond” İKM-nin statusu bərpa edilib. TXİ-nin məqsədi “Teafond” QTSC-nin əmlakını ələ keçirib satmaqdan ibarət olub. Beləcə köhnə dəyirmanda un deyil, hikkəli-məkrli iddialar üyüdülübdür. 

Sonu tükənməyən məhkəmələr, kim suçlu - kim haqlı

Məhkəmənin bu qərardadını qanunsuz hesab edən “Teafond”-un direktoru Şamil Ağayev kassasiya şikayəti ilə yenidən İqtisad Məhkəməsinə Kassasiya qaydasında müraciət edib. 02 aprel 1998-ci ildə hakimlər Ə.İbrahimov, S.Hüseynli, E.Nağıyevanın iştirakı ilə keçən prosesdə İqtisad Məhkəməsinin əvvəlki qərarı qüvvədə saxlanılıb. Bu qərardan narazı qalan Baş Prokurorluq  məhkəməyə protest göndərib. Məhkəmə qərarını qanunsuz sayan Baş Prokurorluq qətnamənin ləğvini tələb edib. Ancaq İqtisad Məhkəməsi Rəyasət heyətinin sədri Flora Əhmədova Baş Prokurorun 01/2995 saylı 25.08.1998-ci il tarixli protestinin təmin edilməməsi barədə qərar çıxarıb. Bu qərarın ortaya çıxmasında Flora Əhmədovanın TXİ-nin keçmiş sədri, mərhum xalq artisti Həsənağa Turabovla quda olması mühüm rol oynayıb. Şamil Ağayevin sözlərinə görə, TXİ-nin rəhbərliyi “Teafond”-un əmlakını korrupsiya yolu ilə talamaq məqsədilə saxtakarlığına yol verilib:

“TXİ-nin İH-nin sədri A. Nemətov 11 mart 1998-ci il tarixli 07 saylı qərarla məhkəmədə irəli sürdüyü iddiaya zidd çıxaraq “Teafond” İKM-in ləğv olunması barədə 6 nəfərdən ibarət ləğv etmə komissiya yaradıb. Ancaq kommisiya kağız üzərində qalıb. Əmrin məhkəmə qaydasında həll olunması üçün “Teafond” İKM Arbitraj Məhkəməsinə iddia ilə müraciət etdik. İddiaya 320/11-68 saylı 12.05.1998-ci il tarixli qərardadla məhkəmə qaydasında baxılması barədə qərar qəbul etdi. Məhkəmə prosesinin TXİ-nin xeyrinə olmadığını görən A. Nemətov 43 saylı 06 may 1998- ci il tarixli məktubla müraciət edərək “Teafond” İKM-də maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə hakim N. Rəsulbəyovanı aldadaraq yalan ifadə vermişdir. Müraciətdə yalandan qeyd edilir ki, Azərbaycan Respublikası TPM-nin 20 və 84-cü maddələrinə əsasən “Teafond” İKM-in maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması başa çatanadək iş üzrə icraatın dayandırılmasına dair qərardad çıxarasınız. Bu məktubu əsas götürən hakim N. Rəsulbəyova A. Nemətovun saxta müraciətinə inanaraq “TPM”-in 84-cü maddəsini rəhbər tutaraq iş üzrə icraatın dayandırılması barədə qərar çıxartdı. Halbuki, hakim Rəsulbəyova işə baxmazdan əvvəl “Teafond” İKM-də yoxlamanın gedib-getmədiyini araşdirmalı idi. Hətta Baş Prokurorluğun 13/26 III-98 saylı 26 may 1998- ci il tarixli İqtisad Məhkəməsinin sədri F. Əhmədovaya göndərdiyi məktubda “Teafond” İKM-da heç bir yoxlamanın olmadığını bildirmiş, 320/II -68 saylı “Teafond” İKM-in TXİ-yə qarşı iddia tələbi əsasında işin icraatının baxışının davam etdirilməsinə heç bir maneə olmamasını bildirmişdir”.
Bunlara baxmayaraq, hakim N. Rəsulbəyova işin icraatını 2 ilə qədər uzadaraq 2000-ci ildə Arbitraj Məhkəməsinin ləğv olunacağını bilib 8 sentyabr 2000-ci il tarixli 320/ II-68-5 saylı qərardadla TXİ-nin 11 mart 1998-ci il tarixli 07 saylı əmrin ləğv edilməsinə dair iddia işinin icraatına başlamışdır. İddiaçı və cavabdehin məhkəmə tərəfindən çağırılmamasına baxmayaraq 8 sentyabr 2000-ci il tarixdə, yəni elə həmin gün işə baxıb. 08.09.2000- ci ildə hakim N. Rəsulbəyova “Teafond” İKM-də təsərrüfat – maliyyə fəaliyyətinin yoxlanılması barədə sənədləri məhkəməyə təqdim etmək haqda qərar çıxarır. Beləliklə, hakim N. Rəsulbəyova növbəti saxtakarlığa yol verir. 8 sentyabrda isə hakim N. Rəsulbəyova məhkəmə iclasını saat 12:30-da açıq elan edir və tərəflərin iştirak etməməsini əsas gətirərək saat 12:45-də prosesi bağlayır və işin baxılmaması barədə qərar çıxarır. A.Nemətov tərəfindən törədilmiş vəzifə cinayətlərinə baxmayaraq “Teafond” İKM-nin ləğv olunmasına nail ola bilmir. Hətta 2001-ci il 10 may tarixli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yenidən “Teafond” İKM-in məhkəmə qaydasında hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması barədə iddiası belə təmin edilməmişdir (iş № 2 –(81) – 390/2011 №-li Qərardad). 

Azərpaşa Nemətovun küləkli kələkləri

“TeaFond”un rəhbəri Şamil Ağayev onu da bildirdi ki, TXİ-nin sədri Azərpaşa Nemətov onu da bilmir ki, ləğvetmə komissiyası öz işini başa çatdıranadək 11 mart 1998-ci il tarixli 07 saylı əmrə görə məni işdən azad edib. İdarə bu günə qədər ləğv olunmadığı üçün həmin əmrin heç bir hüquqi qiyməti yoxdur. Bakı Şəhəri Vergilər Deartamenti Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəisi Nigar Alimovanın 02 dekabr 2011-ci ildə Ş. Ağayevə göndərdiyi cavab məktubunda da bildirilir ki, “Teafond” İKM 25.11.1993-cü ildə 4678 saylı qeydiyyatı nömrəsi ilə AR Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı Bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır və qeydiyyat qüvvədədir. Digər maraqlı məqam ondan ibarətdir ki, A. Nemətov 11 mart 1998-ci ildə “Teafond” İKM-in ləğv olunması barədə 07 saylı qərar çıxararkən heç bir əsaslı səbəbə istinad etməyib. Yəni Bakı Şəhər VDKHŞ DQİ-nin rəisi Nigar Alimovanın 17 fevral 2010-cu ildə Şamil Ağayevə göndərdiyi məktubda da qeyd edilir ki, qeydiyyatın ləğvi HŞDQ və DR haqqında Azərbaycan Respublikasının qanununun 16-cı maddəsinə uyğun aparılmalıdır. 2011 – ci il dekabrın 2- də göndərilmiş məktubda “Teafond” İKM-in ləğvi barədə qərarın HŞDQİ və reyestri Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq aparılır. “Teafond”-un mülkiyyətində olan, Nizami küç, 96-da yerləşən 3 saylı dəyirman kompleksini ləğv edə bilməyən TXİ- in rəhbərliyi onu qeyri qanuni yollarla ələ keçirib satmaq fikrinə düşür. Bu məqsədlə TXİ Bakı Şəhəri İHTİ və M HQİ-nə müraciət edir. Adıçəkilən idarənin rəisi Arif Qaraşov 21.07.1998-ci ildə TXİ- na QYM seriyalı 000588 saylı Qeydiyyat vəsiqəsi verir. Lakin qeydiyyat vəsiqəsi verilərkən “Teafond” İKM-in mövqeyi nəzərə alınmır. Əsl reallıq isə ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 07.03.2002-ci il k2 -1/15 –III-27 saylı qətnaməsinə görə 12.12.1990-cı il tarixdə “Teafond” İB tərəfindən 60 saylı ödəmə tapşırığına əsasən 372.880 rubl məbləğində kompleksinin dəyəri Taxıl Məhsulları Nazirliyinə ödənilmişdir. A. Qaraşov qeydiyyat vəsiqəsi verərkən bu faktı nəzərə almayıb. Bu da tərəflər arasında gizli sövdələşmənin olduğunu deməyə əsas verir. Həmin qeydiyyat vəsiqəsindən sui-istifadə edən A. Nemətov “Teafond” İKM-in əmlakını özünə yaxın adamlara satmağa başlayır. Halbuki, 3 saylı dəyirman kompleksi Azərbaycan Respublikası Mədəniyyət Naizirinin müavini Ş. Sadıqovun ATXİ idarə heyətinin sədri A. Nemətova 22.09.1992-ci ildə göndərdiyi 11-1261-03-13 saylı məktubda qeyd edilir ki, 3 saylı dəyirman kompleksi Tarix və Memarlıq abidəsidir. TXİ bu abidədən Mədəniyyət-Ticarət Mərkəzi yaratmaq məqsədilə istifadə edə bilər. Yəni, tarixi abidəni satmaq qadağandır. Buna baxmayaraq, A. Nemətov TXİ-nin müqavilə ilə işləyən hüquqşünası, hal-hazırda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov İlqar Kamil oğlu (Nizami küç. 96 ünvanda 230 kv.m sahəni 4000 ABŞ dollarına), TXİ-yə məxsus binada icarəçi “Birlikbank” ın müdiri Quliyev (800 kv.m sahəni 24000 ABŞ dollarına, 3 mərtəbəli Tarixi abidə) TXİ-nin üzvü olmayan nizamnamənin tələblərini kobud surətdə pozaraq qeyri-qanuni işləmiş katibi Xəlilov Məmməd Cəlal oğlu Xəlilovun doğma qardaşı T.C. Xəlilova, “Safsu Mərkəz” firmasının müdiri Kərimov Mahmuda, Döküm” və “Qala” restoranının sahibinə və s. səxslərə satıb. Yuxarıda qeyd edilən faktlar sənədlərlə təsdiq olunur. Bu da A. Nemətovun Mədəniyyət Ticarət Mərkəzinə münasibəti.

(ardı var)
Ənvər BÖRÜSOY

15:13