Sosial-iqtisadi siyasət düzgün olmayanda

Bu il futbol üzrə dünya çempionu Fransanın olacağını çoxları təxmin edə bilmirdi. Hələ Xorvatiyanın ikinci yer uğrunda mücadilə aparacağını xəyalından keçirmirdi. Çünki, idmana dəllal (makler, katalizator və totalizator) gözü ilə baxıldığı üçün çoxları “yandı”. Hətta cızdağı çıxdı. Bu iki milli takımın bötük uğura imza atmasının başlıca sirri, çağdaş dünya düzəninin yeni modeli, siyasi-ictimai və sosial xarakteri kimi özünü təsdiq etdi. Bir yandan dünya gücü, o biri yandan isə balaca bir ölkənin öz təməllərinə söykəmli inkişaf yolu böyük bir təntənəyə çevrildi.

 

Yeni Fransanın yeni ilgiləri 

1553-1980-ci illərdə Fransa dövlət olaraq, koloniyaçılıq siyasətini aparmış və bir çox ölkələrdə qəddarcasına imperiya siyasətinin tərkib hissəsi olaraq, bəşəriyyətin ən böyük cinayətlərini törətmişdir. Milyonlarla insanların qanı bahasına “Böyük və Dünya gücü Fransa” modelini tətbiq etmişdir. Qviana, Kanada, Seneqal, Polineziya, Martinika, Yeni Kaledoniya, Mayotta, Haiti, Əlcəzair, Qabon, Kot d`İuvar, Mərakeş, Nigeriya, Kamerun, Toqo, Konqo, Sudan, Mali, Çad, Cibuti, Mavritaniya, Mərakeş və digər ölkələr uzun illər Fransanın koloniyası olmaqla yanaşı, bu ölkələrin sərvətləri amansızcasına istismar edilib. Bunun dışında Fransanın metropoliya siyasətinin sonucu olaraq, Quzey Amerika, West-İnd (Güney Amerika), Ağ Dəniz-Orta Doğu-Quzey Afrika, Batı Afrika Ekvatorial, Hind Okeanı-Antraktika Hövzəsi, Güney-Doğu Asiya və Okeaniya kimi dünyanın dörd  yanını uzlaşdıran frankomaniya strategiyası sömürgə siyasətinin ana hədəfi olub. “Soyuq Savaş” bitdikdən sonra, 1991-ci ildən indiyə kimi Fransa kolonial deyil, uzlaşmış frankomaniya modeli ilə hərəkət edir. Bu dəfə koloniyalara münasibətdə vertikal deyil, üfüqi yanaşma hədələri ilə ilgi göstərir. Bu, həm də ortaq uzlaşım və birlik hədəflərindən ibarətdir. İnsanların hansı dinə bağlı olması, dərisinin rəngi, ictimai-sosial baxışlarının məcrası bir ortamda gəlişməkdədir. Beləliklə dolayı yolla Fransa 300-400 ildə plantator rolunda çıxış etdiyi və quldarlıq metodu ilə törətdiyi ən qəddar soyqırımlara, talanlara və sömürgələrə görə, həmin toplumlardan üzr diləmək kimi hədəfləri sərgiləməkdədir. Ona görə də, XXI yüzilin Fransasının mənzərəsi də dəyişməyə başlamışdır. 2018-ci il futbol üzrə dünya çempionatında hər kəs bunun canlı şəkildə şahidi oldu. Yepyeni Fransa frankomaniya modeli ilə dünya çempionu oldu. Bu fransız proyektraiatının modern düzənlə uzlaşmış modeli kimi də yozuldu.

Dünya çempionu frankomaniya oldu

İstənilən mədəni dövlət öz inkişafını ilk öncə sosial-iqtisadi ədalətin üzərində kökləməyə çalışır. Belə olduqda keçmişin mirası olan feodalizm və ya yırtıcı kapitalizm anlayışı öz-özünə yox olur. Cəmiyyətdə yaşamaq imkanları da güclənir. Fransa bir dövlət olaraq, sadəcə öz ölkəsi daxilində deyil, 400-500 illik ənənələrə malik olan frankomaniya düzənindəki coğrafi sınırları bu prosesə qatmağa başlayıb. Həmin ölkələrdə bu gün demokratiya və sosial-ədalət konseptinə üz tutulmasının sirri də bundadır. Dünya gəlişir və gəlişən dünyada uzlaşım yolları dövlət və cəmiyyətin ortaq nöqtəsinə çevrilməlidir doktrinası hər kəsin yaşam qaydası olaraq dəyərləndirilməkdədir.
2018-ci il dünya çempionatında Fransa milli takımını təmsil edən Stiv Mandada (qapıçı), Presnel Kimpembe (müdafiəçi) və Stiven N`Zonzi (orta sahə oyunçusu) Konqo, Cibril Sidibe (müdafiəçi), N`Holo Kante (yarımmüdafiəçi) və Usman Dembele Mali, Samuel İtni və Kilian Mballe Kamerun, Pol Poqba Qvineya və Korenten Tolisso Toqo, Blez Matüdi Anqola kökənli idilər. Yığma takımda əsil fransızlar Uho Loris (qapıçı), Benjamen Pavar (müdafiəçi), Antuan Qrizmann və Olivye Jirudan (hücumçular) ibarət idi. Milli takımın simvolu isə təbii olaraq baş məşqçi fransız Didye Deşam idi. Beləliklə D. Deşam Fransanı, digər oyunçular isə frankomaniyanı təmsil etməklə yanaşı, həm də bu auranın ayrılmaz bir parçası olduğunu bütün dünyaya nümayiş etdirdilər. Bu, sadəcə futbol oyunu deyildi, həm də XXI yüzil demokratiyasının təntənəsinə çevrildi. Çünki, Fransa öz keçmişindən imtina edərək üzünü gələcəyə doğru yönəldibdir. Bu uğurların tək açarı isə sosial-iqtisadi siyasətin bərabər şəkildə paylaşım üzərində köklənməsidir. Kimsə insanları rənginə, inanclarına görə suçlamır. Çünki, hamı istənilən başarının əldə edilməsi üçün tər tökməlidir. Moskvada dünya çempionatına nöqtə qoyulandan sonra, bütün oyunçular Parisə Fransanın və frankomaniyanın qalibləri, qəhrəmanları kimi geri döndülər. Bu möhtəşəm uğurlar Konqo, Mali, Anqola, Kamerun və Toqoda bir bayram təntənəsinə çevrildi.          

Analoqu olmayan inkişafımız niyə kölgədə qalır?

Azərbaycanın təbii sərvətlərindən əldə olunan milyardlarla gəlirlər sanki heç nə olmamış kimi göyə sovrulur. Tikilən körpülər, çəkilən yollar, abadlaşdırılan bir çox sahələr qısa zaman içində əlavə xərclər tələb edirlər. Çünki, təməlli inşa olunmayıblar. Milyardlarla vəsait məmur-oliqarxiya idarəetmə dəyirmanında üyüdülərək sovrulub. Dövlət babanın büdcəsindən bu qədər çalınan vəsaitin ünvanını tapmaq XXI yüzilin evrikası hesab olunur.
Azərbaycan Qafqazda yerləşən bir ölkədir. Ən qədim tarixi dönəmlərdən üzü bu yana Qafqazda yaşayan bütün toplumlar Türk mədəni qatının bir parçası sayılıblar. Belə olmasaydı, onlar iki adla dualizmin tərkib hissəsinə çervilməzdilər. Gürcülər- kartuli, çeçenlər- noxçi, çərkəzlər- adıge, ermənilər- hayas, avarlar- marulal, osetinlər- diqor, ləzgilər-leki və digər 33 toplum bu dualizmin şərtləri içində Qafqaz etno mənzərəsinin gözəllliyini dərk edə bilməzdilər. Qafqazda Kubandi, Xəzər, Alan, Avar, Alban, Göy-Türk, Noqay Orda, Altın Orda, Səlcuqlu, Atabəylər, Çingizoğlular, Hülakülər, Teymurolular, Səfəvi və Qacarlar kimi möhtəşəm Türk dövlətlərinin tarixi izlərinin etnokulturoloji düzəni bir daha isbat edir ki, sadalanan bu faktların təməl prinsipi vardır. Etnomədəni düzənin XXI yüzillikdə hansı konseptlər üzərində köklənməsini isə, bu gün 25 ildir hakimiyyətdə oturmuş rejim dərk edə bilmir. Ona görə də, istənilən başarını əldə edə bilmir. İnzibati metodla hərbə- zorba idarəetmə düzənindən savayı heç nəyi düşünə bilmir. Fransızlar, ingilislər, ruslar, hətta farslar və ərəblər öz sərhədlərindən uzaqlarda dünyanın coğrafi mənzərəsində yer tutmaq üçün uzlaşımış hədəflərə üz tutublar. Kim bu prosesdə zamanın standartlarına sosial ədalət prinsipləri çərçivəsində yanaşacaqsa, istənilən uğurlar onun yanında yer alacaq. Bu, tarixin təkzibolunmaz məntiqi deməkdir. Azərbaycan bir dövlət olaraq, bu proseslərdən tamamilə kənarda qalıb. Çünki, feodal təfəkkürü ilə idarəetmə sistemi tamamilə yalnışdır. Hakimiyyət bunun fərqində deyil. İstənilən islahatlar zahiri baxımdan gözəgəlimli olsa da, kimsə buna inanmır və inanmaq fikrində də deyil. Gündəmdə olan  islahatlar 25 ildir rejimin boynundan sallanmış bir zümrəyə xidmət edir. Ancaq və ancaq onlar firəvan dolana bilərlər. Ancaq, onlar rifah içində yaşamalıdırlar. Qarabağ uğrunda canını fəda vermiş əlilə 57 manat təqaüd kəsən, 3 min manatdan çox maaş alan, heç bir işə yaramayan müftəxor deputatların fərqi bu məsələdə özünü istənilən səviyyədə isbat edir. Öz ölkəsində sosial ədalətə tüpürən hakimiyyət və rejim hər hansı bir başarıya imza ata bilməz. Ona görə də bu gün Azərbaycanın içində də və dışında olan qonşuları ölkəyə qarşı sapındırıcı siyasətlərdə fəallıq edirlər. Bütün bunlar Azərbaycanın milli bəlasına çevrilibdir.

Sosial ədalətin nizamsızlığı

Ekspertlərin də qeyd etdiyi kimi, bu gün Azərbaycanda bir nəfərin acından ölməməsi üçün ehtiyac zənbiliniin dəyəri 650 manatdır. İşləyən vətəndaşın isə aylıq ehtiyac zənbili 1000 manat təşkil edir. Nazirlər Kabineti Milli Məclislə birlikdə ehtiyac zənbilini 130 manat həcmində müəyyən edib. Bütün bunlar azmış kimi, işləyən əhaliyə verilən aylıq maaş onların bir həftəlik ehtiyaclarını belə ödəmir. Deputat Hadı Rəcəbov kimiləri (özü də sosial siyasət komissiyasının sədridir ) utanmadan deyir ki, müəllimlər sərf etməyən maaşın qarşılığında gedib daş daşısınlar. Bu yaramaz çıxışına görə kimsə qulağından dartıb göyə qaldırmır ki, sən kimsən ki, millətə bunca aşağılayıcı tərzdə yanaşırsan? Sosial ədalət olmayan yerdə mövhumatçı siyasətin bazarına geniş meydan yaranır. Bu gün necə ki, bölgələrimiz tamamilə bu xəstəliyə mübtəla olublar. Qarabağ ətrafı bölgələr İranın, Gəncə və onun çevrəsi nurçuların, Bakı və çevrəsi missionerlərin poliqonuna çevrilibdir. Hələ bu siyahıya vəhabilərin, süleymançıların, digər antimilli şəbəkələrin atdığı addımları sadalamırıq. Öz ölkəsində sıravi polis işçisinin aylıq maaşı müəllimin maaşından qat-qat çox olan ölkədə heç bir zaman ictimai, sosial və siyasi ədalət də ola bilməz. Bu bir gerçəklikdir. Yalnız diktatura rejimlərində bu hallara rast gəlinir. Həkimin məcbur olaraq aldığı rüşvəti “hörmət” sayan deputat Hadı Rəcəbov hakimiyyətin əsil  aynasıdır. Hər bir peşə insanın qürur mənbəyi sayılır. Bütün taleyini o sənətə bağlayıb və onunla ömrü boyu nəfəs alaraq həyatının normasına çevirir. Azərbaycanda bu gün hər hansı bir sahədə peşə adamlarının hakimiyyətin və rejimin düzgün sosial-ədalət siyasətinin olmaması ucbatından qüruru hər addımda tapdalanır. Ən böyük problem də budur. Adi çolpanın dəyəri qarpızla eynidir. Birinin evinə qonaq gələndə onun çolpanı yeyəndən sonra qarpız istəməsidir. İndi Hadı Rəcəbov qeyzlənərək deyəcək ki: İnsanlar qarpız yeməsinlər.
Cəmiyyətimizin sonu bəlli olmayan bəlirsizlik sindromu ilə üz-üzə qalması sonucunda itirən dövlətdir. Azərbaycanın tarixi özəlliklərinin dinamizmi sayəsində Qafqazda üstün səviyyədə başarılara imza ata bilər. Bunun üçün münbit şərait olmalıdır. Deklorativ bəyanatlarla deyil, gerçəkliyin standartları çərçivəsində ona nail olunmalıdır. İnsanlar öz alın təri ilə becərdiklərini bazarda satmaqdan belə məhrum qalıblar. Məmur-oliqarxiya idarəetmə sistemindən menecer-texnokratiya düzəninə keçid mərhələsini yaşasaq da, həyatın sosial-iqtisadi inkişafı baxımından çox geri qalırıq. Fransa niyə dünya birincisi, Xorvatiya isə ikincisi oldu sualının cavabını idmanda deyil, düzgün aparılan sosial-ədalət sistemində aramaq gərəkdir.

 

Ənvər Börüsoy 
Xudafedrin.eu

 

06:00