Gürcüstan: Etnomilli siyasətdən vətəndaş milliyyətçiliyinə doğru

 

Bu ölkədə prezident seçkilərinin 2-ci turu noyabrın 28-də keçiriləcək. Rusiya meyilli Salome Zurabişvili 38.66 və Batı yönlü Qriqol Vaşadze 37.7 faiz səs topladıqlarından növbəti turda üz-üzə gələcəklər. Hər iki adayın sərgilədiyi bir fikir cəmiyyətin ana mövzusu olaraq dəyərləndirilir. Bu, etnik milliyyətçilikdən vətəndaş milliyyətçiliyinə keçidin şərtləridir. Əgər ötən yüzilin 90-cı illərində etnik milliyyətçilik güclü bir siyasi dönəm sayılırdısa, bu gün vətəndaş milliyyətçiliyi zamanının gəldiyini ortaya qoymaq deməkdir. Artıq Gürcüstanda yaşayan hər bir toplum bu ölkənin vətəndaşı olmaqla yanaşı, həm də onun üçün tər tökməlidir, qavramı yeni dönəmin standartlarına çevrilib.

Vətəndaş milliyyətçiliyinin önəminin dəyərləri

Postsovet məkanında vətəndaş milliyyətçiliyi anlayışını Rusiya milli azlıqların vasitəsilə sapındırıcı axara yönəltmək üçün “nəlbəkidə fırtıına” qavramları ilə günün dolandırıcı mövzusuna çevirməyə çalışır. Halbuki, bu istənilən vətəndaşın dövlətə olan inamının daha da güclənməsi deməkdir. Yalnış olaraq, vətəndaş milliyyətçiliyini etnoşovinizm kimi düşüncə ilə dəyişik salınmasına çalışılır.
ABŞ-ın tanınmış “Foregin Policy” analitik mərkəzinin Gürcüstanla ilgili sərgilədiyi bu qavram yüksək səviyyədə dəyərləndirilib. Bu yeni yanaşım gələcəkdə “etnik bölücülük” siyasətinin yanında yer alan xalqlar üçün örnəyə çevrilə bilər. Gürcüstan 1991-ci ildən bu günə kimi abxaz, osetin, gizli şəkildə erməni etnik bölücülük siyasəti ilə üz-üzədir. 150 minlik Abxaziya və 25 minlik əhalisi olan Güney Osetiyanın “dövlət bağımsızlığı”nın qarşısının vətəndaş milliyyətçiliyi doktrinası əsasında alınması daha real görünür.
Vətəndaş milliyyətçiliyi Borçalıda yaşayan 450 min nəfərlik Azərbaycan Türklərinin də hüquqlarının bütün yönlərdə tanınması kimi çox dəyərlidir. Dövlətin adı Gürcüstandır və bu ölkənin qayda-qanunlarına tabe olmaqla yanaşı, həm də etnik mənşəyinin kimliyi də kimsə üçün sorun ola bilməz. Bu siyasət heç də etnik bölücülük siyasətini yürüdənlərin iddia etdiyi kimi sonucda “polietnik dövlət” modeli demək deyil. Vətəndaş milliyyətçiliyi əslində dövlətin bütünlüyü adına hesablanmış inkişaf düsturudur.   
Rusiyada qafası yerində olmayan, etnoloji məsələlər üzrə özlərini “politoloq” adlandıran bəzi qruplar gürcü cəmiyyətini sapındırmaq üçün son günlər təbliğatlarını gücləndiriblər. Onlar iddia edirlər ki, vətəndaş milliyyətçiliyi düsturu yalnış bir addımdır. Gürcüstan etnik və dini yöndə mozaika baxımından rəngarəng bir ölkədir. Vətəndaş milliyyətçiliyi ideyası Rusiya ilə münasibətlərdə yeni konfrantasiyalara yol açır. Onların iddiasında yer alan digər qanlayış isə, Gürcüstanın “Avroatlantik” ailəsinə üzv olması, NATO-nun Rusiyanın sınırlarında yerləşməsi deməkdir.
Etno milliyyətçiliyin vətəndaş milliyyətçiliyinə çevrilməsinə inanları aldatmaq üçün “polietnik” siyasətindən məharətlə yararlanmaq taktikası ilə milli azlıqların hüquq və azadlıqları məsələsi gündəmə gətirilir. O zaman sual olunur ki, bəs nə üçün Rusiyada qeyri rus xalqların ana dilində təhsil almaq hüquqlarının əlindən alınması üçün  Dövlət Duması qərarlar qəbul edib? Başda Tatarstan Respublikası olmaqla bu qərara qarşı nə qədər güclü təzyiqlər olsa da, Rusiya Dövlət Duması istədiyini qəbul etdi. İstənilən etnosun ifrat milliyyətçilik siyasəti artıq XXI yüzilin standartları kimi görülmür. Vətəndaş milliyyətçiliyi yaşadığın dövlətin təəssübünü çəkməkdir. Milliyyətindən və dinindən, sosial mənşəyindən asılı olmayaraq bu dövlətin bir parçası olmaq postsovet məkanının yeni qavrayışı deməkdir. Bu məsələlər üzrə araşdırmaçı Mayk Gonsales qeyd edir ki, Gürcüstan 28 ildir etnik bölücülük siyasətinin ağrı-acılarını yaşamaq zorunda qalıb. Ötən yüzildə etnik milliyyətçilik siyasətində sadəcə gürcülər deyil, abxazlar və osetinlər də sorumludurlar.

Etnomilliyyətçilik siyasətindən kimlər yarar görür?

Azərbaycan Respublikasına qarşı başda İran mollakratiya rejimi və Ermənistan birlikdə son illərdə milli azlıqları dalğavari şəkildə hərəkətə gətirməklə öz siyasi, digər hədəflərini sərgiləyirlər. Halbuki, ölkdə kimliyindən asılı olmayaraq milli azlıqları hakimiyyətdə yetərincə təmsil olunurlar. Onlar bundan hətta məmnundurlar. İranın Gilan vilayətinin Rəşt, Masal, Sarı rayonlarında, eləcə də İsfəhan, Şiraz və Tehranda Azərbaycan Respublikasına qarşı saxtakarcasına elan edilmiş “irandilli xalqlar masası” adı altında “talış”, “tat”, “kürd” və sair mərkəzlərin yaradılması və təxribat xarakterli təsisatların qurulması etnomilli siyasətdə saxtakarlıqlara yol açır. Bir yandan Azərbaycanın kimliyi inkar olunur, digər yandan isə “etno milliyyətçilik” (bölücülük) siyasətinə külli miqdarda vəsaitlər ayrılır. Daha da irəli gedərək onları sosial gücə çevirməyin düsturları sərgilənir.
Gürcüstanda azsaylı toplumlar olaraq avar, assur, amşen (müsəlman ermənilər), batsbi, bejtı, boşa, hunzib, kürd, kistin-çeçen, oset, udi, svan, abxaz, berzen, yunan və başqa xalqlar yaşayırlar. Keçmişdə onlara qarşı gürcü etnik milliyyətçiliyi siyasəti olaraq çoxsaylı basqıların olmasını etiraf etmək gərəkdir. Hətta bu toplumların varlığını inkar etməklə onları tamamilə gürcüləşdirmək, assimliasiyaya uğratmaq kimi hədəflər də yaşanılıb. Son 15 ildə faktiki olaraq bütün bunlara keçmişin acı xatirəsi kimi yanaşılır. Bu gün yenidən milli azlıqların hüquqlarının pozulması, süni etno milliyyətçilik ideyalarını Gürcüstanda xüsusi şəkildə qabartmaq üçün çaba göstərənlər vardır. Beləliklə də 69 min 700 kv. km. ərazisi olan Gürcüstanın 8 min 66 kv. km. (Abxaziya) və 3 min 900 kv. km. (Güney Osetiya) torpaqlarının işğal altında olmasının unutdurulması hədəfləri sərgilənir.
Batının dəyərləri olan vətəndaş milliyyətçiliyi mənsub olduğun dövlətin bir parçası olmaq deməkdir. Etno milliyyətçilik siyasəti isə, XIX yüzilin standartları içində ilişib qalmanın açıq formasıdır. Gürcüstanın bir dövlət olaraq sərgiləmək istədiyi vətəndaş cəmiyyətinin daha sürətlə gəlişməsinə yönəlik addımların atılmasıdır. Son prezident seçkilərində bu faktor özəlliklə daha çox önə çıxarıldı. Borçalıda Azərbaycan Türklərinin çoxunun Qriqol Vaşadzeyə səs verməsinin səbəbi budur. 2002-ci ildə Mixail Saakaşvilinin tətbiq etdiyi  vətəndaş cəmiyyəti düsturu 1920-2002-ci illər aralığında soydaşlarımıza yönləndirilmiş inkar siyasətinin durdurulması ilə tamamlandı. Təbii olaraq, bəzi problemlər qalmaqda davam edir. Əgər gerçəkdən vətəndaş milliyyətçiliyi siyasəti inkşaf edərsə, o zaman sorunlar da öz çözümünü bulacaqdır.
Bu gün Gürcüstanda etnomilliyyətçilik siyasətindən ən çox yararlanan tərəf ermənilərin hədəflərində yer alan kilsə siyasətidir. Ermənilər 150 ildir Gürcüstanda özlərinin xristian kimi “Apostol Kilsə”sini yaratmağa cəhd edirlər. Halbuki, xristian ölkələrinin qanunlarına görə konkret bir məkanda cəmiyyəti uzlaşdıran tək kilsə siyasəti olmalıdır. Bunu əsasən tənzimləyən “Apostol Kilsəsi”dir. Balaca bir respublikada Rusiya və Ermənistan özlərinin “Apostol Kilsə”lərini qurmaq üçün 150 ildir mücadilə aparır. Ermənilər öz istəklərinə nail olmadıqları təqdirdə, etno milliyyətçilik siyasətindən yapışmağı tərcih edirlər. Digər milli azlıqları da bu prosesə cəlb etməklə hədəflərini gizli saxlamağa çalışırlar.

 

Tiflisdə seçkilərə “kölgə” salmaq hədəfi

Rusiya yönlü çevrələr Gürcüstanda son prezident seçkiləri sonucunda “Gürcü Diləyi” Hərəkatının azından 50 faiz səs topladığını və bunu görüncə Batının dolayı yolla irəli sürdüyü 2-ci tur hədəfləri olduğunu iddia edirlər. Yəni toplumun azından 50 faizinin Rusiyanın maraqlarına səs verdiyini isbat etməyə çalışılır. Halbuki, ölkədə vətəndaş forumu, debatlar aydın şəkildə ictimai fikrin hansı yöndə köklənməsinə nədən olan proseslərdən birinə çevrilmişdi. Avropa Birliyinə vizasız gediş-gəlişlər sayəsində indi Gürcüstan vətəndaşları Rusiyadan, postsovet məkanından fərqli olaraq daha çox pul qazanmaq imkanını əldə ediblər. Bu da gürcü cəmiyyətinin sosial-iqtisadi həyatında çox böyük dönüş deməkdir. Yaxın 15 ildə Gürcüstan demokratikləşmə, vətəndaş cəmiyyəti adına institutsional xarakterli təsisatların yaradılması ilə mücadilə aparırdısa, bu gün daha da irəli getməyə başlayıb. Bu öz növbəsində Qafqaz regionunda yeni anlayışların təməllərinə səbəb olur. Proseslərin belə bir axarla inkişafından ən çox əndişəyə düşən tərəf Rusiyadır. Çünki, geridə qalmış “ucqarlar” siyasətini dəyişmək fikrində deyil. Bu siyasət daha çox Quzey Qafqaza tətbiq olunan hədəflərdən biridir. 
Ünlü Litva yazıçısı Skomantas Potsi çox haqlı olaraq yazır: “Biz etnik milliyyətçilik siyasəti ilə Litvanı azad etdik. Bu azadlıq hərəkatı bütün Doğu Avropanın özgürlüyünə gətirib çıxardı. Beləliklə də sovet rejimi adı altında Rusiyanın işğalından azad olduq. Milli dövlətlərin yaranmasının ardından indi vətəndaş milliyyətçiliyi düsturi ilə hərəkət edirik”.
28 noyabrda seçkilərin 2-ci turunda mütləq mənada Salome Zurabişvilinin qələbə əldə etməsi üçün Rusiya və onun əlaltıları son günlər daha da fəal olublar. Çünki, azından Salome Zurabişvili Rusiyaya və onun işğalçı siyasətinə loyal münasibətdə olacaqdır.
Rusiya indiki məqamda açıq şəkildə bildirir ki, guya “yaxın xaricdə” etnik müstəvidə eksplutasiya və sosial mənada anlaşılmazlıqla üz-üzə olmağı istəmir. Ancaq, bununla yanaşı, “dondurulmuş” etnik bölücülük siyasətindən əl çəkmək fikrində deyil. Beləliklə də bəlli olur ki, Gürcüstanda kimin prezident olması deyil, kimin Rusiyaya daha çox loyal münasibət göstərməsidir.

 

Ölkənin geriyə dönməyə haqqı yox

Gürcüstan cəmiyyəti bu gün iki dilemma ilə üz-üzədir. Avropaya inteqrasiya sayəsində iqtisadi-sosial problemlərini çözmək və ya istehsal etdiyi məhsulları sayəsində Rusiya bazarlarında öz gəlirləri haqqında düşünən cəmiyyət düşərgələrinə bölünübdür. Bu prosesdə itirlmiş ərazilərin geri qaytarılması məsələsində “Abxaziya sindromu” həll olunan kimi görünsə də, “Güney Osetiya sorunu”nda qətiyyətsizlik hökm sürür. Onlar hətta Gürcüstanın tərkibində ən yüksək muxtariyyat statusunu da qəbul etmirlər. Ahısqa məsələsi isə istənilən an yenidən alovlana bilər. Ona görə də bu bölgədə ermənilər son seçkilərdə Salome Zurabişviliyə səs verdilər. Çünki, Ahısqa vilayətinin yaşam mənbəyi Rusiyadır. Ermənilər gürcülər kimi Türkiyə və Avropa ilə iqtisadi-sosial əlaqələrə meyilli deyillər. Buna görə də ermənilər vətəndaş milliyyətçiliyi ideyasını müdafiə etmirlər. O zaman sual yaranır ki, vətəndaşı olduğun dövlətin təəssübünü çəkmirsənsə, nə üçün orada yaşayırsan?
Gürcüstanın öncələrdə yaşadığı acıları kimsə unutmayıb. İşğal olunmuş ərazilər, qaçqınlar, fabrik-zavodların dayanması, kütləvi işsizlik, hırsızlıq, insan oğurluğu kimi utancverici faktorlardan bu gün addım-addım uzaqlaşıbdır. Demokratiyanın gətirdiyi yeni yaşam düzənindən kimsənin inciməyə haqqı yox. Mədəni milliyyətçiliyin çətinlikləri olsa da, geriyə dönüş yoxdur. Çünki, vətəndaş cəmiyyətinin modern inkişafının tək yolu budur. Azad olmaq, demokratik bir düzənlə yaşam normasına sahib çıxmaq indi bütün dünyanın istədiyi başlıca şərtdir. Gürcü cəmiyyəti etnik bölücülük xəstəliyini hələ də yaşadan Abxaziya və Güney Osetiyanın yaşam düzənini hər gün görür və mümkün qədər keçmişdəki acıları xatırlamamağa çalşılır. 28 noyabrda bütün bu suallara cavab veriləcək. Milli azlıqları təsir vasitəsinə çevirmək onların problemlərinin dondurulması deməkdir. Rusiya sadəcə zaman qazanmaq üçün milli azlıqlardan istifadə edərək gürcü cəmiyyətinin mümkün qədər onun işğalçılıq siyasətinə loyallığını təmin etmək hədəfini ortaya qoyub. Sabah həmin toplumların aqibəti Rusiyanın umurunda olmayacaq.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

19:37