“İrəvan Teatrı”nda rəzalət davam edir

1786-cı ildə Almaniyanın kralı II İosif dünya teatrının tarixində ilk dəfə olaraq “direktor teatrı”nı ironik formaya salmaq üçün “Saraydan oğurluq” adlı operettasını sifariş verdi. Beləliklə “Prima la musica e poi le parole” (Öncə musiqi, sonra sözlər) əsəri  yazıldı. Məqsəd Antoni Salyeri və Amadey Volfhanq Mortsart kimi dahilərin yaradıcılığı sayəsində yeni ideyanı ortaya qoymaq idi. Bayağı libretto, sabun köpüyü tipli əsərləri repertuar siyasətinə çevirən, bəsit təfəkkürlə öyünən, teatrın direktoru statusu ilə özünü ünlülər sırasında göstərməyə çalışan “teatr direktorları”na xüsusi damğa vuruldu. Bu tamaşada ünlü aktyorlar Hötlib Ştefan, Yozef Uaydman, Frans Brokmann, Valentin Adamberger, Yozef Lange və və Anna  Adamberger “direktor teatrı” anlayışını o qədər ustalıqla ironik formaya saldılar ki, inidyədək teatr aləmində səviyyəsiz inzibatçıları görəndə rişxəndlə Prima la musica e poi le parole” deyə münasibər göstərirlər.  

Mədəniyyət nazirliyinin gözləri kor, dili lal, qulaqları kardır

18 ildir teatrda peşəkar teatr sənətinə diletantcasına münasibət göstərən, keçmiş nazir müavini Ədalət Vəliyevin himayəsi altında direktor vəzifəsini məngirləmiş İftixar Piriyevin rəzaləti davam edir. 136 illik yaşı olan teatr Azərbaycan mədəniyyəti adına milli qürur mənbəyi kimi tanınmşdır. Bu teatr qondarma Ermənistan adlı respublikanın başkəndi İrəvanda ən qədim sənət ocağının Azərbaycan Türklərinə məxsus olmasının simvolu sayılır. Ədalət Vəliyevin 26 ildir davam edən teatr rəzalətinə son qoyulsa da, “direktor teatrı” çetesi hələ də iş başındadır.
Bu qocaman teatrın 125 illik yubileyi münasibəti ilə 2008-ci ildə ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə Binəqədi rayonu ərazisindəki ən gözəl mədəniyyət sarayı hədiyyə edildi. Bina uzun illər “Binəqədineft” və sonradan ARDNŞ-in balansında olduğu üçün bütün texniki imkanları ilə göz oxşayırdı. Sonradan binada şübhəli şəkildə “sorunlar” yarandı. Binanın tavanı, sonra da səhnəsi yararsız hala düşdü. Bu binanın yarısı yerli bələdiyyəyə, bir hissəsi idman dərnəklərinə, bir sıra otaqları şirkətlərə icarayə verildi. Teatrın binasının icarə əsasında əldə olunan gəlirlərin haraya xərcləndiyi də bəlli deyil. Ona görə də bu qocaman teatr ayrı-ayrı mədəniyyət evlərində və teatrlarda tamaşalar göstərməyə məcbur qalıb. “Qaçqın teatr” ötən yüzilin 90-cı illərində üz-üzə qaldığı durum direktor İftixar Piriyevin kəraməti sayəsində bu aqibəti təkrar yaşamalı olub. Bu problemin yaranmasının səbəblərini Mədəniyyət nazirliyi araşdırmayıb. Prezidentin bu teatr üçün hədiyyə etdiyi bina əməlli başlı təmirli məkan idi. Təkcə Binəqədi rayonunun deyil, respublika əhəmiyyətli tədbirlərin, teatr tamaşalarının və konsertlərin keçirildiyi məkan kimi məşhur idi. İndi sınıq-salxaq vəziyyətdə ürəkağrıdıcı durum taleyin ümidinə buraxılmış xarabalığa bənzəyir. Çünki, teatrda direktor İftixar Piriyevdir. Onu bu görəvə təyin edəndə nazirlik bilməliydi ki, Akademik Milli Dram Teatrı və Tiflis Azərbaycan Dram Teatrında inzibati vəzifələrdə çalışsa da, heç zaman uğurlar əldə etməmişdi. Nə aktyor, nə də direktor kimi onun bioqrafiyasında hansısa uğurlarının şahidi yoxdur.

“Dram dərnəyi” və məqsədli şəkildə yaddaşın silinməsi

“İrəvan Dövlət Azərbaycan Dram Teatrı”nın adı milli siyasətimizin strateji hədəflərindən biridir. Çünki, zaman-zaman soydaşlarımız öz qədim torpaqlarından dirdərgin salınsalar da, Ermənistan adlı məkandan tarixi mədəni irsimizin canlı səlnaməsi teatrdır. İrəvanda fəaliyyət göstərdiyi dönəmlərdə sağ qalmış sənətkarlarımız mədəni-milli irsimizin canlı şahidləridir. Onların təqaüd yaşı çatsa da, fiziki baxımdan səhnə üçün yararlıdırlarsa, yaddaşları yerindədirsə, işdən azad etmək mənəvi və sənət baxımından teatrdan uzaqlaşdırılmamalıdırlar. 2000-ci ildən üzü bu yana teatrda direktor vəzifəsini daşıyan İftixar Piriyev sanki bilərəkdən Azərbaycan mədəniyyətinin İrəvandakı canlı şahidlərini sıradan çıxarmağı qarşısına ali məqsəd kimi  qoyub. Bu teatrı minbir əzab-əziyyətlə məcburi qaçqınlıq çağında yaradan xalq artistləri Vidadi Əliyev, Elmira İsmayılova, Süleyman Nəcəfov (Tanrıdan ona rəhmət diləyirik), Tamella Abdullayeva, əməkdar artist Vidadi Əliyev, Əjdər Zeynalov qəsdən buradan uzqlaşdırılıblar. Halbuki, bu ünlü sənətçilər İrəvandan sadəcə soydaşlarımızın erməni vandalizminin qurbanları kimi dışlanmadılar. Onlar min illərlə qorunub yaşadılan milli-mədəni irsimizin canlı şahidi və iştirakçıları idilər.
Mədəniyyət nazirliyi bu rəzaləti heç nə olmamış kimi hissiz-duyğusuz şəkildə seyr edib. Vaqif Kərimov teatrın yenidən yaşaması üçün minbir əziyyətlər çəkmiş, bütün bunlara rəğmən əlində silah Qarabağ uğrunda 1993-1994-cü illərdə cəbhə boyu döyüşlərdə iştirak etmiş veteranlarımızdan biridir. O, “Vətən müharibəsi” veteranı adını da almadı.  Qarabağ uğrunda döyüşlərdəki iştirakını milli borc kimi qəbul edir. Teatr aləmində Qarabağ uğrunda döyüşən sənətçilərimizi barmaqla saymaqla olar. Onlardan biri də əməkdar artist Vaqif Əliyevdir. Azərbaycan teatrında və kinosunda misilsiz xarakterlər palitrasını yaratmış bir sənətkarı “təqaüd yaşı”nı bəhanə edərək onu doğma teatrından perik salmaq rəzalətin son zirvəsidir. Bu qocaman teatrın İrəvandakı sənət tarixinin canlı səlnaməsi olan sənətkarları sıradan çıxarmaqla mədəni yaddaşmızın izləri yox edilir. Çünki, direktor İftixar Piriyevin dərk etdiyi teatr anlayışı bundan ibarətdir. Onun belə bir siyasəti yürütməsinin sonucunda 135 yaşlı sənət ocağının sıradan çıxarılması və dram dərnəyinə çevrilməsinə gətirib çıxarıb. Özünə hörmət qoyan aktoyrlar, dramaturqlar və rejissorlar bu teatra maraq göstərmirlər. Teatrın dram dərnəyi səviyyəsinə endirilməsi onun “unutdurulması” deməkdir. Mədəniyyət nazirliyi Azərbaycanın bir  dövlət olataq Ermənistanın işğalçılıq siyasətini iflasa uğratmaq istəyirsə, “İrəvan Teatrı”nı istedadlı kadrlarlarla formalaşdırmalıdır. Bu qocaman teatrın nə dram dərnəyi səviyyəsinə, nə də unutdurulmasına yol vermək olmaz. Bu bəlanın qarşısının alınmasının tək yolu 18 ildir direktor vəzifəsini məngirləmiş İftixar Piriyevin “teatr siyasəti”nə qiymət verilməsindən ibarətdir.

Uğursuzlu sondromu

İftixar Piriyev “İrəvan Teatrı”na direktor təyin olunduğu gündən indiyə kimi dəvət olunan  rejissorların və aktyorların heç biri ilə yola getməyib. 26 il nazir müavini olmuş, teatrın yaradıcılıq anlayışından xəbərisiz Ədalət Vəliyevin stalinizmin mirası olan inzibati amirlik siyasətinin “məktəbi”ni keçmiş İftixar Piriyev baş himayədarının sayəsində ən istedadlı aktyorların bu teatrı tərk etmələrinə məcbur qalmasına səbəb olmuşdur. Ötən 18 ildə  respublikanın əməkdar artistləri Azər Axşam, Dilarə Əliyeva, Tünzalə Əliyeva, tanınmış aktyorlardan Midhət Aydın, Rəşad Səfərov, Mehman Dilqəmoğlu, Rada Nəsibova, Anar Babalı, Ramil Məmmədov, Könül Əbilova, Zəka Ziya, Günel İmanova, Solmaz Məmmədova, Elçin Hacı,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı və digərləri teatrdan İftixar Piriyevin yarıtmaz siyasətinin sonucu olaraq uzaqlaşdırılıblar. Mədəniyyət nazirliyi bircə dəfə də olsun bu rəzalətlə bağlı araşdırma aparmayıb. Necə olur ki, direktor İftixar Piriyevin “yarıtmaz” saydığı bu sənətçilər digər teatrlarda, milli teleseriallarda və tammetrajlı filmlərdə uğurlar qazandıqları halda, “İrəvan Teatrı”na layiq bilinməyiblər? Bu sual “demokl qılıncı” kimi “İrəvan Teatrı” və yarıtmaz “direktor teatrı”nın hər zaman başının üstündə duracaq.   

“İrəvan Teatrı”nın “PİMPİNONE”si

Alman teatrının klassik barokko janrının nəhənglərindən olan Georg Teleman uğursuz “direktor teatrı”ı anlayışını lağa qoyaraq demişdir: “Bərabər olmayan nikah”ın sonu da yoxdur. Çünki, qulluqçu Pergolezinin “zingşpil” xarakteri əsil biabırçılıq deməkdir. Antoni Salyeri və Amadey Volfhanq Mortsartın birgə yaradıcılığı olan “Saraydan oğurluq” (direktor teatrı) operettası bunun klassik örnəyidir”. Azərbaycanda bunun əksini görürük. Dövlət büdcəsi hesabına xüsusi səlahiyyət və imkanlar əldə edən direktorlar üçün teatrın yaradıcılıq uğurları heç bir anlam daşımır. “İrəvan Teatrı” və onun direktoru İftixar Piriyevin 18 illik fəaliyyəti buna canlı örnəkdir. Poetik və bədii cəhətdən bəsit və qüsurlu  poemalarını mərhum prezident Heydər Əliyevə həsr etmək adı ilə tamaşalar hazırlayıb özünü sığortalamaq kimi hədəflərini ortaya qoymazdı. Bizi ilgiləndirən mədəniyyət nazirliyinin bütün bu qüsurlara göz yummasıdır.
Ötən il avqustun 26-da teatr nazirlik səviyyəsində komissiya tərəfindən araşdırıldı. Hətta direktor İftixar Piriyevin fəaliyyətinə 222 saylı əmrlə nazir tərəfindən ona töhmət verildi. Bütün bunların qarşılığında İftixar Piriyev aktyorlar və rejissorlar üçün nəzərdə tutulmuş “Prezident mükafatı”na (bir il müddətinə ayda 500 manat) layiq görüldü. Nazirlikdən soruşmaq gərəkdir ki, teatr sənətində hansı uğurlu işinə görə direktora bu ali mükafatın veriməsi məsləhət bilinib? Əgər İftixar Piriyev ünlü aktyorlar zümrəsinə məxsusdursa, nədən 30 ilə yaxındır istedadını nümayiş etdirməyib? Onun hansı rolları sənət uğurları ünvanında yer alıb? Bu suallara nazirlik və teatr cameəsi cavab verməyəcək. Omayan bir şeydən nəyi danışmaq olar?
“İrəvan Teatrı”nda direktor İftixar Piriyev ideya kəşf edib. Hansı aktyor onun yarıtmaz siyasətini qəbul etmirsə, dərhal süpürgəçi, paltarsan, gözətçi, butafor, sürücü, qrimçi, səhnə maşinisti, texniklər hərəkətə keçirlər və stalnizm illərində olduğu kimi “kollektivin rəyi” adı altında işdən azad edilirlər. Hətta buna hüquqi don geyindirilməsi istiqamətində “həmkarlar ittifaqı”nın yığıncağının protokolu da tərtib edilir. Halbuki, aktyorlara qanunla   sorumlu olan tək bir nəfər şəxs var ki, o da baş rejissordur. Biz dəfələrlə “direktor teatrı” siyasətinin yalnış olduğunu mətbuat vasitəsilə mədəniyyət nazirliyinə xatırlatsaq da, bu uğursuz anlayış hələ də davam edir. Bəylər!.. Dövlətin teatr haqqında qəbul etdiyi qanunu diqqətlə oxuyun. Əsil teatrda söz sahibi rejissordur. Direktorun vəzifəsi menecer statusu ilə bilet təsərrüfatı işini tənzimləməkdir.
Rusiyanın tanınmış “Vaxtanqov Teatrı”nın direktoru Kirill Krokun çox yaxşı bir sözü var: “Mən direktor olaraq heç kim üçün maraqlı deyiləm. Çünki, mənim işim yaxşı tamaşalar üçün bilet satmaqdır. Ona görə də istənilən teatrda əmr vermək deyil, yaradıcılıq mühiti önəmli sayılmalıdır”.     

Ənvər BÖRÜSOY
sənətşünas
Xudaferin.eu

14:51