Abılay Xan – Sonuncu Bozkır lideri

“Abılay Xan param-paraç olmuş, taleyin ümidinə qaldığı dönəmdə Qazaxstanda vahid dövlət ideyası iradəsini ortaya qoydu”.

Qazaxstan Prezidenti Nursultan Nazarbaev

Qədim ənənələrə bağlı Qazaxtsan

Bu günkü Qazaxstan ərazisində tarixən qədim türklərin bir çox qüdrətli dövlətləri olub.  Eradan öncə III yüzillikdə Kanqlı dövlətinin tarixi izləri sübut edir ki, Avrasiya məkanının bu dönəmdə ən yüksək səviyyədə sivilzasiya məkrəzi indiki Qazaxstan ərazisidir. Sak (b.e.ö. I minilliyin III-VIII əsrləri), Sarmat (e.ö. VII-VIII yüzil), Uysun (e.ö. IV yüzil), Kanqlı (e.ö. II-I yüzil), Hun (I yüzil), Türkeşlər (552-756 yüzil), Batı Türk Xaqanlığı (603-704-cü yüzil), Karluk (756-940-cı yüzil), Kimak Xaqanlığı (X-XI əsrlər), Oğuz Kaqanlığı (IX-XI-ci yüzillər), Qaraxanlı (X-XII yüzil), Qıpçaqlar (XI-XIII yüzil), Böyük Moğol İmperiyası (XII-XIII yüzil), Altun Orda (XIII-XIV yüzil), Ak Orda (XIII-XV yüzil) kimi qüdrətli dövlətlər mövcud olmuşdur. 1465-1466-cı illərdə Qazax Xanlığı meydana gəlmişdir. Rəşidəddin tərəfindən yazılmış “Cami təvarix” və “Tarixi Rəşidi” kitablarında qeyd olunur ki, orta yüzildə bir çox iri feodal dövlətləri tarixi zərurətdən doğan reallıqlar əsasında çökməyə başladılar. Hər bir ulus özünün kiçik dövlətlərini elan etməyə başladı. Belə bir dönəmdə Dəşti Qıpçaq çöllərində vadilər boyunca xırda feodal dövlətləri intişar tapdı. İndiki Jetisu, Çu, Talas, Ural, Kökşetau, Şımkent, Suzak, Sıznak, Sauran, Karatala, İli, Sarıözək, vadiləri boyu xırda feodal dövlətlərinin varlığı, daxili çəkişmələr faktiki olaraq Böyük Çöl dövlətçilik mədəniyyətinə ağır zərbələr vurdu. Bununla yanaşı, bütün qazax ulus və el birliklərinin vahid bir dövlətdə birləşməsi ideyası bütün bölgələrdə fəal şəkildə müdafiə olunurdu. Digər yandan isə Çarlıq Rusiyası, Cunqar Hərəkatı, Çin, güney bölgələrdən klerikal siyasət yönəldən güclər tarixi İpək Yolunun mərkəzində dayanan Qazax çöllərini nəzarətə almaq üçün dörd bir yandan buraya hücumlar təşkil edirdilər. Belə bir ağır dönəmdə tarixin səhnəsinə Abılay Xan çıxdı. Olduqca müdrik şəxsiyyət olan Abılay Xan bütün ulusları bir araya gətirmək, indiki Qazaxstan ərazisini vahid dövlət şəklinə salmaq, bütün el birliklərinin dövlət quruculuğunda iştirakını təmin etmək, ölkəni bir nəfərin şəxsi iradəsi ilə deyil, qədim türk ənənələri şərtləri içində ŞURA-nın qərarı ilə idarəetmə  qaydalarını yenidən rəsmiləşdirdi.

Bütün juzlar milli birlik üçündür

Abılay Xan bəşəriyyətin ən dahi sərkərdələrindən biri olan, görkəmli dövlət xadimi Çingiz Xanın urusilər soyuna məxsus bir ailədə dünyaya gəlib. Onun şəcərəsi bundan ibarətdir: Kaysak Orda boyundan gələn Cuçi Xan, Tokay Temir Xan, Koja Xan, Badak Oğlu, Orıs Xan, Küyırşık Xan, Barak Xan, Canibəy Xan, Jedik Xan, Şığay Xan, Esim Xan, Salkam Xan, Jangir Xan, Ualı Xan və sonuncu Abılay Xan. Gənc yaşlarında Abılay Xanı düşmənləri “kan-içer” adlandırırdılar. Öz dövrünün döyüşkən və barışmaz xarakteri ilə seçilən Abılay Xan zamana görə param-parça olmuş bütün juzları, qıpçaq boylarını birləşdirmək, vahid dövlət yaratmaq, keçmiş dövlətçilik ənənələrini dirçəltmək, İpək Yolu üzərində barışın təmin edilməsi üçün qanlar tökmək məcburiyyətində qaldı. Ona görə ki, hərcmərclik ideyası ilə feodalların çapqınlıq siyasəti əslində bütün xalqın əzablı bir həyat tərzinə çevrilmişdi. Abılay Xan bütün juzları bir-bir öz ətrafında birləşdirməklə hamının arzu etdiyi əmin-amanlığı da qoruya bildi. Çarlıq Rusiyası, Çin, Rusiya, Xarəzm, Buxara, Səfəvi və Osmanlı dövlətləri ilə diplomatik münasibətləri qurmaqla xaricdən gözlənilən  təhlükələrin qarşısını ala bildi. Onu tarixin görkəmli dövlət xadimləri olmuş türk xaqanları Mete, Bumın, Kültekin, Kerey, Janibek, Esim, Kasım, Tauke ilə eyniləşdiridilər. Hətta bir sıra addımlarını iki min illik türk dövlət sisteminin modernləşdirdiyini xüsusi qeyd edənlər var idi. Çox ağır həyat yaşamış, çətinliklərlə üz-üzə qalmış, əsirlikdə olmuş bu əfsanəvi şəxsiyyət 1756-cı ildən ömrünün sonuna kimi Çin, Cunqar və Mancur yürüşlərinin və hərbi müdaxilələrinin qarşısını almaq  üçün mücadilə aparmışdır. Çinin buddizm dini sayəsində Türküstanın assimliasiyaya siyasətini önləmişdir. Noyon idarəetmə sistemini darmadağın edərək əski türk idarəçiliyini bərpa etmişdir. Kiçik Juz, Orta Juz, Ertis (İrtış), Böyük Juz daxil olmaqla Sırdərya, Soget və İssıkkul vadilərini birləşdirməklə sapıntıların qarşısını ala bilmişdir. Beləliklə də tarixdə ilk dəfə konkret bir məkanda türk dövlətçilik ənənələrinin modern idarəetmə sistemini qura bildi. Bu gün Qazaxstan dövlətinin varlığı və idarəetmə ənənələrinin təməli məhz Abılay Xanın cızdığı etnosistemin coğrafiyası ilə müşahidə olunur. Bu qaydanı sonralar nə Çarlıq Rusiyası, nə də keçmiş Sovetlər Birliyi poza bildi. Avrasiya məkanında Slavyan-Türk dualizminin elmi-nəzəri konsepsiyasının bəşəri humanizmə söykənməsi Abılay Xanın müdrik dövlət xadimi olduğunu zamanla bir daha təsdiq edir.
 

Abılay Xan: “Məni Xoca Əhməd Yasəvinin ayaqları altında dəfn edin”

Min ildən çoxdur ki, Türk Dünyasının hikmət xəzinəsinin təməlini qoyumuş və XII yüzildə yaşamış Xoca Əhməd Yəsəvinin “Divani Hikmət” əsərinin bəşəri humanizm, milli kimliyin dəyəri, hər bir insanın, xalqın yaşadığı tarixi coğrafi ərazidə özümlü olmanın fundamental konsepsiyası bu gün dünyada multikulturalizm və dinlərarası dialoqun təməl qanunları kimi dəyərləndirilir. Dünyaşöhrətli ensiklopedik alim, şərqşünaslıq elminin atası sayılan akademik V. Bartold vaxtilə yazırdı: “Abılay Xan XV yüzilin ən möhtəşəm dövlət xadimi və bəşəriyyət üçün örnək ola biləcək müdrik siyasətçidir. Qazaxstan çöllərində apardığı mücadilənin möhtəşəmliyini bilməyənlər Abılay Xanın dəyərini anlamazlar”.
Bu gün 2 milyon 725 min kv.km. əraziyə malik olan Qazaxstan coğrafiyasının qorunub saxlanılmasında məhz Abılay Xanın apardığı dərin dövlət siyasəti əsas prinsip olaraq görülür. Abılay Xan dövlətin idarə olunmasını qədim türk dövlətçilik ənənələri və həm də mənəvi müəllimi hesab etdiyi Xoca Əhməd Yasəvinin “Divani Hikmət” əsərində yer alan yüz hikmətin prinsipləri ilə yanaşıbdır.
XVIII yüzil Dəşti Qıpçaq Çölünün ən acınacaqlı dönəmi kimi tarixdə xatırlanır. Ona görə ki, xırda feodalların bir-biri ilə bitib-tükənməyən savaşları, Çin, Cunqar, Mancur quldur dəstələrinin davamlı istilaçı yürüşləri nəticəsində əkin-biçin, heyvandarlıq məhv edilmiş, ticarət yolları isə tamamilə sıradan çıxmışdı. Görkəmli tarixçi alim Şokan Vəlixanın da yazdığı kimi, elə bir aclıq dönəmi idi ki, hətta insanlar bir-birinin ətini yeyirdilər. XVIII yüzil sərt qış mövsümləri ilə tarixdə iz buraxıb. Tarixi mənbələrdə bu acınacaqlı dönəm qazax dilində “Aktaban şubırındı” (İllərin böyük bəlası) adlandırılır. 
Belə bir dönəmdə toparlanaraq ucsuz-bucaqsız çöllərdə savaşların qarşısını almaq, ulusu birləşdirmək, azğın fedodalların qarşısını almaq, xarici müdaxilələrlə savaşmaq, xalqın sosial-iqtisadi həyat tərzində dönüş yaratmaq, ən nəhayət Böyük Çöldə dövlət qurmaq kimsəyə nəsib olan bir tale olmamışdır. Bəşər tarixində bu ilkə imzanı atan Abılay Xan olmuşdur. O, 23 may 1711-ci ildə anadan olmuşdu və 23 may 1781-ci ildə dünyasını dəyişdi. 70 illik həyatının sonunda tək vəsiyyəti Arıstan Baba tituluna sahib,  “Həzrəti Türküstan” adı ilə tanınan Çimkənd vilayətinin Türküstan qəsəbəsində Xoca Əhməd Yasəvinin türbəsində məzarının ayaqları altında dəfn olunması idi. Özü üçün  tiranlar, sultanlar, çarlar, krallar kimi dəbdəbəli türbə tikilməsi ideyasını irəli sürmədi.      

Nursultan Nazarbaev: “Abılay Xan alqışların (dilək) təccümüdür”

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, Qazaxstanın XVII-XVIII yüzilliklərdə olduğu kimi, bir neçə coğrafi əraziyə bölünməsi kimi siyasi oyunları gündəmə gətirmək üçün bir sıra proseslər yaşanıldı. Qazaxstan dövlətçiliyinin ənənələrini dərindən bilən, Abılay Xanın doktrinasını zamanın ruhuna çevirməyi bacaran görkəmli dövlət xadimi, ölkə  başçısı Nursultan Nazarbaev xalqla birlikdə bu antidövlət siyasətinin qarşısını ala bildi. 30 ildir dövlət müstəqilliyini qoruyub saxlamaqla yanaşı, Avrasiya məkanında çağdaş dünya siyasətinin stabillik simvoluna çevrilən Qazaxstanın varlığı bütün bunları əməldə bir daha sübut etdi.

Prezident Nursultan Nazarbaevin Abılay Xanla bağlı söylədiyi bu fikirlər çox ilgincdir: “Öz xalqımızın işıqlı gələcəyini diləməklə qarşımda duran məsuliyyəti dərk edərək gördüyüm bütün işləri vətən qarşısında xidmətim kimi qəbul edirəm. Abılay Xan müdrik müşaviri Buxar Jırau ilə söhbətində belə demişdi: “Üç diləyimi həyata keçirə bilmədim.  Sülh səması, iri şəhərlər salmaq və qazax xalqının birliyini təmin etməkdə yaşıma görə gücüm çatmadı”. Halbuki, Abılay Xan böyük mənada əsil humanizm göstərərək bunları söyləmişdi. Qazax xalqını vahid bir dövlətdə ilk dəfə birləşdirən dövlət xadimidir. Biz XX-XXI yüzillikdə əldə etdiyimiz uğurlara görə ona minnətdarıq. Bu gün Qazaxstan həmin üç prinsipi əsasında inkişaf edir. Canibəy və Kereemin Qazaxstan dövlətçiliyi təməlini qoymuş bu müdrik xanların ənənələri Abılay Xanın dönəmində ən yüksək səviyyəyə qalxmışdır. Bu Qazaxstan dövlətçiliyinin ərazi bütünlüyü konsepsiyasıdır”.
Bu gün dünyada Avrasiya, Orta Asiya, Yaxın Şərq və Xəzərətrafı stabillik siyasətində Qazaxstanın rolunun danılmaz olduğu inkar edilməz faktorlardan biridir. Əslində bütün bunlar Abılay Xanın irəli sürdüyü dövlətçilik ənənələrinin coğrafi, etnoloji, biosfer məkan nəzəriyyəsinin təməl prinsiplərinə söykənir. Abılay Xan Orta Asiya, Çin və Rusiya ilə ortaq strateji hədəflərdə yer alan bərabərhüquqlu dövlət modelinin konsepsiyasını irəli sürmüşdü. Ona görə də qazax xalqı 300 ildir Abılay Xanı həm də “ARUAX” (əcdadların ruhu) deyə adlandırır.
Görkəmli qazax maarifçisi Şokan Vəlixan Abılay Xanla bağlı belə yazır: “O, bütün qazax ulusunu, bəyləri, güclü qoşun birliklərini və sultanları araya gətirərək çağdaş Qazaxstan dövlətçiliyinin təməlini qoydu. Ancaq, heç bir zaman mütləqiyyət hakimiyyəti üçün savaş aparmadı. Demokratik dövlət düzəni kimi yerli idarəetmə sistemini yaratmaqla dövlətin daha güclü olması dəyərlərinə önəm verdi. Avropa belə bir idarəetmə sistemini 150 il sonra həyata keçirməyə başladı”.  
Prezident Nazarbaev Abılay Xanı belə xarakterizə etmişdir: “Abılay Xan inkişaf edən siyasi xarakterə malik idi. Harmonik şəkildə dəqiq hesablanmış ağıla söykənən zəkanın sahibi idi. Biz bu günkü Qazaxstan dövlətçiliyinin varlığına görə ona minnətdarıq. O, yer üzərindən silinmək təhlükəsini yaşayan Qazaxstanın qurtuluşunun təməlini qoymuşdur. Ona görə də əcdadlarımızın ruhunu bu günkü nəslin nümayəndəsi kimi yaşatmaqdan qürur duyuruq. Bizim dövlət müstəqilliyimiz bu gün ona görə əbədidir ki, Abılay Xanın irsini yaşadırıq”.  
 

Ənvər BÖRÜSOY
Xudaferin.eu

19:24