Azərbaycan addım-addım “mollakratiya”ya sürüklənir

2019-cu ildən başlayaraq ölkədə mollalara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən “Mənəvi dəyərlərin təbliği fondu” tərəfindən aylıq maaş veriləcək. Bu fondun mənəvi dəyərlər dedikdə nəyi hesaba aldığını isə ölkədə kimsə bilmir. Azərbaycan bir Türk dövlətidir. Türkün kimliyini din pərdəsi adı altında ideoloji baxımdan yağmalama siyasəti yürüdən çevrələrə qarşı səsini çıxarmayan bir quruma nədən bu səlahiyyətlər verilib? Müftəxorcasına, parazitcəsinə xalqın mənəvi və sosial baxımdan ərəbizmə-panfarsizmə xidmət edən, sami-arami-parn kültür düzəni ilə siyasət yürüdən mövhumatçıların yanında rəsmi dövlət qurumunun durması anlaşılan deyil. Mənəvi-ideoloji tiryəkilər zümrəsi heç bir zaman Azərbaycan dövlətinin varlığını qəbul etməyiblər. Onların qafaları səudların, ayətullahların, mərceyi təqlidçilərin, bir sözlə özgələrin ideoloji bostanlarından boy atıb.     

Dini qurumların sayı artdıqca, mövhumatçı çevrələr də böyüyür
Saxtakarcasına neçə illərdir Azərbaycanda teoloji baxımdan böyük bir təbliğat siyasəti yürüdülməkdədir: “Ölkə əhalisinin 92 faizi müsəlmandır və onların 98 faizi isə şiədir”. Bu əndrabadi təbliğatların sonucu olaraq, İran mollakratiya rejimi şəbəkələşmə taktikası cəmiyyətin yaşam normasına çevrilməkdədir. Ölkədə 800-dən çox dini qurum vardır.  Onlardan 765-i islam, bundan əlavə xristian, yəhudi, krişna, bəhai və digərləridir. Bu gün ölkədə 10 dini təhsil ocağı var ki, orada ancaq mövhumatçı kadrlar yetişdirilir. Rəsmi qeydiyyatdan keçmiş 2250 məscidlərdən heç biri bu günə kimi ölkədə milli-mənəvi aksiyalarda iştirak etməyiblər. Bununla yanaşı, 800-ə yaxın pirlər-ocaqlar da zəli kimi xalqı mövhumatçı düzənlə boğub məhv etməkdədir. Çünki burada çalışan imam xətib, axund müavini, baş axund, imam, imam müavini, dini ayin icraçısı, qazi, axund, məscid xidmətçisi, məscidiimam, mütəvəlli, imam cəmaət, dini ayin icraçısı və sair titulları daşıyanların amacı xalqın cibini soymaqdan ibarət olub. Hər il müxtəlif “dini mərasimlər” adı ilə möhumat düzəninin çevrəsi də böyüməkdədir. Elə son məhərrəmlik mərasimində ölkədə milyondan çox insanın “şaxsey-vaxsey” prosesinə cəlb edilməsi mövhumatçı gerizəkalılığın təzahürüdür. Din pərdəsi ilə cəmiyyətə sırınan ortaçağın gerizəkalı mövhumatçı ideoloji təlimlərinin XXI yüzildə bir daha özünü qabartması sübut edir ki, Azərbaycanda demokratiya yoxdur. Bir ölkə kimi biz hələ də ortaçağın rəvayətlərinin yorğanına bürünərək yatıb min üç yüz ilin dibinə quylanmışıq.  

Dini mərkəzlərin hədəfində nələr yatır?
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici dövlətlər və onların nəzarətində olan təşkilatlar tərəfindən ölkəmizdə 119 məscid tikilib. Bu məscidləri ötən əsrin 90-cı illərində Türkiyə, Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, İran inşa edib. Türkiyə tərəfindən Azərbaycanda tikilən məscidlərin sayı 23-dür. Bunlardan 7-si Türkiyənin Diyanət İşləri Başqanlığı tərəfindən Bakı, Qusar, Yevlax, Ağdamda tikilib. Gəncliyə Yardım Fondu isə Oğuz, İsmayıllı, Zaqatala, Qəbələ, Göyçay, Ağsu, Şamaxı, Şəki, Kürdəmir rayonlarında 12 məscid inşa etdirib. Türkiyəli iş adamları Sumqayıt, Xaçmaz və digər rayonlarda tikdirib. Türkiyə adına tikilən məscidlərin hamısı nurçuluq, süleymançılıq və digər ideoloji təlimlərin məkanı statusunu daşıyır. Belə ki, bu təlimlərin qarşısında duran tək görəv din pərdəsi altında antitürk təlimlərinin şaxələnməsi, beyinyuma proseslərini dərinləşdirmək olubdur.

Azərbaycanda xarici ölkələr tərəfindən tikilən və bərpa olunan məscidlərin 3-də 2-si Küveytin payına düşür. Küveyt ümumilikdə Azərbaycanda 73 məscid tikdirib. Bunlardan 56-sı “İslam İrsinin Dirçəlişi” Cəmiyyəti, 15-i “Asiya Müsəlmanları Komitəsi”, 1-i “İslam İnkişaf Bankı”, 1-i Küveyt vətəndaşı tərəfindən tikilib. Ölkəmizə dürtülmüş sələfi-vəhabi cərəyanının gizli ipləri isə Səudiyyə Ərəbistanın əlindədir. İfrat dərəcədə antitürk ideoloji təlimlərinin məkanı sayılan bu məscidlər ərəbizm təlimlərinin məkanı sayılır. “İslam İrsinin Dirçəlişi” Cəmiyyətinin tikdirdiyi məscidlərdən 14-ü hazırda fəaliyyət göstərmir. Onlar Azərbaycanda ifrat dərəcədə antitürk və təriqətçilik meylləri nəzərə alınandan sonra fəaliyyətini dayandırıblar.
Səudiyyə Ərəbistanı Azərbaycanda 3 məscid tikdirib. “Beynəlxalq İslam Gənclər Assambleyası” Şirvanda 1 və Gədəbəyin mərkəzində 1 məscid inşa etdirib. Səudiyyə Ərəbistanı Astara rayonunun Vəznəş kəndində 1 məscid tikdirib. Qətər Azərbaycanda cəmi 1 məscidin əsasını qoyub. “Qətər” Xeyriyyə Cəmiyyəti tərəfindən Qaxda inşa edilmiş məscid hazırda fəaliyyət göstərir. Qax rayonundan savayı, Qətər və Səudiyyənin tikdirdiyi məscidlər faktiki olaraq, sələfiliyin və antitürk ideoloji təlimlərinin aparıcı rolunu oynayırlar. Qaxda əhalinin savadlı kəsimini təmsil edən aydınlar sələfizmin qarşısını maarifçilik hərəkatını yaratmaqla ala biliblər. 
İran mollakratiya rejimi tərəfindən inşa olunan bir məscid var ki, “Hüseyniyyə” adı ilə fəaliyyət göstərir. Həmin məscid İran mollakratiya rejiminin cəsus yuvası statusu ilə “İran Mədəniyyət Mərkəzi”nin nəzarətindədir. 

Müəllimlərə 200, mollalara 400 manat maaş?
Azərbaycanda orta məktəblərdə xalqımızın övladlarına bütün günü təhsil verən, onları gələcəyə hazırlayan, maarifləndirici həyat tərzini özünə peşə seçərək gecə-gündüz şam kimi yanan müəllimlərin orta aylıq maaşı 200 manat civarındadır. Onların başqa yerdən qazancları da yoxdur. Müəllimlər daim yeniliyə üz tutmaq üçün əlavə kitablar, dərsliklər və digər vəsaitləri oxumalıdırlar. Bütün bunları illərdir hakimiyyət görməzlikdən gəlir. Təhsil nazirliyi isə bircə dəfə də olsun indiki bazar tələbatlarına görə müəllimlərin aylıq maaşlarının və digər sosial problemlərinin həlli yönündə qabartmayıbdır.    

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən “Mənəvi dəyərlərin təbliği fondu” tərəfindən din xadimlərinin maaş məsələsi gündəmə gətirilib.  Beləliklə imamlar 400 manatdan, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər 220-250 manat arası aylıq maaş alacaqlar. Bu barədə fondun himayəçilər şurası ilə birgə qərar verilib. Gecə-gündüz millətimizin gözünü yağır edən, qafasını ortaçağ sicilləmələri ilə dolduran müftəxor mollalar dövlət babadan hətta maaş da alacaqlar. O zaman dini komitə başqa bir qərar versin: “DİN XADİMLƏRİ HÜZR MƏCLİSLƏRİNDƏ ƏHALİDƏN PUL TƏLƏB ETMƏSİNLƏR”.
Müəllimlər orta məktəbdə dövlətdən maaş aldığı üçün, şagirdlərdən rüşvət tələb edə bilməz kimi humanist qanun mövcuddur. Əgər molla dövlətdən maaş alırsa, bunun qarşılığında vəzifəsi olmalıdır. Heç kimə sir deyil ki, mollaların çoxu xalqdan hüzr məclislərinə, mənsub olduğu dini cərəyana görə xarici ölkələrdəki mərkəzlərdən yetərincə pul alırlar. Bunu ən adi və bəsit şəkildə dini məclislərdə mollaların “ağam belə fetva verdi”, filan “mərceyi təqlid belə dini hökm verdi” ifadələrindən duymaq asandır. Mollaların dövlətdən maaş alması isə onların yaxın zamanda “əmmaməli”-“çalmalı” oliqarxlara çevriləcəyinə açıq şəkildə işarədir. Heç bir din xadimi Azərbaycanın milli kimlik davasında indiyə kimi gərəkən addım atmayıb. Onları ilgiləndirən mövhumat pərdəsi altında sömrügəçi siyasətin yanında yer almaqdır. Çağdaş dünyada gəlişən ölkələrdə din dövlətdən ayrı olduğu üçün bəşəri uğurlara imza atıblar. Demokratiyanın təntənəsi də budur. Heç bir islahatı qəbul etməyən din bəşəri inkişafa imza ata bilməz.

Milli maarifçlik prosesi olmayan yerdə mollakratiya önə çıxar
1918-ci ildə Xalq Cümhuriyyəti yaranan kimi parlamentdə aparılan müzakirələrdə ən çox dartışılan mövzu müəllimlərin maaş məsələsi olub. Görkəmli yazıçı, maarifçi Soltan Məcid Qənizadə açıq şəkildə bildirirdi ki: “Müəllimin də qeyri qulluqçulara verilən qədər maaş tələb etmək haqqı vardır”. Bu gün müəllimlərin hüquqlarını gündəmə gətirmək hakimiyyət tərəfindən dolayı yolla yasaqlanmışdır. Ancaq, bunun qarşılığında mollalara xüsusi isti münasibətlər sərgilənməkdədir. Ölkədəki 2250 məscidi, 800-ə yaxın pir-ocağı idarə edənlər bircə dəfə də olsun verilən ianələr və nəzir qutularına daxil olan vəsaitlər haqqında rəsmi açıqlama verməyiblər. Hüzr məclislərində əhalinin cibini soy, ianə və zəkatları mənimsə, mənsub olduğun təriqət və ya məzhəbə görə xarici fondalardan para al, indi də dövlətdən əlavə maaş verilsin. Kim istəməz ki, din xadimi olmasın. Bu azmış kimi, hətta “Mənəvi dəyərlərin təbliği fondu” tərəfindən sənə 18 min manat dəyəri olan “Khazar SD” avtomobilini də hədiyyə edilsin. Təxmini hesablamalara görə, bir mollanın aylıq qazancı orta hesabla 2-3 min manat arasındadır. Bundan əlavə, əksər mollaların ayrıca ticarət şəbəkələri mövcuddur. Durumun belə bir məcrada davam etməsi tədricən ölkənin mollakratiya rejiminin təsiri altında düşməsinə səbəb olacaq. Bir sözlə Orta Doğuda din pərdəsi altında mövcud olan ifrat diktator rejimlərindəki bənzəri proseslər Azərbaycanda da sirayət etməkdədir. Son illərdə ölkədə dindarların sayının artmasının ardında duran hədəflərdən biri də “din xadimi” olmaq təşəbbüsləridir. Həyatda heç nə etmə, bir-iki ayə, surə, çoxlu mövhumat dolusu rəvayətlər əzbərlə vəssalam. Həm də məclislərdə hamıdan yuxarı başda otur. Belə bir müftəxor həyat tərzini kim istəməz ki? Guya onlar attestasiyadan keçirlər? Biz şəxsən buna inanmırıq. Ona görə ki, hər gün rastlaşdığımız mollaların heç birindən maarifçilik baxışlarını görməmişik.   
Dünyada bir gerçəklik mövcuddur ki, din xadimləri cəmiyyət üçün heç nə yapmadan və qurmadan, istehsal etmədən ən müftəxor yaşam düzəninə malik zümrədirlər. Ona görə də mədəni xalqlar dinin dövlət tərəfindən himayə edilməsi, dinin dövlətdən ayrı olması və digər bəşəri qanunları qəbul ediblər. Hansı ölkədə din dövlət siyasətindən ayrıdırsa, orada inkişaf mövcuddur. Harada din dövlət işlərinə müdaxilə edirsə, orada gerizəkalılıq öndə gedir. Orta Doğu dövlətlərində din pərdəsi altında yaşanılan rəzalət bunun əsil sübutudur. Milli maarifçilik hərəkatı məhz xurafatın, mövhumatın qarşısında ən böyük silah deməkdir. Bunun Azərbaycan tarixində böyük örnəkləri var. Özəlliklə də islam dini islahatların qarşısında aciz durumda qalıb. Ona görə ki, din pərdəsi altında mollalıq edənlərin heç birinin qafası normal olaraq çalışmır. Dinin ərəb-fars boğazı məxrəcində olan təlqini buna sübutdur. Müsəlmansansa, hökmən ərəbləşməli, ya da farslaşmalısan. Bu zümrənin türkü inkar siyasətinin yanında yer aldığını isbat etmək çox asandır. Gecə-gündüz Azərbaycan türkünün kimliyini inkar edən mollalara dövlətimizin büdcəsindən aylıq maaş verməyin özü dəhşət saçır. Ərəblərin orta çağda türklərə qarşı həqarətlə yanaşmasının bir sirri də “yəcuc-məcuc” doktrinasıdır. Kim bu anlayışın yanında yer alırsa, deməli türkün qosqoca düşmənidir. Elə ermənilərin də istədikləri budur.

Ənvər BÖRÜSOY
Xudaferin.eu

10:11