Jurnalistlərə ev verilməməlidir

Biət mətbuatı özgür KİV-in, azad düşüncənin sonu deməkdir

Bizim “Xural.com”, “Xudaferin.eu” və başqa virtual-internet qəzetlərində mətbuatla ilgili açıqlamalarımıza son 15 günün içində düz 57 nəfər düzməcə qoşaraq cavab yazmaq cəhdində bulundu. Ancaq, onlar hər hansı bir normal məntiq ortaya qoymadan, konsept irəli sürmədən öz iştahlarının haraya və nə qədər olduğunu da gizlətmədilər. 

Müftəxorcasına yaşam düzəni və “Sovetlər Birliyi”nin mirası

Ötən yüzilin ən qəddar dövlət quruluşlarından sayılan Sovetlər Birliyi bir yandan “xalqlar həbsxanası”, o biri yandan isə qatı totalitar düzənlə yönləndirilirdi. İnsanlar hər şeyə “həsrət” anlamı ilə yaşamaq düzəninə pərçimlənmişdi. “Vəzifə”yə həsrət, “ucuz-bayağı şöhrətə həsrət”, “müftə evə həsrət”..... həsrətlərin isə sonu yox idi. Özəlliklə də bu anlam media sahəsində çalışanların ana yarası sayılırdı. Bu sahəyə elələri cəlb olunurdular ki, bayağılığın pik nöqtəsində ucuz şöhrətin həsrəti ilə alışıb yanırdılar onlar. Elə bu gün də həmin xəstəlik yaşamaqda davam edir. Bayağılığın düzənində fərq etməz, onları ucuz şöhrətin zirvəsinə kimlər daşıyacaq. Təki, müftəxorcasına“yemlənmək”, “qamarlamaq”... olsun. Bu anlam dış fondlarınmı, yoxsa “dövlət baba”nınmı etkisi altında olacaq. Fərqi yoxdur. “Qrantlar” bol-bol axışsın. Onlar bütün bunların fövqündə xumarlanıb cəmiyyətə özlərinin malik olduqları tərzə uyğun cəmiyyətə “ağıl dərsi” versinlər. 
Parazitcəsinə yasamın ən üst düzənində yer almaq mərəzi keçmiş Sovetlər Birliyinin mirası kimi bu dəfə qılafını dəyişib sadəcə. Amaclarını bulduqda isə, öygülər silsiləsində sözlərin məddahlıq zirvəsi bəlkə də çoxlarına əlçatmaz görünür. Ancaq, bütün bunların arxa baxçasında yer alan idbarlığın bir qəpiklik dəyərinin olmadığını çoxları hələ də anlamırlar. Adını “jurnalist” qoymuş və peşəkar sənət düzənin “kapitan”ı timsalında cəmiyyətin 4-cü hakimiyyət tribunasını zəbt etmiş bu zatlar nə qədər acı da olsa, özlərindən vəzifəcə üstün hakimiyyət quruluşlarının fərqli biçimdə yer alan bayağılıq marafonunun davamına bənzəyirlər.        

Liberal mətbuat düzəninin inkişaf yolu

Biz ötənlərdə “Xural”, “Xudafərin”, “Ovqat” və digər elektron KİV yayınlarında açıqlama verərək bildirmişdik ki, ancaq liberal cəmiyyətdə KİV ən üstün səviyyədə olur. Hətta bu yöndə “Reklam Bazarı”nın ilkin olaraq liberallaşdırılması təkliflərini sunmuşduq. Ötən həftə Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin toplantısında “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklərin edilməsi müzakirə edilib. Layihələrin müəllifləri adıçəkilən komitənin üzvləri Vahid Əhmədov və Əli Məsimli olublar. Vahid Əhmədov isə açıqlamasında bildirib ki: “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişikliklər ölkəmizdə Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlı və reklam bazarının inkişafına xidmət edəcək. Bu qanunlara dəyişikliklərin edilməsi olduqca zəruridir”. Onun sözlərinə görə, il ərzində dövlət büdcəsinə reklamdan təxminən 55 milyon manat daxil olub, halbuki bu rəqəm 10 dəfə çox ola bilər: “Bakıda reklam bazarı Şəhər İcra Hakimiyyətinin nəzarətində idi. İl ərzində dövlət büdcəsinə reklamdan 50-55 milyon manat daxil olurdu. Bizim təxmini  hesablamalarımıza görə, büdcəyə ildə reklamlardan 450-500 milyon manata yaxın ola bilər”. 
Bu yöndə gərəkən addımların atılması həm də KİV-lərin ən üstün səviyyədə inkişafına yol aça bilər. Biz də ona görə deyirik ki, KİV-lər üzərində hakimiyyətin hansısa üstün nəzarət, idarəetmə və digər strukturlar yaradılmamalıdır. Bu sırada “Mətbuat Şurası”, “KİV-ə Dəstək Fondu” və digər strukturlar dolayı inzibati-nəzarət şəbəkəsi deməkdir. Bu şəbəkələr azad sözün boğulması, ələbaxımlılıq psixologiyasının inkişafı və özgür düşüncənin qarşısının alınması kimi hədəflərə xidmətdən savayı heç nəyə yaramır. “Mətbuat Şurası”nın “əbədi” sədri Əflatun Amaşovu və “KİV-ə Dəstək Fondu”nun şefi statusunu qazanmış Vüqar Səfərlini yarıtmaz fəaliyyətlərinə görə tənqid etmək ölkədə saxtakarcasına şirşirdilmiş “KİV BOSSLARI”anlayşına cihad kimi dəyərləndiriləcəkdir. Halbuki, bu iki şəxsin özgür mətbuatın yaradılması məsələsində heç zaman xidmətləri olmayıb. Cəmiyyətin, özəlliklə də KİV-lərin liberal düzəndə inkişafına əngəllər yaratmaq üçün çeteyə çevrilmiş qavramların başında durublar. 

Hakimiyyətdən nəsə istəmək, könüllü boyunduruq deməkdir

Bizə qarşı öz komprador maraqları çərçivəsində adımızı çəkmədən hədyanlar yazanlar əslində öz yaxalarını nə qədər “cırdıqları”nı bir daha açıq şəkildə nümayiş etdirdilər. Bu prosesi biz sadəcə ikrahla seyr etdik. Onların bayağıcasına yazdıqları cızmaqaralardan örnəklər gətirmək də istəmirik. Çünki, ünlü yazar Elçin Şıxlı demişkən “onların çörəyi də bundan çıxır”. Əgər gerçəkdən liberal reklam bazarı olsaydı və özgür mətbuatla birlikdə ortaq çalışmalara gedilsəydi o zaman “Ayna”, “Zerkalo”, “Aydınlıq”, “Avrasiya” və başqa azad mətbuat çoxdan bugünkü “yalaq” KİV-lərin yağışdan sonra göbələk kimi artmasına imkan verilməyəcəkdi. Fikrimizcə hər ötən ildə neçə-neçə ünlü qəzetlərin, dərgilərin nədən bağlanıldığı yönündə dövlətdən ev almış jurnalistlər heç bir zaman adi monitorinq aparmayacaqlar. İndiki KİV-in gerçəkliyinin təsnifatını açıqlamaqda zorluq çəkəcəklər. Bütün bunlar Azərbaycan KİV-nin çağdaş faciəsinin “ölüm marşı”nı xatırladır. Çünki, bizə qarşı hədyanlar yazanlar yazar olmaqdan daha çox özgürlüyün məzarqazanlarına bənzəyirlər. Onlar yazar kimi adicə köşə yazmağı belə bacarmırlar. Jurnalistika ixtisası üzrə təhsil almaq da olar. Bu sahədə hansısa yollarla qəzet, sayt və dərgi baş redaktoru da olmaq mümkündür. KİV-ə nəzarət üzrə çoxsaylı jurnalist təşkilatları da yaratmaq çox asandır. Ancaq, bu qədər titula sahib olanlardan hansısı Mirzə Cəlil, Əzim Əzimzadə, Üzeyir Bəy Hacıbəyli, Əli Bəy Hüseynzadə, Cəfər Cabbarlı, Hacı Kərim Sanılı və digər ünlü mətbuat tariximizin nəhənglərinə çevriliblər? Çağdaş mətbuatımızın bürokratcasına başında duranlar Çarlıq Rusiyası və Sovetlər Birliyi dönəmindən miras qalmış “məxfi polis” jandarmeyrasına bənzəyirlər. Elə bil ki, Viktor Hüqonun “Səfillər” romanındakı Javerin nəvələridirlər. Humanizmin canlı salnaməsi dahi Vİktor Hüqo Javerin nə qədər rəzil xarakterli məmur simasını təsvir etsə də, daxilində  onun vicdanında gizlənmiş “insanlıq” üçün də xüsusi yer ayırmışdı. Çağımızın javerlərində bu anlamın özü belə yoxdur. Ona görə də hara üz tuturlarsa, orada bir boyunduruq arayır və cəmiyyəti də bunun içində gömməyə çalışırlar. 

Biət mətbuatının faciəsi  

Ötən yüzilin 30-cu illərində böyük Mirzə Cəlil stalnizmin şərtləri ilə razılaşmadığı üçün “Molla Nəsrəddin” dərgisini qapatmalı oldu. Mirzə Cəlil həyatının son illərində Bakıdakı hamamlardan birində kassir işləyirdi. Hamama çimməyə gələnlərə bilet satırdı. Evinə odun ala bilmədiyi üçün məcbur olaraq əlyazmalarını sobada yandırırdı. Bir anlıq olsa da canına soyuq qışda istilik hərarəti gəlsin deyə. Milli mətbuatımızın təməldaşı Həsən Bəy Zərdabi Çar Rusiyasının şərtləri, sponsor qismində yerli neftxudaların və iri çəkili məmurların boyunduruğu altına girməmək üçün “Əkinçi” qəzetini bəzən uzun müddətə bağlamağa məcbur olurdu. Bu iki dahi şəxs böyük ədəbi irs qoydular, zamanın canlı salnaməsini yaratdılar. Möhtəşəm milli maarifçilik düzəninin önündə getdilər. Xalqımızın iradəsinin nəhəng tribunasını yaratdılar. Bu gün Həsən Bəy Zərdabi və Mirzə Cəlildən qat-qat böyük imkanlar əldə edən və özlərini ölkə KİV-nin azmanı sayanların nəinki qafaları, ən adi köşə yazıları “Əkinçi” və “Molla Nəsrəddin”nin bir vergülünə dəyməzlər. 
Türk Dünyası mətbuatının təməlini qoymuş dahi Şinasi 1850-ci illərdin ortalarında belə yazırdı: “Hər bir mətbu yayını təsviri əfkardır. Xalq onu ilgiləndirən bütün məsələlər haqqında düşüncələrini qəzetlərin vasitəsilə bildirməklə mövcud sorunların üzərinə getməklə onların həllinə çalışanda milli uğurlar asanlıqla həll olunur. Çünki, istənilən cəmiyyət dövlət və millətdən olüşür. Dövlət və xalqın təmsilçisi olaraq hər şeyi idarə edir”. 
Şinasinin çağdaşı olan ünlü qəzetçi, mühərrir və yazar Namiq Kamal mətbuatın nə demək olduğunu belə ifadə edirdi: “Kütlənin psixoloji anlamda fikir və söz tribunası qəzetdir. Qəzetçilik cəmiyyətin hürriyyəti (fikir azadlığı) və məşrutiyyəti (Ana Yasa qanunları) anlamlarının inkişafı yönündəki mücadilə meydanıdır”. 
Cəmiyyətin liberalizmi və sosial bərabərliyi məsələsində KİV-lərin rolunu önə çəkən Con Locke və Adam Smit hələ XIX yüzildə belə bir fikri ortaya atmışdılar: “XIX yüzillikdə reform və renosans düşüncəsinin bir ortamda bütünləşməsi çağdaş Avropanı dünyanın güc mərkəzinə çevirmişdir. Bunun üçün özgür KİV-ə çox borcluyuq. İnsan və vətəndaş haqları dəməci KİV-in sayəsində gündəmə gəldiyi üçün, dinamik cəmiyyət mövcuddur. Bu konspetin avanqardı məhz özgür KİV-dir”. 
Gözəlim Azərbaycandakı KİV-lə ilgili bu gün nə Həsən Bəy Zərdabinin, nə Mirzə Cəlilin, nə Şinasinin, nə Namiq Kamalın, nə də Con Locke və Adam Smitin fikir və düşüncələri heç bir önəm daşımır. Ona görə ki, özgür KİV deyil, “yalaq KİV” anlamı ən üst düzəndə məskən salıb. Bütün qrant projeləri və KİV-ə dəstək üçün yönləndirilən para yardımları məhz onların nəzarətinə keçib. Keçmiş Sovetlər Birliyi dönəmindəki kimi, hakimiyyətin rəzalət tribunasına çevrilən KİV-in yaşadılması konspeti bu gün də davam edir. Ölkə prezidentinə və iki çəkili məmurlara yalaqlıq əlcəyini atmaqla boyunduruq həlqəsini genişləndirməyə çalışırlar. Boyunduruq altında qrant projelərində və KİV-ə Dəstək Fondundan yardımlar alanlar bütün bunlar azmış kimi, həm də mənzil əldə etmək üçün yaxalarını cırırlar. Utanmadan adını da qoyublar “dövlət jurnalistlərə mənzil verməklə, qəzetlərə maliyyə dəstəyi etməklə, qrant projelərinə pul buraxmaqla dünyada analoqu olmayan ən yüksək səviyyədə humanizm nümayiş etdirir”. Özgür dünya KİV-i isə bütün bunları ironiya ilə seyr edir. Çünki, bütün bunların bir boyunduruq olduğunu daha yaxşı görürlər.   

Ənvər BÖRÜSOY
Xudaferin.eu

13:36