Yeni yaşınız mübarək, Kəmalə xanım...

İllər ömrümüzdən elə tez gəlib keçir ki, sanki onu ad günü münasibətilə təbrik etdiyimdən çox az vaxt ötüb. Məni qınamayın, elə bil, zaman da qısalıb. Budur, yenə də onun növbəti ad gününün ərəfəsindəyik. Bilirəm ki, iyulun 13-də səbəbkarı təbrik etməyə tələsənlər çox olacaq...

Bəli, səmimiyyət insanda ən məsum xüsusiyyətdirsə, sadəlik ən gözəl yaşam tərzidir. Bəlkə də onunla üz-üzə gələn adamların arasında, onu tanımayanlar da olur. Amma sözlərinə yazılan mahnıları hamı sevə-sevə dinləyir. Təkcə "Məktəb illəri" mahnısının sözləri bəs edir ki, müəllifini ən azı yüz il yaddaşlarda yaşatsın. O qədər sadə, o qədər mehribandır ki, onunla həmsöhbət olanda zövq alırsan. Heç vaxt özünü yuxarıdan aparıb pafoslu cümlələrlə söhbətinə süni boya çəkmir. Davranışı da gözəlliyi kimi təbiidir. Heç yerdə şeiri, sənəti ilə öyünmür, uğurlarına görə kiminsə yanında özündənrazılıq etmir. Göründüyü kimi var, olduğu kimi də görünür. Çox mehribandır. Hər dəfə onu görəndə, adama elə gəlir ki, doğmasıyla üz-üzə gəlir...

Sevənləri yetərincədir. Onların arasında- “Görəndə sevindiyim adam”, “varlığı ilə dünyanı maraqlı edən insan” kimi ifadələr söyləyənlər də var. Sadə, təvazökar, mehriban insandır. Təkəbbür hissi ruhuna yaddır. Adamlara xoş söz söyləməyə, onları sevindirməyə tələsir…

Deyir ki,- “Tanrı məndən heç nəyi əsirgəməyib: Qüsursuz görkəm, sağlamlıq, savad, istedad. Ziayalı ailədə dünyaya gəlmişəm. Günlərim xoş keçib. Amma nədənsə mübariz olmamaqda özümü suçlayıram. Bəzən özümə sual verirəm ki, niyə ədəbiyyatçı yox, fizik oldum. Axı valideynlərimin tövsiyəsi ilə bu ixtisasa yiyələnsəm də, sonradan ikinci ali təhsil alıb, ədəbiyyatçı ola bilərdim. Bəlkə də indi yaxşı bir yazıçı idim, yəqin ki, xeyli əsərlərim də var idi...”

Ədəbiyyatı çox sevir. Hələ də bu ixtisasa yiyələnmədiyindən təəssüflənir. Etiraf edir ki, ədəbiyyatçı olmadığından xoşbəxtliyi yarımçıqdır. “İnsanın sevdiyi ixtisasa sahib olması və həmin ixtisas üzrə çalışması onun xoşbəxtliyidir”- söyləyir…

Yeniyetmə yaşlarından şeir yazır. Daha əvvəldən mətbuatda çap olunsa da “Yağış yağır bu şəhərə” ilk şeirlər kitabı 1999-cu ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. Yaratdığı poeziya nümunələri oxucuların zövqünü oxşadıqca, onu insanlara sevdirə bilib. Bu nümunələr, bəstəkarların da diqqətindən yan keçməyib. İİstedadlı bəstəkarımız Aygün Səmədzadə onun bir sıra şeirlərinə mahnılar bəstələyib. Və həmin mahnılar ona məşhurluq gətirib, ölkədə tanınan şairlərdəndir. Bəli, sözlərinə bəstələnmiş “Məktəb illəri”, “Bu dünyanı nağıl bilək”, “Bakı haqqında nağıl”, “Yada salma özünü” adlı mahnılar bu gün dillər əzbəridir, dinləyicilər tərəfindən məhəbbətlə qarşılanır...

“Payızın vurğunuyam. Bu fəsildə yarpaqlar rəngbərəng olur. Onlara tamaşa etməkdən yorulmuram. Yağış da həmçinin, çox sevdiyim təbiət hadisələrindəndir. Əslində yağış mənə bir rahatlıq gətirir. Yağış yağarkən dincəlirəm, yağışlı havada təbiət qoynunda gəzmək xoşuma gəlir. Mənim aləmimdə yağışın da öz rəngləri vardır. Baxanda şəffaf görünsə də, mən yağışı rəngləri ilə duyuram.”- söyləyir...

Haqqında söhbət açdığım Kamalə Abiyeva Astara şəhərində müəllim ailəsində dünyaya gəlib. Uşaq olarkən ailəsi Bakıya köçdüyündən orta təhsilini 52 nömrəli məktəbdə başa vurub. Sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində ali təhsilə yiyələnib. 1980-ci ildən Bakının Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdə müəllim işləyir. “Qabaqcıl təhsil işçi”sidir. Beşdən yuxarı kitabın müəllifidir...

Deyir ki;- “Hər bir mahnı bir əsərdir. Musiqi zövqünün formalaşmasında vacib rol oynayır və auditoriyası da böyük olur. Sözsüz ki, biabırçı mətnlər birbaşa zövqün düzgün formalaşmasına zərbə vurur. Arada müğənnilərlə belə söhbətlərimiz olur. Verilişlərdə demişəm, hətta yazım da var. Sözlərə önəm verən ifaçılarımız azdır. Bəziləri yüngül, bayağı sözlərin asan anlaşıldığını, tez şöhrət gətirdiyini düşünürlər. Doğrudur, onların arasında məşhur olanları da olur, amma tez də unudulurlar. Məsələn, Kamalın bəstəsi olan "Özün günahkarsan” çətin mahnıdı. Bu sözlərə hər bəstəkar musiqi yazmazdı, o, yazdı və illərdir ki, sevilir. Amma mahnıların arasında sözü də, musiqisi də bayağı olanları da var... Yaxşı yadımdadır, bəstəkar Oqtay Kazımi sözlərimə ilk mahnını yazanda o qədər həyacan keçirirdim ki. Axı o vaxt Bədii Şura vardı, icazə verməyə bilərdilər. İndi isə pul buraxıb klip çəkdirirlər, harda istəsələr səsləndirə də bilirlər. Burda bəstəkarın da yanaşması önəmlidir. Bu bayağı mahnıları adətən ifaçılar özləri yazır. Məncə TV-lər də ciddi yanaşmalıdır bu məsələyə. Axı heç bir pul xalqın düşüncəsinə, mənəviyyatına, musiqimizə, sözümüzə vurulan ziyanı ödəyə bilməz...”

Bəli, iyulun 13-ü yaradıcılığı ilə ürəklərdə yuva qurmuş Kəmalə xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram…
Yeni yaşınız mübarək, Kəmalə xanım!

Elman Eldaroğlu
Xudaferin.eu

22:34