"Uşaq Evi"ni on ilə yaxın ərzaq və paltarla təmin edən adam...

Yaxşı insanları tanımaqdan ötrü, hər hansı bir adamın xüsusi istedadlı, bilik və savadlı olması vacib deyil. Sadəcə görüb dəyər verməyi bacarmaq lazımdır. Sentyabr ayında unudulmaz eloğlumuz, xeyirxahlığı ilə tanınmış, çox imkansızlara əl tutan Davud Məmişovun vəfatının 10 ili tamam olacaq. Ruhu şad olsun!..

Yaxşı yadımdadır, on beş il bundan əvvəlin söhbətidir. Adını, soyadını belə bilmədiyim, rayonun Ostair kəndində tənha yaşayan bir imkansız qadının yer sürüşməsi nəticəsində evinin dağıldığı xəbərini almışdım. Damsız qalan həmin qadın üçün yeni bir ev tikilməliydi. O vaxt yaxından tanımasam da, ərk edib Davud kişiylə telefon əlaqəsi yaratdım, hadisə haqqında onu da məlumatlandırdım və evin inşaası üçün təmənnasız bir maşın daş verməsini xahiş etdim. Çox keçmədi ki, elə telefon vasitəsi ilə də 600 ədəd karxana daşı həmin kəndə çatdırıldı...

Onunla telefon əlaqəmiz olsa da cəmi iki dəfə görüşmüşdük. Bir dəfə "Sahil" metrosunun yaxınlığındakı ofisində, bir dəfə də rəhmətlik Yaşar Abdulovun 40 mərasimində...

Haqqında söhbət açdığım Davud Əsgər oğlu Məmişov 25 may 1947-ci ildə rayonun Zevin kəndində dünyaya gəlmişdi. Orta təhsilini Yardımlı qəsəbə orta məktəbində aldıqdan sonra, o vaxtki Lenin adına APİ-nin fizika-riyaziyyat fakultəsinə qəbul olmuş, fizika-riyaziyyat müəllimi ixtisası üzrə həmin ali təhsil müəssisəsini bitirmişdi. Rayonun Vərgədüz, Zevin kəndlərində müəllim, Zevin 8 illik məktəbinin direktoru, rayon maarif şöbəsində inspektor işləmişdi. Zevin məktəbinin direktoru işləyərkən kənd sakinlərinin köməkliyi ilə məktəb üçün yeni bina inşa etdirmişdi...

Bunlardan əlavə o, Astanlı kənd sovetinin sədri, 5 kəndi əhatə edən Kalinin adına üzümçülük sovxozunun direktoru vəzifələrində çalışıb. 1987-ci ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğul idi. Zevin kəndində sutkada gücü 8 min ədəd kərpic istehsal edən zavod inşaa etdirərək, bölgənin bu inşaat materialı ilə təmin olunmasında əvəzsiz xidmət göstərmişdi.
1988-ci ildən Bakıda yaşayırdı, özəl istehsal sahəsində çalışırdı. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövrdə Zevin kəndini Cəlilabad rayonunun Buravar kəndi ilə birləşdirən 6 kmlik yolun inşaasına rəhbərlik etmiş, kənddə öz vəsaiti hesabına yeni ATS, poçt və tibb məntəqəsi binaları tikdirmişdi. Kəndin xeyir şərində yaxından iştirak edər, gənc ailələrə ev inşaası üçün mişar daşı köməkliyi göstərərdi. Kənddə məscid inşaa etdirmiş, kəndin digər iki məscidinin təmirinə maddi yardım göstərmiş, həmçinin qonşu Gölyeri kəndində yanmış məscidin bərpasında və Şıxlar kənd məscidinin yenidən qurulmasında maddi dəstəyini əsirgəməmişdi...

Ümumiyyətlə, o, ölkənin bir çox rayonlarında tikilən məscid binalarına təmənnasız olaraq müxtəlif saylarda karxana daşı hədiyyə edib. Bakının Bakıxanov rayonunun məscidinin, Bibiheybət məscidinin tikintisinə həm maddi köməklik göstərib və həm də inşaasına tikinti materialları verib. Bir neçə körpü məhz onun şəxsi vəsaiti hesabına salınıb. Zevin kəndinə 6 km məsafədən içməli su çəkdirib ki, bu gün 40-a yaxın ailə həmin sudan istifadə edir. Onun xeyirxahlıqları təkcə bununla bitmirdi, 2004-cü ildən vəfat edənədək Bakının 8-ci mikrorayonundakı "Uşaq Evi"ni həm ərzaqla və həm də oradakı kimsəsiz uşaqları isti paltarlarla təmin edib. Həmin "Uşaq Evi"ndə böyümüş iki gəncə öz vəsaiti hesabına toy etdirmiş və illərboyu onlara mütamadi maddi yardım göstərmişdi. Xəstəliklərdən əziyyət çəkən bir sıra insanları cərrahi əməliyyat etdirərək, bir neçə nəfərin xaricdə müalicə xərclərini ödəmişdi. Yazarlardan Zöhrab Zevinlinin, Ədalət İbadovun kitablarının işıq üzü görməsində dəstəyini əsirgəməmişdi...

Bütün bunlar mənim bildiklərim, el-obadan, yaxın-uzaqdan eşitdiklərimdir. Kim bilir, Davud Məmişovun kiminsə bilmədiyi neçə-neçə xeyirxah əməlləri Allahla öz arasında bir sirr olaraq əbədiyyətə qovuşub...

Haqqında “Qəlbimə salma xal, gəl” nəzm kitabı yazılıb. 2013-cü ilin sentyabr ayında vəfat edərkən 66 yaşı var idi. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Elman Eldaroğlu

Xudaferin.eu

19:31