Azərbaycanın qadın hərbi jurnalisti- Əntiqə Qonaq

Deyir ki:- “Bir var alın yazısı, bir də var özün yazdıqların. Yəni, iradənlə, qətiyyətinlə, əzminlə, istəyinlə əldə etdiklərin, qazandıqların. Və bunlar səni taleyini yenidən yazmağa, dəyişməyə, başqa səmtə yönləndirməyə, səni özün kimi var olmağa kömək edir.”

Qarabağda döyüşlər başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə olub və torpaqlarımızı qoruyan könüllülərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib. Şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb...

Əməkdar jurnalist, yazıçı, alim Zemfira Məhərrəmli yazır: “Onun imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng müəllif verilişləri vardı. Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində oldu. Hər ikimiz ölkənin ictimai həyatında iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırır və həllinə nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində daşıyan yüzlərlə insanla, ailələrlə dostluq əlaqələrini davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında olmağa çalışırıq. Qocalar və uşaq evlərinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək, onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik bir ştrixdir.”

Bəli, bugünki söhbətimin qəhrəmanı Əməkdar jurnalist Əntiqə xanım Qonaqdır. O, 1959-cu il yanvarın 21-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik verilişləri baş redaksiyası”nda müəllif proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına çıxıb. "Magistral" qəzetində korrektor, müxbir, "Həyat" qəzetində baş müxbir, "Biznes" qəzetində şöbə müdiri, "Azərbaycan" qəzetində müxbir işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi və baş redaktoru olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində çalışıb...

Təbiətcə çox məsuliyyətli adamdır. Maraqlandığı mövzunu diqqətlə araşdırmasa sakitləşmir. Emosional və çılğındır. Azadlığına məhdudiyyət qoyulmasını xoşlamır. Xüsusi xarakterə malik insandır. Olduqca qərarlıdır və əldə etmək istədiklərinə mütləq sahib olur. Bu xüsusiyyətlərini uzun müddət onu tanıyan dostları yaxşı bilirlər. Hər kəslə yaxşı yola getməyi bacarır. Mehriban və dostcanlıdır. Elə bu səbəbdən də yaxınları, tanışları tərəfindən çox sevilir...

Zemfira xanım Məhərrəmli onun haqqında daha sonra deyir: “Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı, xeyirxah insandı Əntiqə Qonaq. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi? Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla yanaşı, həm də əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə dövlətinə və xalqına verdiyin xeyirdir.”

Cəmiyyətdə məntiqi davranışı ilə tanınır. Heç kimin işinə, şəxsi həyatına qarışmağı sevmir. Təbiiliyi sevir və bununla ətrafdakıları özünə heyran etməyi bacarır. Çox səxavətlidir, necə deyərlər, bəzən bədxərclik də edir. Daxilində liderlik ruhu yaşadır. Bu ruhun sayəsində bir çox işlərdə uğur qazanır. İş həyatına gəldikdə isə yeniliklərə açıqdır. Ümumi işlərdə bacarıqlı, nizamlı və intizamlıdır. Xoşu gəlmədiyi insanlarla ünsiyyətdə olmağı xoşlamır...

"Müharibələr həmişə dəhşətləriylə, faciələriylə, səfalət və xarabalıqlarıyla, ölüm və itkiləriylə, ağrı-acılarıyla, viranəlikləriylə, ürəklərdə açdığı əbədi yaraları ilə müşaiyət olunub. Müharibənin canlı şahidi olmaq normal yaşam alışqanlıqlarını bircə anda unutmaq deməkdi. İllər boyu özün üçün, doğmaların üçün yaratdığın düzənin bircə anda pozulması deməkdi. Canının bir parçası olan əzizlərinin bircə anda, gözünün qarşısında məhv olması deməkdi. Keçmişinin, bu gününün, gələcəyinin bircə anda yox olması deməkdi. Arzularının, xəyallarının alt-üst olması deməkdi. Havasızlıq deməkdi, boğulma deməkdi, yaşaya-yaşaya ölmək deməkdi, həm də ölmək istədiyində ölə bilməməkdi, çarəsizlik, ümidsizlik… deməkdi."- söyləyir.

Bu il onun üçün yubiley ilidir. Yanvarın 21-də Əntiqə xanımın 65 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram...

Elman Eldaroğlu

Xudaferin.eu

07:53