"Amerikalıda mənəviyyat zəif, təfəkkür güclüdür"

Elman Eldaroğlu imzası hər kəsə tanışdır. Əslən Yardımlıdan olsa da Sumqayıt şəhərində doğulub, boya başa çatıb, “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri olmaqla yanaşı jurnalist fəaliyyəti ilə də məşğul olub. Elə indi də bu görəvləri davam etdirir. Baxmayaraq ki, uzaqda yaşayır. Hər gün bizləri okeanın o tərəfindəki xəbərlərlə məlumatlandırır, Amerikada yaşayan azərbaycanlıların uğurlarından bəhs edir, bizi bizlərlə tanış edir. Müstəqil.Az Miçiqanda yaşayan soydaşımızın müəllifi olduğu yazıları hər gün yayınlayır.
Bu dəfə isə oxucularımıza Elman Eldaroğludan götürdüyümüz müsahibəni təqdim edirik:

-Elman müəllim qürbətdə yaşayırsız. Qürbətin havası necədir, sizi havalandırmır ki?

– Qəribə sualdır, cavabını da qəribə verəcəm. Buranın havası havalandırmır, türklər demişkən, havaalanıdır…

-Azərbaycanda yaşayanda heç bu qədər məşhur deyildiz. Miçiqandan boyunuz daha çox görünür. Bunu necə izah edərdiz, potensialınızı burada, ölkəmizdə göstərməkdə hansı çətinliklər vardı ki?

-Heç bir çətinliyim olmayıb. Sadəcə “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri olduğum üçün başım el-oba adamlarına, rayonumuzun ictimai işlərinə qarışmışdı. Həm də 2008-ci ildə təsis etdiyim, həmin regionun əhalisi üçün nəzərdə tutulan “Yardımlının səsi” qəzetində yazırdım. Mənim imzam həmin bölgədə daha çox tanınırdı.

-Çoxlarının burdan-bura görə bilmədiklərinə okeanın o biri üzündən dərhal reaksiya verirsiz. Bu operativliyin hansısa sirri varmı?

-Sirr sevgidədir. Sevgi insanı daha da canıyanan edir. Mən vətənimdə baş verən hadisələri, onun insanlarını sevə-sevə izləyirəm. Ona görə də hər şeydən xəbərim olur. Və çalışıram ki, hadisələrə sevgi ilə reaksiya verim.

-Elman müəllim, uzaq Amerikada yaşayan dəyərli soydaşlarımızı bizə tanıdırsız, haqlarında yazırsız. Əslində buna Azərbaycanı və azərbaycanlıları elə özümüzə tanıtmaqdır, demək olarmı?

-Əlbəttə. Son illər xaricə köç etmiş xeyli soydaşımız var. Onların arasında müxtəlif uğurlara imza atanları da az deyil. Onları tapıb üzə çıxarmaq, ictimaiyyətə təqdim etmək vacib məsələlərdəndir. Bunun bir neçə müsbət cəhətləri var. Həm vətəndəkilər onları tanıyıb uğurları ilə tanış olurlar, həm də qürbətdəkilər bundan məmnun qalır. Əgər kimsə qürbətdə tanınsa da vətəndə tanınmırsa deməli, hələ də tam deyil. İnsan vətəni, milli kimliyi ilə bütöv olur. Hər kəsin doğulub boya başa çatdığı vətənə mənəvi ehtiyacı var.

-Bəs Azərbaycanın uzaqda görünməyən tərəflərini o tərəflərdə necə təqdim edirsiz?

-Azərbaycanın görünməyən tərəfləri deyəndə, onun mədəniyyəti, milli adət və ənənələri haqqında amerikalıların xəbərsiz olmasıdır. Bu da onunla bağlıdır ki, azərbaycanlılar bu ölkəyə təzə-təzə ayaq açıblar. Artıb çoxldıqca Azərbaycan da tanınacaq. Sevindirici haldır ki, son illər bu istiqamətdə çox işlər görülüb. Demək olar ki, ABŞ-da yaşayan soydaşlarımızın hər biri potenseal təbliğatçıdır, Azərbaycanın tanınmasında daim fəaliyyətdədirlər. Hər bir ölkəni onun insanlarının təfəkkürü, davranışı ilə də müəyyən etmək olur. Əgər insan yaxşı əməl sahibidirsə mənsub olduğu vətənin də başını uca edir. Bunun üçün məskunlaşdığın ölkənin qayda və qanunlarına riayət etmək, insanlarına qaynayıb qarışmaq lazımdır.

-Azərbaycanlılar orada ölkəmiz haqda hansısa təəssüratı yarada bilirmi, yoxsa amerikalılar üçün maraqlı deyil, kim kimdir?

-Niyə, maraqlananları da var. Amma ümumilikdə götürəndə amerikalıların başı daha çox iş-gücə qarışıb. Burada işləməsən yaxşı yaşaya bilməzsən. Amerikalıların bir amalı var- işləmək, işləmək, yenə də işləmək!

-Bilirsiz, yaxın Rusiyada bəzi soydaşlarımız ölkəmiz və millətimiz haqda bəzən ürəyimizcə olmayan təəssüratlar yaradır, o baxımdan soruşdum.

-İnsanlar müxtəlifdir. Yaxşısı da var, pisi də. Hər şey aldığı tərbiyədən, düşüncə tərzindən asılıdır. Azərbaycan haqqında mənfi təəssürat yaradan insan ailəsinin sirrini qonşulara danışan adam kimidir…

-Amerikada azərbaycanlı olmağınız hansı xüsusiyyətlərinizdən bilinir? Yəni yerli əhali sizi özününkü saymır

-Amerikalılar üzə gülüb özlərini səmimi göstərsələr də, göründükləri kimi deyillər. Əlbəttə ki, onlar bizi özlərinki hesab etmirlər. Doğrudur, kəskin münasibət də göstərmirlər, amma həm də içlərində sevgi də yoxdur…

– Maraqlıdır, Azərbaycanda baş verənlər Amerikadan necə görünür? Axı siz buranı uzadqdan daha yaxşı görürsüz…

-Azərbaycan müstəqilliyinə təzə nail olmuş, gənc bir ölkədir. Qısa müddətdə çox işlər görülüb. Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər. Yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar tikilir, yeni şəhərciklər salınır. Bunların hamısı nailiyyətdir.

– Bütün bu uğurlu addımlar da ölkəmizə dost qazandırmaqla yanaşı dümən də qazandırır. Ölkəmizin uğuruna qısqanc yanaşanlar var…

– Əlbəttə. Bilirsiz, müstəqilliyi qorumaq çətindir. Axı, dediyiniz kimi qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da. Bütün bunlara tab gətirmək, sinə gərmək sücaətdir.

-Ölkədə problemlərin yaranması, yaşanması da belə bəzən tabsızlıqdan irəli gəlir…

– Problemlər hər bir ölkədə var. Demirəm ki, problemlərimiz yoxdur. Bəli, hər bir ölkədə olduğu kimi bizim də problemlərimiz var. Amma bu problemləri ölkə rəhbərinin adına yazmaq nadanlıqdır. Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur ki, birdən birə hər şeyi dəyişə bilsin. Hər bir ölkə zaman-zaman dirçəlir, inkişaf edir. Bəziləri Azərbaycanı Avropa ilə müqaisə edib, geridə qaldığımızı söyləyir. Amma gəlin etiraf edək ki, biz təfəkkürümüzdə avropalaşmasaq, Avropa səviyyəsində ola bilmərik. Bütün problemlərin başında insan amili dayanır. Görün, aramızda nə qədər laqeyid insanlar var. Avtobusda oturacaqları sökür, çimərlikdə qarpızı yeyib qabığını sahilə atır, avtomobilini qaydalara uyğun idarə etmir, rüşvət alır, davranışı ilə ətrafdakıları təhqir edir və s. və ilaxir. Bu hərəkətləri edənlər kimdir, əlbəttə ki, biz. Bütün bunlar aradan götürülməyincə, hər kəs nümunəvi vətəndaş olmayınca mütləq inkişafdan danışmaq olmaz. Necə deyərlər, dünya gör-götür dünyasıdır.

-Elman müəllim, deyin, Amerika insanı ilə Azərbaycan insanının arasında fərq nədədir?

-Amerika insanı ilə Azərbaycan insanının arasında fərqi soruşursuz. Müşahidələrimə söykənərək deyim fərq nədədir. Bizdə mənəviyyat güclü, təfəkkürümüzdə problemlər var. Amerikalıda isə mənəviyyat zəif, təfəkkür güclüdür. Biz olduğumuz kimi görünmək istəmirik, amerikalı isə göründüyü kimi də var…

 

xudaferin.eu

17:24