Ad gününüz mübarək, Eldəniz müəllim!..

Bir gün Əmir Teymur öz qoşunuyla Şiraza çathaçatda atını saxlayır, vəzirinə deyir ki, bu vilayətdə ən ləyaqətli adamı tapıb gətirin!

Nə isə, Hafiz Şirazini tapıb gətirirlər, böyük hörmət və ehtiramla...
Teymur atdan düşür, əl açıb ona tərəf yürüyür. Ona yaxınlaşanda Hafiz Şirazi diz üstə çökür. Teymur geri qayıdıb atına minir və əmr edir- Bu vilayətdə başıpapaqlı qalmamalıdır!..

Cəngavər kimidir, atıldığı döyüşdən geri çəkilməyi xoşlamır. Özünə güvənir, təzyiq göstərməyə meyillidir. Müstəqilliyi çox sevir, azadlıq onun ən böyük arzusudur. Onu cilovlamaq son dərəcə çətindir. “Mən də buradayam” deyən, cəsarətli bir davranışı var. Rəsmiyyətə nifrət edir, səbirsiz olduğundan bəzən uşaq saflığı ilə sərhədləri aşıb keçməyə səy göstərir və qaydaları tanımaq istəmir. Təmkinli olduğu qədər də əsəbidir. Qurub yaratdıqlarını bir anda dağıda bilər. Yalqız qalmağı xoşlayır, onda öz aləminə qapılır və problemləri unudur...

Tükənməz enerjisi var, bu enerji hisslərinə hakimlik edir. Dominant adamdır, üstünlüyü həmişə qoruyub saxlaya bilir. Hər zaman öndə olmağı sevir. Həm də özünü güclü şəkildə ifadə etməyi bacarır. Bu bəzən ona problem yaradır...

“Deyilənlərə görə, insan ömrünü qısaldan səbəblərdən ən əsasları - qorxu, bədbinlik, nifrət, bir də qətiyyətsizlikdir.”- söyləyir...

Haqqında söhbət açdığım Eldəniz Quliyev 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb. "Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü, "Debüt" studiyasının baş redaktoru, “Azərkinovideo” İstehsalat birliyinin baş redaktoru, ABA televiziya şirkətinin baş redaktoru vəzifələrində işləyib. 2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb. Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Polşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusunun, "Kölgəsiz adam" hekayə və povestlər kitabının, "Rasim Balayev" kitabının müəllifidir. Bir sıra filmlərin ssenarisi ona məxsusdur...

Deyir ki,- “Dünyanın ən gözəl heykəltəraşı SEVGİdir. Heç bir istedadlı heykəltəraş SEVGİ qədər möhtəşəm heykəl yapmaq qüdrətində deyil. Çünki SEVGİ öz "əsərlərini" bir başa insanın qəlbinə həkk edir. Qəlbin ALLAH sevgisiylə dolu olsa, ruhun sənə xoşbəxtlik qanadları bəxş edər!..”

Bəli, o da xoşbəxt insanlardan biridir, yaratdığı ekran əsərləri onu unudulmağa qoymayacaq- adı özündən çox yaşayacaq...

Aprelin 20-si Eldəniz müəllimin doğum günüdür, 71 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, Allahdan möhkəm can sağlığı, uzun ömür və firəvan həyat diləyirəm.

Arzularınız çin olsun, USTAD!..

Elman Eldaroğlu
Xudaferin.eu

00:36