Azərbaycanın Ərəstunu…

Ünvanına çox sözlər deyilib. Kimisi onu İran cəsusu, kimisi İsrailə işləyən, kimisi iqtidarın adamı, kimisi:- “бывшего КГБ-шника не бывает”- deyib, suçlayırlar. Nə bilim, vallah?..

Amma dövlətini, xalqını sevən adamdır. Siyasi savadına, təfəkkürünə söz ola bilməz. Hadisələri elə təhlil edib, dəyərləndirir ki, dürüstlüyünə şübhə qalmır. Tez-tez Tərtər hadisələrini qabardır, ölkədə baş verən hadisələrə vətəndaş mövqeyini bildirir və s.. Siz elə bilirsiniz ki, belələri çoxdur? Əsla! Barmaqla saymaq olar…

Gəlin, öncə onun ömür yoluna işıq tutaq. Haqqında söhbət açdığım Ərəstun Oruclu əslən Şəmkirli olsa da rəsmi tərcümeyi-halı xeyli dərəcədə Gəncə ilə bağlıdır: 1963-cü il avqustun 18-də Gəncədə dünyaya gəlib. Orta təhsilini 1980-ci ildə Gəncədəki 42 saylı məktəbdə başa vurub.
1980-1981 illərdə Şəmkirdə fəhlə işləyib, 1981-1983 illərdə Sovet Ordusu sıralarında xidmət etdikdən sonra, 1984-1990-cı illərdə akademik Pavlov adına Birinci Leninqrad Tibb İnstitutunda ali təhsilə yiyələnib. 1990-1991 və 1994-2000 illərdə Respublika Klinik Xəstəxanasında həkim-anestezioloq, 1992-1993 illərdə MTN-nin Əks-Kəşfiyyat İdarəsinin əməkdaşı, 2000-2011 illərdə Almaniyanın Fridrix Nauman Fondunun Azərbaycandakı nümayəndəsi, eyni zamanda 2004-cü ildən “Şərq-Qərb Araşdırmalar Mərkəzi”nin həmtəsisçisi və rəhbəridir. Bir neçə ildir ki, ABŞ-da yaşayır…

Cəsarətli olmaq, qorxu hissindən uzaq durmaq, oxumaq, inkişaf etmək, haqqın və ədalətin tərəfində olmaq onun həyat kredosudur. Necə deyərlər, təpədən dırnağa qədər azərbaycanlıdır və ölkəsini çox sevir. Nə vaxtsa tam demokratik, inkişaf etmiş, insanları firavanlıq içində yaşayan Azərbaycanı görmək arzusundadır…

Deyir ki,- “Mən millətçiliyi qəbul eləmirəm, liberal təfəkkürə sahibəm. Fikirləşirəm ki, dinindən, irqindən, milliyətindən aslı olmayaraq insana məhz insan olduğu üçün dəyər verilməlidir…”

Mütaliəni çox xoşlayır. Məqsədi- öyrənmək, öyrənmək, yenə də öyrənmək olan bu insan, əlinə düşən müxtəlif maarifləndirici kitabları acgözlüklə oxumaqdan zövq alır…

“Belə bir kəlam var ki, uşaqlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər. Bildiyim qədər bu, Məhəmməd Peyğəmbərin sözləridir. Bu, o deməkdir ki, uşaqların işinə qarışmayın. Onlar bu zəmanəni sizdən yaxşı tanıyırlar.”- söyləyir.

İki layiqli övlad böyüdə bildiyini ən böyük uğuru hesab edir və sevinir ki, onlar heç bir çirkli oyunlara qatılmayıblar. Böyük oğlu ABŞ-ın Pennsilvaniya Universitetini bitirib və süni zəka sahəsində PhD dərəcəsi almaq ərəfəsindədir, kiçik oğlu isə həmin ölkənin Kolumbiya Universitetinin Hüquq Məktəbini bitirib və hal-hazırda Nyu Yorkda vəkil işləyir. 16-17 yaşlarından xaricdə yaşasalar da, düşünür ki, hər ikisi də iliyinə qədər azərbaycanlıdırlar…

Deyir ki,- “Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi fazası bitib. Əvvəllər Azərbaycan torpaqlarının böyük bir hissəsi işğal altında idi və münaqişəni həll etmək mümkün deyildi. Amma işğal altında olan torpaqlarımızın 80 faizə qədəri azad edildikdən sonra münaqişənin həll olunması üçün yeni bir zəmin yaranıb. Avropa Birliyi bundan istifadə edərək sülh prosesinə dəstək olmağa çalışır. Bununla da, Cənubi Qafqazda müəyyən bir mənada partnyora, tərəfdaşa, hətta, deyərdim ki, bir gücə, iştirakçıya çevrilmək istəyir. Təbii ki, göstərilən təşəbbüslər də bununla əlaqədardır. Mən dəfələrlə qeyd etmişəm. Şərq-Qərb dəhlizi, yəni Çinlə Avropanı birləşdirən dəhlizin önəmli bir hissəsi Cənubi Qafqazdan keçir. Bundan başqa, Cənubi Qafqazdan keçərək Avropaya, Avropa Birliyinə istər neft, istərsə də qaz çatdıran boru infrastrukturu məhz Azərbaycandan keçir. Gələcəkdə buna Qazaxıstanın neftinin, Türkmənistanın qazının, İranın həm neftinin, həm qazının qoşulma bilmə ehtimalı var. Bu da Rusiya neftindən və qazından asılılığın aradan qaldırılması üçün alternativ bir yol kimi nəzərdə keçirilir. Bütün bunları reallaşdırmaq üçün əlbəttə ki, ilk növbədə bölgədə sabitliyə və sülhə nail olmaq lazımdır. Avropa Birliyinin də əsas məqsədi budur…”

Ölkənin xaricində baş verən hadisələrə siyasi mövqeyini bildirdiyi kimi, daxilindəki hadisələrə də laqeyd deyil…

“Hələ 2018-ci ilin əvvəllərində Tərtərdə törədilmiş ağır cinayətlə bağlı bloqumda paylaşdığım ilk əhatəli yazımda qətliamın Rusiya xüsusi xidmət orqanları tərəfindən bütün incəliklərinədək hazırlandığını və Azərbaycandakı casus şəbəkəsi tərəfindən həyata keçirildiyini göstərmişdim.
Ümid edirəm, bu gün həmin iddia o vaxtkı qədər suallar doğurmur. Elə onda cinayətin xüsusi qəddarlıqla və alçaldıcı şəkildə həyata keçirilməsinin səbəblərini də göstərmişdim. Yaddaşımızı təzələmək üçün təkrar xatırladım: Tərtər qətliamı Azərbaycan dövlətinə və xalqına qarşı aparılan hibrid müharibənin tərkib hissəsidir. Sonrakı hadisələr ardıcıllığını izləyənlər bilirlər. Odur ki, qayıdaq verilmiş, daha doğrusu veriləcəyi gözlənilən ittihamlara. Mövzuya geniş bucaqdan baxdıqda həmin ittihamlar həm də Azərbaycan-Rusiya münasibətlərinin indikatoru rolunu oynayır. Daha doğrusu, rəsmi Bakının Rusiyadan asılılığının təzahürüdür.”- söyləyir…

Bəli, haqqında sizinlə söhbət etdiyim Ərəstun Oruclu sözün düzünü deyən, yarınmağı xoşlamayan, laqeydlikdən uzaq olan, vətəndaş mövqeyini ictimailəşdirməyi bacaran, cəsarətli soydaşlarımızdan biridir. Bu xalqın qənimət övladlarından biri kimi, onun haqqında çox danışmaq olar, amma gözləyək görək əlahəzrət Zaman nə deyəcək?..

Bir neçə aydan sonra 60 yaşı tamam olur. Bu il onun üçün yubiley ilidir. Qoy, bu yazı yubileyi ərəfəsində ona ilk hədiyyə-təbrik olsun!
Çox yaşa, SOYDAŞ!

Elman Eldaroğlu

Xudaferin.eu

20:18