Sentyabrın 1-i ONUN günüdür…

Haqq!- Özündə düzlük, dürüstlük, saflıq kimi dəyərləri ehtiva edən nəsnə. Parçalanıb, hər kəsin payına bir zərrə düşən, tam şəkildə heç kimdə olmayan bir məfhum. “Haqq!”- varlılara dost, kasıblara düşmən. Bəli, hər bir şəxsin içində öz “haqq”-ı var, “haqq”-lıdır, amma…

Erkən gəncliyindən cəsarətilə fərqlənib. Həyatını dəfələrlə təhlükəyə atsa da həqiqəti söyləməyi bacarıb. Başı bəlalar çəkib, amma sınmayıb. İtirdikləri qazandıqlarından çox olsa da, məğrurluğunu, gözütoxluğunu qoruyub saxlaya bilib. Dürüstlük onun həyat tərzi, amalıdır. Demirəm ki, ideal insandır, onun da özünəməxsus səhvləri var, fəqət heç zaman günaha batmayıb…

Haqqında söhbət açdığım Mirmahmud Mirəlioğlu 1956-cı ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. Orta təhsilni həmin kənddə başa vurub. Sonra BDU-nun tarix fakültəsini bitirib. 
1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilib. 1995-ci ildə ikinci dəfə, təkrarən seçiciləri Millət Vəkili kimi təmsil edib. Üçüncü dəfə, 2000-ci ildə Şirvan seçki dairəsindən Millət Vəkili seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib. Azərbaycan Klassik Xalq Cəbhəsi partiyasının sədridir...

Sözübütov adamdır. Sonuncu dəfə mandatdan imtina etməyinin səbəbi də, məhz bu xüsusiyyətilə bağlıdır. Digər müxalifət partiyalarının sədrlərindən fərqli olaraq, verdikləri sözə təkcə o, sahib çıxıb…

Nə qədər ciddi, zəhimli görünsə də, yumor hissi yetərincədir, şux zarafatları da var. Ağayanə davranışı, daxil zənginliyi, həqiqəti söyləmək cəsarəti onu insanların gözündə ucaldıb. Heyranları çoxdur, hara getdisə, nə dedisə hörmətlə qarşılanır, ehtiramla üzləşir…

Ağsaqqal təfəkkürü var. Səviyyəsindən asılı olmayaraq, hər kəsi ölkəsinin ən dəyərli övladı kimi qarşılayıb, ən dəyərli övladı kimi də yola salır. Dost bildiklərinə, əqidəsinə heç zaman dönük çıxmayıb. Allahın sədaqətli quludur, orucdan, namazdan kəsir saxlamır…

Çoxları deyir ki, siyasətçilər ikiüzlu olurlar. Amma ölkəmizdəki siyasət adamlarının arasında sözün əsl mənasında ŞƏXSİYYƏT kimi qəbul olunanları da az deyil. Şəxsiyyət isə ikiüzlü olmur. Çünki şəxsiyyətlər insanlığa mənsub olan ali keyfiyyətləri özlərində yaşadaraq zaman-zaman cəmiyyətə aşılayırlar. Belə siyasətçilərdən biri də, odur. O, öz yüksək xüsusiyyətlərilə seçilən insanlardandır...

Sanki böyük bir şəhərdir- "Sədaqət", "Sücaət", "İman", "Siyasət" bu şəhərin ən geniş prospektlərinin adlarıdır. Orada hər şey Tanrının buyurduğu kimidir...

Bəli, haqqında danışdığım Mirmahmud Mirəlioğlu barəsində çox söz demək olar, amma məqsədim onu doğum günü münasibəti ilə təbrik etməkdən ibarət olduğu üçün, burada söhbətimi yekunlaşdırıram. Axı sentyabrın 1-i Mirmahmud Mirəlioğlunun ad günüdür, 67 yaşı tamam olur. Təbrik edirəm. Çox yaşasın!..

Elman Eldaroğlu
Xudaferin.eu

14:30