İstər televiziya məkanında, istərsə də “YouTube” sosial platformasında mütəmadi nümayiş etdirilən müxtəlif verilişlərdə A-dan Z-yə onlarla aparıcı çalışır.
Onların arasında nitqi rəvan, fikri səlist ifadə etmək bacarığı, mükəmməl danışmaq qabiliyyəti olan, eləcə də Azərbaycan dilinin qayda-qanunlarına ciddi riayət edən, qüsursuz aparıcılar çox azdır. Bu gün sizə ölkənin ən peşəkar aparıcılarından biri haqqında söhbət açmaq istəyirəm…
Deyir ki,- “Uşaqlıqdan jurnalist olmaq istəyirdim. Arzum Jurnalistika fakültəsinə daxil olmaq idi. Lakin qəbul imtahanında cəmi 3 balın güdazına getdim və ikinci seçimim olan Filologiya fakültəsinə qəbul olundum. O vaxt indiki abituriyentlər kimi şanslarımız bol deyildi, seçim imkanlarımız isə az idi. Elə ilk 10-luqda hansı fakültələri yazırdınsa, balının uyğun gəldiyinə də düşürdün. Mən də Filologiya fakültəsinin tələbəsi oldum, amma jurnalist olmaq sevdası məni heç vaxt rahat buraxmadı. Tələbəliyimin ilk illərindən Bakı Dövlət Universitetinin rəsmi qəzetində yazılarla, reportajlarla çıxış etməyə başladım. 1999-cu ildə, yəni, 3-cü kursda oxuyanda “525-ci qəzet”də işə başladım. Beləcə, jurnalistika macərama start verdim. Bu il jurnalistikada olmağımın 24 ili tamam olur…”
İxtisasca filoloq olsa da jurnalistikanı təcrübəli jurnalistlərdən, çalışdığı qəzetlərdə redaktorlardan öyrənib. Dövri mətbuatda həmkarlarının yazılarını, araşdırma və reportajlarını, müsahibələrini bir şagird marağı ilə hər gün həvəslə oxuyub. Heç vaxt da “mən bu işi bilirəm”, deyə kifayətlənməyib. Heç zaman özüylə bağlı gurultulu sözlər söyləməyib. Səbrlə özünü, qələmini, istedadını, əzmini sınaqdan keçirib. Uzun zamandır canlı yayımda müxtəlif səviyyəli insanlarla debat aparır…
“Debatların ən çətin tərəfi müsahibləri studiyaya gətirənə qədərdir. Saatlarla zənglər, müsahibləri yola gətirmələr, qrafiki uyğunlaşdırma, debatda tərəf müqabilini razı salma və s.. İnanın səmimiyyətimə, bunlar insanın ömründən ömür aparır. Debat zamanı isə bir çox hallarda müsahiblərin qarşılıqlı ittihamları pik həddə çatanda əziyyət çəkirəm: səslər yüksəlir, əl-qol jestləri işə düşür, nadir hallarda olsa da, aşağılayıcı sözlər dövrəyə girir. Həmin anda çox gərginləşirəm, baş verəcək hər hansı insident məni qorxudur. Baxmayaraq ki, həmin vaxt onlayn izlənmə pik həddə çatır, reytinq yüksəlir – mən bu durumdan məmnun deyiləm. Ən çətinlik çəkdiyim debatlar verilişdən öncə dava etməyəcəyi, səsini yüksəldib, insident yaratmayacağı ilə bağlı söz verən siyasətçilərin verilişdə bu vədlərinə əməl etməməsidir. Mən belə reytinq, belə izlənmə istəmirəm. Sivil, səs tonlarının qalxmadığı, insanların bir-birinə mədəni şəkildə müraciət etdikləri dialoqların tərəfdarıyam.”- söyləyir…
Haqqında söhbət açdığım Sevinc Telmanqızı Bakıda dünyaya gəlib. Orta təhsilini Bakıdakı 276 saylı orta məktəbdə alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Filoligiya fakültəsinə qəbul olunub. 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistratura təhsilinə yiyələnib, ixtisasca dilçi filoloqdur. Mətbuatda fəaliyyətə 1999-cu ildən başlayıb. İlk iş yeri “525-ci qəzet” olub. Sonra “Reytinq” və “7 gün” qəzetlərində çalışıb. 2001-ci ildən “Yeni Müsavat” redaksiyasında işləyir. Hazırda TV Musavat-ın “Canlı debat” verilişinin aparıcısıdır. “Trampın və Sevincin Amerikası” və “Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitabların müəllifidir…
Deyir ki,- “Yazılı jurnalistikadan fərqli olaraq veriliş aparmağın, xüsusən də canlı veriliş aparmağın çətinlikləri çoxdur. Yazı yazanda yüz ölçüb, bir biçmək imkanın olur. Daha arxayınsan və hər cümlənin “nazını” çəkmək üçün vaxtın var. Verilişdə isə həmsöhbətinlə birbaşa ünsiyyətdə, təmasda olursan. O, sənin hər sözünə, hər sualına, replikana reaksiya verir, bəzən səninlə birgə veriliş aparır. Tamaşaçı isə bütün bunları canlı izləyir. Burada səhv etmək, uzun-uzadı düşünmək kimi imkanın yoxdur. Çevik, sərrast və ağıllı davranmaq lazımdır…”
El arasında- “səsi başıma düşür”- ifadəsi var. Bu baxımdan bir sıra verilişləri izləyərkən bəzi aparıcıları dinləmək çətin olur, qeyri iradi olaraq kanalı dəyişib, növbəti veriliş axtarırsan. Və ya aparıcı verilişin qonağına sual verib, onun fikrini öyrənmək əvəzinə, özü daha çox danışır. Bu da tamaşaçını hövsəldən çıxarır. Sevinc Telmanqızı isə bu nüanslara ciddi fikir verir. Analitik düşüncəsi gözəl, verdiyi suallar yerindədir. Müsahibini sonuncu cümləsinə kimi dinləməyi bacarır. Necə deyərlər, səsi adamı yormur…
Bəli, ömrünün iyirmi dörd ilini, yəni iyirmi yaşından özünü jurnalistikaya həsr edən bu xanım, ölkənin ən yaxşı tele aparıcılarından biridir. Daha doğrusu, analitik, müzakirə verilişlərinin, debatların mahir aparıcısıdır. O, öz sahəsində bir nümunədir…
Ölkənin ən yaxşı aparıcılarından biri…
İstər televiziya məkanında, istərsə də “YouTube” sosial platformasında mütəmadi nümayiş etdirilən müxtəlif verilişlərdə A-dan Z-yə onlarla aparıcı çalışır.
Xudaferin.eu
12:59