Aqil Abbas- 70

Yazıb-yaratmaq həvəsi, həyat eşqi hələ də tükənməyib. Özünə güvənən, aktiv, o cümlədən hədsiz enerjili adamdır. Cəsarətli və qorxmazdır. Meydandan geri çəkilmək, hadisələrə biganə qalmaq, eləcə də danışmaq vacib olan yerdə susmaq təbiətinə yaddır. Ən sıxıntılı vaxtlarında belə depressiyaya məruz qalmır. Görüşlərə gecikməyi sevmir. Əzmkar, çalışqan və çox inadkardır. Yeniyetmə yaşlarında dalaşqan, gənclik illərində isə çılğın olub. Bu xüsusiyyət hələ də onu tərk etməyib, amma ürəyi ipək kimi yumşaqdır…

“Dəli-dolu, davakar olduğuma görə o vaxt məni institututdan da qovublar. Dəli-doluluq öz yerində, həm də inqilabçı olmuşam. Elçibəy, Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən də soruşmayıb. O, bizim bilmədiyimiz insanlardan, yazıçılardan danışırdı. Deyirdi ki, kitabda olanları özünüz oxuyun və o, kitabda olmayanlardan dərs deyirdi. Əbülfəz bəy də eyni zamanda. Onun dərslərində başqa universitetlərdən də tələbələr gəlib otururdular. Onların dərs dedikləri insanlar sonradan inqilabçı oldular. Xalq hərəkatında öndə gedən adamlar onlar olub. İndi də bir nəsil yetişir. İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya qoymağımız çətin idi, nə qəzet, nə jurnal var idi. İndi Allaha Şükür 20 yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir, hamı da oxuyur.”- söyləyir...

Xüsusi liderlik qabiliyyətinə malikdir, mükəmməl təhlil etmək və düzgün qərar vermək bacarığı var. Bu xüsusiyyəti ona həmişə uğur qazandırır. Yalan vəd verməkdən, kimisə aldatmaqdan zəhləsi gedir. Hətta bunun üçün zəruriyyət yaransa belə, susmağa üstünlük verir. Səmimiyyətinə söz ola bilməz...

Deyir ki,- “Səmimi olmaq çox çətin məsələdir. İndi səmimi insanları sevmirlər. Mən isə başqa cür ola bilmərəm. Mənim ailəmdən, doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər hər kəsə əl tutmağa çalışıram. Deputat kimi rayonlara gedəndə insanları kəndin çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim var: "Müəllim". "Müəllim gəlib" - deyirlər, hər kəs çayxanaya gəlir, mən də bacardığım qədər hər kəsə kömək edərəm. Bəzilərinə gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm. Mən rayonlara adətən səhərlər çıxaram. Yolda kimisə görəndə mütləq o insanları götürüb getdikləri yerə çatdıraram. Çox adam məni tanımır yol gedəndə. Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən inək istəyir, ala bilmir, maşını icra hakimiyyətinin qarşısına sürüb, o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram.”

Yəqin ki, haqqında söhbət açdığım yazıçı, jurnalist, millət vəkili Aqil Abbası Azərbaycanda tanımayan adam yoxdur. Kimisi əsərlərini, kimisi məqalələrini oxuyub, kimisi də milli məclisdəki fəaliyyətini izləyib və s.. Odur ki, tərcümeyi-halından uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, bir neçə kəlmə yetər. 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində Məhəmməd kişinin ailəsində anadan olub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüblər. Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib. 1976-cı ildə əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb və bir il orada çalışıb. 1977-1987-ci illərdə "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, 1987-1990-cı illərdə isə "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. 1990-cı ildən "Ədalət", 1993-cü ildən "Boz qurd" qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlayıb. Elə o vaxtlardan da mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərinin və “Dolu” filminin ssenari müəllifidir. 2005-ci ildən Milli Məclisin deputatıdır. Bir sıra mükafatlara layiq görülüb. 2013-cü ildən sinəsini Azərbaycan Respublikasının “Şöhrət” ordeni bəzəyir...

Ötən günlərin söhbətidir, televiziya rəhbərlərindən birinin yanında görüşdük. Birlikdə olduğumuz bir saatda mobil telefonuna gələn zənglər susmaq bilmirdi. Cavablarından hiss edirdim ki, seçiciləri və dostlarıdır. Seçicilər maddi yardım, iş istəyir, dostları isə, kimisi toya, kimisi də qonaqlığa dəvət edirdi. Yorulmursuz ki?- deyə soruşdum. O isə:- “Bəzən yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə qədər kömək etsən də, yenə gəlir, yenə istəyir, bundan insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər, amma yenə də əliboş qaytarmıram, kimsəni naümid qoymuram. Bəzən elə olur ki, cibimdə pul olmur, milli məclisin yeməkxanasına düşüb, borc alıb verirəm.”- deyə cavab verdi...

Gözütox, mərhəmətli, mehriban, ədalətli adamdır. Elə bu xüsusiyyətlərinə görə də Tanrı ondan heç nəyi əsirgəməyib. Necə deyərlər, çin olmayan arzusu qalmayıb. Allahdan nə diləyibsə verib.

“Ən böyük arzum Şuşanı, Ağdamı görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür, reallaşdı. Tanınmış yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da çatmışam. İndi arzularım ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər…”- söyləyir.

Bəli, haqqında sevə-sevə danışdığım Aqil Abbas xalqın adamıdır, xalqın arasında olmaqdan rahatlıq tapır. Azərbaycanın yazılı tarixində yer tutan, ürəklərdə yuva quran ağsaqqal yazarımızın aprelin 1-də 70 yaşı tamam olur. Yəqin ki, təbrik edənlər, şəninə xoş söz söyləyənlər çox olacaq.
Qoy, bu yığcam yazı söylənəcək təbriklərə bir başlanğıc olsun!
Aqil müəllimə növbəti yubileyi münasibəti ilə möhkəm cansağlığı, firəvan həyat arzulayıram.
Çox yaşa, USTAD!

Elman Eldaroğlu
Xudaferin.eu

15:24