Bütün ömrü boyu müstəqilliyimizi arzulayan adam...

Deyir ki:- “Insanın yaşayıb formalaşması üçün kəşf etdiyi bir məsələ var ki, bunun da adı “yağmalama mədəniyyəti”dir. Yağmalama mədəniyyətinin ən ali forması müharibədir. İkinci Dünya Müharibəsindən sonra Avropa alimləri “müharibə lazım deyil” düşüncəsinin doğru olmadığını ortaya qoyub. Çünki dünyada baş verən müharibələr, yağmalama mədəniyyəti və sairə əhalinin sayını azaltmaq üçün törədilir. Yer kürəsində insan artımı ilə onun gündəlik tələbatı bir-birinə uyğun olmalıdır. Əgər bu uyğunsuzluq pozulursa, o zaman əlavə yollar düşünülür. Mən bu məsələ ilə bağlı məqalələr də yazmışam. İnsanlar yarandığı gündən bəri müharibələrlə üzləşirlər. Hətta müharibələr, yağmalama mədəniyyəti tarixən bizlərə aşılanıb. Dədə Qorqud isə yağmalama mədəniyyətinin bütün mahiyyətini ortaya qoyub. Mənə görə, “Dədə Qorqud” dastanı dünyada olan bütün müqəddəs kitabların ən alisidir. Sonradan isə Yer üzündə yaşayan insanların sayını tənzimləmək üçün dinlər yaranıb. Ancaq dinlər də bunu tənzimləyə bilmədiyi üçün müharibələr, yağmalama mədəniyyəti baş verib. Bu gün dünyada mövcud olan sünni-şiə davalarının, münaqişələrin, müharibələrin kökündə elmi mənada insan artımının qarşısını almaq dayanır. Bu mənim kəşfim deyil. Əsrlər əvvəl tanınmış ingilis alimi Tomas Maltus öz nəzəriyyəsi ilə sübut edib ki, Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin ehtiyatlara malik deyil. Çünki insan həndəsi, maddi nemətlər isə ədədi silsilə ilə artır. Ona görə də mütləq müharibələr baş verməlidir.”

Əvvəla onu söyləyim ki, onun ifadə etdiyi “yağmalama” kəlməsi- nəyisə zor tətbiq etməklə mənimsəmək- mənasını verir. Yuxarıda söylədiklərinin nə qədər həqiqətə uyğun olub olmadığını bilmirəm. Amma onu yaxşı bilərəm ki, Allahın hökmü olmadan kainatda heç nə baş verə bilməz. Nə baş veribsə bütün hadisələrin fövqündə Yaradanın izni var...

Bu dəfə sizə Rafiq Turabxanoğludan danışmaq istəyirəm. O, 1946-cı ilin iyul ayının 9-da Qubadlı rayonunda anadan olub. 1965-ci ildə Neft Texnologiya Texnikumunu, 1975-ci ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1966-cı ildə “Ümumazərbaycan Zəhmətkeş Fəhlə Kəndli Partiyası”nı təsis edib. 1967-ci ildə antisovet düşüncəsinə görə həbs olunub. 1968-ci ildə azad ediləndən sonra bu partiyanı “Azərbaycan Xalq Demokrat Partiyası” adlandırıb və həmin vaxtdan uzun illər bu təşkilata rəhbərlik edib. 1992-ci ildə prezidentliyə namizəd olub. 1993-cü ildə Bakı şəhərində bütün türk xalqlarının nümayəndələrinin iştirakı ilə “Turan Qurultayı”nı keçirib. 2021-ci ildən YAP-ın üzvüdür...

“Mənim gəncliyim 1960-1970 ci iləri əhatə edib. O illər dostlarım və şəxsən mən o arzu ilə yaşamışıq ki, hansı formada olursa olsun, müstəqil Azərbaycan dövlətinin vətəndaşları olmalıyıq. Bu iş uğrunda əlimizdən gələni etdik və qismət elə gətirdi ki, çoxumuz Müstəqil Azərbaycan Dövlətinin vətəndaşları olduq. Qalan işlərimiz öz yoluna düşəcək və buna inanıram.”- söyləyir.

Son illər bəzi ziyalılarımızın milli dəyərlərimizə başqa rakusdan yanaşması onu çox narahat edir və buna biganə qala bilmir.

Deyir ki:- “Fazil Mustafa, Sərdar Cəlaloğlu və digər bu kimi şəxslər anlamırlar ki, Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş verən müharibənin əsas səbəblərindən biri məhz bu amildir. İndi bizim bəzi adamlar yazırlar ki, türk dövlətləri bir-biri ilə müharibə edib və sairə. Bəs nə etməli idi? Maddi nemət və münbit torpaq çatışmayanda, başqa yol qalmırdı. Bu məsələ ilə bağlı çoban ayrı cür düşünə bilər? ancaq ziyalılar həqiqəti bilməlidir. Bilmirlərsə, çox böyük eyibdir. Şah İsmayıl Xətainin, Sultan Səlimin, Əmir Teymurun və digər hökmdarların başlatdığı müharibələrin kökündə əsas səbəb kimi yağmalama dayanırdı. Kimsə durub deyə bilər ki, Koroğlu insanlıqdan uzaq adam olub və sairə. Çünki Koroğlu “leşi leş üstə qalamaq gərək” deyirdi. İndi bəzi ziyalılar haradasa nə isə oxuyur, sonra durub deyir ki, Şah İsmayıl bu cür adam olub. Amma bunun kökünü qəti anlamırlar. Kökünü araşdırmaq lazımdır ki, Şah İsmayıl Xətai niyə belə edib və sairə. Şah İsmayılın qanından xristian qanın axması barədə fikirlər də doğru deyil. Bütün bunları ancaq genetiklər, bioloqlar bilə bilər. Ona qalsa, Stalinin qanında gürcü qanı var idi, amma o boyda SSRİ-nin rəhbəri idi. Şah İsmayıl Xətai, Babək, Sultan Səlim və digər bu cür tarixi hökmdarlara qarşı aşağılayıcı fikirlər söyləmək olmaz. Bizim ən ali rütbələrimiz bu şəxslər olub. Arif adamlar üçün bu cür dedi-qodular küçə söhbətləridir. Sultan Səlim və Şah İsmayıl çox gənc yaşlarında sultan, şah olublar, böyük ərazilərə sahibləniblər. Bu hökmdarlar haqqında mənfi fikirlər söyləmək eyibdir.”

Çox qəribə adamdır. Hadisələrin təhlilində, dünyaya baxışında da bu qəribəliyi hiss etmək olur. Onun fikirlərini həzm etmək çox çətindir. Odur ki, onunla razılaşmayanlar da var...

“Bir neçə il öncə yazmışdım ki, Azərbaycanda türk tarixçisi ola bilməz. Hörmət etdiyim və tanınan tarixçilərdən bir neçəsi zəng edib mənə etirazlarını bildirdilər. Mən də dedim ki, daha Sovetlər İttifaqı dövrü başa çatıb, imkan verin olanları açıq deyək də! Əgər sən Azərbaycan tarixçisisənsə, sənin içərində bir senzura var. Yəni, sən azərbaycanlısan. Azərbaycan bir dövlətdir, bu dövlətin vətəndaşı kimi səndə azərbaycanlı senzurası var. Mənim təşəbbüsümlə 1993-cü ildə Türk dünyasının Azərbaycanda qurultayını keçirirdik. Qonaqlardan bəziləri bizə narazılıq etdilər. Dedilər ki, nə üçün çeçenlər, osetinlər və digər xalqlarla bağlı heç yerdə türk olmaları barədə geniş təbliğat aparılmır. Mən isə onlara bildirdim ki, bizim bölgədə üç qatar mövcuddur. Onlardan biri slavyan, biri türk, biri isə ərəb qatarıdır. Burada dördüncü qatar mövcud deyil. Şərqə getsək, orada hind, çin, qərbə getsək isə ingilis, fransız, alman qatarları ilə rastlaşacağıq. Dedim ki, siz adınızı nə qoyursunuzsa, qoyun, azsaylı xalqsınız. Siz dünya çapına çıxmaq üçün adınızı türk qoymalısınız. Qurultayda Zəlimxan Yandarbiyev də iştirak edirdi. Mənim bu fikirlərimdən dərhal sonra ayağa qalxıb bildirdi ki, Bakıya çeçen kimi gəlib, Çeçenistana türk kimi qayıdır. Yəni hər birimiz türkük, kimlik olaraq isə azərbaycanlıyıq.”- söyləyir.

Çılğın və dinamikdir. Daim nəsə yeni söz, yeni fikir yürütməyi xoşlayır.

Deyir ki;- “Mən tez-tez özümə sual verirəm ki, Məhəmməd Əmin Rəsulzadə və digərləri elə-belə adamlar olmayıblar. Bəs nə üçün onlar güclü dövlət qura bilməyiblər? Mən hər zaman bunun səbəblərini axtarmışam. Ötən əsrin 90-cı illərində nə fikirlər söyləmişəmsə, bu gün də üzərində dayanıram. İrəli sürdüyüm ideologiya bu günümüzə tam uyğundur. 1992-ci ildə türkçülüklə bağlı konsepsiya irəli sürmüşdüm. Həmin konsepsiya belə idi ki, BMT-nin qərarı ilə xristianların Vatikan mərkəzinə bənzər olan Turan mənəvi dövləti yaradılmalıdır. Bu dövlət isə bütün türk dövlətlərinin “beyin mərkəzi” rolunu oynamalı idi. 1993-cü ildəki qurultaya qədər rəhmətlik Əbülfəz Elçibəydən savayı heç kəsin bu fikirdən xəbəri olmamışdı. Ancaq o zaman rəhmətlik Turqut Özal təklif etdi ki, gəlin həmin mərkəzi Türkiyədə quraq, mən parlamentdən qərar da çıxartdırım, İstanbul boğazından gələn vergilərdən həmin mərkəzin saxlanılmasına vəsait ayrılsın. Rəhmətlik Əbülfəz Elçibəy isə narazılığını bildirdi ki, o mərkəz Qafqazda qurulmalıdır. Turqut Özal cavabında söyləmişdi ki, siz Vatikan deyirsiniz, ancaq Vatikan ona görə güclüdür ki, o İtaliya kimi güclü dövlətin daxilində yerləşir. Gəlin bu mərkəzi Türkiyədə yaradaq. Çox təəssüf ki, rəhmətlik Əbülfəz Elçibəy buna razı olmadı. Mən bu konsepsiyanı çox yaxşı işləmişdim, ancaq reallaşdırmağı bacara bilmədik.”

Prezidentliyə namizəd olduğu vaxtları belə xatırlayıb dilə gətirir: “Prezidentliyə namizəd olduğum ərəfədə müavinim İqbal Həsənəlizadə mənə dedi ki, bizə çıxıblar, deyirlər ki, mütləq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko ilə görüşək. Mən də onunla evində görüşdüm. Polyaniçko mənə dedi ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri çox vacib məsələdir və sənin seçkilərdə namizədliyini irəli sürməyini istəyirik. Sonra mən bu təklif barəsində Əbülfəz Elçibəyə məlumat verdim. O da mənə dedi ki, yubanmadan seçkilərə qatıl. Çünki Əbülfəz Elçibəy də prosesdən xəbərdar idi. Bir neçə günün ərzində mənim namizədliyim həll olundu və prezidentliyə namizəd oldum. O zaman mənə tam aydın oldu ki, Azərbaycan üzərində böyük oyunlar gedir...”

Nə isə, deyəsən, bu söhbətim çox qəliz oldu. Heç özüm də bilmədən uzun-uzadı danışdım. Axı məqsədim Rafiq Turabxanoğlunun bu gün ad günü olduğunu sizə də çatdırmaq idi. Zarafat deyil, bir vaxtlar antisovet təbliğatına görə KQB-nin göstərişi ilə həbs olunan, bütün ömrü boyu müstəqilliyimizi arzulayan bu soydaşımızın 77 yaşı tamam olur. Təbrik edirəm. Çox yaşasın!

Elman Eldaroğlu
Xudaferin.eu

10:21