Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

25 aprel 1957-ci ildə Bakıda dünyaya gəlib. Atası fransız, anası isə ingilis dili müəllimləri olublar. Orta təhsilini başa vurduqdan sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində ali təhsilə yiyələnib. Bir müddət Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləyib. 1992–1993-cü illərdə isə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür...

Bəli, bu gün sizə Həmidə Ömərovadan söhbət açmaq istəyirəm. Çox nəcib və mədəni xanımdır. Duyğusal, romantik, xəyalpərvərdir. Xeyli gözəl xüsusiyyətləri var, ünsiyyətdə mehriban, davranışında nəzakətlidir. Ətrafında baş verən hadisələrə həssasdır, ovqatı bir anda dəyişə bilər...

Deyir ki;- “Mən emosiyalarımı, əsəblərimi cilovlayıb daxilimdə yaşamağı bacaran adamam. Amma gənclik illərimdə daha çılğın, daha həssas idim. Yaş artdıqca insan müdrikləşir. Başa düşür ki, qışqırmağın, hay-küy salmağın heç bir mənası yoxdur. Bir də ki, insan ömrünün sonlarına yaxın, onsuz da, başa düşür ki, heç nə bilmir, heç nə öyrənməyib. Təbiət etibarı ilə indi nisbətən sakitləşmişəm. Yəqin ki, bu, danışığımdan da bəlli olur. Çılğın obrazları oynamağı bacarıram. Çünki hər bir insanın daxilində emosiyaları var. Alman filosofu Nitsşe demişkən, hər bir insanın daxilində köpəklər var, vay o günə ki, köpəklər hayqırıb zahirə çıxsınlar. Yaş artdıqca insan ona görə müdrikləşir ki, başı daşdan-daşa dəyir və zaman-zaman həyatdan dərs alır.”

Təxminən 4 yaşı olanda uşaq bağçasında keçirilən yolka şənliyində uşaqlara hədiyyə paylayan Şaxta babanın hədiyyəsindən imtina edib. Bunu görən Şaxta baba: “Qızım, hədiyyəni götür, nə arzu desən, onu da yerinə yetirərəm.”- söyləyib. O da Şaxta babaya deyib ki, hədiyyəni götürürəm, amma bir şərtlə, elə elə ki, atamla anam həmişə bir yerdə- mənim yanımda olsunlar...

“Mən öldüyü günəcən atamı görməmişəm. 1986-cı il idi. Teleqram gəldi… Kinostudiyadan maşın verdilər, yaşı qədər- 59 qərənfil alıb getdim Qazaxa, qəbiri üstünə. Heç kəndə də baş çəkmədim. Onda hələ qardaş və bacılarımı tanımırdım.”- söyləyir...

Özünü ana kimi xoşbəxt hesab etsə də, həyat yoldaşı kimi bədbəxt olduğunu dilə gətirir...

Deyir ki,- “Gec ailə qurmuşam. Səbəbi də o olub ki, filmlərə çox çəkilirdim. Ailə həyatı qurmağa vaxtım yox idi. Həm də anam məni ərə verməyə tələsmirdi. Anam öz şəxsi həyatından çıxış edərək deyirdi ki, mən getdim, nə oldu ki, sən də gedəsən, nə ola?! 1992-ci ildə kinostudiyada böhran baş verdi, aktyor şöbəsi bağlandı və işsiz qaldıq. Bizə dedilər ki, ərizənizi yazın, iş olanda sizi çağıracağıq. Bir ilə yaxın gözlədim. Həmin məqamda da gələcək həyat yoldaşımla rastlaşdım. Amma o sanki məni görmürdü, yanımdan düz keçirdi. İctimai təşkilatlardan birində sədr müavini idi, hərdən Kinematoqrafçılar İttifaqındakı idarəyə sənədlərə imza atmağa gəlirdi. Mən də yaradıcılıq şöbələrinin müdiri işləyirdim. Nə vaxt sənəd aparırdım, heç başını qaldırıb üzümə baxmırdı, elə deyirdi, filan yerə imza çəkin. O mənə baxmayan yeganə kişi idi. Çalışırdım ki, mənə baxsın, görsün. Onda qarşıma məqsəd qoydum ki, onun diqqətini cəlb edəcəyəm. Amma bu diqqəti cəlb etmək mənə çox baha başa gəldi. Evləndik və bir gün ərim məcbur elədi ki, sənətini atacaqsan. Gör onu nə qədər sevmişəm ki, atdım. Kinonu da, “Retro”nu da atdım. Amma bir il. Bir il dözdüm, sonra dözmədim. Analıq məzuniyyətindəydim deyə, “Retro” verilişini aparmadım. Sonra ərim işlə bağlı xaricə getmişdi. O vaxt bir dəfə “Retro” verilişinə çıxdım. O da qayıdandan sonra bundan xəbər tutdu. Dedi, “sən məndən icazəsiz bunu etməklə bizim xoşbəxtliyimizə son qoydun”. Artıq neçə illərdir ki, mənim ürəyimdə boşluqdur. Və mən bununla çoxdan barışmışam. Mənim kimi adamlar çoxdur. Mən artıq ona, sadəcə, oğlumun atası kimi hörmət edirəm...”

Bir aktrisa kimi isə çox xoşbəxtdir. Ölkənin ən çox sevilən sənət adamlarından biridir. Oynadığı elə bir rol olmayıb ki, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmasın. Onun yaratdığı obrazların hər biri geniş tamaşaçı kütləsinin yaddaşında yuva qura bilib...

“Bu gün filmlərdə əsasən gənclər yer alır. Bizim çəkildiyimiz dövrdən fərqli olaraq, indiki rejissorlar zamanın nəbzini tutmağa çalışırlar. Lakin onlar da tamaşaçını narahat edən mövzulara toxunmalıdırlar. Bizdə rejissorla ssenari müəllifləri arasında bir-birini başa düşməmək problemi var. Ssenarini özününküləşdirsən də ondan uzaqlaşmaq, öz bildiyini çəkmək heç də uğurlu yol deyil. Yapon rejissoru Akira Kurasava Şekspiri ekranlaşdıranda əsərin ruhunu, ideyasını, ab-havasını elə qorumuşdu ki, yapon aktiyorları , aktrisaları oynasalar da, inanırdın ki, bu, Şeksiprdir. Rejissor və ssenarist arasında olan anlaşılmazlıq birinci problemdir. İkinci problem aktyor oyunudur. Xaricdə məhz aktyor seçimi ilə məşğul olan xüsusi mütəxəssislər var. Hər rolun ruhuna uyğun aktyor seçimi aparılır. Həmçinin, bəzən maraqlı ssenarilər olsa da, onların maraqlı ekran həllini görmürük. Hərdən də əksinə, rejissor maraqlıdır, amma ssenari maraqlı deyil. Bu mənada, bizdə problem hələ çoxdur.”- söyləyir.

Bəli, aprelin 25-i növbəti ad gününü qeyd edəcək Xalq artisti Həmidə xanım Ömərova bu gün yaratdığı obrazların taleyi ilə yaşasa da, çox xoşbəxt insandır. Ona görə xoşbəxtdir ki, adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...
Yeni yaşı mübarək!

Hörmətlə, Elman Eldaroğlu

Xudaferin.eu

13:35