Onu sevməyən yoxdur…

Deyir ki,- “Vaxtilə Latın Amerikasının serialları bütün dünyada yayımlanmağa başladı, sonra Rusiya serialları meydana çıxdı, daha sonra, 2000-ci illərdən etibarən Korea istehsalı olan seriallar bütün dünyaya meydan oxudu. İndi isə artıq şərq kinosu, Türkiyənin serialları timsalında uğur qazanmağa başlayıb. Yəni əvvəllər kino sahəsində Avropa və Amerika kinoları üstünlük təşkil edirdisə, son illər İran və Türkiyə kinoları da beynəlxalq arenada özünə yer alıb. Bu, Azərbaycan kinosunda da öz əksini tapmalıdır. Çünki artıq musiqi, idman sahəsində dünya üzrə öz yerimizi tapmışıq. Növbə kinomuzundur. Televiziya, kino və incəsənət elə bir unikal sahədir ki, istənilən problemi onların vasitəsi ilə dünyaya çatdırmaq olar…”

Valideynləri eyni ali təhsil ocağında tələbə olarkən tanış olub evləniblər. Bu cütlüyün doğuşdan sonra üç övladı ölsə də, yalnız dördüncü uşaq, o, sağ qalıb. Allaha şükür etmək mənasında onun adını Həmidə qoyublar. Həmidə uşaq olarkən valideynləri ayrılıb və onu anası və nənəsi böyüdüb.
Orta məktəbi bitirdikdən sonra, Həmidə sənədlərini anasının istəyi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə verib. Sonra öz arzusuna qovuşaraq Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Beləliklə, sevdiyi bir sahəni- aktyorluğu öyrənməyə nail olub…

Həmidə xanım təkcə istedadına görə deyil, həm də gözəlliyinə görə hər zaman diqqət çəkib. İlk dəfə rejissor Yuli Qusmanın "Qorxma, mən səninləyəm!" musiqili macəra filmindəki Telli obrazını yaradıb. Bu rolu ona aktrisa kimi populyarlıq gətirib.
Sonra o, "Qızıl uçurum", "Başa düşmək istəyirəm", "Üzeyir Hacıbəyov", "Burulğan", "Musiqi müəllimi" və s. kimi 30-dan çox filmdə çəkilib…

“Moskvada təhsil aldığım müddətdə filmə çəkilməyə icazə vermirdilər. Müəllimim Yevgeni Semyonoviç həmişə deyirdi: "Təhsil hər şeydən vacibdir". Amma dörd tamaşa hazırladıq. Biz cəmi 15 nəfər idik - yeddi qız və səkkiz oğlan.
Hər birimiz ən azı iki tamaşada məşğul idik. Bizim üçün çox çətin və eyni zamanda maraqlı idi. Heyf ki, o zaman kameraya, telefona çəkmək mümkün deyildi. Oranı bitirdikdən sonra Vətənimə qayıtdım.”- söyləyir.

Haqqında söhbət açdığım Ömərova Həmidə Məmməd qızı 1957-ci il aprelin 25-də Bakıda dünyaya gəlib. 1975-79-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
1979-93-cü illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-93-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə alıb. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir.
Bir neçə televiziya verilişinin aparıcısı olub.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb…

Deyir ki,- “Kinomuzun gələcəyinə çox inanıram. Bunu həmişə demişəm və yenə deyirəm. Çünki bu sahəni tədris edirəm, istedadlı tələbələrim var. İnanıram ki, yetişən nəsil öz sözünü mütləq deyəcək…”

Mülayim xasiyyəti var. Ünsiyyətdə o qədər mehribandır ki, onu sevməmək mümkün deyil. İri, məsum gözləri hər kəsi ovsunlaya bilir. Aradan uzun illər keçsə də onun gözəlliyinə təsirsiz olub.
Bəli, Həmidə Ömərova “sehirli qutu”larımızda nümayiş etdirilən, milli seriallarımızda öz təravəti ilə bu gün də gözəl obrazlar yaradır…

“Rollarımın hamısı mənim üçün əzizdir. Amma ən çox "Nizami" filmindəki Afaq obrazı qəlbimə daha yaxındır. Biz onunla bir-birimizə çox bənzəyirik: həm xasiyyətcə, həm də ətrafımızdakı dünyanı qavramaq cəhətdən. Əslində, demək olar ki, özüm-özümü oynamışam.”- söyləyir.

Aprelin 25-i bu gözəl xanımın, ürəkləri fəth edən sənətkarımızın ad günüdür, yeni yaşına qədəm qoyur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram.

Hörmətlə, Elman Eldaroğlu

Xudaferin.eu

15:00