UDUZURUQ: 12-3 !

"Ayıltmadı qələmim şu türk ilə əcəmi!" Ə.Hüseynzadə

Rəhmətliklər deyirdi ki, qurban olum o qana ki, üstündən bir gecə adlaya... Amma bizim qanımızın üstündən düz otuz il adlayıb... Keçən yazıda yazmışdım bir şeylər...Yenə də yazım, çünki FB mənim üçün bir məktəbdir, kitabdır, hərdən cızmaqara etdiyim bir dəftərdir... bəzən də bir rəsm dəftəridir, hərdən dərdin şəklini çəkirəm...

Qanımız qaynasaydı, bu qədər vaxt ötməzdi... Bu vaxt ərzində biz, sadəcə yeyib-içib kökəldik!... Soruşsan, deyəcək ki, qəm ətidir... Bəli, bizimki qəm ətidir... ürək itdi, hiss korşaldı bu köklükdə... Sabir olsaydı, yazardı:— "Millətin dərdini çəkməkdən çöpə döndüm, İlahi!"

Fimar Asimqızı bir dəfə yazmışdı ki, hirs-hikkəmiz varsa da, onu "Bir skavarodka karof qızartması ilə, bir kiloluq da şoraba ilə ötürürük içəri..."

Bunları yazmıram ki, hamı mütləq oxusun və ya nəticə çıxarsın... Yoox! Mirzə Cəlil demişkən, sözümü o kəslərə deyirəm ki, mənə qulaq asmaq istəmirlər, gedirlər vacib işlər dalısınca... domino şaqqıldatmağa, nərd atmağa, ekranlarda, efirlərdə oxuyub-oynamağa... Ən dözülməzi və ikrahedicisi kişilərin düşük-düşük oynamağıdır!...

"Qarabağ"ı izləyirik, elə mən də! Komandamız udanda və ya udanfason olanda hamımız,mən də amiqo oluruq... uduzanda hakimi söyürük, deyirik ki, cığallıq elədi... məşqçini istefaya göndərməyə çalışırıq... amma Qarabağ otuz ildir ki, uduzub, özü də böyük hesabla: 12-3 !!! erməniyə uduzmuşuq, bəylər, etiraf edin!

O boyda Qarabağ Bərdə,Tərtər, Ağcabədiyə sığınıb! İndi də söyün, bu "Böyük Oyun"un hakimini... Deyin ki, çığaldır, qəsdən uduzdurdu, deyin ki, məşqçi zəifdir!... Deyənlər var, amma laqeydlik xorunun içində tək-tük sololardır bunlar... çox zaman eşidilmir... ya da eşitməzliyə vurulur...

Çox zaman İ. İsmayıl, Ş.Cəfərli, N.Məmmədli, Ş.Çobanoğlu, D.Ağalarlı yazırlar... yazırlar... Heç on-on beş nəfərin bu yazılara rəyi ola, ya olmaya! Amma birinin bir səy statusuna 441 rəy yazırlar... Gördünüzmü, indi niyə uduzmuşuq böyük hesabla?!...

Bəzən mənə də hərdən deyən olur; Sənin işin-gücün yoxdurmu, neynirsən yazıb, kimə nə xeyiri? Hərə öz bildiyini edəcək... Çax-çax kimi başını ağrıtma...

Amma bütün çax-çaxlar yığılsa, dəyirman bildiyini etməz... Hələ ki, Keçəl Həmzələr dəyirmandadır, Koroğlu uduzur... Böyük hesabla— 12-3!!!

PS: "Hara gedir bu millət bu boyda,bu boyda?!" Sabir.

Xudaferin.eu

23:27