Dərslik yox, dərdlik...

NİYƏ BALALARIMIZA “ASAN XİDMƏT” GÖSTƏRƏ BİLMİRİK?

Hər il özümə “Əlifba” kitabı alırdım. Xoşum gəlirdi “Əlifba” oxumaqdan... Marağım daha çox o idi ki, görüm aşağı sinif hansı yollardan keçir, nələr oxuyur, balacalar yuxarı sinfə hansı zehniyyətlə gəlirlər? Mən də həmin düşüncələrdən yola çıxıb işimə başlayırdım. İndi “Əlifba” kitabı da “yoxa” çıxdı... Daha valideynlər də deyə bilmir ki, “övladım, gəl “Əlifba” oxuyaq”. Daha o zövqü yaşaya bilmirlər. Əzbər bildiyimiz “Kukla” mahnısı da artıq “arxaizmə” çevrilib...
İndi övladları birinci sinfə gedən valideynlər onları “müəllim yanına” göndərirlər. Uşaqlar niyə məktəbdə yaxşı oxumurlar? Şəxsi fikrim belədir: valideynlər onlara evdə kömək edə bilmirlər, onlarla birgə “oxuya bilmirlər”. Uşaqlarda su üzünə buraxılmış kağız qayıqlar kimi kitabların arasında kayb olurlar.
Bu günlərdə eşitdim ki, insanların boyu qısalmağa doğru gedir. Mən bunu təhsilin ayağına yazıram. Yüklənmiş uşaqlar dərs yükünün, beyin yükünün altında əzilir və “balacalaşırlar”. Çox müəllim də “əzilir”, “kiçilir” bu durumda. Məsələn, V sinifdə dərs deyən müəllim deyib ki, uşaqlar, gələn dəfə xarici bəstəkarlardan bir neçəsinin adını yazıb gətirin. Baxın, mən üçünün adını deyirəm: İohan Sebastian Bax. Əziz oxucu, bu durumun adını lütfən siz qoyun...
Mən mühafizəkar müəllim deyiləm. Bu sizə, güman ki, əvvəlki yazılarımdan da bəllidir. Amma yenə də nostalgiya məni tərk etmir. Haradadır o dərslik ki, yazıla: budaqda bir sərçə vardı, ikisi uçub getdi, yerdə neçəsi qaldı?... Və məşhur akademiklərimiz Xudu Məmmədov, Azad Mirzəcanzadə elə budaqda o sərçələri saya-saya bu dərəcəyə çatmışdılar.
Dərslikləri, əsasən, akademiklər yazardı: Həmid Araslı, Əziz Əfəndizadə, Məmməd Arif... Ona görə də kitab ən doğru vəsait idi, əsl bilik bazarı idi, müşkül bir sual olsa, kitab ən tutarlı mənbə idi...
İndi dərsliklər çaşdırmaqla yadda qalır... Valideynlər əllərində kitab soruşurlar: bu tapşırıqda nə nəzərdə tutulub, bu cümləni necə izah edək? Hətta bəzi müəllimlər belə nə soruşulduğunu, necə izah etmək lazım olduğunu bilmirlər...
Beləcə dolaşıqlıq içində itib-batırlar... Bir ədəbiyyatçı kimi deyirəm, elə bil dərsliklər “sərbəst vəzn”də yazılır, qayda-qanunlara əhəmiyyət vermədən... Elmi səpiblər kitablara, kim yığışdıra bilir bilsin, bilməyənlər Novruzəlilər sinfi yetişdirəcək...
Kitabda elmi üslubun tərifi belədir: “məntiqlilik, dəqiqlik, ardıcıllıq”... “Azərbaycan dili” kitablarında çox zaman dərs sonrakı səhifələrdə olsa da, çalışmalar ondan əvvəl gəlir. Məşhur filmdə deyildiyi kimi, “nətər oynayaq e? Çalanlar o tərəfdə oturub, səs bu yandan gəlir”. Cavabını da ki, bilirsiniz. Amma dərslik müəllifləri bağışlasın, biz bir qulağımızla eşidib, o biri qulağımızla oynaya bilməyəcəyik... bilmirik...
Hərdən qohum-qonşu aşağı sinfin “Azərbaycan dili”, ya da “Ədəbiyyat” kitabını gətirib kömək istəyirlər. Bu arada deyim ki, liseydə dərs dediyimdən yuxarı siniflərlə məşğulam...
V sinif “Azərbaycan dili” kitabı. Dərslik nə dərslik?! Elə birinci çalışmaya diqqət edək. Aysu adlı bir qızcığaz internetin qabağından əl çəkmir, yay tətilində kitab oxumayıb. Qız, demək olar ki, anasına çəmkirir: “Sən nə bilirsən e, nə var internetdə var...” Ata işə qarışır, guya qızı kitaba cəlb edəcək. Qızına deyir ki,sən bax bu kitabı (“Şahzadə və dilənçi”) oxu, sənə on manat verəcəyəm. On manat adını eşidən kimi internetdən kitab haqqında qısa məlumat toplayır və atasına danışır. Atasından haqqını – on manatı istəyir. Ata isə pulu kitabın arasına qoyduğunu deyir. Ata övladına “rüşvət” təklif edir. Ta qədimdən ən məşhur pedaqoqlar bu davranışın əleyhinə gediblər. Hətta bir konfet belə söz vermək yanlışdır.
Ümumiyyətlə, bu hekayədəki qızdan gözüm su içmir. Bu qız gələcəkdə ata-anasını aldadıb internetdə tanış olduğu oğlanın yanına qaçacaq. Sonu da kriminal! Əvvəlki yazılarımda bu barədə çox danışdığımdan üstünə çox getməyim.
V sinif “Azərbaycan dili “ kitabı dil kitabından daha çox “Ədəbiyyat” kitabıdır. Axı, dil dəqiq elmlərə daha çox yaxındır. Bu qədər bədii mətnlərlə də dil kitabını yükləmək olar? Məgər bunların “Ədəbiyyat” kitabı yoxdur? Onsuz da yaxşı müəllim dil tapşırıqlarını ədəbiyyata inteqrasiya edə bilir.
Gələk VI sinfə. Burada Natəvan haqqında bir hekayə quraşdırılıb. Guya Natəvan qantəpər yığmaq üçün “bax dağın o üzünə” gedib. Orada da bir dəstə quldura rast gəlib, amma onların əlindən çıxıb özünü “qayalardan ata-ata” evə dönüb.
Tragikomik bir durumdur. Məgər xan qızının kənizləri, qulluqçuları yox idi ki, özü dağlara qantəpər yığmağa gedirdi? İkincisi, hamı bilir ki, tarixi şəxsiyyətlər haqqında rəvayət olur, əfsanə olmur. Çünki bunu əfsanə kimi təqdim ediblər. Hörmətli müəlliflər, özünüzə gəlin və bu hekayədəki əfsanəviliyi bizə izah edin!
Dərsliklə bağlı məsələlərdən bəhs edərkən burada dərsliyin tərtibatı da müəyyən qayda-qanuna söykənməlidir. Şəkillər, rənglərin seçilməsi, kağızın rəngi, şriftlərin həcmi və s. düzgün tənzimlənməlidir.
VI sinif, “Ədəbiyyat” kitabı, səhifə 145. Əli Səmədli adlı müəllifin “Qanlı bənövşə” hekayəsi verilib. Adından da kədər tökülən bu hekayədə Ermənistan ərazisində azərbaycanlı ailənin başına gələn faciədən, qandan söhbər gedir. Amma hekayədən əvvəl bir şəkil verilib. Şəklə diqqətlə baxdım. Bu, məncə, Tıq-tıq xanımla Siçan Solub bəydir. Göygölün sahilində xoşbəxtcəsinə dayanıblar və onları görəndə istər-istəməz dodaq qaçır. Bu şəklin yeri düzgünmü seçilib? Üstəlik, bu hekayədə C.Cabbarlının “1905-ci ildə” pyesindən oxşar epizodlar var.
VI sinif  “Azərbaycan dili” kitabının üstünə gərək həm də “ədəbiyyat” sözü yazılaydı. Kitaba 52 bədii mətn daxil edilib. Elmi məlumatlar, təriflər bədii mətnlərin arasında “gizlədilib”.
Ümumiyyətlə, müəllimim olduğuna görə demirəm, amma harada Tofiq Hacıyevin müəllifi olduğu dərslik varsa, orada hər şey dolğundur, düzgündür. Azərbaycan dilçiliyinin sonuncu mogikanıdır Tofiq Hacıyev!
Sinif-sinif araşdırmamın hamısını bura qeyd edib oxucunu yormadım. Amma XI sinfin “Ədəbiyyat” dərsliyindən bir şeylər yazmadan keçə bilməyəcəyəm. Bəzi sənətkarlar, demək olar ki, “atüstü” təhlil olunub. Məsələn, Hüseyn Cavidin “İblis” faciəsi. İstəsəniz maraqlanın, “İblis”in təhlili on cümlə ilə tamamlanıb. Müəllifləri əmin edirəm, mən “İblis”in təhlilini Bəkir Nəbiyevin yazdığı dərslikdən keçirəm və tam bir Cavid ruhu yaşayırıq (Mirzə İbrahimovu sevən oxucuyam, amma deməliyəm ki, onun “Pərvanə” romanı daha geniş təhlil olunub, “İblis”ə nisbətdə).
Tam əminliklə deyirəm, ədəbiyyatı kim orta məktəbdə oxudusa oxudu, oxumadısa heç vaxt oxumayacaq. Bunu illərin təcrübəsindən bilirəm. Elə isə bu uşaqlar bizim gənc yazarları nə vaxt tanıyacaqlar? İki vərəq lazımdır ki, heç olmasa uşaqlar onların adlarını bilsinlər.
Bu il biz müəllimlərə 10 günlük kurikulum dərsi keçdilər. Guya nələrsə öyrətməyə çalışırdılar. Bu yol şagirdlərə “əzablı yollarla” elm öyrətməyi tələb edir. Təxminən belə deyirlər, sol qulağın qaşınırsa, onu sol əlinlə qaşıma, sağ əlini başının üstündən apar, yöndəmsiz bir vəziyyət al və qulağını qaşı.
Bir zamanlar rayonumuzda Alı müəllim vardı. Ailənin dörd övladı Tibb Universitetində, biri BDU-da oxuyurdu. Sual ediblər ki, necə edirsən, övladların belə elmli olublar? Alı müəllim deyib ki, mən də 10 il  onlarla bərabər dizimi yerə qoyub oxumuşam. İndi dizini yerə qoyub 11 il övladı ilə bərabər oxuyan valideyni gündüz vaxtı çıraqla da tapmazsan...
Niyə bu millətin övladlarını “əzablı yollarla” aparırıq? Niyə onlara “Asan Xidmət” göstərə bilmirik?

Xudaferin.eu

22:46