“BU KİTAB(lar) BİR QƏTLİAMDIR!!!

“Heyif sizin dərsliklərinizdən, akademiklər H.Araslı, F.Qasımzadə, Bəkir Nəbiyev, Ə.Əfəndizadə, M.Hüseynzadə, T.Hacıyev…”!!!

“And olsun kitaba ki,  bu kitablar, ürəkaçan səviyyədə deyil…”!!!

“Senzor (üzünü polis məmuruna və fərraşlara tutub) – Xub, biz getməli olduq. Həzərat, sizin kitablarınızı görəndən sonra dəxi indi fikrimi bilmərrə dəyişdim… Lakin özümə fərz bilirəm hökümətə ərzi-hal edib sizi… ümənayi-dövlət yanında ən səlamət və zərərsiz bəndələr cümləsində hesab edirəm. Məni əfv buyurasınız…” (C.Məmmədquluzadə:”Anamın kitabı” pyesindən)

 

Neçə illərdir ki, senzor Məşədi Cəfər kimi dərs kitablarını təftiş edirəm… Cünki dərsliklərin nə dərəcədə bərbad olduğunu nəinki müəllimlər, hətta şagirdlər, valideynlər də bilməmiş deyillər… Ona görə ki, dərslik yazanlar on milyonluq bir ölkəyə dərslik tərtib etmək dərəcəsində deyillər… Mən mühafizəkar deyləm və hər 

hansı qondarma innovasiyanı da düşünmədən qəbul etmək fikrim olmayıb… Yəni, ən yaxşı müəllim, təbii ki, dərsliyə yaradıcı yanaşan müəllimdir. Amma bu, müəyyən məqamlarda daha keçərlidir… Axı hər an şagird və kitab təmasını da tənzimləmək olmur və hər an üçüncü qüvvə dövriyyəyə girə bilmir !

And olsun kitaba ki, kitablar, ən azından “Azərbaycan” dili və “Ədəbiyyat” kitabları (başqa fənn müəllimləri də şikayətcidirlər) ürəkaçan səviyyədə deyil…

Beşinci sinifdən on birinci sinfə qədərki ədəbiyyat kitablarının araşdırmasını buraya yazsam, qırx səhifəlik bir şey alınar… Təzə onuncu sinf  “Ədəbiyyat” kitabı, əslində dərslik deyil, konspektdir, bildiyimiz konspekt !… Heç biliyin orta səviyyəsi də yoxdur. Bu kitab bir qətliamdır!!! Nəsimini yenidən diri-diri soymaq, Vaqifi bir daha edam etməkdir… Sadəcə, dərindən ah çəkirəm, dizimə vururam !… Heyif sizin dərsliklərinizdən, akademiklər H.Araslı, F.Qasımzadə, Bəkir Nəbiyev, Ə.Əfəndizadə, M.Hüseynzadə, T.Hacıyev… Onuncu sinif  “Azərbaycan dili” dərsliyinin müəllifləri rəhmətə getmiş Tofiq müəllim Hacıyevə sayğı da göstərməyib, adını çərçivəyə də daxil etməyiblər… Görünür, dilçiliyimizin son mogikanlarından olan T.Hacıyevin nüfuzunun kölgəsində gizlənməyə calışıblar…

Bizlər, akademiklərin yazdığı kitablardan dərs aldıq, indiki uşaqlar isə hansısa orta məktəb müəllimlərinin yetərsiz, düşük dərsliklərindən… Qəti deyirəm !

Kitab yazanların heç birinin elmi dərəcəsi göstərilməyib, göstərilsəydi “Kitabi-Dədə-Qorqud”un “boy”una “qol” deməzdilər. Qol “Koroğlu”ya məxsusudur !… Yaxud da Natəvan kimi tarixi şəxsiyyətdən əfsanə quraşdırmazdılar…

Onuncu sinif  “Ədəbiyyat” dərsliyində, dolğun təhlillərə girişə bilmədiklərindən, bədii nümunələri müntəxəbatdan çıxarıb doldurublar nəzəri dərsliyə… Yəni, məşhur filmdəki Zülümovsayaq “Əhməd”ləri bir yerə yiğıb məsələni həll etməyə çalışıblar… Və lazım olan təhlillər də sanballi və yetərli deyil! Bəlkə, elə nəzəriyyəni də bu kitaba yerləşdirərdiniz, yəni “sakraşeniyalar” aparardınız, hörmətli dərslik müəllifləri ?!…

Özlərini dərslik müəllifi hesab edənlər, hazır materialları “konspektləşdirəndə” ləyaqət prinsipini də gözləyəydiniz !… Mən şagirdlərimə bu kitabdan da dəyərli konspekt-vəsait tərtib etmişəm…İndi mən kitab müəllifimi oldum ?!…

Ötən dəfəki yazımda da yazmışam, bu, biznesdir! Təhsili də biznesə bulaşdırdınız ya! Hər il… hər il bir yeni dərs kitabı, bir yeni dərs vəsaiti, bir yeni test kitabcası!… Bu qədərmi yeniliyə möhtacdır təhsil?!… O qədər yeniləşməyə gərəkli təhsil məqamları varkən!…

Əlacım olsa, “Anamın kitabı” pyesindəki Gülbahar kimi, bu mənasız kitabları üst-üstə qalaqlayıb yandırardım. Niyə yandırdı qardaşlarının kitablarını bu qız? Çünki anlamadılar bu “xüsuf-küsuf” kitablarını…

Bizlər də eləcə – Gülbahar və Zəhrabəyim ana kimi anlamırıq bu dərs kitabı yazan “qardaşları”! Haradan alım senzor Məşədi Cəfəri ki, kitabları təftiş edə və deyə ki,bunlar çox gərəksiz, lazımsiz kitablardır! Bunların nə xalqa,nə hökuməti–milliyəyə heç bir xeyri yoxdur !…

Təhsilin adını “kurikulum” qoyub, kül ələdilər təhsilin başına ! Şəhriyar deyirdi :

“Bizdən qabaqdadır avropalılar,
çünki
İşi iş bilənə tapşırır onlar”

Kurikulumçular şagirdə sağ əllə sol qulaq qaşımaq öyrətdilər… Effekt yox !

Üçkünc kitablar

Baxın, kitabın dörd küncü var: biri dərslik müəllifinin, biri müəllimin, biri şagirdin, biri də valideynin… Hər halda mən bələ düşünürəm, çünki bu millət dörd əllə yapışmalıdır kitabdan, amma küncün biri havada -valideynə məxsus künc! İndi valideynlər övladlarının dərsinə kömək edə bilmirlər, yön verə bilmirlər… İkinci sinfdə oxuyan övladının çalışmasını anlaya bilmir… Ona görə də imkanı oldu-olmadı, övladını müəllim yanına göndərir… Amma bu, başqa bir yazının mövzusu olsun…

Qayıdıram yazımın əvvəlinə… Əminəm ki, dərsliklərimizə nəzarət edən “senzor” tapılacaq !…

ps-nota.com

17:01