Dərs ilinin sonu şərəfinə...

Dərs, təhsil, elm qədimdən də qədim mənəvi dərdimiz... ziyamız, işıq yükümüz, indi isə bəlamız, qayğı yükümüz, hətta problemimiz...

Yazsam, eradan əvvələ gedib çıxacağam... amma oradan çətin qayıdam... Bir az bərilərdən başlayım...
Nəsirəddin Tusi (XIII əsr)... Bir gün Tusi hocamızı dostu görməyə gəlir. Dərs vaxtı idi... Hücrəyə yaxınlaşanda görür ki, "sinif dağılır"... səs, küy... hərə öz işində... Deyir ki, qardaş, sən bunlara necə dərs keçirsən?... Tusi də cavabında, mən bunlara dərs keçmirəm, bax, ən arxada quzu kimi bir uşaq oturub, ona dərs keçirəm...
Demək, bu müdrikin də dərsində heç də hər şey umduğumuz kimi deyilmiş... Əlbəttə ki, bu bir rəvayət... Rəvayətlərin də real zəminə dayandığını unutmamaliyıq!
Və... nə yaxşı ki, o "quzular" varmış... Dünya elə Tusilərin və "quzuların"çiynində dayanır... hələ də... Nə yaxşı ki, təhsilimizdə hələ də Tusilər və "quzular" var! Mütləqa vardır!...
Xaqani (XII əsr) öz nəsihətlərində dövrünün gəncliyinə deyirsə ki, "Gəl fitnə törətmə, ey fitnəkar cavan!"...Namərd, oğru quldur, etibarsız olma, -deyirsə, demək, əvvəllər də, taa qədimlərdən problemimiz var...
Nizaminin hər misrası aforizimdir, hikmətdir, kiçik adamdan tutmuş hökmdara kimi dərs verir... Ən böyük müəllim Nizamidir!...
Xətai "halalına haram qatma, doğru yola nəzər eylə!" -deyirdi...
Vaxtilə təhsillə bağlı yazılarımın birində Füzulinin "Ey müəllim" qitəsindən bir parça yazmışdım... Yeri var, yenə də yazıram :

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhri məkrə təlimi-məarif, zinhar!

Qitənin mənası belədir ki, ey müəllim, əbəs yerə məkr əhlinə elm öyrətmə. Bu, ona baş kəsmək üçün iti qılınc verməkdir... Ruhu şad olsun ustadın, müəllimdən yana olduğu üçün...
Çoxları var bu xronoloji ardıcıllıqda - Axundzadə, Şirvani...

Ötən əsr isə, demək olar ki,təhsil əsri idi... Bəlalar yenə də qalmaqda idi... C.Məmmədquluzadə "Azərbaycan" məqaləsindən: "Axırda belə qərar qoydular ki, türk dili müəllimlərnin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara icazə verilsin ki, rusca danışsınlar... " Burada,sadəcə,no comment, yazıram...
Əli bəy Hüseynzadə: "Hali-Vətən" şeiri:
Bilirmisiz cahillər nə etdilər Vətənə?
Nə qoydular uyuya, nə qoydular yürüyə.
Düşmən qırır qapıyı biz evdə bixəbəriz,
Nə basqa-başqalarız, nə ittihad edəriz.

Çox uzandı bu yazı... Sadəcə təhsilə, elmə, məarifə həsr olunmuş, ürək qanı ilə, can yanğısı ilə, milli təəssübkeşliklə yazılmış əsərlərin adlarını yazacağam...
Ömər Faiq Nemanzadə "Dərdimiz və dərmanımız", "Dilimiz və imanımız", "Müəllimlərimiz nə üçün Bakıya qaçırlar", "Bizə hansı elmlər lazımdır?", "Mən kiməm?"...
Mirzə Ələkbər Sabir: "Uçitellər", "Uşaqdır", "Müəllimlər syezdi", "Oxutmuram əl çəkin", "Ürəfa marşı"...
Bəs indi?! Bu əsrdə və təhsildə bu qədər problemlər varkən varmı bu qədər şeir, məqalə?!... Yazanlardan biri də mənəm, amma oxuyan yoxdur! İndi də belə deyirlər: "Oxumuram, əl çəkin!"
Kaş ki növbəti dərs ilimizə "oxuyuram, əl çəkin!" şüarı ilə başlayaq! Amma Sabir demiş "hər işin ibtidası da tərbiyədir!"
PS: Tusilərə hörmət, "quzular"a diqqət!...
PS: Bu günlərdə Türkiyədə ugur qazanmış Musayeva bacılarina - "quzulara" heyran oldum. Əhsən, qızlar !...

Xudaferin.eu

22:44