Qalada yatmış idim, top atdılar oyanmadım...

Sabah Şuşanın qətl günüdür ...

                             QALADA YATMIŞ İDİM ..

          Xalq mahnısının bugünkü aktuallığına baxın !  

                Qalada yatmış idim ,
                 Top atdılar , oyanmadım .
                 Saz ilə , söhbət ilə oyatdılar .

                 Uşaq idik ..Evdə böyüklərimiz Kirovabada Gəncə deyirdilər , Mirbəşirə də Tərtər .. Qanan vaxtlarımız deyildi , sonra qanan vaxtlarımızda da S.M .Kirov adına ali məktəbdə oxuduq ..Və bir də tez -tez Qala sözü eşidirdik ..Qaladan gəlirdik , Qalaya gedirəm sabah , filankəs Qaladadır .. Sən demə , Qala , yəni Şuşa ! Elə zənn edərdim ki , bu qala" Bir qalanın sirri" dir ! Kinodakı kimi Göygöz Kosa da qala qapısını kəsdirib .. Uşaq olsam da , necə də uzaqgörən imişəm ! .. Göygöz Kosa ! Göygözlərlə Kosalar əl -ələ verdi .. hələ o yandan da rahatca körpüdən keçib gələn əmmaməlilər də qoşulacaq və əzəli və əbədi üç düşmən birləşəcək ..Sonra biz hardan keçəcəyik Qalaya , onu bilən yoxdur ! ..Top atırlar , oyanmırıq ! Televiziya özünü paramparça edir -saz ilə , söhbət ilə ..
! ..Yenə də oyanmırıq , çünki çalınan bizim havamız deyil !..Çünki biz dərdə oynayan camaatıq , bəlkə də , düz edirlər , belə oynamaq da bir yaddaşdır , onlar da belə oynayır , onlar da belə təsəlli tapır ! ..Şərabın üstündən Qarabağ şikəstəsi , toyun şirin yerində Laçınım , Sücayətin şeiri ... Yurdu saz ilə , söhbət ilə oyadanlar !..

                       Qalada ( Şuşada ) yatmış idim ! .. 28 il də yatmaqmı olar?! "Evin kişisini soruşarlar !" Hanı bu yurdun kişiləri ?! Hanı bu qalanın mühafizləri .." Ayıl , Eyvaz , ayıl ! Düşman bizi mansırıya alıbdı ! ..Müxənnət ölkəsi talansın gərək !" Bu 28 ildə hərəmiz əlimizə bir çay qaşığı alıb tunel qazsaydıq , indi Qaladan çıxmışdıq ! Mən tunel eşqindəykən , düşman körpü salırmış ..Şahmar Əkbərzadənin sözü olmasın , Utanım yerinə , ay Araz !..Yadıma Axundzadənin" Aldanmış kəvakib" povestindəki hərbiyyə naziri Sərdar Zaman xan düşdü ..adam dedi ki , Bəkir paşanın hücumu zamanı öncədən özüm göstəriş verdim ki , körpüləri uçurun , yolları dağıdın , taxıl zəmilərini yandırın ..Düşmənin əlinə keçməsin ! Sonra bu nazir əmr verib ki , taa heç düzəltməyin , elə dağılmış qalsın ! ..Indi bir hərbiyyə gərək ki , o körpüləri dağıda , əbədi olaraq ! Sərdar Zaman xana gülmüşdüm , indi aman istəyirəm !..

                    Qaladan səs -- Hardasan , xan Qazan ! Ölmüşmüydün , itmişmiydin , a Qazan !
Harda gəzirdin , hardaydın , a Qazan !
........
Tövlə -tövlə atlarını kafir minmiş .
Qatar -qatar qızıl dəvələrini kafir yedəkləmiş ,
Qızıl -gümüş , pul xəzinəni kafir talamışdır !..

 Bu sözləri çoban ali baş komandan , sərkərdə Qazan xana deyir ....Hələ çox söz demişdi , bir qismini yazdım ! 

               İnşallah, hamınızı Qarabağ virusu tutar !

             

                 Ötən il bu vaxtı Şuşadan bir yazı yazdım .kulis .az da dərc etmişdi ..Bu dəfə fərqli yazdım .. Guya fərqli olanda tez ayılacağıq sanki !

Bəsti İsmayıl
Xudaferin.eu

13:07