Payız qalereyasında...

Bahar həsrətilə payız axşamı
Yenə həzin-həzin titrədi ürək...

V.Səmədoglu

Bir natürmortdur payız... Rənglərin keçididir... Rənglər silsiləsidir... Rəsm qalereyasıdır payız...
Rəssamdır payız... palitrasında min cür rəng, min cür hava, min cür sevda var payızdan... Payıza sevdalanmışıq... Levitanın rəsmlərindən... S.Bəhlulzadənin fırçasından... Vaqif Səmədoğlunun şeirlərindən... Floranın nəğməsindən süzülən bir payız var içimizdə...

Bu payızın ilk görüşü Firuzə ilə oldu,— deyə bilərəm... poetik görüş baxımından... Firuza Jafarova (FMC)— o da payız sevdalısı! Şagirdim, əzizim, kövrəyim, başdan-ayağa lirikam, dayım nəvəsi Firuzə!... Söz vermişdik, Bakiya gələndə görüşək və görüşdük... Əslində xəstə ziyarətinə gəlmişdim...

Haruki Murakaminin "Norveç meşəsi" ilə gəlmişdi görüşə... Bir poeziya axşamı da adlandırmaq olar bu görüşü.

Bir axşam taksidən düşüb payıza,
Bilmirdik haraya gedək,hayana...

Amma biz bilirdik hayana gedirdik... İki könül bir olduğudan tez tapdıq dalda yeri... Dünya ədəbiyyatı bizi mühasirəyə almışdı... çıxa bilmirdik bu çevrədən, bu dairədən... Sözümüz bitmədi... Ardı var,— dedik... Ardı gələn sayımızda,— dedik... Mən də "Üzüyümün qaşı firuzədəndir", hədiyyə etdim Firuzəmə!

Və istirahət günü yenə bir payız havasında idik... Bu dəfə şagirdlərimlə... Onlara payızın füsunkarlığından o qədər danışmışam ki!!... Məzun albomunda bir də payız lövhəsinin olmasını istədilər... Və getdik Tərtərin gözəl guşələrindən birinə...
Sanki bahar gəlmişdi meşəyə... Sanki sarı-qızılı yarpaqlar bir gül kimi açmışdı hələ yaşıl ağaclarda... Yer xışıltılı çəmən idi sanki... Uşaqlar da ki bir ayrı gözəllikdir! Bəlkə də, buna uşaqlığın son payızı da demək olardı... Onların gülüşü... əylənmələri... məsumluqları payız palitrasına bir başqa rəng qatmışdı... Payız tablosu tamam idi...

Payız bir rəsm qalereyasıdır... Həm də genişürəklidir payız... Hər fəsli yaşada bilir sənə... Hər fəsildən üzünə bir damcı düşər payızda... Üzünə hər fəslin havası dəyər... Və yaşamağa dəyər bir az da...
PS : Tərtərin meşəsi heç də Murakaminin "Norveç meşəsi"ndən əskik deyil...

Xudaferin.eu


 

15:49