Könlüm Qarabağdan keçər...

Tərtər şəhər 2 saylı məktəb-liseyin müəllimi

Bu başlıq Səməd Vurğuna uyğunlaşdırılmayıb. Məşhurtürk müğənnisi Kayahan oxuyur:

 “Mən Anadolu çocuğuyum, 
könlüm sevgidən keçər”.

 

Mirzə Cəlil demiş, “bəzi vaxt otururam və papagımı qabağıma qoyub fikrə gedirəm,xəyalata cumuram ki, mən kiməm?” Öz-özümə də cavab verirəm ki:

Mən qarabağlı çocuğuyam, könlüm Qaarabağdan keçər.

Fəqət, yalnız könlümüz keçir... Bir azdan o da olmayacaq... Çünki könlündən Qarabağ keçənlər azalır. “Mən sənsiz ölmədim, məni bağışla”(R.Rövşən). Amma sənsiz ölənlərimiz çox oldu, Qarabağ! Xudu Məmmədov, Famil Mehdi, Adil Atakişiyev, busətirlərin müəllifinin böyük qardaşı – yazıçı, publisist Yusif İsmayıl... Bu siyahı o qədər uzundu ki...

Evim yuxarı mərtəbədə olduğundan pəncərədən Murov dağı görünür... Gözlərim ağrıyana qədər baxıram. Uşaqlığını Murovdağ yaylaqlarında keçirən bir insan üçün nə qədər yaxın və həm də bir o qədər uzaq olan yerə hər gün yana-yana baxıb köksötürməyin zaman ölçüsü çox uzandı.  “Getməsək də, gəlməsək də, o dağ bizim dağımızdı”, həm də  sinə dağımızdı...  O biri pəncərədən baxıram, hava açıq olanda Ağdamın kəndlərini görürəm, gözümü yumub Qarabağın havasını uduram və burnumda bir göynərti hiss edirəm. Həmişə taxıl biçiləndən sonra  oralardan daha çox yanıq iyi gəlir. Deyirlər ki, küləş yandırırlar...

Heç olmasa pəncərəni aç deyər –

Burda necə oturmusan sən necə?!

Bu nə yanıq qoxusudu, ilahi,

Elə bil ki,adam yanıb indicə. 

Bəli, adam yanıb tökülür. Mən işğal olunmuş torpaqlarda doğulmadım; Tərtər doğumluyam, amma bir qarabağlı kimi içimdə Qarabağ yangısı var. Həsəd aparıram oralardakı  çiçəklərə, böcəklərə, qarışqalara, canavara, tülküyə.., ilana-çəyənə. Onlar hələdə “qarabağlıdılar”. Bəzən buralarda qəribə cücülərdən, canavarların, ilanların çoxalmasından danışırlar.., deyirlər ki, oralardan – işğal  torpaqlardan gəlirlər. Nə deyirsiniz deyin, buna çox sevinirəm. Əcəb eləyirlər! Tülkü gəlib toyuq aparanda, canavar qoyun qıranda, ilan gəlib bizi çalanda.., sevinirəm. Neyləsinlər, biz gedə bilmirik.., qoy onlar gəlsin... Gəlin, gəlin! Bizi mürgüləməyə qoymayın! Şəklindən belə qorxduğum ilandır ki, ona da deyirəm, xoş gəldin, “ilan balası”. Sən oralarda “canına doldurduğun çiçəyin, otun qoxusunu, küləyin nəfəsini” bəlkə, buralarda bizimlə paylaşmaga gəlmisən?! Bu ilan balası canında Qarabağ dərdi gəzdirir. Canında gizlənən bu dərd bir gün zəhərə çevrilər “özündən xəbərsiz”. Bizi tapar, sonra “boğazını qəhər tutar”. Zəhərləmək istəmirdim, ayıltmaq istəyirdim – deyər.

Durma buralarda, ilan balası. Gəldin, gördün.., sənə nə dedilər? Sənə “həyat davam edir“ dedilər. Sən buralı olma, ilan balası, qayıt oralara.., Ağdamda, Şuşada, Kəlbəcərdə qal. Sən oralı ol! Sürün get! Get yerin altına. Baş çəkilməyən məzarlara gir! Başçək  buralı “qarabağlılar” əvəzdən... Yanmış evlərin, xaraba divarların  sakini ol!  “Barış”ma canındakı zəhərli dərdlə! Deyirlər ilan qisasçı olur. Qisası qiyamətə qoyma, ilan balası!

“Qarabağlı” ilan balası, mən də qarabağlı çocuğuyam. Bir gün sənin kimi sürünə-sürünə də olsa, Qarabağdan keçəcəyəm!.. Gözlə məni..!

Qarabağdan təkcə könlümüzün deyil, özümüzün keçməsi üçün, bəlkə dərdimiz hələ zəhərə çevrilməyib. Zəhərimiz çatmır, yoxsa sevgimiz? Sevgili vətəndən keçmək üçün mütləqdimi dünya siyasətinin, siyasətçilərin hansı qərara gələcəyinə ümid etmək? Biz sevgimizi  Qarabağa, zəhərimizi düşmənə necə bildirək? Oturub,  yana-yana  söz deməkləmi?  Sözün təsiri böyükdü.., anlayana. Sözü yazan qələmin yanında qılınc  da olmalıdı. İlan balası “qabığından  yüz yol çıxdı”,  bizim qılıncımız qınında pas atdı. Hərdən qıjanırıq, amma qılıncımızı sıyırmırıq. Kəsəsi: könlümüzün, özümüzün Qarabağdan keçməsi   üçün millət sevgisini, zəhərini cəmləyib qılıncını sıyırmalıdı... Ayrı yol varmı?

“ Tək bircə yol qalar, –

                  o yol özünsən,

Özün öz yolunsan, ilan balası”.

Bəsti İsmayıl,
Xudaferin.eu üçün

17:48