NEÇƏNCİSƏ QARABAĞNAMƏLƏRİMDƏN...

Yoxsa unudulursan?!... Sanki unudulursan kimi gəlir mənə, Qarabağ! Bilirəm, könlun intizarda, gözün yol üstədir... Desəm ki, gözlə, gələcəyəm... Yalan demiş olacağam... Yollar bağlı... "düşmən qəvi, tale zəbun"!... Bəlkə də, heç gələ bilmədim... Nə bilək ki, ayrılıq var, ölüm var, gələmmərəm gec olar!...

30 il!!! Başını duman alalı bir qərinə oldu...1988-ci il 14 fevral!... Unutmayacağım... unuda bilməyəcəyim bir gün...
Bizimlə qaxlı bir qız oxuyurdu... Kimin işi tərsə düşsə, deyirdi ki, gününə ölüm!... Otuz ildir ki, tərsə düşmüsən, gününə ölüm, Qarabağ! Bu qədər uzun çəkəcəyinə inanmırdın,eləmi?!... Mən də... Biz də!!!

Картинки по запросу şuşa

Sənin dərdinə əlac edə bilmədiyimə üzülürəm... Sənin dərdin varaq-varaq oldu... Varaqlandı... Varaqlara yazıldı-pozuldu... Və sən varaqların arasında saraldın-soldun... Mən də dərdlərini bu ağ varağa yazıram... Sonra bükəcəyəm bu ağ varağa dərdini... sonra uşaq vaxtı düzəltdiyimiz kağız qayıqcıqlar kimi suya atacam, dərdini suya danışacam... Bəlkə, bir gün tuta bildin o qayıqcığı. Halı oldun dərdlərimizdən...

Ötən yazılarımda da bunları çox yazmışam, fərqli-fərqli... dərdli-dərdli... Dərdli deyingən olar, neynim?! Sanki üçüncü övladım kimisən... Xəstə, yaralı kimisən və... sənin üstündə əsirəm... o dərəcə!...

Bu dərdin 30 yaşı olacaq— 80 gündən sonra...80 gün!—"Vokruq sveta!"... "Qoca və dəniz"— 80 gün... Bu da Heminqueydən!

Oturub ağlayasan... özü də dəlicəsinə!... Məcnun kimi, Fizuli deyir ki, Məcnun elə nalə çəkdi ki, Leylinin sümükləri də duydu... Ya da həsrətdən qovrulasan Almas İldırım kimi:

Azərbaycan! Qarabağ! Mənim eşsiz anam oy !
Oyanmazmı kor olası baxtın oy !

Səni düşünürəm... sənə həsrət kimi: Burada siyasi nələrisə yazmayım, onu qardaşım İlham İsmayil yazır, onun işinə qarışmayım... Mən bir küncdə xımır-xımır ədəbiyyatla başımı qatıram...

Kim demiş ki,düşmüş adın dilimdən,
Nazlı Bakım,o neft qoxan gülümdən.
Nazlı Şuşam,o muğam qoxan gülümdən.

Картинки по запросу şuşa

Çox sevdiyim şairim A.İldırımın ruhundan üzr istəyirəm, burada onun şerini dəyiş-düyüş etdiyim üçün... Mən yazıram... Ən böyük sevgim, ən böyük istəyim kimi sənə! Bilirəm, oxumayacaqsan! Yazma daha,— deyəcəksən,— Gəl! — deyəcəksən! Ah, bir gələ bilsəm!...

Salam versəm, rüzgar alıb götürsə,
Tərtərin üstündən gül Şuşaya yetirsə,
Şuşa coşub zəncirini qırsa, oy !...
Hökm etsə, bu sərsəm gediş dursa, oy!...

Bayaq dedim...dedim ki, səni övladım kimi sevirəm... Həm də anam kimi sevirəm... Dünyanın gözəlliklərini dadmaq istəyəndə anamı itirdim, ardınca da səni!...

Sənə yazıram... Vüsalıma çatıncaya qədər yazacağam... Qoy desinlər, dəlidir, dəli "musurman"... Qoy desinlər, xəstədir! Elədir ki, var: Mən sənin bimarınam özgə dəvanı neylərəm?!...

Gününə ölüm,Qarabağ! Gün dedim, yadıma düşdü: hər nəsnəyə bir Gün duzəltmişik... Sənin niyə Günün yoxdur, Qarabağ?!... Qarabağ günü! Səslənişi belə gözəl!!! Bəlkə, ölkə boyu həmin günü fərqli yaşaya bildik... Bilirəm, günün göy əskiyə bükülü !... Amma yenə də bir Günün olsun istərəm... Nələr etmək olmaz həmin gün! Bu, başqa günün mövzusu olsun...

Gününə ölüm, Qarabağ!

Xudaferin.eu

19:39