BİLİRDİNİZMİ - 12

...ki, 1935-ci ilin mayında Krasnovodskdan Həştərxana gedən “Sovet Azərbaycanı” neftdaşıyan gəmisi Xəzərdə batıb?

...Nebit-Dağ nefti yüklənmiş “Sovet Azərbaycanı” gəmisi “Sovet” yedək gəmisi ilə Həştərxana istiqamət götürür. Lakin mayın 28-də gecə “Sovet Azərbaycanı”nda partlayış baş verir və yanğın törənir. “Sovet” gəmisinin kapitanı yanan gəmiyə yardım göstərmək əvəzinə, buksiri kəsərək hadisə yerindən uzaqlaşır. Faciə zamanı gəmidə olan 27 nəfər həlak olur. Dərhal müvafiq hökumət komissiyası yaradılır, istintaq aparılır. 
Stalin bu faciənin səbəblərini araşdırmağa o qədər ciddi yanaşır ki, məhkəmədə dövlət ittihamını müdafiə etmək üçün cəmi bir neçə ay əvvəl SSRİ prokuroru təyin etdiyi A.Vışinskini Bakıya göndərir.
SSRİ prokuroru diqqəti faciənin əsil səbəblərinə – gəminin köhnəliyinə, beşillik planın yerinə yetirilməsi naminə texniki qaydaların pozulmasına deyil, gəmi heyəti üzvlərinin şüurundakı “iyrənc kapitalizm qalıqları”na yönəldir. 
1935-ci il avqustun 25-də, axşam saat 6-da M.Əzizbəyov adına Türk Dram Teatrının binasında məhkəmə prosesi başlanır. 
A.Vışinski məhkəmədə siyasi ittiham xarakterli geniş nitq söyləyir və onun nitqi sonralar uzun illər ən yaxşı ittiham nitqi kimi dərsliklərə salınır.
Məhkəmə “Sovet” gəmisinin kapitanı barədə ölüm hökmü, qalanları barədə il yarımdan on ilə qədər azadlıqdan məhrumetmə cəzası çıxarır...
Sonralar “Sovet Azərbaycanı” adlandırılan batan gəmi 1893-cü ildə bir Bakı sahibkarının sifarişi ilə İsveçin “Kokkum” tərsanəsində tikilmişdi...

01:22