Vahid Əhmədov: "Valyuta ehtiyatları banklar vasitəsilə "qara bazar"a ötürülür"

Vahid Əhmədov: "Valyuta ehtiyatları banklar vasitəsilə "qara bazar"a ötürülür""Büdcə gəlirlərinin ÜDM-də payı ilbəil azalır. 2017-ci ildə bu göstərici 26%-ə düşüb. Gələn il qapalı təşkilatlara dövlət büdcəsinin 17%-i həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Çox təəssüf ki, onlarda heç bir yoxlama keçirilmir. Həmin qapalı təşkilatlarda vəsaitlərin xərclənməsinə nəzarət həyata keçirilməlidir".

Bu barədə deputat Vahid Əhmədov parlamentin bugünkü plenar iclasında bildirib. Millət vəkili deyib ki, elmin inkişafına dövlət tərəfindən vəsaitin ayrılmasına diqqət artırılmalıdır: "Elm xərclərinin cəmi xərclərdə xüsusi çəkisi 0,9%-dir. Sənayenin, kənd təsərrüfatının inkişafını istəyiriksə, elmə vəsait artırılmalıdır".
V.Əhmədov əlavə edib ki, məhdudlaşdırılmış maliyyə siyasəti qəbuledilməzdir: "Məhdud maliyyə siyasəti qısamüddətli özünü doğrulda bilər. Amma uzunmüddətli ola bilməz. Sabitləşmə 1-2 il də gedə bilər, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, maliyyə siyasəti əhali ilə bağlı olmalıdır".
"Mərkəzi Bank uçort dərəcəsini 15%-ə qaldırıb. Pul-kredit siyasətini sıxmaq müəyyən problemlər yaradıb. Bu gün banklardan valyuta ala bilmirik. Bəs "qara bazar"da valyuta hardandır? Bu, Dövlət Neft Fondundan, Mərkəzi Bankın ehtiyatından çıxarılıb banklar vasitəsilə "qara bazar"a ötürülən pullardır. Niyə heç bir qurum "qara bazar"ın bahalaşması ilə bağlı ölçü götürmür? Səbəb və məqsəd nədir?" - deputat vurğulayıb.

Report.az

13:50