Əbülfəz Elçibəyi ehtiramla anırıq

Bu gün böyük şəxsiyyət, Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin ad günüdür. O zamanında bəlkə də layiq olduğu qiyməti ala bilmədi, ona qarşı çox böyük ədalətsizliklər və haqsızlıqlar edildi. Heç indinin özündə də Elçibəyi layiq olduğu kimi qiymətləndirə bilmirik. Ancaq prinsipcə elə belə də olmalıdır. Kütlə heç bir zaman heç bir dahiyə layiq olduğu dəyəri zamanında verə bilməyib. Dahiləri hər zaman dışlayıb, tənqid hədəfinə çeviriblər, yalnız gələcək nəsillər başa düşüb ki, sələflərinin heç cürə qəbul edə bilmədiyi insan sən demə əvəzolunmaz şəxsiyyət imiş. Əbülfəz Elçibəy idealist adam idi, həm də çox böyük idarəçi idi. Onun Azərbaycana rəhbərlik etdiyi dövrdə regionda, ümumiyyətlə bütün dünyada həddindən artıq çətin ictimai-siyasi şərait mövcud idi. Təsəvvür edin ki, böyük bir imperiya çökmüşdü. İllərlə rusun tabeçiliyində olan insanlar özlərini müstəqil idarə edə bilmirdilər.

Ə. Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olub, 1962-ci ildə bitirib. O, 1988-ci ildə Azərbaycanda başlayan xalq hərəkatının öndərlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Bütöv Azərbaycan Birliyinin sədri kimi davam etdirib.

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

"Xudaferin" jurnalı redaksiyasından

20:36